Mənəvi dünyamıza işıq saçan Həsən bəy Zərdabi ömrü

0
Həsən bəy Zərdabi

Hesen-bey-Zerdabi

 

Həsən bəy Məlikov Zərdabi barədə 

Həsən bəy Məlikov Zərdabi 1842-ci ildə keçmiş Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhəri) Məlik Rəhim bəyin oğlu Səlim bəyin ailəsində dünyaya göz açmışdır.

Qeyd edək ki, bir çox alim və ziyalıların, Zərdabisevərlərin, Zərdabişünasların tədqiqat əsərlərində, mənbələrdə Zərdabinin doğum tarixinin 12 noyabr 1837-ci il olduğu bildirilirdi. 2012-ci ildə Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan    Respublikasının Prezidenti cənab İlham Əliyevin 04.06.2012-ci il tarixli sərəncamından sonra dahi mütəfəkkirin doğum tarixinin 1842-ci il olması öz təsdiqini tapmış oldu.

Həsən bəy ilk ibtidai təhsilini Zərdabda mədrəsədə almışdır.

1852-1858-ci illərdə Şamaxıda yeni açılmış rusdilli məktəbdə təhsilini davam etdirir.

1858-ci ildə dövlət hesabına Tiflis gimnaziyasının V sinfinə qəbul olunur, 1861-ci ildə bu məktəbi gümüş medalla bitirir.

1861-ci ildə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə daxil olur. 1865-ci il iyunun 10-da Universiteti əla qiymətlərlə bitirir. Elmi Şuranın qərarına əsasən ona təbiət elmləri namizədi alimlik dərəcəsi adı verilir.

1865-ci ildə ilk olaraq Tiflisdə “Mejevaya Palata”da (Torpaq sərhəd hüdudlarını müəyyən edən, mərzçəkmə, torpaq bölgüsü işi ilə məşğul olan, yerquruluşu tədbirləri sistemini həyata keçirən idarə) yerquruluşçusu-torpaq islahatçısı kimi əmək fəaliyyətinə başlayır. Lakin çox keçmir ki, işdən çıxıb, Bakıya gəlir. Bu da kimsəsiz və yoxsulları müdafiə etdiyi üçün ona sui-qəsd hazırlanması ilə bağlı olur. Amma M.F.Axundovun müdaxiləsi nəticəsində sui-qəsd baş tutmur.

1866-cı ilin 28 dekabrında Bakı Qəza İdarəsində pasport-masa rəisi və kargüzar vəzifəsində çalışır. Onun burada da işləməsi qeyri-məqbul sayılır.

1868-ci ilin 28 fevralında Qubaya gedir. Barışıq məhkəməsinin katibi vəzifəsinə təyin olunur. Ona burada da sui-qəsd hazırlanır. 1868-ci ilin 4 oktyabr tarixində Həsən bəy bu vəzifədən kənarlaşdırılır.

1869-cu ilin 18 noyabrınadək işsiz qalan Həsən bəy Şamaxıda vəkilliklə məşğul olur.

  1869-cu ilin 18 noyabr tarixindən Bakı real gimnaziyasında yeganə azərbaycanlı olaraq təbiət tarixi fənnindən tədrisə başlayır.

1872-ci ildə məktəbdə tələbələrə yardım etmək üçün yetim, kimsəsiz uşaqların təhsilə cəlb olunması məqsədilə “Xeyriyyə cəmiyyəti” yaratmaq ideyasını irəli sürür. Həmin ildən Azərbaycanda xeyriyyə cəmiyyətinin əsasını qoyur.

1872-ci ildə Tiflis şəhərində Müqəddəs Nina məktəbinin milliyyətcə türk olan qız məzunu, 05 may 1856-cı ildə Nalçik şəhərində anadan olmuş Hənifə xanım Abayeva ilə tələbələrin buraxılış gecəsində tanış olur və onunla Bakıya gələrək burada ailə həyatı qurur.

1873-cü ildə onların Pəri adlı ilk övladları dünyaya gəlir.

1873-cü il 23 mart tarixində Bakı real gimnaziyasının müəllimi Həsən bəyin təşəbbüsü və Nəcəf bəy Vəzirovun köməkliyi ilə M.F.Axundovun “Sərgüzəşti Vəziri xan Lənkəran” komediyasının tamaşası göstərilir və həmin tarixdən etibarən H.B.Zərdabi tərəfindən Azərbaycanda Milli Teatrın əsası qoyulur.

1875-ci ilin 22 iyulunda 7 illik yazışmadan sonra “Əkinçi” adlı qəzetin Azərbaycan dilində nəşrinə başlayır. Bununla da H.B.Zərdabi tərəfindən Azərbaycan Milli Mətbuatının əsası qoyulur.

1877-ci ilin sentyabrında çarizm üçün siyasi cəhətdən təhlükəli və etibarsız hesab edilən Həsən bəyin “Əkinçi” qəzeti bağlanır.

1878-ci ildə o, gimnaziyada müəllimlikdən azad edilir. Bütün iş yerlərini onun üzünə bağlayırlar. Yekaterinodar (Krasnodar) şəhərinə müəllim göndərmək adı ilə Həsən bəyin Bakıdan uzaqlaşdırılmasına qərar verilir. Bu illərdə onun 1 və 3 yaşlı qızları dünyasını dəyişir.

1880-ci ildə Hənifə xanımın təklifi ilə razılaşan Həsən bəy ailəsi ilə doğma kəndi Zərdaba köçür.

Həsən bəy 1880-ci ildə 7 yaşlı qızı Pəri xanımı rus qız gimnaziyasında oxutmaq üçün Tiflisə aparır və onu Hənifə xanımın keçmiş müəlliməsinin himayəsinə verir.

1880-1896-cı illərdə, Həsən bəyin Zərdabda yaşadığı illərdə böyük oğlu Midhəd bəy, kiçik oğlu Səffət bəy, kiçik qızı Qəribsoltan xanım və qardaşı oğlu Rəhim bəy Məlikov Göyçay bölgəsinin Zərdab kəndində dünyaya gəlir.

Bu illərdə Həsən bəy Zərdabda iki sinifli məktəbin açılmasına nail olur.

1889-cu ildə Tiflisdə Qafqaz kənd təsərrüfatı sərgisində ən yaxşı keyfiyyətli arpa, buğda, yem otu-yulaf və ən yaxşı keyfiyyətli saman yetişdirib əldə etdiyi üçün, o cümlədən, balıq tutmaqdan ötrü ixtira etdiyi alətə görə sərginin III dərəcəli fəxri diplomu  və “tunc medalla” təltif edilir.

1889-cu ildə Həsən bəy Məlikov həyat yoldaşı Hənifə xanımla bərabər Zərdabda yaşadığı dövrdə ipəkqurdu yetişdirmiş və ondan ipək istehsal etmişdir. Yerli üsulla ipəkqurdu yetişdirdiyinə görə həmin il Tiflisdəki kənd təsərrüfatı sənaye sərgisinin “Gümüş medal”ına layiq görülür.

1896-cı ildə 6 yaşlı qızı Qəribsoltanı da Tiflisə aparır və onu da Hənifə xanımın keçmiş müəlliməsinə tapşırır. Qəribsoltan Tiflis qız gimnaziyasında təhsil alır.

1896-cı ildə Zərdabi Ucarda vəkillik xidmətindən çıxandan sonra Bakıya qayıdır.

1897-ci ildə Həsən bəyin yaxından iştirakı ilə daha bir qadın orta məktəbi açılır.

1901-ci ildə Bakıda Həsən bəyin, Hənifə xanımın, Zeynalabdin Tağıyevin səyləri nəticəsində ilk müsəlman qız məktəbi yaradılır. Məktəbin ilk müəlliməsi və direktoru (1901-1905) Hənifə xanım olur.

Bu illərdə Qəribsoltan xanım da  bu məktəbdə təhsilini artırır.

1906-cı ilin avqustun 15-də Həsən bəy Zərdabinin böyük köməkliyi  sayəsində Azərbaycan Müəllimlərinin I qurultayı çağırılır. Həmin qurultaya Zərdabi sədrlik edir, müavini isə Nəriman Nərimanov olur.

H.B.Zərdabi 10 il Bakı Dumasının üzvü, görkəmli ictimai-siyasi xadim olmaqla yanaşı, 1905-ci ildən ömrünün sonuna kimi Maarif şöbəsinin rəisi vəzifəsində çalışır.

1907-ci ilin noyabrın 28-də çərşənbə günü səhər saat 11-də millət fədaisi Həsən bəy Məlikov Zərdabi əbədiyyətə qovuşur.

   Zərdabinin dəfn günü millətin birləşdiyi gün olur. Həmin gün Bakıda bütün zavod, fabriklər dayanır, məktəblər bağlanır. Bütün şəhər matəm içində olur. Hamı bu dahi şəxsiyyəti son mənzilə yola salır.

 

Eldəniz Həsənov, Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

2 × 4 =