Prezident fərman verdi, Sovet dövründə banklarda qalmış əmanətlər qaytarılacaq

0
34

Prezident İlham Əliyev keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, birdəfəlik ödəməni almaq üçün əmanətçi şəxsi əmanət hesabını bağlamaq barədə müvəkkil banka ərizə ilə müraciət etməli və ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– əmanət (bank) kitabçası və ya qaydaya uyğun olaraq onu əvəz edən sənəd;
– Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
– soyad və ad dəyişikliyi olduğu halda, həmin dəyişikliyi təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
– vəsait vərəsələrə ödəniləcəyi halda vərəsələrin miras əmlaka (əmanətə) hüquqları barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti və ya bu barədə müvafiq məhkəmə qərarı.
Əmanət (bank) kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin verdiyi məlumatlar üzrə bankda tutuşdurma aparılır. Tutuşdurma nəticəsində əmanətçinin öz ərizəsində verdiyi məlumatlar təsdiqini taparsa, bankın təklifi ilə Xüsusi Komissiyanın qərarı əsasında əmanətçiyə əmanət (bank) kitabçasını əvəz edən sənəd verilir və birdəfəlik ödəmənin verilməsi həmin sənədə əsasən həyata keçirilir. Əmanət (bank) kitabçasını əvəz edən sənədin formasını Xüsusi Komissiya təsdiq edir.
Birdəfəlik ödəmə əmanətçinin arzusu ilə nağd qaydada və ya onun digər bank hesabına köçürülməsi yolu ilə veriləcək.
Birdəfəlik ödəməni almış əmanətçinin banka qarşı bütün tələbləri təmin edilmiş hesab olunur və əmanətçinin əmanət qalıqları üzrə bank müqaviləsinə həmin məbləği aldığı gündən xitam verilir.
Əmanət qalıqları üzrə bank əmanəti müqaviləsinə xitam verilməsi birdəfəlik ödəmənin verilməsi üçün əsasdır.
Birdəfəlik ödəmənin alınması ilə bağlı 2012-ci il 31 dekabr tarixinədək banka müraciət edilir. Həmin müddətdən sonra müraciətlər qəbul edilmir və onlara baxılmır.
Birdəfəlik ödəmənin alınması üçün əmanətçilərin müraciət etməsi və həmin ödəmələrin verilməsi müddəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada uzadıla bilər.
Qeyd edək ki, əmanət qalığı 0,04 manata (2000 rubla) qədər olduqda əmanət qalığının hər bir qəpiyi üçün 75 manat hesablanacaq.
Əmanətin qalığı 0,04 manatdan 0,1 manata (2000 rubldan 5000 rubla) qədər olduqda 300 manat və 0,04 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyi üçün 50 manat hesablanacaq.
Əmanətin qalığı 0,1 manatdan 0,2 manata (5000 rubldan 10000 rubla) qədər olduqda 600 manat və 0,1 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyi üçün 40 manat hesablanacaq.
Əmanət qalığı 0,2 manatdan (10000 rubldan) yuxarı olduqda 1000 manat və 0,2 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyi üçün 25 manat hesablanacaq.