Səkinə ananın gülləri

0

gül-çiçəkQeyri millətlərdən fərqli olaraq biz azərbaycanlıların güllərə həmişə özəl münasibəti olub. Hələ klassiklərimizdən tutmuş ta bu günümüzün şairlərinə qədər hər qələm əhli gül-çiçəyi bir cür vəsf edib.Çünki gül-çiçək təkcə məhəbbət rəmzi deyil, həm də gözəllik və dinclik rəmzidir. Dibçəklərdə evimizi, güldanlarda  otaqlarımızı bəzəyir. Həyətlərdən ətrafa gözəllik, ruhumuza rahatlıq bəxş edir. Bu rahatlığın əhatəsində insan  ancaq xoş duyğuların  təsiri altında ola bilir. Belə gözəlliyi iş yerlərinə də yönəldə bilən bağbanlarımızın sayəsində həyətimizin gözəlliyi çalışdığımız müəssisələrə də ayaq açır. Səkinə Əliyeva bu cür peşə sahiblərindəndir. ZərdabdakI 3 sayIı körpələr evi-uşaq bağçasında bağban vəzifəsində çalışır. Dövrünün ən qabaqcıl pambıqçılarından olub. Hələ 22 yaşında ikən əmək həyatının ən böyük uğurunu qazanıb. Səkinə Əliyeva 14 fevral 1975-ci ildə keçmiş SSRİ-nin ən nüfuzlu ordenlərindən olan “Şərəf nişanı”na layiq görülüb. Üstündən on illiklər ötəndən sonra yenidən ana torpaqla ünsiyyətə başlayıb. 2011-ci ildən bağçada bağbanlıq edir. Torpaqdan bol məhsul götürməyi bacardığı kimi onu gülüstana da çevirə bilir. Görüşümüzdə dedi ki, bağçamızda aparılan əsaslı təmirdən sonra yaşıllıqları yenidən bərpa etmək lazım gəldi. Ona görə də yazın əvvəllərində torpağa çiliklər basdırıldı. Ağaclar, bəzək kolları qaydaya salındı, yeni gül-çiçəklər əkildi. Hətta dibçəkdəki limon bitkisini qabından həyətə köçürdüb torpağa əkdik. Çətin olsa da ilk əvvəllər əllə sulama hesabına yeni əkilən ağaclar göyərdi. Güllər tumurcuqladı, köhnə ağaclar meyvə verməyə başladı.
…İndi bağçanın həyəti gündən-günə gözəlləşir. Çəkilən zəhmət  hesabına baxımlı olur. Bütün kollektiv, o cümlədən bağçada tərbiyə olunan uşaqlar bu gözəllikdən qədərincə bəhrələnirlər. Onlar Səkinə ananın güllərini maraqla seyr edirlər. Ağ, qırmızı, sarı güllər uşaqlara könül dincliyi bəxş edir.
…Səkinə xanım əkdiyi gülləri özü də çox sevir. Deyir ki, Zərdabın ən baxımlı vaxtı ilin bu çağı-may ayıdır. Çünki mayda güllərin çoxu açır. Ətraf gözəlliyə bürünür.
…Bağbanın sözlərində həqiqət var.

Tərlan Abdullayeva, “Əkinçi”nin müxbiri.

gül-çiçekgül-çiçek