Zərdabdan Çingiz Cərullazadəyə təşəkkür məktubu

1
31

Çingiz CərullazadəZərdab rayonunun Qoruqbağı kənd sakini Əhmədova Rəqəm Şahvələd qızı doğmalarının köməkliyi ilə Zerdab.com saytının elektron poçtuna məktub göndərib. Rəqəm Əhmədova yazdığı məktubda tibb elmləri doktoru professor, Mərkəzi Neftçilər Xəstəxanasının Göz Mərkəzinin rəhbəri, Amerika Oftalmologiya Akademiyasının üzvü, həmyerlimiz Çingiz Cərullazadəyə təşəkkürünü bildirib.

Məlumat üçün bildirək ki, Çingiz Cərullazadənin rəhbərliyi ilə həkim briqadası tez-tez Zərdab rayonunda xeyriyyə aksiyası keçirir və gözündə problemləri olan insanları müayinə, müalicə və əməliyyat edir. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi çərçivəsində rayonumuzda keçirilən növbəti belə aksiyada Zərdab rayonunun Qoruqbağı kənd sakini Əhmədova Rəqəm Şahvələd qızının da gözləri müayinə və əməliyyat olunub. Bir vaxtlar görmə problemi olan Rəqəm nənəmiz artıq özünü çox rahat hiss edir. Onun bu münasibətlə həmyerlimiz, hər birimizin fəxri olan Çingiz Cərullazadəyə yazdığı məktubu olduğu kimi oxucularımıza təqdim edirik: “Allahın izni ilə gözlərimə işıq verən əllərin qarşısında diz çöküb, baş əyirəm. Zərdabın göz həkimi Esmira xanımın da zəhməti az olmamışdır. Ulu öndərin 90 illiyi şərəfinə rayonumuza gələn fəxrimiz, həmyerlimiz Çingiz Cərullazadəyə dərin minnətdarlığımı bildirirəm. Həmişə adı çəkiləndə fəxr edib sevinməyim halal xoşu olsun. Müalicədən əlavə həkimin xəstə ilə xoş rəftarı, mülayim danışığı ən böyük müalicədir. Təbibə xas olan bütün yaxşı keyfiyyətlər bu şəxsdə vardır. Bu həkimin qarşısında əllərindən öpüb, baş əyirəm. Allahdan ona ən şirin nemət olan cansağlığı arzu edirəm”.

Biz də öz növbəmizdə bu cür xeyriyyə aksiyalarını təşkil edənlərin, zəhməti keçənlərin hər birinə təşəkkürümüzü bildiririk.

1 comment

Comments are closed.