Seçicilərindən Jalə Əliyevaya müraciət var

0
Jalə Əliyeva
Millət vəkilimiz Jalə Əliyeva.

Zerdab.com saytının emailinə millət vəkilimiz Jalə Əliyevaya ünvanlanmış 2 məktub daxil olub. Həmin müraciətləri təqdim edirik.

Salam, Jalə xanım!

Saytların birində müsahibənizi oxudum, bir daha inandım ki, məni düzgün başa düşəcəksiniz. Çünki bizim evdə də kişi obrazı yoxdur (həyat yoldaşımdan ayrılmışdım, 2003- cü ildə rəhmətə gedib).  İki qızın yükü mənim çiynimdədir. (Böyük qızım Yasəmən  “Xəzər” universitetində oxuyur, Gültən isə 11 –ci sinifdədir. )

…Mən hələ birinci kursda oxuduğum vaxtlardan bədii tərcümə ilə məşğulam. Rəhmətlik İsmixan Rəhimov tərcümə etdiyim bir hekayəni “ Dünya” ( İİ) tərcümə almanaxında çap etdirmişdi. Onda mən tələbə idim.

Bir sözlə, 1978-ci ildən ingilis – dilindən Azərbaycan dilinə, 2002-ci ildən isə Azərbaycan dilindən ingilis dilinə tərcümə edirəm. Tərcümə etdiyim əsərlərin siyahısını məktuba əlavə edəcəm. Onu deyim ki, Yunus Oğuzun “ Nadir şah” romanı mənim tərcüməmdə Londonda çap olunub. Eləcə də,  Qəşəm Nəcəfzadənin şeirləri mənim tərcüməmdə Hollandiyada Beynəlxalq mükafata layiq görüldü.

Amerikada Müasir Azərbaycan nəsri ( ingilis dilində) çap olundu bu il. Həmin kitabda Elçin Hüseynbəyli və Eyvaz Zeynalovun 5-6 hekayəsi mənim tərcüməmdədir.

Avqustda on il olacaq ki, şəhərdə – Bakıdayam. Bu illər ərzində mən uşaqlarımı tərcümədən aldığım qanorarla saxlamışam. Amma tərcümə üçün sifariş həmişə olmur ki.. Ötən il YB–dən birillik Prezident təqaüdünə layiq görülmüşəm.  Həmin təqaüdü yalnız ev kirayəmə verirdim.

Daimi iş yerim Muğam Teatrı idi. 7 il orda işlədim-ədəbi-dram hissə müdiri işləmişəm. Keçən ilin mart ayında Muğam Teatrının bina problemi ilə əlaqədar mənim ştatım da ixtisar oldu. (İşçilərin çoxu ixtisar oldu)

Az qala bir ildir ki, iş axtarıram.  Neçə qəzet redaktoruna müraciət etdim. Xeyri olmadı. Yalnız Sona Vəliyeva  kömək etdi. Hazırda publisist yazılarım “ Kaspi” qəzetində çap olunur və qanorar alıram.

Aprel ayında aldığım birillik Prezident təqaüdü də kəsildi. Ev pulumu ödəmək problemdir. Kəndə qayıtmaq istəyirəm, amma kənddəki kərpic evimi yaşamaq üçün yararlı hala salmaq üçün də imkanım yoxdur. Həm də rayonumuzda – Zərdabda o qədər ingilis dili müəllimi var ki… Bu yaşda təzədən uzaq kəndə gedib müəllim işləməyə qüvvəm yoxdur.

Bir dəfə qəzetdə oxudum ki, Rus klassiklərinin 100 cild əsərini Yapon dilinə eyni Tərcüməçi çevirib. Bəlkə də ilk anda adama təəccüblü gələr. 100 cild əsəri bir adam necə tərcümə edə bilər?

Hesablama apardım.  100 cild əsəri tərcümə etmək üçün  şəxsən mənə uzaqbaşı 10 il  vaxt lazımdır. 1978-ci ildən əldə etdiyim tərcümə bacarığı artıq mənə imkan verir ki, bir gündə ən azı 30 səhifə tərcümə edə bilim. ( həm ingilis –dilindən Azərbaycan dilinə, ya da Azərbaycan dilindən ingilis dilinə) Bu isə bir ayda 900 səhifə edir.

Bəlkə də başqa millətlərdə belə bacarığa malik şəxsin heç bir maddi problemi yoxdur. Bəs  mənim maddi vəziyyətim? Hələ normal bir komputer almağa imkanım olmayıb.

Hörmətli Jalə xanım, məktubu yazmaqda məqsədim odur ki, ya mənim köhnə iş yerimə qayıtmağıma kömək edəsiniz,  ya da adi bir iş tapmaqda yardımçı olasınız. Korrektor işləməyə də razıyam.

Dövlət səviyyəsində bəzi əsərlər Azərbaycan dilindən ingilis dilinə tərcümə edilir. Həmin əsərlərdən bəzilərnin tərcümə üçün mənə verilməsinə kömək edə bilərsinizmi?

P.S. “ Azərbaycan” jurnalının  12 –ci sayında “  ( 2012)  Amerika yazıçısından etdiyim bir hekayə, “ Ulduz” jurnalının builki 1-ci sayında Moemdəm etdiyim tərcümələr var. Maraqlansanız oxuyarsınız. Eləcə də istərdim ki,  mənim bir- iki publisist yazıma baxasınız. “ Haradan başlanır vətən? “  .

“ Biz qayıdacağıq!” , “ Qərib it,  yaxud Amerikalı Diamond” , “ Payızı görməyə getmişdim. “ -google-də axtarış verəndə çıxır.

Xəzər TV-də “ Həyat varsa” seriyasından “ Göz dağı” filmi göstərildi dekabr ayında. Mənim kiçik qızım Gültənin həyatı barədədir. Onun bir gözü anadangəlmə qüsurludur. Mənim həyat hekayəmdir. Rayonda olanda baş vermişdi. Cüzi dəyişiklik var. Həmin film də “ Həyat varsa. Göz dağı “ yazılanda google-çıxır.

Sağ olun!

Hörmətlə:  Sevil Gültən

Telefon: 050 537- 41- 84

 Azərbaycan dilindən ingilis dilinə tərcümə etdiyim  əsərlərin siyahısı:                  

  1. Hikmət Babaoğlu “ Akdamardan Sarı gəlinədək erməni yalanı” -2011
  2. Qəşəm Nəcəfzadə “ The evening stories”- “Şəms” nəşriyyatı-2007
  3. Ülivi Bünyadzadə “ Ömür yolu”- “ Mütərcim” -2009
  4. Yunuz Oğuz “ Nadir şah” – London- 2010
  5. Azərbaycan nağılları – 2010
  6. Səlim Babullaoğlu – Şeirlər
  7. Elxan Zal- Şeirlər
  8. Ədalət Əsgəroğlu- Poema
  9. Firuz Mustafa- “ Köç “ povesti
  10.  Elçin İsgəndərzadə “ Avtoportret” – “Vektor” nəşriyyatı-2007
  11. Vahid Məmmədli -“ Buddanın qayıdışı” –povest
  12.  Hamlet İsaxanlı “ Müasir təhsilin problemləri” – Elmi kitab
  13.  Eyvaz Zeynalov –Hekayələr, povest və uşaq hekayələri
  14.  Elçin Hüseynbəyli – İki hekayə
  15.  Qismət- Şeirlər
  16.  XXİ -əsr Azərbaycan ziyalıları “ Vektor “ nəşriyyatı, 2007
  17.  Giya Paçxataşvili “ Oğul ata itirdi”  Poema
  18.  Mirkazım Seyidov “ Erməni vandalizmi” –Novosibirsk-2010
  19.  Mirkazım Seyidov- “ Zamanın nəbzi” Novosibirsk- 2008
  20.  Mirkazım Seyidov- “ Qaranlığa nur saçan zəka”- Novosibirsk- 2010
  21.  Mirkazım Seyidov –“ Ömrümü xalqıma bağışlayıram” – 2010
  22.  “Ürəyimin göz yaşları” –“Yurd” nəşriyyatı-2006 Hamlet İsaxanlının, Paşa Qəlbinurun, Rəşad Məcidin şeirləri

1. Ramiz Duyğun- “ Kəllələrin fəryadı” hazırda çapdadır

İngilis dilindən Azərbaycan dilinə tərcümə etdiyim əsərlər:

  1. Somerset Maugham- “ Kilsə xidmətçisi” – “ Azərbaycan” jurnalı. 2006, 7 ci nömrə
  2. Somerset Maugham –“ Vəziyyətin gücü” – “ Azərbaycan” jurnalı 2006, 9-cu nömrə

3. Somerset Maugham- “ Edvard Bernardın məğlubiyyəti”

“ Azərbaycan” jurnalı, 2011, 3 cü nömrə

  1. John Cheever “ Təkliyin ləzzəti” – “Dünya” tərcümə almanaxı, 1985
  2. John Cheever “ Satton Place hekayəti” –“ Azərbaycan” jurnalı –12 ci nömrə ( 2012)
  3. George Gordon Bayron

Edgar Allah Poe

Sidney Keyes

Mathew Arnold

Robert Herick

Langston Hughes

Walter Scott

William Blake

Hər şairdən bir neçə şeir- “ Ürəyimin göz yaşları” Bakı- “ Yurd” 2006

7. “Poeziya səyahətinə dəvət” – “ Mütərcim” jurnalı.  1/ 2 Rus dilindən

 

Növbəti müraciət isə Zərdab rayonunun Yarməmmədbağı kənd sakini Hüseynov Feyruz Həmzə oğlu tərəfindəndir:

“Hörmətli Jalə Əliyeva, mən Hüseynov Feyruz Həmzə oğlu sizə Zərdab rayonunun Yarməmmədbağı kəndindən müraciət edirəm. (Qeyd: məktub saytımıza müraciət edən şəxsin yaxınları tərəfindən göndərilib) Sizi narahat etməyimin səbəbi odur ki, mən uzun illərdir xəstəlikdən əziyyət çəkirəm, hər iki ayağım dizdən aşağı işləmir. Buna görə dövlətdən müavinət alıram, amma aldığım pensiya ancaq dərmanlarıma çatır. Sizdən köməklik istəyirəm. Mənə evdə həyat yoldaşım qulluq edir, ona görə də başqa heç bir yerdə işləyə bilmir. Öncədən təşəkkür edirəm və köməkliyinizi gözləyirəm”.

Zerdab.com