Budağında gül yerinə günah var

0
21

həyatİnsana diriykən ağlamaq lazımdır ki, göz yaşları boşa getməsin.

Halına ağlanan onun üçün kiminsə ağladığını görüb təsirlənməyə bilməz.

Ölünün dalınca ağlamaq ölü üçün ağlamaq deyil, özü üçün ağlamaqdır.

Ya ürəyi yandığından ağlayır, ya da kimlərəsə göstərmək üçün.

Kimisə sevmək üzünə baxa-baxa onun üçün ağlamaqdır.

Mən insanları diriykən, gözünün içinə baxa-baxa ağlamağı sevirəm.

Diri üçün axıdılan göz yaşı ürəyə tökülər, ölü üçün axıdılan torpağa.

Əslində ölümə ağlamıram, insanların həlak olmasına, dəyərsiz, urvatsız köçüb getməsinə ağlayıram.

İşə yaramadan qırılan bardaq, yer qazmadan sınan bel, əynə geyilmədən güvə yemiş köynək kimi ölümlərə ağlayıram.

Allahın dəyər verib yaratdığı insanın özünü dəyərsiz hala gətirməsinə

ağlayıram.

İnsanın elə o dəyərsiz halıyla dünyadan köçüb getməsinə ağlayıram.

İnsan dünyanın budağından asılı meyvə kimidir.

Kal meyvəni budağından qoparanda inad eləyir, qopmaq istəmir, qopanda da yerindən suyu axır.

Axan da sudur, ya göz yaşı, Allah bilir.

Amma zamanı çatanda yetişir, üzü allanır, içi ballanır, sanki “gəl məni dər” deyə çağırır.

Sən dərməsən belə öz ağırlığı ilə budağından üzülüb yerə düşər.

Meyvənin iradəsi yoxdur, içinə yazılmış  proqram Allaha, Onun qanunlarına təslimiyyətdir.

Səninsə iradən var, özünü yetişdirmək öz əllərindədir.

İnsan da yetişdikcə üzü allanır, ruhu ballanır.

Elə yetişir və bir hala gəlir ki, onu dünya bağçasından dərib alacaq əli gözləməyə başlayır.

Ölüm arzulanmaz, Allahdan ölüm dilənməz, amma gözlədiyin ən gözəl səfər kimi böyüyər içində.

Ölüm yoxluq deyil, yox olmaq deyil, yenidən dirilmədir, dünya yuxusundan ayılmadır.

Dünya qürbətindən doğma vətənə dönüşdür ölüm.

Ana bətnindən dünyaya gəlmək də ölümün bir növüdür əslində.

Bir ömür boyu görüşünə can atdığın sevgiliyə qovuşmaqdır ölüm.

Mövlananın ölümü “şəbi-ərus”, yəni vüsal gecəsidir.

Bilal Həbəşi öləndə “oxxay” deyirdi.

O “oxxay”ı çoxdan unutmuşdu Bilalın dodaqları, canını qurban dediyi sevimli Peyğəmbərindən (s.ə.s.) ayrılandan.

İndi susuzluqdan çat vermiş dodaq nəm daşı yalayan kimi “oxxay” deyirdi.

”Oxxay”,- deyirdi, – “Oxxay, Allahıma qovuşuram, sevgili Peyğəmbərimə qovuşuram”,- söyləyirdi.

Ölmək sevdiyinə qovuşmaqdır, nur istəyən nuruna qovuşur, nar istəyən narına.

Ölümü qorxu halından çıxarıb sevgiyə çevirmək təlimidir dinimiz.

Bir toplumda ölüm qorxu olmaqdan çıxmayıbsa, o taplumun dərdi böyükdür.

Şəhidlik – ölümün ən yüksək məqamı, həlak olmaq – ölümün ən ucuzudur.

Şəhid kimi ölmək içində bəslədiyin arzu olmadısa, hələ kalsan.

Şəhidlik şahidliklə mümkündür, Allaha, Rəsuluna, Kitabına, mələklərinə və ardınca gələnlərə…

Ölüm dünyadan və dünyadakılardan ayrılıqdır, üqbaya və üqbadakılara qovuşmaqdır.

Dünya həyatı uzun bir səfər zamanı bir ağacın dibində dincəlmək qədərdir, bir azdan yola davam var.

Bir zaman gəlir ki, tərəzinin o gözü bu gözündən ağır basır.

Ardınca gələnlər deyil, ardınca getdiklərin daha doğma, daha şirin gəlir sanki.

Bu dünyada murad yoxdur ərməyə,

Bir sevda var, bir həsrət var, bir ah var.

Əl uzatdım budağından gül dərəm,

Budağında gül yerinə günah var.

Ölünün dalınca ağlamazlar, ölüyə baxıb hər kəs özünü ağlasın.

O hər kimsə, hesabı qapandı, dəftəri büküldü…

Sən özünü düşün, özünü o tabutda uzananın yerinə qoy, aqibətini düşün…

İmam Hüseynə axıtdığı göz yaşları qurumamış Yezidə yaltaqlananın vay halına!

Dilində İmam Hüseyn var, amma onun yanında, onun yolunda deyil, qarşı tərəfin yanındadır.

Sən İmam Hüseyni ağlama, özünü ağla!

İmam Hüseynin yeri Babasının dizinin dibində, sənin məqamın nə olacaq?

İmam Hüseyn dünyanı tutub duracaq deyildi ki, amma əmanəti ən yüksək məqamında Sahibə təslim elədi.

Sən özünü düşün, sən özünü ağla, canım!

Allahın önünə açdığı iyirmi dörd vərəqli bu gün dəftərinə yazdın, nə köçürdün?

Nə aldın, nə satdın, nə itirdin, nə qazandın, qazandığın itirdiyinin yerini doldurdumu?

Yetişmiş meyvə budağından düşən kimi ölümün ağuşuna atılır yetişmiş insan.

Yetişmişə ağlamazlar, “ölümün mübarək!” deyərlər.

Ömür nədir, nə qədərdir, bilirsənmi? – Bir Ramazandır, Ramazan qədərdir.

Günahlara qarşı bir ömür oruc tutsan, sonu bayramdır, ölüm bayramı.

Əli Çərkəzoğlu, ZAMAN