facebook

Maddi və mənəvi baxımdan təmizlik

0

İnsan həyatının vazkeçilməz ehtiyacıdır təmizlik. Hər şey təmizliklə başlar və əslində hər şey də insanın təmizlənməsi üçündür. Təbii ki, təmizlik deyəndə ağlımıza həm maddi, həm də mənəvi anlamda təmizlik gəlir. Əslində təmizliyin bu iki görüntüsü arasında müəyyən bağlılıq mövcuddur. Yəni mənəvi təmizlik maddi təmizliyi tələb edir. Diqqət yetirmisinizsə, bir müsəlman ibadətə hazırlaşırsa, ilk növbədə, maddi təmizliyin ortaya qoyduğu şərtləri yerinə yetirməlidir. Maddi təmizliyin təmin edilməsindən sonra başlanan dini ritual da əslində insanın mənəvi təmizlənmə mərhələsidir.

***

Heç düşünürsünüzmü, xəlifə olduğu illərdə Həzrət Əlinin (Allah ondan razı olsun!) paltarında yamaq olub. Bəlkə də çoxumuza qəribə görünə bilər, amma əmin olun ki, böyük bir dövlətə rəhbərlik edən o uca zat yeni geyim almaq əvəzinə, köhnəni yamayıb geyməyi üstün tutub. Bilirsinizmi niyə? – Çünki mənəviyyatı tərtəmiz olub, ruhu uca, könlü gülüstan olub onun.

Bəli, Həzrət Əlinin geyimindəki azacıq fərqli rəng yamağın rəngidir, çirk deyil. Çünki onun könlü kimi üst-başı da tərtəmiz olub. Təmizlik uca ruhların vazkeçilməz ehtiyacı, görüntüsüdür. Dinimizin əmri Allah-Taalanın öz bəndəsində görmək istədiyi keyfiyyətdir təmizlik.

***

Atalar sözü var: “Aslan yatdığı yerdən bəlli olar”. Yəni insanı tanımaq istəyirsənsə, onun ətrafına bax, təmizliyinə diqqət elə və qərarını ver. Əslində bu sözün altında böyük həqiqətlər gizlənir. Çünki təmizlik eyni zamanda səliqənin, özünə hörmətin, xarici dünyaya münasibətin ən bariz təzahürüdür. Təkcə üst-başını, evinin içini deyil, yaşadığı həyət-bacanın, məhəllənin, kəndin, şəhərin təmizliyini düşünmək hər birimizin insanlıq borcudur. Bu gün dünyamızın qarşısında duran ən böyük problemlərdən biri, heç şübhəsiz ki, ekoloji tarazlığın pozulması, atmosferin çirklənməsidir. Evinin içini təmiz saxlayanların udduğumuz havanı çirkləndirməsi nə qədər də anlaşılmaz və cahil bir mənzərədir, elə deyilmi? Əslində dünyanın nizamını pozanlar, ekologiyamıza ağır zərbə vuranlar dünyamıza qəbir qazırlar. Nə yazıq ki, gələcəyimizə, dünyamıza qənim kəsilmiş bu güclər ən böyük dünya dövlətləridir.

***

Təmizlik tərbiyədə geniş yer alan sahədir. Ağlı kəsəndən uşağa başa salınmalıdır ki, yataqdan qalxanda onun ilk işi təmizlənmək olmalıdır. Əl-üzünü yumaq, dişlərini fırçalamaq ana laylası ilə öyrədilməlidir övlada. Geyiminə diqqət yetirmək, bir iş gördükdən sonra yeri yığışdırmaq, özündən geriyə zibil qoymamaq həm özünə hörmətdir, həm də başqalarına. Bu gün nəqliyyatda və digər ictimai yerlərdə tum çırtlayanlar, siqaret kötüyünü hara gəldi atanlar, başqalarını düşünmədən küçəyə tüpürənlər bu məsələdə “sinifdə qalmış”lardır.

***

Mənəvi təmizlik çox böyük sərvətdir. Bir söz var: “Kimsə öz ayranına turş deməz”, yəni elə bir adam tapmazsan ki, mənəvi problemlərindən danışsın, öz eyiblərini sayıb töksün və onlardan qurtarmaq üçün yollar axtarsın. Başqa məşhur bir deyim də var: “Zato” mənim ürəyim təmizdir”… Əmin olun ki, kəlməbaşı ürəyinin təmiz olduğunu dilə gətirənin mənəvi problemi var. Çünki o bu sözü deyərkən hansısa qüsurunu ört-basdır eləməyə çalışır. Ürəyi təmiz olanlar heç zaman bunu dilə gətirmirlər. Belə ki, ürəyi təmiz olmağın əsas əlamətlərindən biri də içində duyduğu o təmizliyi gizli saxlamaqdır.

***

Mənəvi çirkab paxıllıqdır, nankorluqdur, yalançılıqdır, nəfsinin köləsi olmaqdır, bir sözlə, yaxşı olmayan hər şey insanın mənəvi ekologiyasını pozan zəhərdir, mikrobdur. Bütün bu çirkabdan qurtarmağın yolu tərbiyədir. Tərbiyə hər zaman və hər yaş üçün keçərli müalicədir. İnsanın dəyəri elə onun təmizliyi qədərdir. Yəni bir kəs maddi-mənəvi baxımdan nə qədər təmiz ola bilirsə, o qədər yüksəkdir, o qədər dəyərlidir.

***

Təmizlik gözəl keyfiyyət olmaqla yanaşı, həm də sərvətdir. Bu sərvət tərbiyə yolu ilə əldə edilir. İnsana böyükləri tərəfindən verilmiş və ya sonradan özünün ardıcıl çalışmaları ilə qazanılmış tərbiyə ilə. Təmizliyi öyrətməyin, tərbiyə kimi verə bilməyin yolu isə, heç şübhəsiz, təmiz olmaqdan keçir. Yəni təmiz olmalıyıq ki, təmizlik tələb edə bilək.

Allah-Taala hər birimizə təmizlik nəsib eləsin, çünki O təmizdir və təmiz olanları sevər.

Share.

About Author

Leave A Reply