Laçın uğrunda döyüşlərdə şəhid olmuş həmyerlimiz: Mətləb Məmmədov

2
72

Qarabağ müharibəsiƏslən Laçından olan-dağlarının havasını udan, sərin bulaqlarının suyunu içən, səfalı meşələrində dincələn, yaşıl çəmənlərindən zövq alan hər hansı azərbaycanlı ilə yaxından həmdərd olsan heç cür inana bilməzsən ki, laçınlılar öz ellərini erməniyə təslim edər. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığım illərdə mənə dərs deyən mərhum professor Qulu Xəlilov Laçın haqqında yazırdı: “… bulud heç zaman dağların vahiməsindən  bu şəhərin küçələrində lövbər sala  bilmir, şimşək öz qızılı qamçısını çox-çox yüksəklərdə oynadır, güclü yağışlar dağlara meydan oxuyur. Çox az şəhər tapmaq olar ki, Laçın  kimi sürətlə gur işıqları, yaraşıqlı, gözəl binaları ilə dağların sinəsinə, zirvələrinə doğru belə vüsətlə addımlasın”. Çünki Laçında başqa müəlliflərin də yazdığı kimi Babəkin hayqırtısı əks-səda tapıb, Qoç Koroğlunun dəli nərəsi diksindirib bu dağları. Qaçaq Nəbinin izi qalıb, səsi qalıb.Həcərin gözü qalıb, özü qalıb bu dağlarda. Sarı Aşığın naləsi qalıb, hay-haraylı nəfəsi qalıb, sözü qalıb bu dağlarda…

Laçın  mədəniyyət və memarlıq abidələri, kurqan, qala tipli abidələr, məbədlər, çoxlu sayda qəbirüstü abidələr, at, qoç fiqurları, süjetli daşlar, birtağlı və ikitağlı körpülər ilə zəngin idi. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarıdır. Laçının belə maddi-mənəvi sərvətləri ilə yanaşı, onun Ermənistanla Dağlıq Qarabağ ın erməni icmasını birləşdirən  dəhliz olması ermənilərin nə gücünə olursa –olsun bu şəhəri ələ keçirmə niyyətini artırırdı. Ermənistan Laçın rayonundan keçən  bu yola  ancaq ermənilərin nəzarət etməsini istəyirdi. Buna görə də Ermənistan  hər cür siyasi oyunlara girərək rus ordusunun köməyi və dəstəyi ilə 1992-ci ilin 18 mayında  Azərbaycanın Laçın rayonunu işğal etdi. İşğal zamanı 225 nəfər əlil, 333 nəfər laçınlı isə həlak oldu.

Mətləb 20 yaşında şəhidlik zirvəsinə çatdı

 İşğaldan əvvəl laçınlılara  kömək üçün Azərbaycanın  digər hərbi hissələrindən də  bu bölgəyə əsgərlər gəlirdilər.Həmin döyüşçülər sırasında zərdablı Məmmədov Mətləb  Səfəralı oğlu da var idi. 20 yaşı yenicə tamam olmuş Mətləb 1972-ci ilin 22 noyabrında Allahqulubağı kəndində anadan olmuşdur. O da yaşıdları kimi 1992-ci ildə hərbi xidmətə çağırılmışdı.Hərbi təlim aldıqdan sonra Laçın bölgəsinə yollanıb. Laçın rayonu  kəndlərinin erməni quldurlarından təmizlənməində əsl şücaət göstərib. Mətləb 1993-cü il yanvarın 6-da Laçın rayonunun Təzəkənd kəndi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə çatdı.

Qarabağ azad olacaq

Ş.Xiyabani yazırdı ki, şəhidi olmayan xalq tarixdə iz qoya bilməz. Bəli, Vətəni yaşatmaq üçün onun uğrunda can vermək lazımdır. Azərbaycan özünün ən çətin vaxtlarından bu gününə ona görə gəlib çata bildi ki, “Olum” və ya “Ölüm” məqamında onu çiyinləri  üzərində saxlaya bilən oğulları oldu. Bu oğullar Azərbaycan adlı məmləkət yaşadıqca, bu ölkənin bayrağı yüksəldikcə, bu millətin dili  səsləndikcə yaşayacaq. Bu oğulların ruhu Cəbrayılı, Ağdamı, Zəngilanı, Füzulini, Qubadlını, Kəlbəcəri, Laçını xilas etmək üçün  özünü AZƏRBAYCANLI hesab edən  KİŞİLƏRİ mübarizəyə səsləyəcəkdir.

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NUN MÜXBİRİ.

2 ŞƏRH

  1. Isgal olunmus rayonlarimiz bizim qelb goynertilerimizdir.Terlan muellime,sag olun ki,bu goynertilerimizi unutmaga qoymadiniz!

  2. Azərbaycanın bütövlüyü uğrunda həlak olan şəhidlərimizə ALLAH rəhmət eləsin!20 yaşında şəhidlik zirvəsinə qovuşan MƏTLƏB MƏMMƏDOVUN yaxınlarına ALLAH səbr versin. Yazını həyəcansız oxumaq olmur.

Comments are closed.