Reklam 1 Alanı

“Əsas məsələ güclü istək, güclü iradədir, səbir və intizamdır”

Kategori : CƏMİYYƏT - Etiketler : - Tarih : 02 Mayıs 2013

saatFəxri Ağayev Mərmərə Universiteti, ingilis dilində İqtisad fakültəsi məzunudur. Uzun müddət Türkiyədə yaşadıqdan sonra Azərbaycana geri dönüb. 10 il beynəlxalq və regional firmalarda rəhbər vəzifələrdə işləyib. Hazırda “Çinici” firmasında biznesin inkişafı üzrə direktor müavini vəzifəsində işləyir, Qafqaz Universitetinin müəllimidir. “Zamanın idarə edilməsi” mövzusunda təlimlər və konsultasiyalar verir. Bloqqerdir, sağlam həyat tərzinin geniş yayılmasını təbliğ edən bloqu var. Onunla Zaman mövzusunda söhbətləşdik.

- Sizin fikrinizcə, müvəffəqiyyətli insan kimdir? Onu necə ifadə etmək olar?

- Bir insan 50 yaşında güclü karyera, vəzifə əldə edibsə, amma mədə-bağırsaq, ürək-damar kimi ciddi xəstəliklərə tutulursa, ailəsinə zaman ayıra bilmirsə, bu insana müvəffəqiyyətli və ya xoşbəxt demək olarmı?

Müvəffəqiyyətli insan həyatında vacib olan bütün sahələrdə balansı təmin edə bilən insandır. Hər bir insanın həyatında balansın olması üçün karyera, şəxsi inkişaf, ailə, sağlamlıq, ətrafı və mənəvi dəyərlər üçün yer olmalıdır.

Ətrafımıza baxsaq, nə qədər 45-50 yaşına çatmış və iş həyatında uğur qazanmış insanları görərik, ancaq təəssüflər olsun ki, bu uğurlarla bərabər, səhhətdə problemlər, ailəyə yetərli zamanın ayrılmaması, stress və əsəblərin olduğunu müşahidə edərik. Zamanı idarəetmə texnikalarından istifadə edərək və ətrafdakı insanlara da bunları aşılayaraq, insan həm fərdi şəkildə, həm də olduğu cəmiyyətdə daha da müvəffəqiyyətli ola bilər.

- Fəxri müəllim, sizin üçün zaman nə deməkdir?

- Qərbdə daim deyilən və bizim də eşitdiyimiz bir atalar sözü var – “Time is money” (“Zaman puldur”). Mənim fikrimcə, bu, doğru deyildir. Zaman pula bərabər deyildir – zaman puldan daha da dəyərlidir. Çünki insanlar pulu hər zaman qazana bilər, ancaq zamanı qazanmaq mümkün deyil. Biz onu ancaq xərcləyə bilərik – səmərəli və ya səmərəsiz.  Hər bir insan həyata eyni şərtlərlə, eyni sərmayə ilə başlayır: dünyaya gələn hər insana 2 əsas sərvət verilir: sağlamlıq və zaman. Bunları artırmaq mümkün deyil, bunları qoruyaraq, səmərəli şəkildə istifadə etmək lazımdır. Təəssüflər olsun ki, insanlar zaman və səhhətin ciddi problem olduğunu bunlar olmadığı və ya yetərsiz olduğu zaman anlayırlar.

Həyat artıq çox sürətlidir və yerində sayan  insan yıxılacaqdır. Yavaş sürətlə gedən insan bəzən sürətini artırmalıdır ki, həyata çatsın. Ancaq və ancaq sürətli olan insanlar müvəffəqiyyətli olacaqdır.

- Hər birimizin 1 gündə 24 saatı var. Hər bir insanın bu 24 saatı istifadə etmək tərzi, şəkli və stili fərqlidir. Əslində zamanın idarə edilməsi kiçik yaşlardan insanlara öyrədilməlidir.

- Mənim üçün zaman – həyat və balans deməkdir. Mənim üçün zamanın idarə edilməsi əslində həyatın idarə edilməsidir.

Düşünün ki, bir insan pilləkənləri sürətlə çıxmağı bacarır və 15-ci mərtəbəyə çox qısa zamanda çıxır. Bəs bu insan ona lazım olan binanın deyil, başqa binanın 15-ci mərtəbəsinə çıxmışsa, bu insanın sürətli olmasının xeyri nədir? Bunun tərsini düşünün – bir insan binanı səhv salmır, ancaq 15-ci mərtəbəyə çıxmaq üçün nə sürəti var, nə də ki gücü. Doğru istiqamət seçilməsinin xeyri nədir?

İndi isə düşünün ki, bir insan həyatını bu şəkildə idarə edir: istiqamət səhv seçilir və buna görə də güc, enerji və zaman boş yerə xərclənir və ya istiqamət düz seçilir, ancaq nəticə əldə etmir. Həyatımızda “restart” (təkrar başlama) düyməsi olmadığına görə hədəflərimizi, hədəflərimizə doğru bizi aparacaq planlarımızı dəqiq və doğru şəkildə tənzimləməliyik.

Əsas məqsəd isə doğru istiqamətdə doğru güc və enerji ilə qaçmaqdır.

- Zamanın idarə edilməsi indi nə zaman və kimlər üçün aktualdır?

- Zamanın idarə edilməsi həm fərdlər üçün, həm şirkətlər, həm də dövlətlər üçün çox aktualdır. Hər bir insan həm işləməli və karyera qurmalıdır, həm ailəsinə zaman ayırmalıdır, həm idmanla məşğul olmalıdır, sağlam olmalıdır, həm də özünü inkişaf etdirməklə digər mənəvi dəyərlərinə də zaman ayırmalıdır. Bunların hər hansı birinin olmaması insan həyatının bir bütün olaraq problem olması deməkdir.

Şirkətlərə zamanın idarə edilməsi nə qədər lazımdır? Təlim verdiyim bütün firmalara daim dediyim məsələ belədir: şirkətlər öz əməkdaşlarına maaşı işdə keçirdiyi zamana görə vermirlər: maaş əməkdaşın firmaya verdiyi dəyər üçün verilir. Hər bir əməkdaş işlədiyi qurumda günlük 8 iş saatını maksimum səmərəli şəkildə istifadə etməlidir. Bunu sadə bir misalda nümayiş etdirmək olar: əgər bir qurumda bütün əməkdaşlar hər gün 2 saat zamanı səmərəli, firmaya fayda verəcək şəkildə istifadə etmirlərsə, bu o deməkdir ki, firmanın aylıq maaş büdcəsinin 25%-i səmərəsiz şəkildə istifadə edilir. Qurumda işləyən əməkdaşın zamanını idarə etməsi artıq onun şəxsi işi deyildir – hər bir əməkdaş zamanını şirkətin mənfəət və hədəflərinə görə ən səmərəli şəkildə istifadə etməlidir.

Çox maraqlı fakt odur ki, firmalarda maddi vəsaitlər və pul ilə əlaqədar olaraq bütün proseslər və əməliyyatlar, standartlar, büdcələmə, audit işləri ciddi şəkildə kontrol edilir. Ancaq firmadaxili zaman mədəniyyəti və zamanın fərdi və ümumi firma olaraq idarə edilməsi kontrol edilmir.

Bununla bərabər, zamanı idarəetmə firmanın rəqabət gücünü ciddi şəkildə artıracaq. Belə ki, firma əməkdaşlarının hər birinin ən səmərəli şəkildə işləməsi o deməkdir ki, daha çox müştəriyə xidmət göstərilir, daha çox müqavilə imzalanır, əməkdaşların özlərini inkişaf etdirmə imkanları olur və s.

Zamanın idarə edilməsi bir ölkə üçün də çox aktual məsələdir. Düşünün ki, əgər bir qurumdan bir sənədin alınması üçün insanlar 2 saat gözləyirlərsə və bu sənədin alınma prosesi səmərəli şəkildə təşkil edilməyibsə, ölkə miqyasında sənəd gözləyən insanların nə qədər zaman itirdiklərini təsəvvür etmək çox çətindir.

- Zamanın idarə edilməsində əsas fikir və texnikalar nələrdir?

- Zamanın idarə edilməsi, əvəz edilməyən bir sərmayə  olan zamanın insanın hədəf və planlarına görə ən səmərəli şəkildə istifadəsi deməkdir. Zamanın idarə edilməsi ancaq “gecikməmək” deyildir. Bu, insanın şəxsi və iş həyatını ciddi şəkildə daha da səmərəli edəcək texnika və texnologilar toplusudur.Əsas fikir odur ki, insanın gündəlik və həftəlik fəaliyyətləri onun hədəflərinə görə tənzimlənməlidir. Həyat – dağa çıxmaq kimidir. Ən yüksəkdə bizim hədəflərimizdir və bu hədəflərə doğru çıxarkən biz doğru insanlarla, doğru avadanlıq və alətlərlə, zamanımızı və gücümüzü doğru şəkildə tənzimləyərək çıxmalıyıq.

- Zamanın idarə edilməsi üçün insanlara nə lazımdır?

- Əsas məsələ güclü istək, güclü iradədir, səbir və intizamdır. Bir mövzuda məlumatlı olmaq və mövzunu bilmək yetərli deyildir. İnsanın biliklərini istifadə etməsi çox vacibdir. Mən bunu hər zaman siqaret çəkmə kimi pis bir vərdiş üzərində misal verirəm. Bütün siqaret çəkənlər siqaretin ziyanı və hansı fəsadlara yol açacağı haqqında məlumatlıdırlar, ancaq yenə də bu vərdiş davam edir.

Zamanın idarə edilməsi də bir vərdişdir. Öncə insanın istək və iradəsi ilə başlayır, daha sonra isə artıq vərdiş halına gəlir.

- Sizcə, indiki gənclər üçün zamanın idarə edilməsi vacibdirmi? Bununla bağlı gənclərə nə tövsiyə edərdiniz?

- Zamanı idarə etmək indiki gənclər üçün həddindən artıq vacibdir. İnsanlar bir-birilərinin zamanlarına hörmətlə yanaşmağı öyrənməlidirlər.

Gənclərə isə tövsiyəm odur ki, daim özlərini inkişaf etdirsinlər, gələcək hədəflərini seçərək planlar qursunlar və iradəli şəkildə irəliyə doğru getsinlər, çünki onların hər birinə aid ciddi və böyük sərvət var – ZAMAN.

Qeyd: müsahibə “Zaman-Azərbaycan” qəzetindən götürülüb.

Yorum Yaz
Ad Soyad :
E-mail :
Yorum :

banner-nic

ZƏRDAB TV

AZƏRBAYCANIN İLK PEŞƏKAR, OPERATİV REGİON SAYTI

Zerdab.com saytı Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Səlim bəy oğlu Zərdabinin (Məlikovun) doğulduğu bölgəni təmsil edir. Bildiyiniz kimi, Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının banisidir, biz də onun davamçıları olaraq Azərbaycanda yeniliyə imza atmaq qərarına gəlmişik. Belə ki, Azərbaycanda rayonları təmsil edən sayt olsa da, onların çoxu aktiv fəaliyyət göstərmir. Lakin Zerdab.com saytının ölkəmizdə bu sahədə gətirdiyi yenilik ondan ibarətdir ki, öz profilinə uyğun olaraq hər gün yeni məlumatlarla, xəbərlərlə zənginləşdirilir və Azərbaycanda bu cür aktiv və peşəkar fəaliyyət göstərən ilk region saytıdır.

Saytımızda regionumuzun tarixi ilə bağlı məlumat verilməklə yanaşı, gündəlik xəbərlər də yer alır. Sayt müxtəlif bölmələrdən ibarətdir. "Həsən bəy Zərdabi" bölməsində Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər Həsən bəy Səlim bəy oğlu Zərdabinin (Məlikovun) həyat və yaradıcılığı, elmi fəaliyyəti, bu barədə aparılan araşdırmalar, məqalələr yer alır. Gələcəkdə bu bölmə daha da zənginləşdiriləcək və Həsən bəy Zərdabinin külliyyatı halına gətiriləcək.

Saytda milli-mənəvi dəyərlərimizin təbliğinə, gənc nəslin təlim-tərbiyəsinə yönəlik bir-birindən maraqlı araşdırmalar, yazılar, həyat hekayələri yer alır.
Azərbaycan tarixində yeniliyə imza atmış, ilk peşəkar və aktiv fəaliyyət göstərən bölgə, region saytı olan Zerdab.com-un kollektivi sizinlə birlikdə olmağın qürurunu yaşayır.

FACEBOOK

SONUNCU OXUCU ŞƏRHLƏRİ BU YAZILARA GƏLİB

Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən www.zerdab.com saytına istinad etmək məcburidir. Reklam, elan, təbrik yerləşdirmək üçün info@zerdab.com ünvanına müraciət edə bilərsiniz. Reklam şöbəsinin müdiri Sevinc Vaqifqızıdır.

SAYT HAQQINDA, ƏLAQƏ

SAYTIMIZA DAXİL OLANLARIN STATİSTİKASI

  • Online Kullanıcı: 4
  • Son Mesaj Tarihi: 31/10/2014

ARXİV