Hər şeydən əvvəl “qismətin bağlanması” və ya “qismət bağlamaq” kimi bir məfhum doğru deyil. İstər molla olsun, istər axund, istər şeyx. Heç kimin Allahın (c.c.) yazdığı qismətə qarşı çıxmağa həddi yoxdur. Heç kim Allahın iradəsinə qarşı çıxa bilməz.
Əgər gecə yolunu kəsib vurub öldürərsə, bu, başqa məsələ, yəni o qatil sayılır. Ancaq “cadu-piti yolu ilə taleyini, qismətini bağlayır” kimi söz-söhbətlər yalandan, iftiradan başqa bir şey deyil.
Bəli, Allah öz bəndələrini müxtəlif yollarla imtahana çəkir. Başımıza nə gəlirsə, Allahın iradəsi ilə, yəni Allah elə rəva bildiyi üçün gəlir. Onu da deyək ki, Allah: “Başımıza gələn zülmlər sizin öz əməllərinizlə bağlıdır”, – buyurur. Yəni, insanın əməlləri onun gələcəyi ilə birbaşa bağlıdır. Bəzən də heç belə olmur və Allah bizi imtahan etmək üçün müəyyən çətinliklərlə, problemlərlə üzləşdirir.
Biz bizim üçün nəyin xeyir, nəyin şər olduğunu bilmirik. Rəsulullahın (s.ə.s.) həyatına baxın: bu dünyada onun qədər dərd çəkən, ağrıyan, kövrələn başqa bir insan göstərə bilərsinizmi? Övladlarını bir-birinin ardınca torpağa tapşıran, ancaq hər dəfə də səbir edib Allaha sığınan, Onun buyruğundan zərrə qədər də ayrılmayan bu möhtəşəm həyat örnəyi bizim üçün misilsiz nümunə deyilmi?
Belə olan halda biz necə deyə bilərik ki, yaşadığımız bütün çətinliklər cəzadır? Demək, Allah övlad verəndə də, övlad alanda da, mal verəndə də, mal alanda da insanı imtahana çəkir. Allahın iradəsi hər şeyin üzərindədir. Heç kim onun işinə müdaxilə edə bilməz. Heç kim başqasının taleyi ilə oynaya, başqasının bəxtini aça və ya bağlaya bilməz. Bu gücün, bu iradənin tək sahibi Allahdır. Onun iradəsi olmadan bir yarpaq belə budağından qopmaz. Uğurunu xeyir istəyən Allaha sığınsın, hər əməlində Onun rizasını, rəğbətini düşünsün, gördüyü işin Allahın əmrlərinə uyğun olub-olmadığını hesaba çəksin. Bir də onu unutmayaq ki, Allah: “Kim Allaha qarşı təqvalı olsa, Allah ona mütləq bir çıxış yolu verər və onu heç ummadığı yerdən ruziyə qovuşdurar”, – buyurmaqdadır. Xeyir istəyən kimə əl açmalı, kimdən yardım istəməli olduğunu bilməli və o dərgaha da dua etməlidir. Xeyrini Allahda yox, başqa yerdə axtaranlar isə əlbəttə, həmişə çətinliklər, qarışıqlıqlar içində olacaq və həmişə kiminsə onların bəxtini bağladığını, taleyi ilə oynadığını düşünəcəklər. Dediyimiz kimi, bütün bunlar yalandır və hər şey Allahın iradəsindədir. Onun yazdığı qəzavü-qədərə isə heç kim müdaxilə edə bilməz.
Mənbə: “Ailəm” jurnalı.
Imanin sertlerinden biri de xeyrin ve serin Allahu-Tealadan geldiyine iman etmek.Heyatda sehv addim atan kimi tokatimizi aninda aliriq ele de olur Tanrinin sebrinden dolayi cezalandirmaz gec eder guc eder deyirler.
[email protected]
Comments are closed.