Həsən bəy Zərdabinin şəcərəsi ilə bağlı yeni faktlar- ARAŞDIRMA-2

2

 

Eldəniz Həsənov, Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas
Müəllif: Eldəniz Həsənov, Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas

Səlim bəy Məlikovun kiçik oğlu Həsən bəy Məlikov  Zərdabi olmuşdur.

 Həsən bəy Zərdabi Hənifə xanım Abayeva ilə ailə qurmuşdur. Onların ailəsində dörd qız övladı (Pəri xanım Məlikova (Topçubaşova), Fatimə xanım Məlikova, bir yaşına çatmamış vəfat edən üçüncü qızı və sonbeşik qızları Qərib Soltan xanım Məlikova), iki oğul övladı (Midhət bəy Məlikov və Səffət bəy Məlikov) olmuşdur.

III.  Həsən bəy Məlikzadə Zərdab (1842-1907)

Vətənimizin dilbər guşələrindən olan, Kür çayının sahilində yerləşən keçmiş Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhəri) 1842-ci il noyabrın 12-də gələcəyin maarifpərvəri, Həsən adlı tarixi şəxsiyyəti dünyaya göz açmışdır. Onun babası Rəhim bəy və atası Səlim bəy öz dövrlərinin sayılıb-seçilən və xeyriyyəçiliklə məşğul olan adamlarından olmuşdur.

Azyaşlı Həsənin təhsili ilə əvvəlcə atası Səlim bəy məşğul olmuşdur. O, ölməz tarixi qəhrəmanlar haqqında yazılan kitabları onlara diqqətlə qulaq asan oğluna oxuyardı. Beləliklə, Səlim bəy hələ kiçik yaşlarından övladına elmə, təhsilə, vətənə, xalqa məhəbbət hissini aşılamışdır.

Atası Səlim bəy artıq yetkin gənc olan Həsəni 1852-ci ildə Şamaxıda yenicə açılmış müasir üsulda rus dilində təhsil verən məktəbə gətirir. O bu məktəbdə rus dilini dərindən öyrənir, elmi biliklərə yiyələnir. Həsən bəy 1858-ci ildə həmin məktəbi böyük müvəffəqiyyətlə bitirdikdən sonra, xüsusi fitri istedad sahibi olduğu nəzərə alınaraq həmin ildə dövlət hesabına Tiflis gimnaziyasının V sinfinə daxil olur. 1861-ci ildə bu təhsil ocağını gümüş medalla bitirən Zərdabi bu müvəffəqiyyətinə görə həmin ilin avqust ayında imtahansız, dövlət hesabına Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə daxil olur.

O, 1865-ci ildə Moskva Universitetini əla qiymətlə bitirdiyinə və nümunəvi əxlaqına görə həmin ilin iyun ayının 10-da Universitetin Elmi Şurası ona “Təbiət elmləri namizədi” alimlik dərəcəsi adını verir. Universiteti bitirərkən ona bu təhsil ocağında qalıb işləməsi təklif olunsa da, Həsən bəy bununla razılaşmır.

Həsən bəy Moskva Universitetini bitirdikdən sonra ilk əmək fəaliyyətinə Tiflisdə “Mejevaya palata”da başlamaqla yanaşı, eyni zamanda, burada yerləşən “8-ci mejavaya” (mərzçəkmə) komissiyasında məhkəmə üzvü kimi də fəaliyyət göstərir.

O, Borçalıda islahat prosesində torpaqların kəndlilər arasında bir yerquruluşu mütəxəssisi kimi doğru-düzgün bölüşdürülməsinə, torpaq münasibətlərinin hüquqi tənzimlənməsinə yardımçı olur. Lakin çar hökumətinin yaratmış olduğu bu idarənin rəhbərliyi bəylərin, mülkədarların müdafiəçisi kimi çıxış edir, burada yerli bəylər tərəfindən Həsən bəyə qarşı sui-qəsd təşkil olunur. O zaman Tiflisdə dövlət qulluğunda olan M.F.Axundovun müdaxiləsi nəticəsində bu sui-qəsd cəhdi uğursuz olur.

1866-cı ilin 28 dekabrında Həsən bəy Bakı Qəza İdarəsində işə düzəlir, bir müddət pasport-masa rəisi və kargüzar vəzifələrində çalışır. Lakin Həsən bəy Zərdabinin burada da işləməsi hökumət tərəfindən qeyri-məqbul sayılır.

Odur ki, Qubaya gedir və 1868-ci ilin 28 fevralında məhkəmədə barışıq məhkəməsinin katibi vəzifəsinə təyin olunur. Yenə də analoji haqsızlıqları görüb, onlara qarşı mübarizə aparır. Nəticədə yerli bəylər Zərdabini öldürmək qərarına gəlirlər. Zərdabi Qubada da uzun müddət işləyə bilmir. 1868-ci ilin 4 oktyabr tarixində məhkəmənin katibi vəzifəsindən kənarlaşdırılır. 1869-cu ilin noyabrınadək işsiz qalan Həsən bəy Şamaxıda şəxsi vəkilliklə məşğul olur.

Həsən bəy Zərdabi nəhayət, 18 noyabr 1869-cu il tarixindən etibarən Bakı Real Gimnaziyasında təbiət tarixi fənnindən tədrisə başlayır.

H.Zərdabi 1872-ci ildə “Xeyriyyə cəmiyyəti”nin əsasını qoyur.

Zərdabinin ən böyük xidmətlərindən biri də 1873-cü ildə onun təşəbbüsü, rəhbərliyi altında Bakı Real Gimnaziyasının binasında M.F.Axundovun “Hacı Qara” komediyasının tamaşaya qoyulmasıdır. O bununla da Azərbaycanda milli teatrın əsasını qoyur.

Ana dilində qəzet nəşr etməyin zəruriliyini qarşısına məqsəd qoyan Həsən bəy Zərdabi nəhayət, çox əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda dərc etdirdiyi “Əkinçi”nin əsas yazarı olmaqla yanaşı, həm də qəzetin naşiri, redaktoru, baş məqalələrin müəllifi, texniki işçisi, korrektoru kimi fəaliyyət göstərmişdir.

“Əkinçi” qəzetinin banisi H.Zərdabinin bu qəzeti nəşr etməkdə əsas məqsədi xalq arasında elmi, mədəniyyəti yaymaq, inkişaf etdirmək, kənd təsərrüfatını inkişaf etdirmək və millətinin hərtərəfli inkişafına nail olmaqdan ibarət idi.

Həsən bəy Zərdabi yazırdı: “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”.

Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin saylarının birində ermənilərin naqis əməllərinə “fitva” verən “Mşaq” qəzetinin redaktoru Arsiruniyə müraciət tərzində belə yazmışdı: “Neçə yüz ildir ki, biz ermənilərlə qonşuluq edirik, indi cənabınıza eyib deyilmi ki, bizim aramızda ədavət salırsınız?”

Təbii ki, əqrəb xislətli ermənilər üçün belə sözlərin təsiri olmazdı. Olmadı da. Mətbuat tariximizdən məlumdur ki, ermənilərin donosu, üzədurmaları ilə “Əkinçi” qəzeti qapanmış, onun naşiri Həsən bəy Zərdabiyə Qafqazda iş verilməsi qadağan edilmişdir…

Bildiyimiz kimi, “Əkinçi” qəzetinin mətbəəsində fəhlə işləyən erməni Minasovun jandarm idarəsinə xəbərçiliyi qəzetin qapanmasına bəhanə olmuşdur. Onun böhtan dolu donoslarının açıqlanması zamanı Minasov həyasızcasına Həsən bəy Zərdabinin üzünə durmuşdur.

Lakin Həsən bəy Zərdabi dərin zəkası və əməlisalehliyi nəticəsində bütün çətinlikləri aradan qaldırmış, ermənilər ifşa olunmuşdur.

Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova xatirələrində yazır: “Həsən bəy Dumadan elə əsəbi gəlmişdi ki, artıq onun yaşaması mümkün deyildi… O, əsəbi halda dedi ki, erməni həyasızlığı gör nə yerə çatıb ki, milləti qırğına vermək üçün mənə rüşvət təklif edirlər… Duma üzvü Ambarsum Həsən bəyə 8 min manat rüşvət gətirir ki, təki o, Zuğulbadakı su mənbəyi haqqında sussun… ”

Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu mütəmadi surətdə izləyərək “siyasi cəhətdən təhlükəli və etibarsız” hesab edir. Nəticədə, 1877-ci ilin sentyabr ayında “Əkinçi” qəzeti çar hökuməti tərəfindən bağlanır, 1878-ci ildə isə Zərdabi Yekaterinodar (Krasnodar) Şəhər Gimnaziyasına müəllim göndərilmək adı ilə Bakı gimnaziyasında müəllimlikdən azad edilir və onun Bakıda qalması lazım bilinmir.

Vəfalı həyat yoldaşı Hənifə xanımın təklifi ilə razılaşan Həsən bəy 1880-ci ildə ailəsi ilə birgə öz doğma kəndi Zərdaba köçür, 1896-cı ilə kimi Zərdabda yaşayır, Ucar stansiyasında vəkil işləyir və 16 il ərzində bütövlükdə Göyçay qəzasını əhatə edən kəndlərdəki özbaşınalığa, hərc-mərcliyə qarşı mübarizəsini davam etdirir.

Zərdabi doğma kəndində yaşadığı dövrdə də mətbuatdan kənarda qalmamış, mütəmadi olaraq tənqidi və digər məzmunlu məqalələr yazaraq onları Tiflisdə nəşr olunan “Kavkaz”, “Tiflisski listok”, “Novoye obozrenyie”, “Ziya”, Bakıda çıxan “Kaspi” və s. qəzetlərdə dərc etdirmişdir.

Zərdabini sevindirən ən böyük hadisələrdən biri o idi ki, ilk ibtidai təhsil aldığı doğma kəndi Zərdabda ömrünün müdrik çağında yeni tədris ocağının açılmasına nail olmuşdur. O zaman mövcud olan bütün çətinliklərə baxmayaraq, Həsən bəy Zərdabda yaşadığı illər ərzində əkinçilik, bitkiçiliklə məşğul olmuş, torpaqdan səmərəli istifadə yollarını xalqına başa salmışdır.

Ucarda işdən çıxandan sonra 1896-cı ildə ailəsi ilə birlikdə Bakıya qayıdır və daha qaynar həyata atılır. Həsən bəy Zərdabinin yaxından köməkliyi ilə 1898-ci ildən etibarən rus-tatar məktəbləri açılmağa başlayır. Həsən bəy hökumətə müraciət edib azərbaycanlı qızlar üçün məktəb açmağa icazə istəyir. Həyat yoldaşı Hənifə xanımla birlikdə layihə tərtib edir və 1901-ci ildə Bakıda qızlar üçün birinci rus-müsəlman məktəbinin açılmasına nail olur. Hənifə xanım bu məktəbin direktoru təyin edilir, Həsən bəy isə məktəb şurasının üzvü olur.

Onun böyük köməkliyi sayəsində 1906-cı il avqust ayının 15-də Azərbaycan müəllimlərinin I qurultayı çağırılır. O, həmin qurultaya sədrlik edir. Görkəmli ictimai-siyasi xadim Həsən bəy Zərdabi on il müddətində Bakı Dumasının üzvü kimi, 1905-ci ildən isə maarif şöbəsinin rəisi vəzifəsinə təyin olunaraq ömrünün axırına kimi bu vəzifədə çalışmışdır. O, “Kaspi” qəzetində işləməklə öz dəyərli ideyaları ilə xalqına xidmət etmişdir.

Həsən bəy Zərdabi 1907-ci il noyabr ayının 28-də Bakıda vəfat edir. Azərbaycan ziyalılarının “mənəvi atası” sayılan Həsən bəyin vəfatı xalqı hədsiz dərəcədə kədərləndirmişdir, dəfn mərasimində azərbaycanlılarla yanaşı Bakıda yaşayan bütün xalqların nümayəndələri də iştirak etmişlər.

Bu yerdə onu da oxucularımızın diqqətinə çatdırmaq istərdim ki, bu millət fədaisinin qəbirinin yeri 3 dəfə dəyişdirilmiş və nəhayət, onun nəşi layiq olduğu yerdə-Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

Həsən bəyin dəfni ilə bağli kitabın XI fəslində müəllifin “Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı, onun elmi irsi, Zərdabi nəslinin keşməkeşli həyat yolları ilə bağlı E.Həsənovun araşdırmaları, tədqiqatları nəticəsində yazdığı bəzi məqalələr” başlıqlı tədqiqat materialının 11.9. bölməsində (Zərdabi ocağından çıxan ailə üzvlərinin, doğmalarının məzarı haradadır, onların yaşamış olduqları ünvanlar bəllidirmi?)  ətraflı tanış olmaq olar.

  Anadangəlmə fitri istedada malik olan belə bir dahi gələcək tariximizdə də əbədi qalacaqdır. Azərbaycan tarixi ilk ali təhsilli müəllim, milli teatrımızın və milli mətbuatımızın banisi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının ilk yaradıcısı, müsəlman dünyasının ilk təbiətşünas-seleksiyaçısı, darvinist alim, təbiətşünaslıq elmlərinin inkişafında çox böyük rol oynayan və mütərəqqi dünyagörüşünə malik ictimai-siyasi xadim olan  Həsən bəy Zərdabi kimi şəxsiyyətlər yetişdirməmişdir.

Zəngin dünyagörüşünə, ensiklopedik biliyə malik Həsən bəy Zərdabinin əsərlərini oxuduqca, onun çoxşaxəli və çoxsahəli tarixi xidmətləri, təkrarolunmaz fəaliyyəti, yaradıcılığı ilə yaxından tanış olduqca fikirləşirsən ki, bu dahi şəxsiyyətə Allah-Təala anadangəlmə fitri istedad vermişdir.

3.1.  Hənifə xanım Aslan bəy qızı Məlikova – Abayeva

Henifexanim Abayeva

 Hənifə xanım Aslan bəy qızı Məlikova – Abayeva (1856-1929)

Hənifə xanım Aslan bəy qızı Məlikova-Abayeva 1856-cı il mayın 5-də Şimali Qafqazda, Nalçikdə doğulmuşdur. Müsəlman dünyasının ilk maarifçi qadınlarından olan Hənifə xanım Tiflisdə Müqəddəs Nina Qız Məktəbində təhsil almışdır. O zamanlar balkar-kabardin, ümumən müsəlman qızlarının xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. Taleyin xoş bir günündə Hənifə xanım və Həsən bəy ailə qurdular. Bu gözəl, ziyalı, sədaqətli və dəyanətli xanım millətimizin və ailəsinin yolunda fədakarlıq göstərdi, çox cəfalara dözdü, Həsən bəy Zərdabiyə tək həyat yox, həm də mübarizə yoldaşı oldu.

18751877ci illərdə Hənifə xanım ömür-gün yoldaşı Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin nəşrində çox böyük əziyyətlər çəkdi. Bu ziyalı xanım və əri H.Zərdabi Zərdabda yaşadıqları dövrdə-1880-ci ildən başlayaraq öz mənzillərində pulsuz məktəb açdılar. Ərarvad yerli din xadimlərinin və o vaxtlar Zərdabda məskunlaşan ermənilərin  təqib və təzyiqinə baxmayaraq, heç bir təmənna ummadan həmyerlilərinə elm, savad öyrətdilər.

1904-1908-ci illərdə Hənifə müəllimə məktəblərdə gənclərə və yaşlı nəslə savad öyrətmişdir. O, Bakıdakı məşhur “Nicat” cəmiyyətinin qadın bölməsinin yaradıcılarından biri kimi Azərbaycan qadınlarının taleyində çox mühüm rol oynamışdır. Hənifə  xanım Bakıda ilk qız məktəbinin yaradıcısı kimi də tarixə düşmüş, 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri işləmişdir. 1909-cu ildən 1919-cu ilədək, düz 10 il Bakı şəhər Dövlət Birinci RusTatar (yəni Rus-Azərbaycan) Qız Məktəbində müdir vəzifəsində çalışmış, qızlara elm, savad öyrətmiş, tərbiyə vermişdir.

O, 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işləmişdir.

Hənifə xanım Məlikova-Abayeva 1929-cu ildə Bakıda vəfat etmişdir. Əvvəl şəhər qəbiristanlığında dəfn edilmiş, deyilənə görə sonralar onun qəbri həyat yoldaşı H.Zərdabinin məzarına-Fəxri Xiyabana köçürülmüşdür. Çox böyük dünyagörüşə malik Azərbaycanın ilk maarifçi qadınlarından olan belə bir şəxsiyyətin məzarının yeri dəqiq bilinmir.

Həsən bəy Məlikov Zərdabinin 6 övladı olmuşdur.

3.2. Pəri xanım Topçubaşova-Həsən bəy Zərdabinin böyük qızı

Pəri xanım Topçubaşova-Həsən bəy Zərdabinin böyük qızıHəsən bəy Zərdabinin Bakı şəhərində dünyaya göz açan böyük qızı Pəri xanım Topçubaşova (1873-1947) Azərbaycanın ilk parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovla (1862-1934) 1893-cü ildə Tiflis şəhərində ailə qurmuşdur.

Zerdabi ailesiZərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu mütəmadi izləyərək “siyasi cəhətdən təhlükəli və etibarsız” hesab etmiş və nəticədə, 1877-ci ilin sentyabr ayında “Əkinçi” qəzeti çar hökuməti tərəfindən bağlanılmış, 1878-ci ildə isə o, gimnaziyada müəllimlikdən azad edilmişdir. Çar hökuməti üçün “təhlükəli” hesab edilən Həsən bəyin Bakıda qalması lazım bilinmir. Yekaterinodar (Krasnodar) şəhər gimnaziyasına müəllim göndərmək adı ilə Bakı gimnaziyasından uzaqlaşdırılır.

Zerdabi ailesiHəsən bəy hara gedirdisə, kimə müraciət edirdisə, ona iş verən yox idi. Bu zaman onun həyatında faciə baş verir. Həsən bəyin Pəri xanımdan sonra dünyaya gəlmiş ikinci qızı Fatimə 3 yaşında vəfat edir, Fatimədən sonra dünyaya göz açan üçüncü qızı da 1 yaşına çatmamış vəfat edir.

Bir müddət işsiz qalan, Hənifə xanımın təklifi ilə razılaşan Həsən bəy 1880-ci ildə ailəsi ilə doğma kəndi Zərdaba köçdüyü vaxtda Pəri artıq 7 yaşının içində idi.

Həsən bəy bu zaman Azərbaycanda qız məktəbinin açılmasına nail olmadığından, qızı Pəri xanımı Tiflisə aparır və onu anası Hənifə xanımın vaxtilə təhsil aldığı rus qız gimnaziyasına qoyur. Pəri xanım burada anasının sabiq müəllimələrinin yanında yaşayır və təhsil alır.

Pəri xanım Topçubaşova (1873-1947)

Pəri xanım Topçubaşova

Həsən bəy Zərdabi Hənifə xanım Abayeva (Məlikova) ilə ailə həyatı qurduqdan bir il sonra, 1873-cü ildə onların Bakı şəhərində Pəri adlı ilk övladları dünyaya göz açır. Bu, Məlikovlar ailəsi üçün ən böyük sevinc idi.

Həsən bəy Zərdabi ocağından çıxan, Tiflisdə rus qız gimnaziyasında ilk təhsilini alan Azərbaycan ziyalısı Pəri xanım Topçubaşova kim idi?

O, Azərbaycanın görkəmli şəxsiyyəti, 1897-1917-ci illərdə “Kaspi” qəzetinin redaktoru, Birinci Dövlət Dumasının deputatı və orada “Müsəlman qrupu”nun başçısı, Rusiya müsəlmanlarının IV qurultayının nümayəndəsi, “İttifaqi müslimin” (1905-ci il inqilabı hərıkatının vüsət aldığı dövrdə “İttifaqi müslimin” adlandırılan Ümumrusiya Müsəlman İttifaqı siyasi təşkilatı yaranmışdı-E.H.) partiyasının yaradıcılarından və MK-nın daimi bürosunun üzvü, 1917-1920-ci illərdə Bakı Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin sədri, Azərbaycanın ilk Parlamentinin sədri olmuş, Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinə başçılıq etmiş Əlimərdan bəy Topçubaşovun (1862-1934) həyat yoldaşı olmuşdur.

Pəri xanım müəllimə idi. O, 1893-cü ildə Əlimərdan bəy Topçubaşovla ailə həyatı qurmuşdur. Kiçik yaşlarında valideynlərinin hər ikisini itirən, nənəsinin himayəsində böyüyən Ə.Topçubaşov Həsən bəyin simasında özünə ikinci ata, Hənifə xanımın simasında ikinci ana tapmışdır.

Əlimərdan bəy Tiflisdə Pəri xanımla ailə həyatı qurub orada yaşayarkən Hənifə xanıma yazırdı: “Əziz anam, mən sizin tələbinizə cavab verirəm, belə ki, mən Pərimi sevir və sitayiş edirəm, onu təmiz, nəcib məhəbbətlə sevirəm, həyat yoldaşı və özümə bərabər dost kimi sevirəm. Onunla sevinc və kədəri bölmək mənə qismət olmuşdur. Məni mühafizə edən mələk rolunda o bundan sonra mənim bütün fikir, qayğı və arzularımın predmeti olmalı, həyatımı bəzəməlidir. Pəri, özümüzə qarşı və bədbəxt müsəlmanları cəhalətdən çıxarmaq üçün götürdüyümüz vəzifələri yerinə yetirmək üçün mənə daha çox enerji və qüvvət verir”.

Pəri xanım Topçubaşovanın 5 övladı olmuşdur. Onlardan dördü – oğulları Ələkbər bəy, Ənvər bəy Topçubaşov, qızları Sara xanım Sultanoğlu, Sevər xanım Topçubaşova anaları ilə birlikdə Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində iştirak etmişlər. Pəri xanım Fransada mühacirətdə olmuş və 1947-ci ildə orada dünyasını dəyişmiş, Paris yaxınlığında Sen-Klu məzarlığında, vəfalı həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun yanında dəfn olunmuşdur.

Bu ailənin beşinci övladı haqqında ətraflı məlumat yoxdur.

Lakin apardığımız araşdırmadan belə qənaətə gəlmək olur ki, Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Fransa səfərində olan zaman Əlimərdan bəy Topçubaşovun və onun ailə üzvlərinin məzarını ziyarət edərkən bu ailənin məzarı üstünə şəxsən öz adından əklil qoyması zamanı çəkilmiş  fotoya (başdaşına) diqqət yetirdikdə başdaşının üzərində Əlimərdan bəy Topçubaşov (1862-1934), xanımı Pəri xanım Topçubaşova (1873-1947), oğlu Ələkbər bəy Topçubaşov (1898-1977) və Rəşid bəy Topçubaşov (1900-1926) yazıldığının şahidi olursan. Deməli, Pəri xanım Topçubaşovanın beş övladından biri Rəşid bəy Topçubaşov olmuşdur və o, 26 yaşında vəfat etmişdir. Odur ki, o zaman Pəri xanımla birlikdə, həyatda olan dörd övladı ataları Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində iştirak etmişlər.

Səttar Zərdabinin araşdırmasına görə, Pəri xanım Topçubaşovanın qızı Sara xanım Sultanoğlunun (Zərdabinin nəvəsi) Zərifə Kürdəmiri adlı qızı olmuşdur. Zərifə Kürdəmirinin isə Fərizə və Səlmə adlı qızları (Zərdabinin kötükcəsi) vardır.

3.3. Həsən bəy Zərdabinin böyük qızı Pəri xanımın həyat yoldaşı Əlimərdan bəy Topçubaşov

Əlimərdan bəy Topçubaşov (1862-1934)
Əlimərdan bəy Topçubaşov
(1862-1934)

Əlimərdan bəy Topçubaşovun həyatı və yaradıcılığı ilə bağlı Zərdabişünas, görkəmli Azərbaycan ziyalısı Vilayət Quliyevin 07.11.2009-cu il tarixdə çap etdirdiyi “Kədərli ildönümü, yaxud Parisdə dəfn” başlıqlı yazısını bir qədər qısa şəkildə də olsa oxucuların nəzər-diqqətinə çatdırmaq yerinə düşərdi.

“75 il bundan əvvəl, 1934-cü il noyabrın 5-də Parisin ucqar Sen-Klu rayonunda, özünün sadə mənzilində XX əsr Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri Əlimərdan bəy Topçubaşov (1862-1934) dünyaya gözlərini yummuşdu. Qurucularından biri olduğu müstəqil Azərbaycanda o, cəmisi üç aya yaxın yaşaya bilmişdi. 1918-ci il avqustun 23-də Azərbaycan dövlətinin Fövqəladə və Səlahiyyətli naziri kimi müvəqqəti paytaxt Gəncədən İstanbula, sonra isə Parisə yollanmış, dünyanın yeni siyasi xəritəsini cızan Versal Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə rəhbərlik etmişdi. Azərbaycan Cümhuriyyətinin sonrakı 20 aylıq mövcudluğu, gənc dövlətin Sülh konfransı tərəfindən de-fakto tanınması və beynəlxalq hüququn subyektinə çevrilməsində Ə.Topçubaşovun müstəsna xidməti vardı. Fransa paytaxtında maddi və mənəvi sıxıntılarla dolu siyasi mühacir həyatı keçirdiyi sonrakı 14 il ərzində də onun bütün qayəsi, məqsəd və məramı öz ölkəsinin tapdanmış haqlarının bərpa edilməsi, yenidən azadlıq və müstəqilliyə qovuşması olmuşdu.

Yalnız Azərbaycanın deyil, Qafqaz regionunun, bütünlükdə türk-müsəlman dünyasının görkəmli siyasi liderlərindən sayılan Ə.Topçubaşovun vəfatı və dəfni müxtəlif ölkələrdə, müxtəlif dillərdə çıxan mühacir mətbuatında geniş işıqlandırılmışdı. Xüsusən, onun Fransa paytaxtındakı izdihamlı dəfn mərasimi mühüm siyasi manifestasiya, Azərbaycan xalqı ilə həmrəylik nümayişinə çevrilmişdi. Kədərli ildönümü günündə Parisdə rus və fransız dillərində nəşr olunan “Prometey” (1930-1936, redaktoru Q.Qvazava), Varşavada Türk-Azərbaycan və Rus dillərində çıxan “Şimali Kafkasya-Severnıy Kavkaz” (1934-1938, redaktoru B.Baytuqan) jurnallarında Ə.Topçubaşovun dəfni ilə bağlı dərc edilmiş materialları oxuculara çatdırmaq istərdim. Hər iki jurnalın 1934-cü il noyabr sayının üz qabığında azərbaycanlı siyasi xadimin portretini yerləşdirməsi də ayrıca qeyd olunmalıdır. “Şimali Kafkasya”dakı nekroloqdan başqa qalan bütün materiallar rus dilindən ilk dəfə bu sətirlərin müəllifi tərəfindən tərcümə edilmişdir.

 Ə.M.Topçubaşovun ölümü münasibəti ilə

 Uzun sürən əzablı xəstəlikdən sonra biz Əlimərdan bəyi itirdik. Onun ölümü ilə təkcə Azərbaycanın deyil, bütün müsəlman Yaxın Şərqinin siyasi xadimləri arasında ən böyük şəxsiyyətlərdən biri əbədiyyətə qovuşdu.

Bu alovlu və nəcib vətənpərvərin həyatı xalqa xidmətə sərf olunmuşdu. Azərbaycan, Rusiya müsəlman əhalisi tarixinin müxtəlif dönüş nöqtələrində, həmişə və hər yerdə Əlimərdan bəy öncül mövqedə dayanmışdı.

O, Rusiya müsəlmanlarının bütün qurultaylarının iştirakçısı və sədri olmuş, I Dövlət Dumasına üzv seçilmişdi. Vıborq Bəyannaməsini imzaladığına görə həbs cəzasına məhkum edilmişdi.

Azərbaycan Milli Partiyasının rəhbəri və Versal Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin sədri kimi özünün bütün bacarıq və enerjisini Vətənin taleyinə laqeyd qalmaq istəməyənlərin səfərbər olunmasına yönəltmişdi.

Bu möhtəşəm və möhtərəm insanın adı və xatirəsi tanıyanların hamısının yaddaşında əbədi yaşayacaq, onu həmişə xoş hisslərlə yad edəcəklər. Onunla ünsiyyətdə olanlar işıqlı zəkasını, xeyirxahlığını, atəşin vətənpərvərliyini, səmimiyyət və qüdrətini heç zaman unutmayacaqlar.

Azərbaycanın böyük oğlunun fəaliyyəti, Vətən qarşısındakı zəhmətləri barədə söz açmağa ehtiyac var. Əlimərdan bəy haqqında söz açmaq-Rusiya müsəlmanları və Azərbaycan haqda, son 50 ildə bu ölkənin digər xalqları ilə əməkdaşlığı haqda danışmaq deməkdir. Əlimərdan bəyin siyasi fəaliyyəti tariximizin böyük bir dövrünü əhatə edir. Həmin dövr çərçivəsində isə onun şəxsiyyəti çox mühüm yer tutur. XIX əsrin sonu Azərbaycan tarixinin ən uğursuz dövrlərindən biridir. Çarizm rejiminin doğurduğu bədbin əhvali-ruhiyyə, aramsız təqib və təzyiqlər xalqda azadlıq və xoşbəxt gələcəklə bağlı bütün ümidləri öldürmüşdü. Siyasi həyat sükunətə qərq olmuşdu. Çar Rusiyasının işğalından sonra ölkə sanki məzarlığı xatırladırdı. Gözlənilmədən bu sükuta dalmış vulkanın dərinliklərində hərəkət başlandı. Öz çağırışı ilə yatmış dünyanı oyadan, çalxalandıran, hərəkətə gətirən şəxsiyyət peyda oldu. Onun xalq sevgisi, enerjisi və vətənpərvərlik ruhu milli hərəkata təkan verdi. Milli ideologiya uğrunda mübarizə aparan cəmiyyətin formalaşması prosesi başlandı. Lakin bu şəxsiyyət təkcə mənsub olduğu millət haqqında düşünmürdü, qarşı tərəfin də maraq və mənafelərini müdafiə edirdi. “Özün yaşa, başqalarına da yaşamağa imkan ver!”-onun şüarı belə idi. O,  həmişə Qafqaz xalqları arasında qarşılıqlı anlaşma mühiti yaratmağa çalışırdı. Bilirdi ki, Qafqazın digər xalqları ilə yaxınlıq mənsub olduğu millətə də yararlıdır. Ona görə də, var gücü ilə çalışır, meydana çıxan anlaşılmazlıqları aradan qaldırmaq üçün qüvvə və enerjisini sərf edirdi.

Əlimərdan bəyin dəfn günü müxtəlif Qafqaz millətlərindən olan natiqlər xalqların ittifaqının yaradılmasında onun fəaliyyətinin əhəmiyyətini qeyd etdilər.

Mərhumun son vəsiyyətlərini xatırlayarkən vurğulamaq lazımdır ki, o, ilk növbədə Qafqazı azad və müstəqil görmək istəyirdi. Qonşularımız dəfn günü Qafqaz Konfederasiyası Paktının imzalanmasına imkan yaradan şəraiti, Əlimərdan bəyin Qafqazın vəhdəti uğrunda göstərdiyi səyləri yada saldılar. Həqiqətən də onun son gördüyü iş Qafqaz xalqlarının birliyi aktının imzalanması idi. Zamanı yalnız buna çatdı. İmzalanmadan sonra özünün ən böyük arzusuna yetişmiş insan kimi gözlərini fani dünyaya həmişəlik qapadı. Əslində isə bu son iş millətlərin azadlıq yolundakı mübarizəsinin yeni başlanğıcı idi.

Əlimərdan bəy Topçubaşovun dəfni

Azərbaycan Parlamentinin keçmiş sədri, Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Şurasının üzvü, Azərbaycanın Konstantinopoldakı keçmiş Fövqəladə və Səlahiyyətli səfiri Əlimərdan bəy Topçubaşovun dəfn mərasimi noyabrın 8-də keçirilmişdir. Cənazə Paris məscidinin imamı Seyid Əli Yəhyayinin oxuduğu dualarla yerdən qaldırılmışdır. Mərhum Sen-Klu qəbristanlığında, çoxsaylı yaxınlarının və dostlarının iştirakı ilə torpağa tapşırılmışdır. Cənazə mərasiminin önündə mərhumun oğulları Ələkbər bəy və Ənvər bəy Topçubaşov, dul qadını Pəri xanım Topçubaşova (Məlik-Zərdabi), qızları Sara xanım Sultanova və Sevər xanım Topçubaşova, onların ardınca isə Azərbaycan nümayəndə heyətinin və Azərbaycan Milli Şurasının üzvləri gedirdilər. Azərbaycan ənənəsinə uyğun olaraq, mərhumun nəşi qoyulmuş və güllərlə bəzədilmiş mafə oğullarının və yaxın adamlarının çiyinlərində evdən çıxarılaraq qəbiristanlığa gətirilmişdir. Burada isə Əlimərdan bəyin nəşi dostları və yaxınları tərəfindən mollanın oxuduğu Quran ayələri altında torpağa tapşırılmışdı. Mərhumun qohumları və yaxınları təzə qəbrin üzərinə çiçək dəstələri düzmüşlər. Əlimərdan bəyin ruhuna dua oxunandan sonra nitqlər söylənmişdir. Onun doğmaları, dostları, həmvətənlər, azərbaycanlılar və Azərbaycan milli təşkilatları adından Məmməd Əmin Rəsulzadə, gürcü xalqı, Gürcüstan dövləti və gürcü milli təşkilatları adından cənab Akaki Çxenkeli, Qafqaz Dağlıları Xalq Partiyası adından cənab Tausultan Çakman, Ukrayna milli təşkilatları adından cənab Venseslav Prokopoviç, Türküstan Milli İttifaqı və “Gənc Türküstan” jurnalının redaksiyası adından cənab Mustafa Çokayoğlu, kazak və kalmıkların milli təşkilatı adından Şamba Balinov nitq söyləmişlər.

Müxtəlif milli təşkilatların və Azərbaycan icmasının təmsilçiləri dəfn mərasiminə qatılmışlar. Ukrayna dərnəyinin sədri, nazir Qabriel Ferrand, Fransa-Şərq Komitəsinin qurucusu Abdon-Besson, Beynəlxalq Antibolşevik Komitəsi sədrinin müavini T.Krivez, cənab Repike və xanımı Vozen, cənab Məmməd Girey Suş, cənab Tausultan Çakman və xanımı, cənab İbrahim Çulik, Qafqaz Dağlıları Xalq Partiyasının Mərkəzi Komitə üzvləri prins Bekoviç-Çerkasski, general Ediq Xandoq, doktor Çakov, cənab Çermoyev və xanımı;

Gürcüstanın keçmiş prezidenti cənab M.N.Jordaniya, səlahiyyətli nazir Çxenkeli və xanımı, keçmiş xarici işlər naziri cənab Gegeçkori, keçmiş maliyyə naziri cənab M.Kandelaki, general Kvintadze və xanımı, Gürcüstan Paris Ofisinin rəhbəri cənab Asatiani, prins Vaçnadze, Konstantinopoldakı keçmiş səfir cənab Qvazava, Parisdəki gürcü icmasının rəhbəri cənab Abduçelli və xanımı, prins və prinsessa Dadianilər, keçmiş deputatlar cənab Dobedçiya və cənab Mqeladze;

“Gənc Türküstan” jurnalının redaktoru cənab Mustafa Çokayoğlu, Ukrayna Nazirlər Şurasının sədri cənab Prokopoviç və xanımı, Ukrayna hökumətinin naziri cənab Kuliğin və xanımı, prins və prinsessa Tokarilər, Fransadakı Ukrayna Federasiyasının baş katibi cənab Nikityuk və xanımı, Keçmiş Ukrayna Döyüşçüləri İttifaqının sədri general Udovitçenko və baş katib cənab Kovalski, Fransadakı Ukrayna missiyasının sədri cənab Kosçenko və katibi cənab Latotski, Parisdəki Ukrayna icmasının rəhbəri cənab Yeremeyev; “Kalmık” qəzetinin baş redaktoru və “Kalmık” Komitəsinin sədri cənab Balinov, “Azad kazaklar” qəzetinin baş redaktoru cənab Bilgi, Kazak Dirçəlişi Liqasının sədri cənab Karayev və başqaları mərasim iştirakçıları sırasında idilər”.

Əlimərdan bəy Topçubaşovun Əli bəy Hüseynzadəyə məktubu

 Tarixdən bizə məlumdur ki, Azərbaycanın görkəmli dövlət, ictimai və siyasi xadimi, dahi mütəfəkkiri, publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən, Azərbaycan siyasi mühacirətinin liderlərindən, Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən olan və Milli istiqlal hərəkatına başçılıq etmiş – Azərbaycan Milli Şurasının sədri olmuş (27 may 1918 – 07 dekabr 1918) Məmməd Əmin Rəsulzadə hələ 1902-ci ildə on yeddi yaşında ikən Bakıda “Müsəlman gənclik təşkilatı” yaratmışdır.

Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli fəaliyyət göstərən həmin təşkilatın  əsasında 1904-cü ilin axırlarında RSDFP-nin Bakı Komitəsinin nəzdində “Müsəlman sosial-demokrat “Hümmət təşkilatı” yaradılmışdır. Bu təşkilat Azərbaycanda inqilabi hərəkatın inkişafında, insanların siyasi cəhətdən maariflənməsində, sinfi cəhətdən birləşdirilməsində böyük əhəmiyyət kəsb edirdi. Bakı proletariatını çarizmə, istismarçılara qarşı mübarizəyə səsləyir, yetişməkdə olan inqilaba siyasi cəhətdən hazır olmağa çağırırdı.

Bu işdə əsas silah rolunu oynayan bir sıra mətbuat orqanları yaradılmağa başladı. Həmin mətbuat orqanları vasitəsilə imperiyanın müstəmləkəçilik siyasəti ifşa edilir, onun Azərbaycan xalqına qarşı bəd əməlləri açıqlanırdı. Çarizmin yerlərdə olan məmurları isə hər vəchlə həmin orqanların fəaliyyətinə mane olurdu.

“Müsəlman sosial-demokrat “Hümmət təşkilatı”nın “Hümmət” adlı qəzetinin 1904-1905-ci illər arasında cəmi altı nömrəsi buraxılmışdı. Bu illər erməni daşnak quldurlarının çarizmin verdiyi “fitva” ilə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımların vüsət aldığı bir vaxta təsadüf edir.

Bu zaman Azərbaycanın görkəmli dövlət və ictimai, siyasi xadimləri yeni adda qəzetlər nəşr etməli, müxtəlif siyasi partiyalar yaratmaqla imperiyaya, erməni təcavüzünə qarşı milli azadlıq hərəkatını davam etdirməli olmuşlar.

Həmin vaxtlarda Azərbaycanın ictimai xadimi, jurnalist, pedaqoq və yazıçı Əhməd bəy Ağayevin (1869-1939) Azərbaycan əhalisinin milli özünütəyin, Rusiyanın müsəlman xalqlarının milli mənsubiyyəti, türkçülük mövzusu məsələsi erməniləri narahat edir, onlar çar məmurlarını qızışdırır, vermiş olduqları donosları ilə onları qıcıqlandırır və narahat bir vəziyyətə salırdı.

Əlbəttə, bütün hallarda çar üsul-idarəsi, rus ictimai rəyinin əksəriyyəti ermənilərin tərəfində idi. Bütün bunlar Azərbaycan ictimai hərəkatının xadimlərini ehtiyatlı hərəkət etməyə, gizlin şəkildə toplaşmağa, planlı surətdə hərəkət etməyə vadar edirdi.

Bu zaman Azərbaycan ictimaiyyətini ilk növbədə Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayev təmsil edirdi.

Eyni zamanda, onlar “Həyat” qəzetinin türk dilində çap edilməsinə nail olmuşdular. 1905-ci ilin iyunundan Əhməd bəy Ağayev Əli bəy Hüseynzadə ilə birlikdə Azərbaycan milliyyətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynamış “Həyat” qəzetinin redaktoru olmuşdur.

Əlimərdan bəy Topçubaşovun Əli bəy Hüseynzadəyə yazmış olduğu, Azərbaycan Respublikasının Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılan 14 sentyabr 1904-cü il tarixli məktubunun (F. 649) mətni və onun açıqlaması ilə oxucuları tanış etmək maraqlı olardı:

“Əzizim Əli!

Hələ də sənin mənə böyük zövq verən gözəl məktubunu cavablandırmamışam. Səbəb budur ki, sənə uzun məktub yazmaq istəyirdim, buna isə vaxt tapa bilmirdim. Elə indi də yoxdur, çünki mən qəzetdən əlavə, həm də vəba ilə mübarizə aparmaqla məşğulam. Vəba isə bizdə xeyli yayılıb: gündə 25 adam “ad patres”ə yollanırlar və onların hamısı müsəlmandırlar. Dəqiq məlumatları dərc etməyə imkan vermirlər. Ən pisi odur ki, bizim müsəlmanlar heç bir ölçü götürmək istəmirlər və hətta mənə deyirlər ki, bütün şərin səbəbi… həkimlərdir!..

Bununla da məşğul olmaq lazım gəlir, əldən düşürəm və bu mənim qayğılarımı artırır. Amma mübarizə qızğınlaşır və biz hər vəchlə qurbanların sayını azaltmağa çalışırıq. Xüsusən də, o, üç gündən bir uşaqlardan yan keçmir, buna görə də, mən ailəmi bura gətirməməyə qərar verdim, ola bilsin, onlar qışı Tiflisdə keçirsinlər. Hər bir halda, bura indi xüsusən də yeni gələnlər üçün çox təhlükəlidir. Yəqin ki, sənə Tiflisdə tək yaşamaq çətin olar, açığı, mən səni hələlik bura dəvət etmirəm, çünki açıq təhlükə görürəm; mən heç onu demirəm ki, sən çox darıxacaqsan, çünki günlər redaksiyada, axşamlar iclasda keçir. Buna görə də, yazıram ki, əgər sənə Tiflisdə yaşamaq çətindirsə, Salyana, ən yaxşısı, Şamaxıya get, Bakıda epidemiya yatan kimi bura gələrsən. Hər bir halda, özün qərar ver, harada, necə sənə rahatdırsa, oranı seç, amma hələlik Bakıdan uzaq ol. Ümid edirəm, sən heç nədən utanmırsan və əgər sənə pul lazım olsa, Pəri xanımdan ala bilərdin və ala bilərsən. Sənə hər şeyi ətraflı yazmıram, bunu görüşümüzə saxlayıram. Əgər bu yay nəsə yazmısansa, göndər, hərçənd, müharibə və vəba indi bütün diqqəti özünə çəkib və qəzet səhifələri bu mövzu ilə məşğuldurlar.

Ələkbərin bu yay görə bildiyi işlər barədə və onun haqqında fikrini iki cümlə ilə yazsan, sevinərdim.

Mənim sənə göndərdiyim “Türk” qəzetinin saylarında diqqətəlayiq nəsə vardımı; yəqin, sən onları saxlayırsan. Görünür, senzuranın saxladığı üçün yalnız dünən ala bildiyim bir neçə nömrəni sənə göndərirəm. Bizim onu oxumağa vaxtımız yoxdur, ona görə də sənə yollayıram. Ümid edirəm, sən daha maraqlılarını qeyd edib, “Kaspi” üçün göndərəcəksən.

Doktor Həsən bəy bizi tərk edəcək. Qalan tanışlarımız öz yuvalarında gizlənib, qışı bağlarında keçirmək niyyətindədirlər: onların heç biri hələ Bakıya qayıtmayıb. Ümumiyyətlə, indi bizim müsəlmanlar özlərini layiqincə aparmırlar, qorxaqlıq edirlər. Bizim əməkdaşımız Əhməd Ağayev elə qorxur ki, əsəb xəstəliyinə tutulub və ailəsi ilə birgə buranı tərk etməyi düşünür, halbuki Bakıya cəmi dörd gün əvvəl gəlib.

Özün təsəvvür edə bilərsən, digər müsəlmanların münasibəti necədir… Sadəcə, biabırçılıqdı!.. Mən onların yerinə vicdan əzabı çəkirəm!

 

Sağlıqla qal və yaz. Sənin Ə.Mərdan Topç. 14 sentyabr 1904-cü il, Bakı”

Əlimərdan bəy Bakıdan Tiflisə Əli bəy Hüseynzadəyə üstüörtülü, anlaşılmayan ştrixlərlə yazdığı məktubunda həmkarına çatdırır ki, onun və digər həmkarlarının başının üstünü alan erməni idbarlığından, təcavüzündən xilas olmaq, əməli tədbirlər görmək lazımdır. Bunun üçün çıxış yollarını göstərir, tövsiyələrini verir.

Belə bir zamanda Əli bəy Hüseynzadənin Əlimərdan bəy Topçubaşova böyük zövq verən gözəl məktubu ola bilməzdi. Həmin məktubun cavablandırılmamasının səbəbi guya Əlimərdan bəyin ona uzun məktub yazmaq istəməsi və buna vaxt tapa bilməməsi, “qəzetdən əlavə, həm də vəba ilə mübarizə aparmaq”la məşğul olması olmuşdur.

Bu ifadələri ilə Əlimərdan bəy onu bildirmişdir ki, vəziyyət artıq o dərəcəyə çatmışdır ki, hər gün dini etiqadı müsəlman olan 25 adam o dünyaya göndərilir. Bunları isə işıqlandırmaq imkanlarından məhrumuq.

Əlimərdan bəy məktubunda “Hətta mənə deyirlər ki, bütün şərin səbəbi… həkimlərdir!..” ifadəsi ilə üstüörtülü şəkildə həmkarının nəzərinə çatdırır ki, çar məmurları bütün cərəyan edən hadisələrə rəhbərlik etməklə, bu işlərin başında bizlərin durduğunu yaxşı bilir və odur ki, dostunu ehtiyatlı hərəkət etməyə səsləyir.

Əlimərdan bəy məktubunun ikinci abzasında yenə çaşdırıcı ifadələr işlədərək Əli bəy Hüseynzadəyə hazırlanan, baş verəcək erməni təcavüzünün, qırğının olacağını çatdırmaqla Bakıdan Şamaxıya getməsini məsləhət bilir. İlk öncə Salyanın adını da çaşqınlıq yaratmaq üçün, şübhə olmasın deyə qeyd edir və sonra Şamaxının üstündə dayanır.

“Ümid edirəm, sən heç məndən utanmırsan və əgər sənə pul lazım olsa, Pəri xanımdan ala bilərdin və ala bilərsən”, “Ələkbərin bu yay görə bildiyi işlər barədə və onun haqqında fikrini iki cümlə ilə mənə yazsan sevinərdim” deməklə, ciddi nəzarət altında olduğundan və yaranmış gərgin vəziyyətlə bağlı vaxtının həddən ziyadə məhdud olması səbəbindən Tiflisdə yaşayan ailəsi ilə, yəni həyat yoldaşı Pəri xanımla, böyük oğlu Ələkbər bəylə görüşməsini, yaranmış vəziyyətlə bağlı onların məlumatlandırılması və ehtiyatlı davranmaları, təhlükəsizliyinin təmin olunması barədə tədbirlər görülməsini onun diqqətinə çatdırır. Əli bəy Hüseynzadə Ələkbər bəyin hansı görə bildiyi işlər barədə yaza bilərdi, hansı ki, bu zaman, yəni 1904-cü ildə Ələkbər 6 yaşının içində idi.

“Amma mübarizə qızğındır və biz hər vəchlə qurbanların sayını  azaltmağa çalışırıq. Xüsusən də, o, üç gündən bir uşaqlardan yan keçmir, buna görə də, mən ailəmi bura gətirməməyə qərar verdim, ola bilsin, onlar qışı Tiflisdə keçirsinlər” ifadəsini Əlimərdan bəy heç də elə-belə işlətmir.

Məlumdur ki, 1904-cü ilin sonunda Azərbaycanda erməni məkri, donosu elə bir vəziyyət yaratmışdır ki, Azərbaycanın ictimai-siyasi xadimləri, tanınmış ziyalıları, say-seçmə oğullarının siyahısı tərtib olunur və hətta onların ailələrinin aradan götürülməsi üçün planlar cızılırdı.

Əlimərdan bəy məktubun sonunda yazır: “Doktor Həsən bəy bizi tərk edəcək”, “Qalan tanışlarımız öz yuvalarında gizlənib, qışı bağlarında keçirmək niyyətindədirlər: onların heç biri hələ Bakıya qayıtmayıb. Ümumiyyətlə, indi bizim müsəlmanlar özlərini layiqincə aparmırlar, qorxaqlıq edirlər”. “Bizim əməkdaşımız Əhməd Ağayev elə qorxur ki, əsəb xəstəliyinə tutulub və ailəsi ilə buranı tərk etməyi düşünür, halbuki Bakıya cəmi dörd gün əvvəl gəlib”.

Əlimərdan bəy Topçubaşov məktubunda bu ifadələri qəsdən belə işlətməklə adını çəkdiyi həmkarlarının yerini, ünvanını bildirir, onlarla əlaqə yaradılmasını Əli bəy Hüseynzadənin nəzərinə çatdırır. Digər tərəfdən bildirir ki, Əhməd bəy Ağayevin, onun ailəsinin üstünü təhlükə almışdır. Bu barədə fikirləşmək, tədbirlər görmək lazımdır deyə ona məlumat verir. Məktubun ələ keçəcəyindən ehtiyatlanan Əlimərdan bəy məcbur olmuşdur ki, onu anlaşılmayan bir tərzdə yazsın. Eyni zamanda, o, yaxşı bilirdi ki, həmkarı Əli bəy Hüseynzadə bu ifadələrlə onun nə demək, nəyi ona çatdırmaq istədiyini birmənalı olaraq başa düşməmiş deyil.

Əlimərdan bəyin bu məktubunun özü bütün bu cərəyan edən tarixi hadisələri yaşamış, Azərbaycan xalqının azadlığı, xoşbəxt gələcəyi uğrunda mübarizə aparan, Azərbaycan torpağından ailəliklə didərgin salınan, doğma vətən torpağına həsrət qalan, yad ölkələrdə yaşamağa məcbur olan və bu yolda həyatını qurban verən neçə-neçə görkəmli Vətən oğullarının, o cümlədən Həsən bəy Zərdabi ailəsinin, Zərdabi nəslinin həsrət dolu günlərindən, iztirablı, keşməkeşli həyat yollarından, onların başına gətirilən faciəli hadisələrdən xəbər vermirmi?

Cərəyan edən inqilabi proseslərə Həsən bəy Zərdabinin münasibətinə gəldikdə qeyd edək ki, inqilabi proseslər daima bu millət fədaisinin diqqət mərkəzində olmuş, o, zəhmətkeş insanlara onların hüquqlarını başa salması üçün əlindən gələni əsirgəməmiş və bu yolda mübarizəsini açıq şəkildə davam etdirmişdir. O, müvəqqəti redaktor olduğu dövrdə “Kaspi” qəzetində inqilabi hadisələri əks etdirən mühüm aspektlərə toxunmuş, Dumadakı odlu-alovlu çıxışları ilə çar rejiminə qarşı çıxış etmiş, bir inqilabçı-demokrat olaraq xalqlar dostluğunu tərənnüm etmişdir.

Həsən bəy “Mşaq” qəzetinin erməni-türk xalqları arasında ədavət salmaq cəhdini tənqid atəşinə tutaraq qəzetin redaktoru Arsiriniyə hələ “Əkinçi” qəzetinin 1877-ci il tarixli, 4-cü nömrəsində belə yazırdı: ”Neçə yüz ildir ki, biz ermənilərlə qonşuluq edirik, indi cənabınıza eyib deyilmi ki, bizim aramızda ədavət salırsınız ?”.

Həsən bəy Zərdabi iki qonşu xalq arasında baş vermiş düşmənçilikdə çarizmin başlıca rol oynadığını diqqətə çatdırmışdır. O bu məsələ ilə bağlı “Kaspi” qəzetinin 1905-ci il tarixli, 21-ci nömrəsində dərc etdirdiyi məqaləsində yazır: “Nəticədə aydın olur ki, bizim bürokratiya hər iki xalqa çox himayəçilik edir. Erməni-müsəlman qırğınının yatırılması işində nizələrə, pulemyotlara və toplara ümid bəsləmək nahaqdır… Zəhərli ilan provokasiya xəlvət iş görən yerdə bu mübarizə silahları gücsüzdür”.

3.4. Həsən bəy Zərdabinin böyük oğlu Midhəd bəy Məlikov

Məlikov Midhəd Həsən bəy oğlu            (1879-1937)
Məlikov Midhəd Həsən bəy oğlu (1879-1937)

Həsən bəy Zərdabinin böyük oğlu Midhəd bəy Məlikov 1879-cu ildə Zərdab kəndində (indiki Zərdab şəhəri) anadan olmuşdur.

Milli teatrımızın və milli mətbuatımızın banisi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının yaradıcısı (“Cəmiyyəti-xeyriyyə”, 1872-ci il), müsəlman dünyasının ilk təbiətşünas seleksiyaçı alimi Həsən bəy Zərdabi və onun doğmaları dəfələrlə erməni idbarlığı, erməni namərdliyi ilə üzləşmiş, ziyan çəkmişlər. Həsən bəy Zərdabinin Moskva Universitetini tələbə ikən bir alim kimi qurtarması, zəka sahibi kimi özü ilə Azərbaycana maarif-mədəniyyət işığı gətirməsi ermənilərin növbəti quduzlaşma dövrünə düşmüşdür.

Erməni idbarlığı Həsən bəy Zərdabi nəslindən, doğmalarından, övladlarından da yan keçməmişdir. Həsən bəy Zərdabinin əmisi uşaqları-Həmdulla bəy Məlikovun, Xanlar bəy Məlikovun ailəliklə Orta Asiya respublikalarına sürgün edilməsi, Xanlar bəy Məlikovun böyük oğlu Cəmil bəy Məlikovun istintaqsız, məhkəməsiz güllələnməsi ermənilər tərəfindən təşkil edilmişdir. Səttar Zərdabinin yazdıqlarından məlumdur ki, indinin özündə Qırğızıstanın Şəkərçilik sovxozunda böyük bir Məlikovlar ailəsi yaşayır. Son zamanlara kimi Vətən həsrəti onların çoxunun intihar etməsinə səbəb olmuşdur.

Heç də təsadüfi deyildir ki, H.Zərdabinin çoxşaxəli və çoxsahəli yaradıcılığı və eyni zamanda, torpaq-yerquruluşu işinə, memarlıq sənətinə bağlılığı onun övladlarından da yan keçməmişdir.

1879-cu ildə Göyçay bölgəsinin Zərdab kəndində anadan olmuş, Almaniyada ali mühəndislik təhsili almış H.Zərdabinin böyük oğlu Məlikov Midhəd Həsən bəy oğlu Gəncə Şəhər Kommunal Təsərrüfatı İdarəsinin torpaq-plan bölməsinin torpaq işçisi olmuşdur. Ermənilərin donosu və üzədurması ilə 1937-ci ildə güllələnmiş, 1990-cı ildə isə bəraət almışdır. O da atası kimi həmişə xalqının xoşbəxt gələcəyi uğrunda yaşayıb-yaratmış, ölkəmizdə torpaqdan səmərəli istifadə olunması məsələsinin həlli yolunda çox böyük xidmətlər göstərmişdir.

Bildiyimiz kimi, Mingəçevir Su Elektrik Stansiyasının ilk ideyasını Həsən bəy Zərdabi vermişdir. Həsən bəy Zərdabi hələ o vaxt demişdi: “Mingəçevir ərazisində, köhnə poçtun yerində su elektrik stansiyası qurularsa, Milin, Muğanın susuzluqdan sinəsi cadar-cadar olmuş düzənlikləri, şoran torpaqları gülüstana çevrilər”.

Məlumata görə, Həsən bəy Zərdabinin böyük oğlu Midhəd bəy Məlikov Lənkəranda öz hesabına, Xanbulaqçay üzərində su elektrik stansiyası qurmaq niyyətində olub. Elə oradan qolları qandallı Bakıya gətirilib güllələnmişdir. Çox güman ki, o bu xeyirxah, işıqlı ideyanın oduna düşüb…

Göründüyü kimi, ermənilər bizim yanan işıqlarımızın qənimi olmuşlar. Bunları unutmaq olmaz…

Təəssüf ki, canını-qanını Azərbaycanımızın işıqlı gələcəyi uğrunda fəda edən Zərdabi və onun övladları, yaxın qohumları, ümumilikdə Məlikovlar nəsli ilə bağlı bu kimi məlumatlar arxivlərdə yatıb qalmaqdadır.

Həsən bəy Zərdabinin böyük oğlu Midhəd bəy Məlikovun  həyatı və fəaliyyəti ilə bağlı araşdırmalar apararkən aşağıda qeyd etdiyim sənədləri əldə etməyim mənim çox böyük sevincimə səbəb olmuşdur. Hesab edirəm ki, bu vaxtadək həmin sənədlərin tədqiqatçılarımız tərəfindən əldə edilməməsinin, bunlara istinad olunmamasının nəticəsi o olmuşdur ki, Midhəd bəyin keçdiyi həyat yolunun işıqlandırılması ilə bağlı qələmə aldığımız yazılarımızda bəzi hallarda müəyyən yanlışlıqlara yol vermişik.

Azərbaycan Respublikası S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində olarkən, fondda saxlanılan, Azərbaycan Sovet Sosialist Respublikası Xalq Daxiliyə İşləri Komissarlığı tərəfindən 21 dekabr 1925-ci il tarixli 2644 nömrəli məktubla iş yerindən Midhəd bəyə verilən arayış, əmək kitabçasının təsdiq olunmuş surətindən çıxarış (F.№ 653. s.1. iş 53), onun 04.11.1929-cu il tarixdə yazdığı və imzası ilə təsdiq etmiş olduğu tərcümeyi-halı (F.№ 653. s.1. iş 53) diqqətimi cəlb etdi. Bu sənədlərin əldə olunması, ən başlıcası isə həmin tərcümeyi-halda yazılan faktlarla əmək kitabçasında yazılan və təsdiq olunanların bir-birini tamamlaması, üst-üstə düşməsi faktı bizə belə bir insanın həyatı və fəaliyyəti ilə yaxından tanış olmaqda, tədqiqat işlərini dəqiq olaraq aparmaqda geniş imkanlar yaratmışdır.

Həmin sənədlərin kserosurətləri ilə oxucuları, tədqiqatçılarımızı tanış etmək maraqlı olardı. Bununla bağlı kitabın XI fəslində “Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı, onun elmi irsi, Zərdabi nəslinin keşməkeşli həyat yolları ilə bağlı E.Həsənovun araşdırmaları, tədqiqatları nəticəsində yazdığı bəzi məqalələr” başlıqlı tədqiqat materialının 11.9. bölməsində əks olunan(“Zərdabi ocağından çıxan ailə üzvlərinin, doğmalarının məzarı haradadır, onların yaşamış olduqları ünvanlar bəllidirmi?”) arxiv sənədləri ilə ətraflı tanış olmaq olar.

Midhəd bəyin tərcümeyi-halını, əmək kitabçasını nəzərdən keçirən hər bir ziyalımıza yaxşı məlum olar ki, millətinin işıqlı, xoşbəxt gələcəyi uğrunda bu millət fədaisi hansı yollardan keçmişdir. Əmək kitabçasından, eləcə də tərcümeyi-haldan məlum olduğu kimi, Kazandan doğma Bakıya dönən M.Məlikov 1925-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Xalq Daxiliyə İşləri Komissarlığı yanında Yerli Təsərrüfat Baş İdarəsinin Elektrikləşmə şöbəsinin müdiri vəzifəsinə təyin olunur.

Midhəd bəy bu vəzifədə olarkən Şamaxıda və Lənkəranda elektrik stansiyalarının tikilməsi məqsədilə layihə tərtib etmiş, bilavasitə özü tərəfindən hər iki rayonda elektrik stansiyasının tikintisinə nail olmuşdur.

Onun həyat yoldaşı, 1901-ci il təvəllüdlü Məlikova Lidiya evdar qadın olmuşdur. Onların qızı Məlikova Fatimə 1927-ci ildə dünyaya gəlmişdir. Midhəd bəy Almaniyada ali mühəndislik təhsili almış, Gəncə şəhər Kommunal Təsərrüfatı İdarəsinin Torpaq Plan sektorunun işçisi olmuşdur. Bəy ailəsindən olan Məlikov Midhəd Həsən bəy oğlu 22 fevral 1935-ci ildə Azərbaycan SSR  XDİK tərəfindən  həbs edilən zaman qızı Fatimə məktəbli olmuşdur. Onlar Gəncə şəhəri, 9 yanvar küçəsi, 67 saylı evdə yaşamışlar. Midhəd bəy 1935-ci ildə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Bu faktla bağlı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Həsən bəyin ailə üzvləri , böyük oğlu Midhəd bəylə bağlı arxiv sənədi ilə tanış olmaq da maraqlı olardı. Həmin sənədə əsasən onun 1937-ci ildə güllələndiyi bildirilir.

Bununla əlaqədar da yuxarıda qeyd olunduğu kimi, kitabın XI fəslində gedən tədqiqat materialında arxiv sənədləri ilə tanış olmaq olar.

Midhəd bəyin yeganə övladı olan Fatimə xanım repressiya illərində Stavropolda yaşamış, sonralar Bakıya qayıtmış və ali təhsil almışdır. Fatimə xanımın oğlu Məhəmmədəli və nəvəsi Hacağa Bakıda yaşamışlar.

          Qeyd edim ki, Səttar Zərdabi 1990-cı illərdə Midhəd bəyin 1927-ci il təvəllüdlü qızı Fatimə xanımla görüşmüş və onunla şəkil də çəkdirmişdir. Bildiririk ki, o, 1991-1992-ci illərə kimi “Sahil” metrosunun yaxınlığındakı mənzillərdən birində yaşayırmış. Onun yazdıqlarından Fatimə xanımın Əhməd adlı oğlu (Zərdabinin nəticəsi) olduğu və onun Sverdlovsk şəhərində yaşadığı məlum olur. Təbii ki, bununla da bağlı daha ətraflı araşdırmaya ehtiyac duyulur. 

3.5.  Həsən bəy Zərdabinin kiçik oğlu Məlikov Səffət bəy

 

Məlikov Səffət Həsən bəy oğlu (1886-1938)
Məlikov Səffət Həsən bəy oğlu (1886-1938)

Göyçay bölgəsinin Zərdab kəndində anadan olmuşdur. O, Bakı Real Gimnaziyasını bitirdikdən sonra xaricdə Ali Mühəndislik İnstitutunu bitirmiş, memar ixtisasına yiyələnmişdir.  Ali təhsil almaq yolunda dövrün, zamanın bir çox obyektiv və subyektiv səbəbləri ucbatından çox çətin yol keçmişdir. Səffət bəyin sonrakı təhsili, həyatı barədə qısa da olsa məlumatlanmaq üçün anası Hənifə xanım Məlikzadə Zərdabinin 16 avqust 1919-cu ildə Azərbaycan Respublikasının maarif naziri Əlahəzrət Cənablarının adına yazdığı ərizənin  mətni ilə tanış olmaq maraqlı olardı.

“Azərbaycan Respublikasının maarif  naziri Əlahəzrət Cənablarına

      Həsən bəy Məlikzadə Zərdabinin dul övrətindən

                                                                                               Ə r i z ə

 Mənim oğlum Səffət bəy Məlikzadə Zərdabi Riqa Politexnik İnstitutunun dördüncü kurs tələbəsidir. Yaranmış vəziyyətlə əlaqədar, o, təhsilini davam etdirə bilmir. Siz, Əlahəzrət Cənabları, 100 nəfər gənci ali təhsil almaq üçün xaricə göndərəcəyinizi bəyan etmiş və bu barədə yazılı müraciət etməyi bildirmişsiniz. Ali təhsilini başa vurmaq arzusunda olan oğlum Səffət bəy hal-hazırda Konstantinopolda Xarici İşlər Nazirliyində xidməti işdədir. Təbiidir ki, o, tezliklə Sizə yazılı müraciət etmək imkanından məhrumdur. Ona görə ki, oğlumun əvəzinə mən, onun anası Sizdən xahiş edirəm ki, Səffət bəyi də xaricə ali təhsil almağa göndərəsiniz.

Mən möhkəm əminəm ki, xahişimi yerinə yetirəcəksiniz. Bunu da nəzərinizə çatdırıram ki, 4-cü kurs tələbəsi olmuş oğlum yaxşı-yaxşı qiymətlərlə oxumuş və dərs aldığı professorlar tərəfindən rəy almışdır.

Mən buna da bütün varlığımla əminəm ki, oğlum da atası Həsən bəy Məlikzadə kimi, ali təhsil aldıqdan sonra bütün ömrü boyu Azərbaycana ləyaqətlə xidmət edəcəkdir. Sizdən xahiş edirəm ki, hansı ölkəyə və hansı ixtisas üzrə oğluma yer ayrılması barədə məlumat verəsiniz. Bunu da nəzərinizə çatdırıram ki, Səffət bəy atası H.B.Zərdabinin adına təqaüdlə təhsil aldığından müvafiq sənədləri şəhər idarəsindədir. Tələbinizlə nazirliyə təqdim oluna bilər.

Hənifə xanım Məlikzadə Zərdabi 16 avqust 1919-cu il, Bakı şəhəri”.

 Arxiv sənədlərinin araşdırılmasından bəlli olur ki, Səffət bəy Həsən bəy oğlu Məlikzadə həqiqətən 1915-ci ilin aprel ayından 1917-ci ilin əvvəllərinədək Bakı şəhər İdarəsi tərəfindən ayrılmış azad təqaüdlə Riqa Politexnik İnstitutunda təhsil almışdır. Rusiyada hakimiyyət bolşeviklərin əlinə keçdikdən sonra o, Riqadan Bakıya qayıtmışdır.

1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Səffət bəyi də coşğun fəaliyyət meydanına atmışdır. O, yaxın qohumu, Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun sədri olduğu Paris Sülh konfransına gedəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə katib kimi daxil edilmişdir. 1919-cu ilin martın 9-da Əlimərdan bəy Topçubaşovun Fətəli xan Xoyskiyə göndərdiyi məktubdan bəlli olur ki, Səffət bəy Parisə yola düşməmiş, İstanbulda konsulluqda çalışmışdır. Bütün bunları nəzərə alaraq, Səffət bəy 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamentinin qərarı ilə Avropa ölkələrinə göndərilən 100 nəfərin siyahısına salınmamışdir. Səffət bəy İstanbuldan Bakıya qayıdanda artıq Azərbaycan bolşeviklərin hakimiyyəti altında idi. Yaranmış siyasi vəziyyəti nəzərə alaraq, Səffət bəy 1921-ci il fevral ayının 7-də Azərbaycan SSR Maarif komissarı Dadaş Bünyadzadənin adına aşağıdakı məktubu göndərir:

“Xalq Maarif komissarına Arxitektura tələbəsi Səffət Həsən oğlu Məlikovdan

                                                                                      Ə r i z ə

Dördüncü kursun tələbə-arxitektoru olan mənim inqilab nəticəsində təhsilimi qurtarmaq imkanım olmadı.

Mən tələbə olarkən, politexnikum özünün istedadlı tələbələrindən biri kimi təhsilimi başa çatdırmaq üçün məni Almaniyaya göndərmək istəyirdi. Lakin 1917-ci ilin fevral inqilabı nəinki mənim xarici səfərimə, ümumiyyətlə, təhsilimi başa vurmağa mane oldu.

Müsavat hakimiyyəti illərində mənim xaricə ezam edilən tələbələrin sırasına daxil etmək barədə xahişim etinasızlıqla qarşılandı. Belə ki, Müsavat hökumətinin nöqteyi-nəzərincə mən öz əqidəmə görə siyasi baxımdan “etibarsız” element hesab olundum. İndi texniki mütəxəssislərə necə böyük ehtiyac yarandığını və Azərbaycan sovet hökumətinin təcrübəsindən xarici ölkələrə tələbə ezam etmək hallarının olduğunu bilərək, Sizin köməyinizə arxalanaraq xahiş edirəm ki, məni Almaniyaya ezam edəsiniz. Təhsilimi tamamlamaq üçün mənə il yarım-iki il vaxt kifayətdir. Bu müddətdən sonra mən hazırda arxitektor-mütəxəssis kimi geri qayıdacağam. Axı Azərbaycan Sovet hökuməti Dağıstan inqilab komitəsinin müraciətinə əsasən bir dağıstanlı ali təhsil almaq məqsədilə xarici ölkəyə ezam edilirsə, elə düşünürəm ki, bu hökumət əvvəllər də öz vəsaiti ilə oxumaq imkanına malik olmadan, şəhər idarəsinin təqaüdündən istifadə edən, tədris başçılarının yaxşı rəy verdikləri azərbaycanlı gəncə də kömək göstərəcəkdir.

Məktubuma Bakı Şəhər İdarəsi yanında məktəb komissiyasının 2 aprel 1915-ci il tarixli protokolunun surətini əlavə edirəm.

Yoldaş komissar! Sizdən bir daha xahiş edirəm ki, ali təhsilimi Almaniyada başa çatdırmaq üçün ezam olunmağıma hərtərəfli köməyinizi əsirgəməyəsiniz.

7 fevral 1921-ci il, Bakı şəhəri”.

 Səffət bəyin həyatı barədə olan məlumatlar qısaca olaraq bundan ibarətdir. Odur ki,  dərin araşdırmalar aparılmasına zərurət vardır.

3.6.  Qəribsoltan xanım Məlikova Həsən bəy qızı

Qəribsoltan xanım Məlikova (1886-1967)
Qəribsoltan xanım Məlikova
(1886-1967)

Qəribsoltan xanım Həsən bəy qızı Məlikova 1896-cı il iyunun 11-də Zərdab kəndində (indiki Zərdab şəhəri) doğulmuşdur. Tiflisdə rus qız gimnaziyasını bitirmişdir. Atası H.B.Zərdabinin vəfatından 3 il sonra  1910-cu ildə pedaqoji fəaliyyətə başlamışdır. 1915-ci ildən 1918-ci ilədək Bakıdakı Rus-Tatar (Rus-Azərbaycan) qız məktəbində dərs demiş, 1918-1920-ci  illərdə rus qız gimnaziyasında müəllim işləmişdir.

Atasının “burjua jurnalisti”, “qəzet sahibkarı” adlandırılması, “Əkinçi” qəzetinin “zərərli ideyalar” yayıcısı kimi ittiham olunub yasaq edilməsi, ailə üzvlərinin repressiyası səbəbindən Qəribsoltan xanım Gəncəyə gedərək, bir müddət burada sakit həyat sürmək istəmişdir. Bəzi məlumatlara görə, sovet-alman müharibəsi illərində o, görkəmli bəstəkar, əslən zərdablı olan, SSRİ Xalq artisti, sabiq mədəniyyət naziri Rauf Hacıyevin anası Nanə xanımla doğma Zərdaba köçür  və hər ikisi Zərdab məktəbində müəllim işləyir. Qəribsoltan xanım ərə getməmiş, övladı olmamışdır. O, görkəmli bəstəkar Rauf Hacıyevin təlim-tərbiyəsi ilə məşğul olmuş, onun ərsəyə çatmasında xüsusi xidmətləri olmuşdur. Qəribsoltan xanım uzun müddət Bakıda kimsəsiz uşaqların oxuduğu internat məktəbdə dərs demiş, onlara analıq etmişdir. Şahidlər deyirlər ki, bu xanım nəinki maaşını, hətta pensiyasını da aparıb həmin uşaqlara paylayarmış.

Qəribsoltan xanım Həsən bəy qızı MəlikovaQ.Məlikova bütün həyatını müəllimliyə, gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, maarif xadimi olaraq 1948-ci ildə “Azərbaycanın Əməkdar Müəllimi” adına layiq görülmüşdür.

O, müəllimlik fəaliyyətini 1956-cı ilə qədər davam etdirmişdir. Bu cəfakeş xanım ailə həyatı qurmamış, ömrü boyu ədəbi irsi tənqid olunmuş, yasaq edilmiş atasının, repressiya qurbanı olaraq sovet hökuməti tərəfindən güllələnən qardaşının, Fransada yaşamağa məcbur olan bacı və qardaşının, yeznəsi Əlimərdan bəy Topçubaşovun, bu üzüntülərə dözə bilməyən anası Hənifə xanımın ölçüyəgəlməz dərdi ilə yaşamışdır.

3.7  Hacıyev Rauf Soltan oğlu                                                        

Rauf  Hacıyev (1922-1995)
Rauf Hacıyev (1922-1995)

Azərbaycan Respublikasının və SSRİ-nin Xalq artisti, görkəmli bəstəkar Rauf Soltan oğlu Hacıyev Azərbaycan professional musiqisinə müxtəlif mövzulu operettaları, “Gənclik” simfoniyası, skripka ilə simfonik orkestr üçün konserti, bir-birindən gözəl çoxlu estrada mahnıları ilə daxil olmuşdur.

Rauf müəllimin musiqi istedadı erkən yaşlarından özünü büruzə vermişdir. Həsən bəy Zərdabinin qızı, əməkdar müəllimə Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Rauf Hacıyevin bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun mühüm əməyi var. Belə ki, Raufun pyeslərini (“Tarantella”, “Dağıstan”, “Ləzgihəngi”) dinlədikdən sonra dahi bəstəkar Üzeyir bəy onun fitri istedadını yüksək qiymətləndirmiş və il yarım onunla məşğul olandan sonra Rauf Hacıyev bir neçə mahnı bəstələmişdir. Onların arasında xüsusilə, “Samur”, “Mingəçevir”, “Gənclik marşı” ona şöhrət gətirmişdir. İlk gənclik məhsulu olan bu mahnılardan sonra mahnı janrı R.Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb etməyə başlayır. Xüsusilə, bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında aşağıdakı mahnıları daha çox populyarlıq qazanır: “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft daşlarında”, “Ceyran” və i.a.

R.Hacıyevin yaradıcılığında teatr tamaşalarına və filmlərə yazdığı musiqi də çox önəmlidir. O, 15-ə qədər filmə musiqi yazmışdır. Onlardan bəzilərini yada salaq: “Əhməd haradadır”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qara daşlar”, “Romeo mənim qonşumdur” və s. Bu filmlərdəki musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirilməsi ilə fərqlənir.

R.Hacıyev 7 operetta yazmışdır. Təqdirəlayiqdir ki, onlardan beşi məhz Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Eyni zamanda, bu operettalar keçmiş SSRİ-nin mərkəzi şəhərlərində uğurla öz səhnə təcəssümünü tapmışdır. Sözün əsl mənasında, Rauf Hacıyevin istedadı daha çox operetta janrında parlamışdır.

O da diqqətəlayiqdir ki, “Romeo mənim qonşumdur” operettası keçmiş SSRİ bəstəkarlarının əsərlərinə baxışda üçüncü mükafata layiq görülmüşdür. Ümumiyyətlə, “Romeo mənim qonşumdur” operettası 23 teatr səhnəsində tamaşaya qoyulmuşdur. Operettanı “Azərbaycanfilm” studiyası 1963-cü ildə rejissor Şamil Mahmudbəyovun quruluşunda ekranlaşdırmışdır.

R.Hacıyevin maraqlı operettalarından biri “Mənim məhəbbətim Kuba”dır. Əsər Moskva Operetta Teatrının sifarişi ilə yazılmışdır. Onun rəğbətlə qarşılanan səhnə əsərlərindən digərləri “Dördüncü fəqərə”, “Qafqaz əsiri”, “Ana, mən evlənirəm”, “Yol ayrıcında” operettalarıdır. “Dördüncü fəqərə” Finlandiyanın satirik yazıçısı Marti Larninin eyniadlı romanı əsasında yazılmışdır.

Təqdirəlayiqdir ki, “Qafqaz əsiri” operettasının Moskva Operetta Teatrında tamaşaya qoyulmasında iştirak edən yaradıcı heyət əsasən azərbaycanlılardan ibarət olmuşdur. Rejissor Fikrət Sultanov, rəssam Adil Quliyev, baletmeysterlər Rəfiqə Axundova və Maqsud Məmmədov, dirijor Elmar Abusəlimovdur.

70-ci illərin sonunda R.Hacıyevin daha bir yeni operettası “Ana, mən evlənirəm” Moskva Operetta Teatrında tamaşaya qoyulur. Əsər tez bir zamanda özünə geniş rəğbət qazanır.

1982-ci ildə Moskva Operetta Teatrında “Yol ayrıcında” operettası öz səhnə təcəssümünü tapdı. Rejissorlar Y.Petrov və bəstəkarın oğlu Fuad, gəlini Zəmilə Hacıyevlər, dirijor E.Abusəlimov, rəssam F.Qafarov idi.

Operetta janrının başlıca xüsusiyyətlərini dərindən bilən R.Hacıyev “Yol ayrıcında” əsərini də yüksək zövqlə yazmışdır. Bu operettanın musiqisi demək olar ki, tam şəkildə Qafqaz xalqlarının milli musiqi folkloruna əsaslanır.

R.Hacıyevin axırıncı operettası Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Ordan-burdan” əsəridir. Xüsusi olaraq, Azərbaycan Televiziyası və Radio Verilişləri Şirkətinin sifarişi ilə yazılmış və televiziya tamaşaçısı üçün nəzərdə tutulmuş həmin operetta müəllifin musiqili səhnə formalarını mavi ekrana keçirmək işində maraqlı təcrübə oldu.

Operetta janrında çalışmaqla yanaşı, R.Hacıyev musiqili teatrın başqa janrlarında da öz potensialını sınamışdır. 60-cı illərdə o, opera və baletlə də maraqlanırdı. Belə ki, 60-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayır. Bunun nəticəsində iki xoreoqrafik miniatür-“Ləzgihəngi” və “Yallı”nı bəstələyir. Hər iki əsər ayrı-ayrılıqda parlaq səciyyəli kompozisiya-lövhələrdir. Xalq rəqs ənənələri əsasında qurulmuş bu əsərlərdə müəllif istər melodik, istərsə də, ritmik məziyyətləri qabarıqlıqla açıb göstərə bilmişdir.

1969-cu ildə “Ləzgihəngi” (quruluşçu-baletmeysterlər R.Axundova və M.Məmmədovdur) Parisdə və Fransanın bir çox şəhərlərində, eləcə də Lüksemburq və Monakoda göstərilmiş və tamaşaçıların rəğbətini qazanmışdır. Bu zaman Fransada VII Beynəlxalq Rəqs Festivalı keçirilirdi və bu əsər Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasının proqramına salınmışdı.

1971-ci ildə R.Hacıyev xaricə işləməyə gedir. O, SSRİ Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edir. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrların hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar R.Hacıyev və onun həmkarları istər Əlcəzair Milli Konservatoriyasında, istərsə də, Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışırlar.

Əlcəzairdə işləyərkən R.Hacıyev eyni zamanda, bu ölkənin mədəniyyət tarixini də dərindən öyrənir, xalq musiqi nümunələrini toplayıb nota köçürür.

Onu da deyək ki, Əlcəzairdə ilk dram teatrı açıldıqdan sonra orada milli musiqi teatrı da fəaliyyət göstərirdi. Həmin teatrın nəzdində balet truppası və milli xalq rəqsləri ansamblı da var idi. Bu milli teatr kollektivi üçün ilk baleti Rauf Hacıyev özü yazır. “Üç inqilab” adlanan bu balet Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə bəstələnmişdir.

İlk baletin uğurlarından ruhlanan Hacıyev, bir ildən sonra ikinci baletini tamamlayır. ”Alov” adlanan bu balet də inqilabi mövzuda yazılmışdı. “Alov” baletini teatrın truppası Tunis, Mərakeş, Paris, Havanada göstərmişdir. “Hürriyyət” bəstəkarın üçüncü baletidir. Əsər Əlcəzairin bu günündən, yeni həyat quruculuğundan bəhs edir.

Yeri gəlmişkən, onu da deyək ki, R.Hacıyev 60-cı illərdən başlayaraq, ictimai işlərdə də fəal çalışmışdır. O, 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunur. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada birinci xalçaçılıq muzeyi açılır.

Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında o, idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilmişdir.

Zərdabinin şəcərəsi

Qeyd: “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyada müəllif tərəfindən ilk dəfə işıqlandırılan tədqiqat materiallarından (o cümlədən şəcərə haqqında məlumatlardan və fotomateriallardan) yalnız müəllifin razılığı əsasında istifadə oluna bilər.

Zerdab.com

2 ŞƏRH

  1. minnətdarlıgımızı bildiririk sizə cox həvəslə və maraqla oxuduq. Nəqədər qürur duyduq öz rayonumuzla ki belə bir dahi bir insan yetişdirib və onunla fəxr edirik .

Comments are closed.