Özümüz düzələcəyimizə inanmasaq, dünyada heç bir qüvvə bizi dəyişə bilməz

1
26
həyat
Foto: İsaməddin Əhmədov

Keçən həftəki yazımla əlaqəli bir çox reaksiya aldım. Yazılı və şifahi olaraq. Fikirlərimlə razılaşanlar da var, razılaşmayanlar da.

Razılaşmayanlar deyirlər ki; “Dünya dağılır, siz isə gözəlliklərdən, ümiddən bəhs edirsiniz. Dünyada, Azərbaycanda o qədər problemlər var. Haradadı o dediyiniz gözəlliklər?” Mən də cavab olaraq dedim ki, eyni yönə baxırıq, amma fərqli şeylər görürük. Ola bilsin ki, hər kəs görmək istədiyini görür. Mənim gördüyüm dünya gözəlliklərlə doludur. İstədiyiniz və ya istəmədiyiniz qədər…

Mövzu ilə əlaqəli keçən həftə oxuduğum bir rəvayəti oxucularla bölüşmək istəyirəm. Bir gün Peyğəmbərimiz bir məclisdə dostları ilə oturubmuş. Müsəlmanların ən böyük düşmənlərindən olan, eyni zamanda Peyğəmbərimizin əmisi olan Əbu Ləhəb məclisə girir və insanların ən şərəflisinə xitabən:

– Ey Məhəmməd, bir çox yerləri gəzdim, səndən daha çirkininə, səndən daha pisinə rast gəlmədim.

Peyğəmbərimiz heç halını pozmadan:

– Doğru söyləyirsən, ey Əbu Ləhəb.

Əbu Ləhəb təhqirlərinə bir qədər də davam edir:

– Yəqin ki, dünyanın ən çirkini sənsən.

Peyğəmbərimiz:

– Haqlısın, ey Əbu Ləhəb, deyir.

Sözlərinə lazımi reaksiya ala bilməyən Əbu Ləhəb məclisi tərk edir. Bir az sonra Hz. Əli məclisə daxil olur. O da:

– Ey Rasulallah, bu dünyada səndən gözəlini görmədim, deyir.

Peyğəmbərimiz:

– Doğru söyləyirsən, ey Əli.

Hz. Əli davam edir:

– Sənə baxdıqca, içimə hüzur dolur.

Peyğəmbərimiz:

– Doğru söyləyirsən, ey Əli.

Səhərdən bütün bu dialoqlara şahid olan Peyğəmbərimizin əshabı təəccüblə:

– Ey Rəsulallah, bir az öncə Əbu Ləhəb gəldi, səni təhqir etdi, sənə nə qədər çirkinsən dedi. Sən isə cavabında, doğru söyləyirsən, dedin. Daha sonra, Hz. Əli gəldi. O isə sənə nə qədər gözəl olduğunu dedi. Sən ona da, doğru söyləyirsən, dedin. Biz başa düşmədik. Bu cavabların hikməti nədir? Peyğəmbərimiz:

-İnsan insanın güzgüsüdür. Adam özü necə isə, qarşısındakını da elə görür.

Bəli, biz hansı keyfiyyətlərə maliksək, qarşımızdakını da o şəkildə görürük. Digər tərəfdən, ətrafı qaranlıq görmək, hər kəsi potensial düşmən hesab etmək, ilk növbədə, bu düşüncə sahibinin özünə zərər verər.

Bədbin bir müəllim, dərs dediyi şagirdlərə, tələbələrə hansı gələcəkdən danışa bilər?

Bədbin bir həkim, müayinə etdiyi xəstəyə hansı ümidi verəcək?

Bədbin bir idarə rəhbəri işçiləri daha yaxşı işləmək üçün necə motivasiya edəcək?

Bugün cəmiyyətimizin ən böyük problemi ümidsizlikdir. Əfsuslar olsun ki, bəzi insanlarımız həyatda hər şeydən ümidlərini kəsiblər. Onlar heç bir problemin düzələcəyinə inanmırlar. Onlar ətrafda baş verən dəyişiklikləri süni hesab edirlər. Deyəndə ki, ölkədə bu qədər yeniliklər var, korrupsiyaya qarşı mübarizə gedir, “Asan xidmət” mərkəzləri qurulur, deyirlər ki, hamısı boş şeydir, göstərməlikdir, heç nə düzəlməyəcək, hətta daha da pis olacaq.

Belə insanlara, “Sən vətəndaş olaraq ölkənin inkişafı üçün nə edirsən?” deyəndə, “Mən kiməm ki, nə edə bilərəm ki…” deyirlər. Zənnimcə, bədbin, ümidsiz insanların problemlərinin kökü daxili aləmlərindən qaynaqlanır. Öz aləmlərində bitmiş, daxilən çökmüş, mənəvi olaraq süqut edən birisi, ətrafına da o pəncərədən baxır. Nəticədə, qaranlıqlar içərisində qaranlıqlar…

Bizim ən böyük ehtiyacımız, hüquqlarını bilən və tələb edən vətəndaşlardır. Özünə inanan, hüquqlarını bilən, gələcəyinə ümidlə baxan… Biz özümüz düzələcəyimizə inanmasaq, dünyada heç bir qüvvə bizi düzəldə bilməz.

Anar Qaraxancalli, ZAMAN
a.qaraxancalli@zaman.az

1 comment

  1. Chox maraql; ve mubahiseli movzudur. Muellifin de movqeyini duzgun, edaletli ve obyektiv hesab edirem,onunla razilashmayanlara da haqq qazandirmaya bilmirem. Esas mesele budur ki,doqrudan da bizim her birimiz vetendash olaraq huquqlarimizi bilmeli ve haqqimizi teleb etmeyi bacarmaliyiq. Bu hem ozumuzun, hem xalqimizin. hem de dovletimizin varliqi uchun chox vacibdir.

Comments are closed.