Lənkəran Dövlət Dram Teatrının qurucusu, həmyerlimiz Məbud İsmayılzadə

0

1927-ci ildə Zərdab rayonunda anadan olmuş Məbud İbrahim oğlu İsmayılzadə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının yaradıcısıdır. O, bu teatrda1973-1981-ci illərdə ilk bədii rəhbər və direktor işləmişdir. Azərbaycan teatr sənətinin qocaman sənətkarları sırasında tanınmış mədəniyyət işçisi, istedadlı teatr rejissoru, respublikanın Əməkdar incəsənət xadimi M. İsmayılzadənin xüsusi yeri var. Bütün mənalı ömrünü Azərbaycan incəsənətinə, mədəniyyətinə həsr etmiş M. İsmayılzadə əmək fəaliyyətinə 1942-ci ildə Zərdabda başlayıb. Teatr sənətinə böyük maraq onu Azərbaycan Dövlət Teatr İnstitutuna gətirib. 1951-ci ildə bu institutun rejissorluq fakültəsini bitirən 24 yaşlı M. İsmayılzadə elə həmin il Respublika Xalq Yaradıcılığı evinin direktoru vəzifəsinə təyin olunur.
Mədəniyyətin ən aparıcı sahələrindən olan bu təşkilata rəhbərlik etdiyi 20 ildə Məbud müəllim “Çinar”, “Şur” kimi  onlarla məşhur kollektivlərin, 30-dan çox xalq teatrının yaranmasının, respublika miqyaslı Novruz bayramı şənliklərinin, Məhsul və Mahnı teatrlaşdırılmış bayramlarının, respublika səviyyəli festivalların, baxışların, müsabiqələrin keçirilməsinin  təşkilatçılarından və rəhbərlərindən biri olub. Artıq Azərbaycan mədəniyyətinin tarixinə yazılan, 1954-cü ildə minlərlə həvəskar ifaçının iştirak etdiyi ilk teatrlaşdırılmış “Xalq Yaradıcılığı Bayramı”nın, 1955-cü ildə keçirilən
Respublika Bədii Özfəaliyyət Baxışının, 1961-ci ildə çağırılan III Aşıqlar Qurultayının təşkilatçısı, 1959-cu ildə Moskvada Azərbaycan Mədəniyyət ongünlüyü çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru da məhz Məbud İsmayılzadə olmuşdur. Onun quruluş verdiyi tamaşalar Moskvada çox yaxşı qarşılanıb və o dövrün mərkəzi qəzetlərində özünün maraqlı əksini tapıb.
Zərdabi yurdunun böyük ziyalı övladı Məbud İsmayılzadə 1972-1973-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Abidələrin və Muzeylərin Qorunması İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
1973-cü ildə Lənkəranda yeni Dövlət Dram Teatrının açılması və bu teatra kimin rəhbər təyin olunması haqqında Mədəniyyət Nazirliyində məsələ gündəmə gələndə, nazirliyin əsas aparıcı rəhbərliyi yalnız Məbud İsmayılzadənin üzərində dayanıblar. Çünki uzun illəraparıcı rəhbər vəzifələrdə işləmiş və özünün də sənəti rejissorluq olan Məbud müəllimdən uyğun kadr axtarmağa ehtiyac yox idi. Yeni yaranan teatrı yaşatmaq və Respublikada tanıtmağı yalnız Məbud İsmayılzadə kimi böyük təcrübəsi olan rəhbər bacarardı. Beləliklə, 1973-cü ildə Məbud İsmayılzadə bu teatrın ilk bədii rəhbəri və direktoru oldu. Elə teatrın ilk tamaşalarından olan Nazim Hikmətin “Bayramın birinci günü” tamaşasına da özü quruluş verdi. Əlbəttə, yeni teatrın qayğıları həddən çox idi. İlk növbədə teatra verilmiş mədəniyyət evi binasını teatr binasına uyğunlaşdırmaq lazım idi. Ali təhsil alıb, bütövlükdə təyinatla bir kursun Lənkərana işləməyə gəlməsi sevindirici olduğu  qədər də onların mənzillə təmin olunmasına çalışmaq zəhmət idi. Məbud müəllim həmin vaxt Lənkəranın I katibi işləmiş, teatra, mədəniyyətə böyük marağı olan İsa Məmmədovun sayəsində bu problemli məsələni həll etmişdir. Aktyorlar hamısı mənzillə təmin olundular. Onlara yüksək əmək haqqı verilməsi və bütün sosial qayğılarının, problemlərinin də həll olunmasında Məbud İsmayılzadə və İ. Məmmədov əvəzsiz işlər gördülər. Lənkəranda həmin vaxtlar professional teatrın açılması cənub bölgəsi üçün çox böyük bayram və tarixi hadisə idi. Bu teatrın bütün tamaşaları Lənkəranda yox, bütövlükdə cənub bölgəsində və eləcə də Azərbaycanın başqa yerlərində anşlaqla keçirdi. Lənkəranda hər bir kənd və təşkilat üçün ayrıca gün ayrılmışdı ki, onlar hansı günlər tamaşalara gələ bilərlər. Beləliklə, həmin günlər insanlar böyük bayrama gələn kimi, maşınlarla, gül dəstələri ilə tamaşalara gəlirdilər. Məbud müəllim bu teatra rəhbərlik etməyə gələndə və Bakıda özünün respublika səviyyəli işini təhvil verib əyalət teatrına rəhbərlik etməyə başlayanda onu yalnız bir şey maraqlandırırdı: – bu teatrı respublikada və kənarlarda tanıtmaq. O, teatra rəhbərlik etdiyi 8 ildə də bu böyük və çətin işi çox uğurla görə bildi. Həmin 8 ildə artıq Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı respublikanın ən aparıcı teatrlarından biri oldu. Bu teatrı başqa teatrlara nümunə kimi gətirdilər. Keçmiş sovetlər ittifaqından bu teatrın tamaşalarına baxmaq üçün xeyli sayda mütəxəssislər gəlirdilər. Həmin vaxtlar bu teatr haqqında tez-tez ümumittifaq, respublika qəzetlərində geniş məqalələr yazılır, televiziyada maraqlı verilişlər göstərilirdi. Bütün bunların da əsas təşkilatçı və təbliğatçısı Məbud İsmayılzadə idi.  Gördüyü bu uğurlu işlərə görə dəfələrlə Məbud müəllimi şəhər Sovetinin deputatı seçmişdilər. O, belə əvəzsiz xidmətlərinə görə Azərbaycan Respublika Ali Sovetinin, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin fəxri fərmanları ilə təltif edilib və 1979-cu ildə ona Əməkdar incəsənət xadimi fəxri adı verilib. Teatrdakı uğurlu fəaliyyətindən sonra Azerbaycan Mədəniyyət Nazirliyi onu “Azkonsert” Birliyinin bədii rəhbəri təyin etdi. Məbud müəllim uzun müddət bu konsert birliyinin həm bədii rəhbəri, həm də rejissoru kimi xeyli işlər gördü.
Sonralar fəxri təqaüdə çıxan M. İsmayılzadə teatrdan ayrılmamış və Nazim Hikmətin 100 ilik yubileyi ərəfəsində Şuşa Dövlət Musiqi Dram Teatrında dramaturqun “Bayramın birinci günü” tamaşasına çox maraqlı quruluş vermişdir.
O, 2004-cü il sentyabrın 17-də dünyasını dəyişdi və haqq dünyasına qovuşdu.
Cəmi 8 il Lənkəran Dövlət Dram Teatrına rəhbərlik edən M. İsmayılzadə bu gün də həmin bölgədə və ümumiyyətlə, Azərbaycan teatr tarixində yüksək təşkilatçı teatr rəhbərlərindən biri kimi xatırlanır və yad edilir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

fifteen + three =