Mütaliə mənəvi ehtiyacımıza çevrilə bilsə…

0
Mütaliə

MütaliəDeyirlər nə qədər çox öyrənsən daha çox bilmək istəyirsən. Fransızlarda belə bir məsəl var: “Ancaq yeməyə başladıqda hiss edirsən ki, nə qədər çox yemək istəyirmişsən”.  Kitab da bunun kimidir. Ünsiyyətdə, peşəkarlıqda, mübarizədə güclü amildir. Kitab insanları cəmiyyətin həyat və mübarizə təcrübəsi ilə silahlandırır, onların dünyagörüşünü genişləndirir, onlara bilik verir ki, bunun da köməyi ilə insanlar nəinki təbiəti özlərinə xidmət etməyə məcbur edir, həm də müasir texnologiyanın ən son nailiyyətlərindən qədərincə bəhrələnirlər. Cəmiyyət sürətlə inkişaf edir.
Artıq biz bu gün müxtəlif ekranların-televizor, videomaqnitafon, kompyuter və s. əhatəsində yaşayırıq və onların sayı gündən-günə artmaqdadır. Müxtəlif kommunikasiya vasitələri arasında dəyişən dünya daha çox uşaqlara və yeniyetmələrə güclü təsir göstərir. Lakin biz hələ ki, bu təsirlərin nəticələrinin törədəcəyi güclü fəsadlar haqqında özümüzə hesabat vermirik. Ancaq onlar davam etməkdə və genişlənməkdədir. Bu inkişaf hər şeydən əvvəl kitab oxuma mədəniyyətini zəiflədir,mütaliəni sıradan çıxardır.
Son statistikaya nəzər salsaq görərik ki, bir yaponiyalı ildə 25, isveçli 10, fransalı 7 kitab oxuyur.  Türkiyədə hər 7 nəfərə 1 kitab düşür. Azərbaycanda isə bu göstərici minimum səviyyədədir. Görəsən, niyə?
Uşaqlar və yeniyetmələr artıq xeyli vaxtdır ki, mütaliə problemi yaşayırlar. “Gəncliyə Dəstək” İctimai Birliyi bu problemi həll etmək, mütaliəni himayə etmək üçün bütün yaş qrupundan olan insanlar arasında sorğu keçirmiş və sorğuya əsasən öz layihələrini hazırlamışlar. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlər Dəstəyi Şurasının dəstəyi ilə layihə uğurla həyata keçirilir. Zərdab və Ucarda ibtidai siniflərdə dərs deyən müəllimlərə “Uşaqlar və Kitablar ” mövzusunda təlimlər keşirilmiş, şəhərimizdəki Heydər Əliyev parkında kitab sərgisi təşkil edilmişdir. Apreldən başlayan layihə iyun ayında da davam edəcək. “GD” İB tərəfindən “Region gənclərinin intellektual və mənəvi dünyasının zənginləşməsi məqsədi ilə mütaliənin təbliği” adlı bu layihənin həyata keçirilməsi üçün əslində hər birimizin üzərinə vəzifə düşür. Bu istiqamətdə müəllimlərə, kitabxanaçılara, valideynlərə yardımçı olmalı, uşaqlara və məktəbli gənclərə mütaliənin əhəmiyyətini anlatmaq üçün ən təsirli üsullardan istifadə etməliyik. Hər yeniyetmə dərk etməlidir ki, yaxşı kitabların mütaliəsi  həyatımızın inkaredilməyən  bir hissəsidir. Əgər bu prinsip  ardıcıl qorunsa, o zaman keçmiş oxu mədəniyyətimiz özümüzə qayıdar və artıq mütaliə vərdişi mənəvi bir ehtiyacımıza çevrilə bilər.

TƏRLAN ABDULLAYEVA, “Əkinçi”nin müxbiri.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

seven + four =