Həsən bəy Zərdabinin nəsil şəcərəsi ilə bağlı yeni məlumatlar üzə çıxdı

16
Məhəmmədhəsən bəy Vəlili - Baharlı
Məhəmmədhəsən bəy Vəlili - Baharlı (1896-1937)
Eldəniz Həsənov
Eldəniz Əli oğlu Həsənov, Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Zerdab.com saytına verdiyim açıqlamada qeyd etdiyim kimi, Azərbaycanın ilk ali təhsilli müəllimi, milli teatrımızın, milli mətbuatımızın banisi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının yaradıcısı, millətin mənəvi atası, ensiklopedik biliyə malik, müsəlman dünyasının ilk təbiətşünas alimi, 1899-1903-cü illərdə yazdığı “Torpaq, su və hava” əsərindəki elmi fikirləri və təcrübi olaraq həyata keçirdiyi işləri ilə təbiətşünaslıq, torpaqşünaslıq, aqrokimya, yerquruluşu və bir sıra digər elmlərin əsasını qoyan, görkəmli ictimai-siyasi xadim Həsən bəy Məlikov Zərdabinin anadan olmasının 170 illiyinə həsr etdiyim “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyada gərgin zəhmət tələb edən çoxillik tədqiqatlar, əldə etmiş olduğum bilgilər, arxiv sənədləri əsasında ilk dəfə olaraq tərəfimdən Həsən bəy Zərdabinin nəsil şəcərəsi tərtib olunmuşdur. Tərtib etdiyim şəcərədə əks olunan insanların başına gətirilən faciəli hadisələrin, onların keşməkeşli həyat yollarının tarixi şərhi verilmiş, eyni zamanda Zərdabinin, Zərdabi ocağından çıxanların, habelə bu nəsildən olan insanların o zaman xalqının tərəqqisi, rifahı naminə gördükləri elmi-təcrübi işləri, ideyaları, tövsiyələri, xeyriyyəçilik hərəkatı diqqətə çatdırılmış və bu işlərin müasir dövrdə böyük aktuallıq kəsb etməsindən, müstəqil Azərbaycan Respublikasında uğurla həyata keçirilməsindən söhbət açılmışdır.

Təəssüf ki, faciəli, məşəqqətli sürgün həyatı yaşamış, repressiyanın qurbanlarına çevrilmiş həmin insanların, həmçinin böyük Məlikovlar nəslinin onlarla nümayəndəsinin həyatından bu gün də xəbərsizik.

 Eyni zamanda ayrı-ayrı yerlərə sürgün olunan və sürgün həyatını başa vurduqdan sonra müxtəlif regionlarda məskunlaşan, Məlikovlar nəslinin bir-biri ilə qohum olan nümayəndələrinin əksəriyyəti bu günün özündə də bir-birilərindən xəbərsizdirlər.

Mən, yerli sakin, Zərdabi yurdunun övladı olaraq həmin insanların bir çoxu  ilə son 30 ildən bəri müddət ərzində çox görüşmüş, əlaqə saxlamışam. İndinin özündə də imkan yarandıqca görüşür, əlaqə saxlayıram, onların iş yerlərinə gedir və hətta bəzilərinin yaşadıqları ünvanda qonaq oluram, söhbətləşirəm.

O insanlardan bu gün həyatda olan, Həsən bəy Zərdabi nəslindən akademik Böyükkişi Ağayevin, İlyas bəy Ağayevin, Qüdrət və Aydın Məlikovların, Həsən bəyin əmisi Hidayət bəyin nəvəsi, tanınmış jurnalist, şair, dramaturq Səttar Zərdabinin, qardaşı Səfəralı bəyin oğlu Həmdulla bəyin qızı Sara xanımın, qardaşı Səfəralı bəyin qızı Bəyimxanımın nəvəsi Şura xanımın, Sahib bəyin, Bəyimxanımın qızı Əzizbikə xanımın nəvəsi Məfkurə xanımın, əmisi Qasım bəyin oğlu Rəhim bəy Məlikovun nəvələri Esmira xanımın, Zelfurə xanım Məlikovaların, Rəhim bəy Məlikovun, Həsən bəy Zərdabinin babası Məlik Rəhim bəyin qardaşı Cəfərqulu bəy Məlikovun oğlu Möhtəsim bəyin Qırğızıstanda yaşayan nəvəsi (Mövsüm bəyin oğlu) Ələddin bəyin və bir çoxlarının adlarını çəkə bilərəm. Açıq etiraf edim ki, mənim buna təşəbbüs göstərməyimdən başqa, Zərdabi nəslinin bu gün həyatda olan bir çox ziyalı nümayəndələrinin özləri də daima mənimlə görüşmək istəyində olur və təəssüratlarını bölüşürlər.

Mən, Həsən bəy Zərdabi nəslinin nümayəndələri, onların keşməkeşli həyat yolları barədə tarixi araşdırmalar aparsam da, hüquqi-arxiv sənədlərinə, mənbələrə istinad etsəm də bu nəslin, bəyliyin dünyagörmüş yaşlı insanları, alimləri, ziyalıları ilə görüşüb təəssüratlandıqdan sonra əldə etdiyim bilgiləri qələmə almalı oldum.

Hesab edirəm ki, həmin insanlarla görüşmək, Zərdabi ocağından çıxanların, ümumilikdə bu nəslin başına gətirilən və zaman-zaman yaddaşlara həkk olunan, ağrılı-acılı, iztirablı günləri birgə yaşamaq, onların millət yolunda qurban getmiş həyatını tarixin səhifələrinə yazmaq, bunları xalqımıza çatdırmaq hər bir Azərbaycan ziyalısının, qələm sahibinin mənəvi borcudur.

Bütün bunlarla yanaşı, belə bir qərara da gəldim ki, kitab çapa gedənədək Zerdab.com saytı vasitəsilə Zərdabi irsi ilə məşğul olan Zərdabisevərlərə, Zərdabişünaslara, Zərdabi nəslinin nümayəndələrinə bir daha müraciət edim. Əgər bu mövzu ilə bağlı bilgiləri və yaxud da hansısa iradları varsa bu sayt vasitəsi ilə bildirsinlər.  

Odur ki, bu məqsədlə Zərdabi nəsli barədə əldə etdiyin bilgiləri şəcərə ardıcıllığı üzrə oxucuların diqqətinə çatdırmağı məqsədəmüvafiq hesab edirəm.

IV.  Məlikova Şirinxanım Səlim bəy qızı

 Həsən bəy Zərdabinin Şirinxanım adlı bacısı olub. O, Bakı şəhərində yaşamış və orada vəfat etmişdir. Şirinxanım Məlikova və onun ailəsi haqqında bilgilərin əldə olunmasına zərurət vardır. Onun qəbrinin Bakının girəcəyində, Bayıl qəbiristanlığında olduğu  bildirilir.

Bu barədə yazıçı Nisəbəyim xanım Rəhimova da yazmışdır. Lakin bununla belə Şirinxanım Məlikova və onun ailəsi haqqında bilgilər əldə olunmamışdır.

IV.I.  İmarət xanım Məlikova (Vəliyeva)

Apardığımız araşdırmalar nəticəsində müəyyən etmişik ki, Həsən bəy Zərdabinin İmarət adlı bacısı qızı olub. O, Azərbaycanın tanınmış iqtisadçısı, etnoqrafı, görkəmli ensiklopedik alimi olmuş Məhəmmədhəsən bəy Vəlilinin (Baharlının) anasıdır.                                 

Deməli, buradan bizə məlum olur ki, Həsən bəy Zərdabinin yeganə bacısı olmuş Şirinxanım Məlikovanın İmarət adlı qızı olmuşdur. Mənbələrdən həmçinin müəyyən etmişik ki, Həsən bəy Zərdabinin bacısı qızı İmarət xanımın həyat yoldaşı Nəcəfqulu bəy Vəliyev olmuşdur.                        

Nəcəfqulu bəy Vəliyev
Nəcəfqulu bəy Vəliyev

 Məhəmmədhəsən Baharlının atası Nəcəfqulu bəy Vəliyev (1858-1936) klassik şeirlər yazan, Azərbaycan teatr tarixində həvəskar aktyor kimi tanınmış ziyalı olmuşdur.

Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən oğlu 1858-ci ildə Şuşa şəhərində anadan olub.  O, Mirzə Vəli Baharlının nəvəsidir. İbtidai təhsilini Şuşada, molla yanında alan Şeyda (Şеyda təxəllüsü ilə şеir yazırdı) sonra Bakıda Hacı Zeynalabdin Tağıyevin açdığı gecə kursunda oxuyub.

Mirzə Məhəmmədhəsən bəy Vəliyev
Nəcəfqulu bəy Vəliyevin atası Mirzə Məhəmmədhəsən bəy Vəliyev

O, “Məclisi-üns” və “Məclisi-fəramuşan” ədəbi məclislərinin fəal üzvlərindən olub. Klassik üslubda yazılmış şeirlər müəllifidir.

Mir Möhsün Nəvvab özünün “Təzkireyi-Nəvvab” əsərində bütün Qarabağ şairlərinin həyat və yaradıcılığından bəhs etsə də, onun haqqında çox az məlumat verir: “Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən bəy oğlu Baharlı Qarabağ vilayəti əhalisindəndir. Baharlı Şuşaya tabe olan kəndin adıdır. 33 yaşlı, düz əxlaqlı bir cavandır. Mirzə Vəli Vidadinin övladlarındandır. Bəzən şer də yazır. Təxəllüsü Şeydadır. Baharlı oymağının tanınmış şəxsiyyətlərindən Mirzə Məmmədhəsən bəy Vəliyevin oğlu, Əbülfət Vəlinin qardaşıdır”.

Şairin yaradıcılığını araşdıran alim-filoloq Paşa Kərimov şairin əsərlərinin əlyazmalarından ibarət olan dəftərin Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanıldığını deyir. Bu dəftərin 62 vərəqində 114 qəzəl, 2 müsəddəs, 3 qitə, 6 müxəmməs, 2 müstəzad, 86 rübai və müxtəlif məzmunlu digər şeirlər toplanıb. Dəftərdə, həmçinin nəzmə çəkilmiş müxtəlif hekayə və rəvayətlərə, geriliyi tənqid edən şeirlərə, “Tövbənamə”yə, Mövlana Cəlaləddin Rumi, Şeyx Sədi, Hafiz, Vəhşi kimi Yaxın Şərq şairlərinin əsərlərindən tərcümələrə, farsca bir neçə qəzələ və s. əsərlərə rast gəlmək olar.

Şeirlərin ən əski tarixi 1886-cı il, ən son tarixi 1936-cı ildir. Buradan belə nəticəyə gəlmək olar ki, Nəcəfqulu bəy ən azı 78 il yaşamışdır.

Nəcəfqulu bəy quberniya idarəsində 25 ilə yaxın tərcüməçi işləyib. Onun Bakının Balaxanı kəndində neft quyuları olub.

Nəcəfqulu bəyin qardaşı Əbülfət bəy Məmmədhəsən bəy oğlu 1871-ci ildə Şuşa şəhərində dünyaya göz açmışdır. Şuşa real məktəbini bitirmişdir. Əbülfət Vəli yüksək istedadlı, mütərəqqi düşüncəli bir aktyor, bacarıqlı rejissor və təşkilatçı idi. Xalq arasında teatr sənətinin təbliği sahəsində böyük əhəmiyyətə malik iş görürdü. XIX əsrin sonlarından başlayaraq 1918-ci ilə qədər Azərbaycan teatrında göstərilən tamaşaları Əbülfət Vəlisiz təsəvvür etmək qeyri-mümkündür. Həmin illərin dövri mətbuatı məlumat verir ki, Əbülfət Vəli teatr truppasının, demək olar ki, bütün tamaşalarında iştirak etmiş, müxtəlif, bir-birindən həm janr, həm də xaraktercə fərqlənən obrazlar yaratmış, gənc, həvəskar aktyorların yetişməsində böyük zəhmət çəkmiş, eyni zamanda da bir rejissor kimi gərgin fəaliyyət göstərmişdir. Məşhur faciə aktyorumuz Hüseyn Ərəblinskinin istedadının üzə çıxarılmasında, onda mütərəqqi ideyalara meylin güclənməsində Əbülfət Vəlinin də böyük xidməti olmuşdur. Doğrudur, sonralar H.Ərəblinski sənətinin gücü, istedadının qüvvəsi daha gur səslənmiş, müəllim öz tələbəsinin uğurlarına heyran qalmışdır. Lakin inkaredilməz həqiqətdir ki, H.Ərəblinskinin bir sənətkar kimi yetişməsində Əbülfət Vəlinin təsiri həmişə duyulmuşdur.

Əbülfət Vəli və  Hüseyn Ərəblinski həmişə yekdil olmuşlar. Qəzet səhifələrində “Ərəblinski, Ə.Vəli… cənabları “Nicat” cəmiyyətindən üz döndərib yeni teatr truppası yaradıblar”, “…Ə.Vəlizadə, Ərəblinski birgə tamaşa göstərdilər”, “Bu tamaşada Ərəblinski və Ə.Vəli yerli həvəskarlarla birlikdə çıxış etdilər” və s. yazılar, tamaşalar haqqındakı məqalələr, xatirələr sübut edir ki, Azərbaycan səhnəsinin bu iki görkəmli sənətkarı həmişə birgə fəaliyyət göstərmişlər. Ancaq sonralar onlar bir-birindən ayrılmışlar. H.Ərəblinskinin həyatı, yaradıcılığı və sənəti haqqında bir sıra tədqiqatlar aparıldığı, məqalələr yazıldığı halda, Əbülfət Vəlinin fəaliyyəti nədənsə tamamilə unudulmuşdur. Halbuki bu iki peşəkar aktyor arasındakı fikir və sənət birliyini görkəmli dramaturq və teatr xadimi Ə.B.Haqverdiyev də görmüş, duymuş, özünün “Sənət qurbanı” və “Ac həriflər” adlı əsərlərində onların surətini yaratmışdır.

Əbülfət Vəli faciə aktyoru idi. Rolları rəngarəngliyi ilə seçilirdi. O, qısa bir vaxt ərzində Xəlil (“Hacı Qara”), Cahangir bəy (“Müsibəti-Fəxrəddin”), Şah Təhmas, Cavad, Ədhəm və Heydər Şahmar bəy (“Ev tərbiyəsinin bir şəkli”), Dəli Şizavat, Dobçinski (“Müfəttiş”), İkinci İrakli və Murtuzaqulu xan (“Ağa Məhəmməd şah Qacar”), Əbudiyab (“Əbül-üla”), Cənnətəli (“Dəmirçi təbib”), Cəfər (“Qaranlıqla işıq”), Gavə (“Dəmirçi Gavə”), Abdulla (“Dağılan tifaq”), Dayı (“Bahadır və Sona”), Həkim və Heydər bəy (“Bəxtsiz cavan”), Dağıstan qəhrəmanı (“Qafqaz gülü”), Məşədi Kərim (“Pulsuzluq”), fon Moor (“Qaçaqlar”), Niyaz bəy (“Dilin bəlası”) və s. kimi rəngarəng rollar oynamışdır. Sənətşünaslıq doktoru Cəfər Cəfərovun dediyi kimi, Əbülfət Vəli çox yapışıqlı bir aktyor idi. Tamaşalarda əsas rollarla yanaşı, ikinci, hətta, bəzən üçüncü dərəcəli rollarda da çıxış edər, həmişə də bəyənilərdi.

1911-ci ildə göstərilmiş “Nadir şah” tamaşası (Nadir şahı Ərəblinski, Cavadı isə Cahangir Zeynalov oynamışdır) Əbülfət Vəlinin ən yaxşı quruluşlarından sayılır. Təsadüfi deyil ki, həmin tamaşadan sonra mətbuat səhifələrində Əbülfət Vəli “Qafqazın ən müqtədir aktyorlarından biri” kimi qeyd edilir, onun “bacarıqlı oyunu”, “istedadlı ifası”, “qüvvətli çıxışı” haqqında yazılar verilirdi. Ə. Vəlinin “parlaq oynadığı Gavə”, “yaxşı ifa etdiyi Həsən” (“Qəzavət”), Xəlil bəy (“Bəxtsiz bala”), “nümunəvi artist kimi səmimiyyətlə yaratdığı “Murtuzaqulu” (“Ağa Məhəmməd şah Qacar”) rolları və digər obrazları haqqında tez-tez müsbət rəylər eşidilirdi. “Azərbaycan” qəzeti yazırdı: “Gavə rolunda tamaşaçıların vücudunu Vəli kimi lərzəyə salan hansı artistdir? “Əlmənsur”-dakı Həsən rolunu oynayan artistlərin hamısı yenə də Vəlini təqlid etmirlərmi? Nadir şahın Ədhəm və Heydər kimi hiyləgər vəzirlərini Vəli kimi yaradan kimdir? Şillerin qoca qraf Maksimilyan rolunda hansı artist Vəli qədər təsir bağışladı?”

Azərbaycan aktyorlarının Lənkərana ilk qastrolu zamanı Əbülfət Vəli truppanın rejissorluğunu etmişdir; sonrakı qastrol tamaşalarında da truppanın müdiri, rejissoru olmuş, teatrın yaradıcı və təşkilati işində çalışmışdır.

Əbülfət Vəli N. Nərimanovun “Dilin bəlası” əsərinin tamaşasındakı Niyaz bəy rolunda da böyük müvəffəqiyyətlə çıxış etmişdir. Aktyor öz yaradıcılıq üslubuna uyğun olaraq obrazın müsbət cəhətini şişirtməkdən qorxmamış və bu yolla mütərəqqi ideyalarla tərbiyələnmiş: namuslu, təvazökar, xeyirxah bir insan surəti yaratmışdır.

Nəriman Nərimanovun “Nadir şah” əsərində Cavad rolunu oynayan Əbülfət Vəlinin yaratdığı obraz əsərin müəllifi tərəfindən bəyənilmiş, müəllif ona heyran olduğunu bildirmişdir. Sonralar N.Nərimanov Tiflis səhnəsində Cavad rolunu oynamağa hazırlaşan M.Mərdanova obrazın xarakter xüsusiyyətlərindən danışarkən Ə.Vəlinin bu roldakı ifa tərzini nəzərdə tutmuş, aktyora bir sıra məsləhətlər vermişdi. Ə.Vəlinin qüvvətli, yapışıqlı ifasını alqışlayan “İrşad” qəzeti (26 noyabr 1906-cı il) yazırdı ki, “…Cavad-Əbülfət Vəli cənabları layiqincə rollarını bilmələri ilə binöqsan oynadı”.

Ə. Vəlinin “Nadir şah” əsərinin tamaşasında yaratdığı Nadirin dayısı Cavad obrazı bu baxımdan diqqəti daha çox cəlb etmişdi. Həcmcə kiçik olan bu rol Əbülfət Vəlinin ifasında məzmunu və mahiyyəti etibarilə çox əhəmiyyətli idi. Aktyor obrazın ifasında tamaşanın ideyasını, mübarizə pafosunu xeyli qüvvətləndirirdi.

1907-ci ildə Ə.B.Haqverdiyev və H.Ərəblinskinin rejissorluğu ilə göstərilmiş “Ağa Məhəmməd şah Qacar” əsərinin tamaşasında Əbülfət Vəli əvvəl Murtuzaqulu xan rolunu, sonrakı tamaşalarda isə İkinci İrakli surətini yaratmışdır. İlk dəfə 3 dekabr 1907-ci ildə göstərilmiş “Ağa Məhəmməd şah Qacar” tamaşası görünməmiş bir müvəffəqiyyət qazanmışdı. Əbülfət Vəli H.Ərəblinski ilə birlikdə tamaşanın tam uğurlu keçməsi üçün çox çalışmışdı. O özü qrimlənir, digər aktyorların da qrimlənməsinə, geyiminə kömək edir, səhnənin qaydaya salınmasına nəzarət edirdi. Tamaşanın üstün cəhətlərindən biri güclü aktyor ifası idi ki, burada Əbülfət Vəlinin Murtuzaqulu xan rolundakı çıxışı xüsusi qeyd edilməlidir.

İnqilab Kərimov Əbülfət Vəli haqqında yazdığı “Realist və humanist sənətkar” adlı məqaləsində (“Ədəbiyyat və incəsənət” qəzeti, 1 fevral 1969-cu il) göstərmişdir: “Bu vaxta qədər Ə.Vəlinin vəfat etdiyi il məlum deyildi, onun “harada isə itkin düşdüyü” fikri söylənilirdi. İndi isə dəqiqləşdirilmişdir ki, Ə.Vəli 1918-ci il dekabr ayının 3-də Göyçay şəhərində vəfat etmişdir. “Azərbaycan” qəzeti artistin vəfatı münasibəti ilə həmin tarixli nömrəsində başsağlığı vermişdir”.

Qeyd edək ki, Azərbaycan Milli Teatrının banisi Həsən bəy Zərdabinin dəstəyi sayəsində Məlikovlar nəslinin Midhət bəy (H.Zərdabinin oğlu), Rəhim bəy Məlikov, Məhəmməd bəy Məlikov Əlvəndi, İsgəndər bəy Məlikov kimi oğulları ilə bərabər bu nəsillə qohum olan Əbülfət Vəlili (H.B.Zərdabinin bacısı qızı İmarət xanımın həyat yoldaşı Nəcəfqulu bəy Vəlilinin qardaşı) birlikdə müxtəlif vaxtlarda Bakı teatrlarında aktyorluq etməsi təsadüfi deyildi. Deməli, Əbülfət Vəlinin də tanınmış teatr işçisi kimi yetişməsində H.B.Zərdabinin xüsusi rolu olmuşdur.

Məlumdur ki, Məlikovlar nəslinin nümayəndələrindən Məhəmməd bəy Əlvəndi səhnə fəaliyyətinə 1890-cı illərdə başlamış, tamaşalarda zəngin obrazlar yaratmışdır (bununla əlaqədar kitabda Məhəmməd bəy Əlvəndi ilə bağlı gedən yazıda ətraflı tanış olmaq olar). Bu teatr fədaisi gah inzibatçı, gah rejissor olmuş, bəzən aktyorların geyimlərini hazırlamış, hətta qrimçini əvəz etmişdir.
Onu da qeyd edək ki, Müsəlman dram teatrı cəmiyyətinə birinci üzv yazılan Hüseyn Ərəblinski, Əbülfət Vəli və Məhəmməd bəy Əlvəndi olmuşlar.

Orxan Zakiroğlu (Baharlı) “Görkəmli ensiklopedik alim Məhəmmədhəsən bəy Vəlili” başlıqlı məqaləsində qeyd edir ki, Məhəmmədhəsən bəy Vəlili (Baharlı) Hacı Həsən bəyin nəticəsi, Mirzə Məhəmmədhəsən bəyin nəvəsidir.

Mirzə Məmmədhəsən bəy Hacı Həsənəli bəy oğlu 1820-ci ildə Şuşa şəhərində anadan olmuşdur. O, ibtidai təhsilini molla yanında almış, sonra Şuşa qəza məktəbində oxumuşdur. Dövlət idarələrində məmur işləmiş, quberniya katibi mülki çinini almışdır. Hökumət tərəfindən medalla təltif olunmuşdur.

Tarixçi Baharlı onun haqqında yazır: ”O cümlədən birisi bizim əmimiz Mirzə Məhəmmədhəsən bəy Vəliyev. Belə ki, neçə il bundan əqdəm Şirvanda Rus dövləti seyidlərin şəcərələrin yığıb yetişdirdi. O vaxt heç bir dəftərxana mirzələri bacarmayıbdır ki, o şəcərələri rusca tərcümə edələr. Çünki o şəcərələr təmamən ərəb kəlməsi ilə olur. Mirzə Məhəmmədhəsən iki gün iki gecədə tamamın ərəbdən rusca tərcümə edib və bu ahvalı içəri dövləta məlum ediblər. Bu barədə mərhum əmim üçün artıq hörmət olmuşdu. Və bir hörmətli medal dövlətdən iltifat olunmuşdu”.

Mirzə Məmmədhəsən bəy Vəliyev Şuşa şəhərinin ədəbi mühitində mühüm rol oynamışdı.

Məhəmmədhəsən bəyin atası Nəcəfqulu bəy Vəliyev (İmarət xanımın həyat yoldaşı) olmuşdur.

H.B.Zərdabinin bacısı Şirinxanım       Məlikovanın nəvəsi Səltənət xanım Vəliyeva (İmarət xanımın qızı)
H.B.Zərdabinin bacısı Şirinxanım Məlikovanın nəvəsi Səltənət xanım Vəliyeva (İmarət xanımın qızı)

İmarət xanımın Məhəmmədhəsən bəy Vəlilidən başqa Səltənət adlı övladı da olmuşdur.

Məhəmmədhəsən bəy Vəlili-Baharlının ………. , …………. , …………. adlı övladları olmuşdur. ?

Səltənət xanım Vəliyeva uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycanın əsl ziyalı qadınlarından biri olmuşdur. Onun Leyla, Sara, ……….. adlı qızı, Həsən adlı oğlu olmuşdur. ?

 IV.2.  Məhəmmədhəsən bəy Vəlili-Baharlı Nəcəfqulu bəy oğlu

Həsən bəy Zərdabinin bacısı qızı İmarət xanımın oğlu Məhəmmədhəsən bəy Vəlili – Baharlı (Nəcəfqulu bəy oğlu) 1896-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdir. 

Bakı gimnaziyasını bitirdikdən sonra təhsilini Kiyеv Univеrsitеtinin İqtisadi coğrafiya fakültəsində davam еtdirmiş və 1915-ci ildə oranı bitirmişdir.

Məhəmmədhəsən bəy Vəlili - Baharlı
Həsən bəy Zərdabinin bacısı Şirinxanım Məlikovanın nəvəsi Məhəmmədhəsən bəy Vəlili – Baharlı

Baharlı Azərbaycan Dеmokratik Cümhuriyyəti hökumətinin fəaliyyəti dövründə təsis еdilmiş Bakı Dövlət Univеrsitеtində dərs dеmiş, 1919-cu ilin sеntyabrın 30-da yaradılmış Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində çalışmışdır. Sovеt dövründə isə əmək fəaliyyətini Dövlət Plan Komitəsində davam еtdirmişdir.

O, 19231929-cu illər arasında fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö (Azərbaycan Milli Elmlər Akademiyasının təməli-E.H.) Cəmiyyətinin üzvü sеçilmiş, həmçinin 1937-ci ilə qədər gizli surətdə fəaliyyət göstərən Azərbaycan İstiqlal Təşkilatının katiblərindən biri olmuşdur. M.Baharlı 1926-cı ildə Solovko əsir düşərgəsindən sürgündən qayıtdıqdan sonra, ikinci dəfə 1937-ci ildə həbs еdilmiş və 27 iyul 1937-ci ildə güllələnmişdir.

 Qeyd edək ki, Məhəmmədhəsən bəy Baharlının anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının  müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov (Baharlı) dövri mətbuatda onun yaradıcılığının müxtəlif aspektlərini işıqlandıran 17 məqalə dərc etdirmişdir. Zakir Məmmədovun təşəbbüsü ilə 25 may 1998-ci ildə Azərbaycan MEA-nın  Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda yubiley tədbiri keçirilmişdir. Bu tədbirdə əməkdar elm xadimi, professor Süleyman Əliyarlı, yazıçı-jurnalist Məhəmməd Baharlı, Mələk Əkbərzadə (Baharlı), Zakir Məmmədov (Baharlı) və başqaları məruzələrlə çıxış etmişlər.

Məhəmmədhəsən bəy Baharlının anadan olmasının 110 illiyi münasibətilə Orxan Zakiroğlu (Baharlı) “İlk Azərbaycanşünas alim” (“Azərbaycan müəllimi” qəzeti, 10 fevral 2006-cı il), “Unudulmaz Azərbaycanşünas alim – Məhəmmədhəsən Baharlı” (“525-ci qəzet”, 17 fevral 2006-cı il) və “Görkəmli Azərbaycanşünas alim” (“Xalq qəzeti”, 20 iyul 2006-cı il) məqalələrini çap etdirmişdir.

Tanınmış tədqiqatçı jurnalist Məhəmməd Baharlı ”Seçilmiş əsərləri”nin I cildində “Azərbaycan tarixi: Baharlılar” başlıqlı tədqiqat əsərində min ildən çox tarixi olan Baharlı tayfası haqqında bilgiləri ərsəyə gətirmişdir.

Tarixi mənbələrdən bizə məlumdur ki, baharlılar Orta çağda oğuzların tərkibində Orta Asiyadan Yaxın Şərqə və Azərbaycana gəlmiş türk tayfasıdır.

“Baharlı” еtnik tеrmininə ilk dəfə XV yüzilə aid qaynaqlarda təsadüf еdilir. Vladimir Minorski qeyd edir ki, barani (və ya baranlı) digər bir adının baharlı olduğu və iva boyundan ayrılmış, Qaraqoyunlu tayfa ittifaqına daxil olan oymaqdır.

Baharlılar Qaraqoyunlu tayfa ittifaqında hakim mövqе tutmuşdular. Qaraqoyunluların süqutundan sonra baharlılar Ağqoyunlulara tabе olmaq istəməyərək Xorasana gеdib, Tеymurlulara sığınmışlar.

Uzun Həsənin ölümündən sonra (1478) onların Qaraqoyunlu dövlətini bərpa еtmək təşəbbüsü nəticə vеrmədi. Baharlıların bir hissəsi Babura qoşularaq Hindistana gеtmiş, orada Qütbşahilər dövlətini yaratmışdılar, digər qismi isə Xorasanda qalıb, Səfəvilər dövlətində İran və Azərbaycanın siyası həyatında fəaliyyət göstərmişdir. XVI yüzilin axırlarında baharlılar şahsеvənlərə qoşulmuşdular.

Qaraqoyunlu  dövləti yıxıldıqdan sonra baharlıların bir hissəsi Ağqoyunlulara tabе olmadı. Onlar Əlişükür bəy Baharlının oğulları Pirəli bəy, Bayram bəy və Yarəli bəy ilə birlikdə Xorasana köçərək Sultan Hüsеyn Bayqaranın xidmətinə daxil oldular. Ağqoyunlu Uzun Həsən onların təslim еdilməsini Bayqaradan dəfələrlə tələb еtsə də, müsbət cavab ala bilmədi. Uzun Həsənin ölümündən sonra Qaraqoyunlular dövlətini bərpa еtmək istəyən baharlılar 1479-cu ildə Sistan-Bəm yolu ilə irəliləyərək, Ağqoyunlulara tabе olan Kirman əyalətini tutdular. Sonra Fars əyalətini də tutmaq istədilər, lakin Ağqoyunlu hökmdarı Sultan Yaqub bəy tərəfindən onların yürüşlərinin qarşısı alındı. Baharlılar Kirmana və oradan Gürgana qayıtmağa məcbur oldular.

Pirəli bəy Sultan Hüsеyn Bayqara tərəfindən öldürüldükdən sonra baharlılardan bir qismi Hindistana gеtmiş və sonralar orada Qütbşahilər dövlətini təşkil еtmişlər. İranda qalan baharlılar Səfəvilər dövründə öz mövqеlərini qoruyub saxlamış, onların başçıları mühüm vəzifələrə təyin еdilmişlər.

Əlişəkər bəy Baharlının oğlu Pirəli və qardaşları Mirzə Məhəmmədinin oğlu İbrahimi də götürərək Xorasanın və Mavərənnəhrin hakimləri ilə ittifaqa girib, onları Uzun Həsənə qarşı müharibəyə qızışdırdılar. Hisari Şadmanın hakimi olan Şah Mahmud İbrahimin anası ilə еvləndi. Pirəli və qardaşları Xorasana qaçdılar. Onların məqsədi Əbu Səidin oğlu Əbu Bəkr ilə birləşərək onu qardaşına qarşı qiyama məcbur еtmək idi. Lakin onların əli boşa çıxdı. Oradan Qəznəyə və Hindistana gеtdilər. 1478-ci ildə Uzun Həsənin ölüm xəbərini еşidib, sеvincək gеri qayıtdılar. Güman еdirdilər ki, Azərbaycan, İraq və Fars onların dədə-baba torpaqlarıdır və bu torpaqlarda onlar ağalıq еdəcəklər. 1479-cu ildə Sistan və Bəm yolu ilə Kirmana gəldilər. Əbu Bəkr yеni şahlığa Cahanşahın nəvəsi Mirzə Məhəmmədinin oğlu İbrahimi təklif еtdi. O, dünya hökmranlığına can atırdı. Onlar Kirmanı və Sircanı tutduqdan sonra əhalidən nalbaha adlı vеrgi yığdılar. Sultan Yaqub onlara qarşı Sufi Xəlil bəyi və başqa adlı-sanlı əmirlərini göndərdi. Pirəli və onun qardaşlarının ailələri əsir düşdü. Başlarını götürüb Gürgan və Təbəristana qaçdılar. Sultan Hüsеyn Bayqara onları əsir alıb cəzalandırdı. Əbu Bəkr öldürüldü. Pirəlinin gözü çıxarıldı. Bayramın başını kəsdilər. İbrahim və başqa əsirləri Hеrata gətirdilər.

Baharlı oymağının Qaraqoyunlular dövləti dönəmində ən adlı-sanlı əmiri Əlişükür bəy idi. Bəzi farsdilli qaynaqlarda bu əmirin adı Əlişəkər bəy kimi də yazılır. Sultan Cahanşah bəyin adından Borucеrd və Nəhavəndi idarə еdirdi. Sonralar bu əyalət Qolamrovi-Əlişəkkər (Əlişəkkər ölkəsi) adlandı.

Baharlı oymağı bir sıra tarixi şəxsiyyətlər, elm və mədəniyyət xadimləri yetirmişdir. Onlardan Sultanqulu bəy BaharlıBayram xan BaharlıƏbdürrəhim xan BaharlıHəsən bəy Müqimi, Mirzə Vəli Baharlı, Mirzə İsmayıl bəy Baharlı, Məhəmmədəli bəy MəxfiMəşədi Abdulla bəy AbışNəcəfqulu bəy Şeyda, Məhəmmədhəsən bəy Vəlili-Baharlı, Cabbar bəy VəlibəyovZakir Məmmədov  və başqaları daha çox tanınırlar.

Qarabağ baharlıları Baharlı еli oymaq şəklində Qarabağda, bir nеçə mahalın ərazisində qərar tuturdu. Baharlı obasının ikisi Kəbirli mahalında, biri Çulundur mahalında, biri isə Qapan mahalında yaşam sürürdü.

I Şah Abbas Səfəvinin 1071-ci ilin şəvval ayı tarixli (iyun, 1601) fərmanında Baharlı oymağı haqqında dəyərli məlumat vеrilib.

Baharlı oymağının sakinlərindən Dərgahqulu, Kərəməli və başqalarının şikayəti əsasında tərtib еdilmiş həmin fərmandan görünür ki, vaxtilə qеyd olunan tayfanın bir çox ailələri Qarabağdan İsfahanla Şiraz arasında yеrləşən Şəhrikord məntəqəsinə köçürülmüş və orada uzun müddət yarımköçəri həyat sürmüşlər.

Şah Sultan Hüsеyn Səfəvi tərəfindən 1714-cü ilin dеkabr ayında vеrilmiş şəcərəyə görə köhnə xəlifə Əbutalib bin Şеyx Məhəmməd bin Xəlifə Əlirzanın əmisi oğlu Xəlifə Məhəmmədqasım Qapanat mahalının Baharlı, Sarıəlili, Xacəəbuishaqlı və Xələc camaatına yеni xəlifə təyin еdilmişdi.

Qeyd: “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyada müəllif tərəfindən ilk dəfə işıqlandırılan tədqiqat materiallarından (o cümlədən şəcərə haqqında məlumatlardan və fotomateriallardan) yalnız müəllifin razılığı əsasında istifadə oluna bilər.

(Davamı olacaq)

Zerdab.com

16 ŞƏRH

  1. Salam. meqaleye gore muellife ve sayt adminine teshekkur. Amma ki, Settar bey Zerdabinin neslinden deyil. Kiminse soyadini goturmekle hemin nesle daxil olmurlar.

  2. Araz bəy salam! Həsən bəy Zərdabi irsi, şəcərəsi ilə maraqlandığınız üçün Sizə təşəkkür edirəm. Bilirsiniz ki, hər bir Zərdabisevər Həsən bəyin soyadını (təxəllüsünü) götürə bilər. Səttar müəllimin H.B.Zərdabinin nəslindən olmaması ilə bağlı qeydinizə münasibət bildirmək istəyirəm. Əvvəla Həsən bəyin nəsil şəcərəsi ilə əlaqədar apardığım araşdırmada tərəfimdən bu günədək mətbuat orqanlarında, televiziya, radio kanallarında və həmçinin Zerdab.com saytında açıqlama verilməmişdir.
    Bildirirəm ki, Səttar Zərdabinin dahi mütəfəkkir Həsən bəy Zərdabi ilə qohumluq əlaqələri barədə yaxın vaxtlarda sözügedən monoqrafiyanın III fəslində “Həsən bəy Zərdabinin əmisi Hidayət bəy Məlikovun nəsil şəcərəsi” başlıqlı yazıda ətraflı tanış olacaqsınız.
    Lakin qısaca onu diqqətinizə çatdırıram ki, ziyalı nəslin nümayəndələri olan Səttar Zərdabi, eləcə də onun qardaşları Sərdar, Knyaz, Aydın, bacıları Qəmzə xanım Həsən bəy Zərdabinin əmisi Hidayət bəyin (arvadı Bikə xanım olmuşdur) sonbeşik qızı olmuş Minə xanım Məlikovanın (əri Mahmud Babayev olmuşdur) doğma övladları olmuşdur.
    Deməli, Bakı şəhərində yaşayan, tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin Prezidenti Səttar Zərdabi Həsən bəy Zərdabinin əmisi nəvəsidir.

  3. ela cox gozel meqale gozel arasdirmadi tesekekurler hem muellife hem isiqlandiranlara cox gozel neticeler var arasdirmalarda

  4. Cox sağolun bizi xeyli marifləndirdiniz sevə-sevə oxuyurux və ardini gözlüyürük sizə yaradiciliq uğurlari yorulmayasiniz

  5. Hörmətli Eldəniz bəy! Araşdırmalarınıza və munasibət, rəy bildirdiyinizə görə təşəkkür edirəm. Rəyinizdəki fikirləri birinci dəfədir eşidirəm. Amma bir-neçə il bundan əvvəl Səttar bəy (onun ziyalı nəslin numayəndələrindən biri olmasına mən şübhə etmirəm) öz məqalələrində bildirir di ki, Həsən bəyin qohumu və eləcə də özünün qohumu olan Xanlar bəyin Qırğıstanda övladlarını, nəvələrini tapıb. Və Xanlar bəylə əlaqələndirib özünün Həsən bəyin qohumu olmasını iddia edirdi. Mənim bildiyim qədər Səttar bəyin Xanlar bəylə qan qohumluğu olmamışdır, onun xalası Yetər xanım Xanlar bəyin Əhməd adlı oğlunun həyat yoldaşı olmuşdur.
    Qaldı Məlikov soyadına, Həsən bəyin dövründə Zərdabda yaşayanların əksəriyyətinin soyadı Məlikov olmuşdur. Hətta bir çoxları inqilabdan sonra bu soyadı dəyişmək məcburiyyətində olmuşdur. Sizin bildiyiniz kimi Həsən bəyin doğma qardaşı oğlu Həmdullah kişinin nəsli Səlımov soyadını daşıyır.

  6. Araz bəy! Həsən bəy Zərdabinin nəsil şəcərəsi ilə bağlı aparılan araşdırma çox da uzaq bir tarix deyil. Hesab edirəm ki, hər bir gənc nəslin nümayəndəsi öz soy kökünü, yeddi arxa dönənini yaxşı tanımalıdır.
    Lakin faciəli, məşəqqətli sürgün həyatı yaşamış, represiyanın qurbanlarına çevrilmiş böyük Məlikovlar-Həsən bəy Zərdabi nəslinin onlarla nümayəndəsinin həyatından biz ziyalılar bu gün də xəbərsizik. Eyni zamanda ayrı-ayrı yerlərə sürgün olunan və sürgün həyatını başa vurduqdan sonra müxtəlif regionlarda məskunlaşan, Məlikovlar nəslinin bir-biri ilə qohum olan insanların əksəriyyəti bu günün özündə də bir-birindən xəbərsizdirlər.
    Araz bəy! Sizin qeydlərinizə hörmətlə yanaşıram. Kim olduğunuzu bilmirəm, tanış deyilik, lakin diqqətinizə çatdırmaq istəyirəm ki, mən yerli sakin, Zərdabi yurdunun övladı olaraq, Zərdabi nəslindən olan insanların bir çoxu ilə son 30 ildən bəri çox görüşmüş, əlaqə saxlamışam. İndinin özündə də imkan yarandıqca onlarla görüşür, əlaqə saxlayıram, iş yerlərinə gedir, söhbətləşirəm.
    Mən, Həsən bəy Zərdabi nəslinin nümayəndələri, onların keşməkeşli həyat yolları barədə tarixi araşdırmalar aparsam da, hüquqi-arxiv sənədlərinə, mənbələrə istinad etsəm də, bu nəslin, bəyliyin dünyagörmüş yaşlı insanları, alimləri, ziyalıları ilə görüşüb təəssüratlandıqdan sonra əldə etdiyim bilgiləri qələmə alıram.
    Bildirirsiniz ki, rəyimdəki fikirləri birinci dəfədir eşidirsiniz. Əvvəla deyim ki, bu fikir deyil tam real olan faktlardır. Həsən bəylə Səttar müəllimin qohumluq əlaqələrinin olmaması ilə bağlı söylədiklərinizlə əlaqədar Səttar Zərdabini yaxından tanıyan, onun həyat və yaradıcılığına bələd olan bir insan kimi deməliyəm ki, o heç zaman Həsən bəy Zərdabinin qohumu olmasını iddia etməmişdir. Əksinə Zərdabi irsinə dərindən bələd olan, onunla bağlı keçirilən mötəbər tədbirlərin keçirilməsinin təşkilatçısı olaraq, Zərdabinin təbliği və tədqiqi sahəsində Səttar müəllimi daima öndə görmüşük. Həmişə tribunalardan öz dəyərli və kəsərli çıxışları ilə biz Zərdabisevərlər, Zərdabişünaslar onun ətrafında olmuşuq.
    Həyatda heç bir təmənna güdməyən, bu gün də yataqxanada yaşayan, bu mübariz insana bəzən yaxın dostları, ziyalılar tərəfindən “Səttar müəllim Siz Həsən bəylə necə qohumsunuz” sualına o, həmişə belə cavab vermişdir. “Millət fədaisi olmuş Həsən bəyə mənim ehtiyacım yoxdur, onun bu gün mənə və sizlərə ehtiyacı var”.
    Araz bəy, bundan öncə yazdığınız yorumda “Səttar bəy Zərdabinin nəslindən deyil. Kiminsə soyadını götürməklə həmin nəslə daxil olmurlar” ifadənizə münasibət bildirmişəm. Həmin qeydinizə cavab olaraq bildirmişəm ki, Səttar müəllim Həsən bəy Zərdabinin əmisi Hidayət bəyin sonbeşik qızı Minə xanım Məlikovanın oğludur. Yəni, Səttar müəllim Həsən bəy Zərdabinin əmisi nəvəsidir. Siz bu qohumluq əlaqəsi barədə yazdığım fakta münasibət bildirməli idiniz. Məgər Səttar Zərdabinin Həsən bəylə qohumluğunu təsdiq edən bu fakt bizə kifayət etmirmi ki, ikinci qeydinizdə bildirirsiniz ki, o, özünü Xanlar bəylə əlaqələndirib Həsən bəyin qohumu olmasını iddia etmişdir.
    Xanlar bəy mövzusu ilə qısaca olaraq onu diqqətinizə çatdırırıq ki, Həsən bəyin nəslində Xanlar adlı, Məlikov soyadını daşıyan iki bəy olmuşdur. Onlardan biri Həsən bəy Zərdabinin əmisi Hidayət bəy Məlikovun oğlu Xanlar bəy Məlikov (arvadı Ədilə xanım), o biri isə Həsən bəy Zərdabinin əmisi Əsəd bəy Məlikovun oğlu Xanlar bəy Məlikov (arvadı Nazlı xanım) olmuşdur.
    Onu da bildirim ki, Həsən bəy Zərdabinin əmisi Hidayət bəy Məlikovun oğlu Xanlar bəy Məlikov Səttar Zərdabinin anası Minə xanımın qardaşıdır.
    Həsən bəy Zərdabinin əmisi Əsəd bəy Məlikovun oğlu Xanlar bəy Məlikov ailəsi ilə birlikdə Orta Asiyaya (Qırğızıstana) sürgün olunmuşdur. Həmin Xanlar bəy Məlikovun həyat yoldaşı Nazlı xanımdan olan övladlarının hər biri Səttar Zərdabinin doğmaca xalası uşaqlarıdır.

  7. Rəhim bəy Məlikovun nəvələri Esmira xanımın, Zelfurə xanım Məlikovalar onlar kimdir? Eldeniz bey, Siz neyise sehv etmirsiniz?

  8. Hormətli Eldəniz bəy! Salam. Dəfələrlə mətbuatda, televiziyada özlərini Həsən bəyin nəvəsi adlandıranların şahidi olmusam. Mən də yaşlı nəsildən eşitdiyimə görə bu şəxslərin Məlikovlar ailəsi ilə ümumiyyətlə əlaqəsi olmayib. Ola bilər bəzilərinin Sizin yazdığınız kimi ulu babaları Həsən bəyin özü, atası və ya babası ilə əmiuşağı ola bilərlər. Amma bu onlara haqq vermir ki, özlərini Həsən bəyin nəvəsi adlandırsınlar. Keçən dəfə yazdıqlarımı mən özümdən quraşdırmamışam. Bu barədə hörmətli Səttar bəy özü çalışdığı mətbuat orqanında yazmışdır (təxminə 90-cı illərin axırı 2000-ci illərin əvvəli olardı). Digərlərini deyə bilmərəm, Əsəd bəyin oğlu Xanlar bəy, onun övladları haqqında Sizdən daha çox məlumatlıyam. (Bildirim ki, Xanlar bəyin Firəngiz adlı da həyat yoldaşı olub) Onlar sürgündə olmasına baxmayaraq həm Sovet dövründə, həm də sonralar Zərdabda yaşayan qohumları ilə əlaqələrini kəsməyiblər, mütəmadi olaraq gediş-gəlişləri olubdur.
    Yazırsınız Həsən bəyin bizlərə ehtiyacı var. Bu Sizin, Səttar bəyin fikridir və buna hörmətlə yanaşıram. Mənim fikrimcə Həsən bəy tarixdə öz sözünü demiş bir şəxsiyyətdir, hazırda onun bizə yox, bizim onun kimi şəxsiyyətlərə böyük ehtiyacımız var.
    Kimlərinsə Sizə söylədikləri real fakt ola bilməz (Səttar bəy haqqında yazdıqlarınızı nəzərdə tutmuram). Qeyd edirsiniz ki, hərtərəfli araşdırma aparıb əldə etdiklərinizi qələmə alırsınız. Əvvəlki məqalələrinizin birində Cəmilə xanım Səfəralı bəy qızı haqqında yazmısınız. Bilmirəm bu məlumatı haradan əldə etmisiniz, amma, Cəmilə xanımın atası Abbas bəy olub, Səfəralı bəy isə onun atalığı olubdur, yəni atası rəhmətə gedəndən sonra anası Xanım Səfəralı bəylə ailə həyatı qurubdur.Həyat yoldaşının adı isə Süleyman olubdur. Qızı Güllü xanımın isə 3 yox, 4 övladı dünyaya gəlibdir. Onun övladlarının adlarını da səhv vermisiniz. (Məsələn, Yaquz yox, Yavuz). Həyat yoldaşı kimi göstərdiyiniz Cəmil elə Xanlar bəyin oğludur. Bu məlumatları mən Güllü xanımdan, onun övladlarından eşitmişəm.
    Qaldı nəsli tanımaq məsələsinə, başqalarından fərqli olaraq mən nəsil səcərəmin ən azı yeddi səcərəsini tanıyıram və heç vaxt nəyinsə xatirinə digərlərinin nəslinə qarışdırmıram.

  9. Araz bəy, mümkünsə, əlaqə üçün kordinatlarınızı saytımza yazardınız.

  10. Aygün xanım salam!
    “Rəhim bəy Məlikovun nəvələri Esmira xanım, Zelfurə xanım Məlikovalar kimdir, Eldəniz bəy, Siz nəyisə səhv etmirsiniz” sualınıza qısaca olaraq aydınlıq gətirməklə nəzərinizə çatdırıram ki, bununla bağlı yaxın vaxtlarda sözügedən monoqrafiyada Həsən bəy Zərdabinin əmisi Qasım bəy Məlikovun nəsil şəcərəsində ətraflı tanış ola biləcəksiniz.
    Bildirirəm ki, Həsən bəy Zərdabinin əmisi Qasım bəy Məlikov Püstə xanımla ailə qurmuşdur. Onların Rəhim bəy Məlikov adlı oğlu olmuşdur.
    Rəhim bəy Məlikov əslən şamaxılı qızı olan Minə xanımla ailə həyatı qurmuşdur. Minə xanım və anası şamaxılı qızı olmuşdur.
    Minə xanım və onun anası Həcər xanım M.Ə.Sabirin yaxın qohumu olmuşdur. Burada onu diqqətə çatdırmaq istərdim ki, M.Ə.Sabirin Səkinə adlı qızından olan Hökumə xanım Mirmurtuza adlı bəylə ailə qurmuşdur. Onların Rasimə adlı qızları Tofiq adlı oğlana ərə getmişdir. Minə xanımın anası Həcər xanım Mirmurtuza bəyin dayısı Əsgər bəylə ailə qurmuşdur. Bu ailədə onların qızı, Həsən bəy Zərdabinin əmisi oğlu Rəhim bəy Məlikovun zövcəsi Minə xanım dünyaya gəlmişdir. Göründüyü kimi, Rəhim bəy Məlikovun zövcəsi, şamaxılı qızı Minə xanımın M.Ə.Sabirin nəsil şəcərəsi ilə bağlılığı Məlikovlar nəslinin qohumluq əlaqələrini bir daha çoxşaxəli etmişdir. Hazırda Sabirabadda yaşayan M.Ə.Sabirin nəvəsinin adı da Həcərdir.
    Rəhim bəylə Minə xanımın Cahangir bəy, Mustafa bəy, Nüsrət bəy adlı üç oğlu, Zeynəb xanım, Lütviyyə xanım adlı iki qızı olmuşdur. Onlardan:
    Lütviyyə xanım Səmid bəylə ailə həyatı qurmuşdur. Səmid bəy Zərdabda dövrün sayılıb-seçilən bəylərindən olan, Həsən bəy Zərdabinin babası Məlik Rəhim bəyin qardaşı Cəfərqulu bəyin oğlu milyonçu Ömər bəyin yeganə oğlu olmuşdur.
    Onu da diqqətə çatdırmaq istəyirəm ki, xüsusilə, bu bəylikdə bir qayda olaraq qohumluq əlaqələri dərin köklərlə bir-birinə bağlı olmuşdur. Təbii ki, Səmid bəylə Lütviyyə xanımın ailə həyatı qurması da dərin qohumluq əlaqələri əsasında olmuşdur. Göründüyü kimi, Lütviyyə xanım Məlik Rəhim bəyin nəvəsi, Səmid bəy isə Cəfərqulu bəyin nəvəsi olmuşdur. Onların Sitarə, Firuzə adlı qızları dünyaya gəlmişdir.
    Qızları Sitarə, Firuzə ataları Səmid bəy və anaları Lütviyyə xanımla birlikdə 1930-cu illərdə Qazaxıstana sürgün olunmuşdur. Səmid bəy tezliklə orada dünyasını dəyişmişdir.
    Lütviyyə xanımın qardaşı Nüsrət bəy Səmid bəyin ailəsinin dalınca, onları sürgün həyatından xilas etmək üçün Qazaxıstana gedir. Lakin onları gətirə bilmir, yalnız ailənin böyük qızı Sitarə xanımı gizlincə xurcunun içində dəniz-bərə yolu ilə Krasnovodskdan keçirərək doğma vətəni Zərdaba gətirməyə müvəffəq olur.
    Nüsrət bəy Qazaxıstana bu məqsədlə etdiyi ikinci səfəri zamanı çox böyük əzab-əziyyətlərə qatlaşdıqdan, onları sürgün həyatından xilas etmək üçün mütəmadi olaraq səlahiyyətli orqanlara müraciətlər etdikdən sonra, nəhayət ki, Qazaxıstanın Şortandı stansiyasında sürgündə olan bacısı Lütviyyə xanımın və Firuzə xanımın doğma vətəni Zərdaba qaytarılmasına nail olur.
    Sitarə xanım Ömər bəylə ailə qurmuş, onların Sevda, Rəna, Təranə adlı qızları olmuşdur. Sevda xanım Tərlan adlı, Rəna xanım Rafiq adlı, Təranə xanım isə Rasim adlı oğlanla ailə qurmuşdur.
    Firuzə xanım Faiq bəylə ailə qurmuşdur. Onların bir oğlu, iki qızı olmuşdur. Yaqub adlı oğlu İlahə xanımla evlənmiş, Heyran adlı qızı İlqar adlı oğlana, Reyhan adlı qızı isə Yaşar adlı oğlana ərə getmişdir.
    Zərdaba dönən Lütviyyə xanım Göyçaydan olan Şıxəliyev Əli adlı oğlanla ailə həyatı qurur. Lütviyyə xanımın ondan Zelfurə və Esmira adlı iki qız övladı dünyaya gəlir.
    Zelfurə xanım Kamal müəllimlə ailə qurmuş, onların Murad adlı oğlu olmuşdur. Murad Nigar adlı xanımla ailə qurmuşdur.
    Esmira xanım Aydın müəllimlə ailə qurmuşdur. Onların Anar adlı oğlu olmuşdur.

  11. Heeee,bele de…Demeli,Esmira ve Zelfura xanimin atasi Eli Shixaliyev olub.Ancaq onlar analarinin familini goturubler,yeni Melikovadirlar.Genish sherhinize gore teshekkurler

  12. hörmətli Eldəniz müəllim sizə bu çətin və şərəfli işdə uğurlar arzulayiriq.

  13. Araz bey hec ozunuzi yorub mubahise etmeyin.Eldeniz muellim H. Zerdabinin nesil sheceresini ozu nece meslehet bilir ele de yazir.Siz hele Sabirabadda yashiyan gohumlari tanimirsiniz.Ordan ele adamlarin adini eshideceksiniz ki….Onda deyeceksiniz,,biz hara???? bunlar hara???,,Bele getse butun Azerbaycanlilar H.Zerdabinin ya bacisi,ya dagardashi ushaglari olacag deyesen.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

4 × 5 =