Ailə və tərbiyə

1

TərbiyəTərbiyə deyəndə ağlımıza gələn ilk şey ailədir. Ailə isə cəmiyyəti təşkil edən kiçik cəmiyyətdir. Üstəlik, içində özünəməxsus qanunları olan bir cəmiyyət. Ailə təlim-tərbiyədə ən birinci yuva, ən birinci ocaq, ən birinci məktəbdir. Buna görə də tərbiyə, ilk növbədə, bu yuvadan, bu ocaqdan, bu məktəbdən başlamalıdır. Tərbiyə ilə bağlı həmişə dillərdə müxtəlif rəvayətlər gəzir. Bunlardan biri isə belədir: 

Ana körpəsini məşhur bir alimin yanına aparır və alimdən onu tərbiyə etməyi xahiş edir. Alim, əvvəlcə, usağın neçə günlük olduğunu soruşur. Körpənin qırxgünlük olduğunu öyrənəndə anaya onun artıq qırx gün gecikdiyini deyir…

Bu rəvayətdən çıxaracağımız nəticə isə açıqdır. Deməli, uşağı doğulduğu gündən, hətta ana bətnində ikən tərbiyə etmək lazımdır. Atalar yaxşı deyiblər: “Uşaq evin güzgüsüdür”. O, ailədə necə tərbiyə görürsə, bunu cəmiyyət içində mütləq büruzə verir. Əgər bir evdə Allah qorxusu, Peyğəmbər sevgisi yoxdursa və qarşılıqlı hörmətsizlik hökm sürürsə, uşağın zehninə də mənfi davranışlar həkk olunacaq. İslam əxlaqı ilə əxlaqlanmış ata-ananın övladları isə bu baxımdan daha xoşbəxt böyüyürlər. Onlar bu vasitə ilə Allahı və Peyğəmbərini daha yaxından tanıyır, İslamın qoyduğu qanunlar çərçivəsində böyüyə hörməti, qonşuluq haqqını, paylaşmağı və bu kimi həyatımıza işıq tutan davranış qaydalarını öyrənirlər.

Ailə cəmiyyətin ən vacib hüceyrəsidir. Bu hüceyrənin sağlam olması millət və dövlətin də sağlam olması deməkdir. Ailə qurmazdan əvvəl yüz ölçülüb, bir biçilməli, sırf Allah rizası üçün yuva qurulmalıdır. Peyğəmbərimiz (s.ə.s.) deyir ki: “Qadınla üç səbəbə görə evlənirlər. Gözəlliyi, var-dövləti və dini üçün. Ancaq siz onlarla dini üçün ailə qurun”. Təəssüf ki, gənclər ailə həyatı qurarkən xarici görünüşü və var-dövləti ön planda tuturlar. Evlənəcəyi insanın dini, əxlaqı onları çox da maraqlandırmır. Bu da gələcəkdə qarşısıalınmaz problemlərə gətirib çıxarır. Boşanmalar da buna görə son illər sürətlə artır. Nəticədə dağılan ailədə ən çox uşaqlar zərbə alırlar. Qanadının biri qırılmış quşlar kimi oradan-oraya atılırlar. Belə uşaqlar həyatdan küskün olurlar. Hələ körpələr evinə atılan uşaqları demirəm.

Valideynlərinin birindən ayrılmaq məcburiyyətində qalan uşaqlar heç vaxt ürəkdən gülmür, sevincləri dodaqlarına qonan gülümsəmədən ibarət olur. Gözü həmişə itirdiyi qanadını axtarır. Xoşbəxt görünməyə çalışır, ancaq bacarmır. Çünki artıq balaca əllərindən tutub onu gəzdirən isti ovuclardan biri yoxdur. Nağıllardakı qəhrəmanını itiribmiş kimi yatağında gizlicə ağlayır. Heç kim onun kiçik dünyasında nələr baş verdiyini, nə fırtınalar qopduğunu görmür. Yaşadıqlarını heç vaxt unutmur, ruhunda, qəlbində sağalmaz yaralar açılır. Bu cür həyat yaşamış uşaqların da gələcəkdə sağlam ruhlu ata-ana olması çətinləşir. İllər sonra da olsa, fəsadlar ortaya çıxır.  Ailənin mərkəzində qadın yer almaqdadır. Qadın çiyinlərində ağır və məsuliyyətli vəzifə daşıyır. O həm yaxşı ana, həm yaxşı həyat yoldaşı, həm yaxşı qonşu, həm də öz valideynlərinə yaxşı övlad olmaq məcburiyyətindədir. Qonşu deyirəm, çünki dinimiz qonşu ilə olan münasibətimizə böyük əhəmiyyət verir. Uca Nəbi (s.ə.s.): “Qonşusu ac ikən tox yatan bizdən deyil”, – deyir. Ana evinə sahib çıxmaqla yanaşı, qonşu haqlarını, qohumluq münasibətlərini də gözdən qaçırmamalıdır. Allahın ona bəxş etdiklərini bir əmanət kimi qəbul edib, onlara ən yaxşı şəkildə, haqqını verərək qulluq etməyi özünə borc bilməlidir. Çünki ata bütün günü işləyib ruzisinin arxasınca düşürsə, o sevgisi ilə körpələrini qucaqlayır və ya hərarəti ilə yuvasını isidir. Biz nə qədər böyüsək də, dünyanı dolaşsaq da, onun yeməklərindən daha dadlı yemək, əllərindən daha isti, nəvazişli əl tapa bilmərik. Nədənsə dara düşdüyümüz vaxt özümüzü onun qucağına atırıq. Bizi ən yaxşı o başa düşür, dərdimizə ən yaxşı o, şərik olur. O bizim ilk tərbiyəçimiz, ilk qoruyucu mələyimizdir. Ana uşağın ilk tərbiyəçisi olduğu üçün onun da imanlı olması vacibdir. Təkcə ananın deyil, atanın da uşağın tərbiyəsində rolu böyükdür. Uşaqlar atanı həmişə bir qəhrəman kimi görür, onun etdiyi hərəkətləri eyni ilə təkrar etməyə çalışırlar. Buna görə də evdəki hal və hərəkətlərimizə diqqət etməli, daim onlar tərəfindən göz qoyulduğumuzu unutmamalıyıq. Ata evinin dirəyi, həyat yoldaşının dayağı, övladlarının qəhrəmanıdır. O axşam işdən nə qədər yorğun gəlsə də, gülərüz olmağa çalışır. Axı evdəki balacalar bütün gün onun yolunu gözləyirlər ki, onunla oynasınlar. Həyat yoldaşı ondan diqqət tələb edir. Əlamətdar günlərini xatırlamasını, hədiyyələrlə qəlbini oxşamasını istəyir. Problemlər nə qədər onu yorsa da, o həmişə dik durmağa çalışır. Dirək nə qədər sağlam olsa, yuva da o qədər sarsılmaz olar. Evdə ailəsi sanki onun gözlərinin içinə baxır. Onun gözlərində bir az kədər gördülərmi, bu ailənin digər üzvlərinə də təsir edir. Bəzən gənc ailələr qürurlarına məğlub olur, ani qərarlar qəbul edir və boşanırlar. Əllərındən axıb gedən sərvətin dəyərini anlayanda isə artıq çox gec olur. İstəsələr də, onu geri qaytara bilmirlər. Buna görə də bizim üzərimizə düşən vəzifə gənclərimizə milli, mənəvi dəyərlərimizi aşılamaq, yox olmağa üz tutmuş adət-ənənələrimizi ön planda tutmaq, İslami dəyərlərimizi göz bəbəyimiz kimi qoruyub saxlamaqdır. Hər kəs sahib olduğu nemətlərin dəyərini anlasa, ona kifayət qədər qiymət versə, itirməzdən əvvəl ona sıx sarılsa, bu qədər boşanmalar olmaz, uşaqlar uşaq evlərinə düşməz, gələcək nəsillər daha sağlam ruhla böyüyərlər. Əgər övladlarımıza mənəvi dəyərlərimiz əsasında tərbiyə verməyi qarşımıza məqsəd qoysaq və buna az da olsa, nail olsaq, onda cəmiyyətin kiçik hüceyrəsi olan ailə təkcə bu dünyada deyil, axirətdə də əbədi olaraq davam edən cənnət bağçalarından bir bağça olar.

TƏRANƏ DƏMİRBAŞ, ZAMAN

1 comment

  1. Aile qurmaq cox asndir.Amma bu aileni qoruyaraq butun cetinliklerine sine germek,sebrle dozmek her insana nesib olmur.Tanri butun aileleri qorusun daim xosbext eylesin.Amin

Comments are closed.