Zərdabın Dəli Quşçu kəndində kütləvi məzarlıq varmı?

2
Ağtətə-Dəli Quşçu

Ağtətə-Dəli QuşçuÖlkəmizdə  arxeoloji qazıntıların aparılmasına ehtiyac olan xeyli ərazi var. Belə məkanlardan biri də Zərdab rayonunun Dəli Quşçu kəndində yerləşir. Rayonda çıxan “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov deyir ki, kəndin 2 kilometrliyində yerləşən və el arasında kütləvi qəbiristanlıq kimi tanınan yerdə “Ağtəpə” adlanan ərazi var: “Kənd sakinlərinin bildirdiklərinə görə, əvvəllər bu yerdə 3 təpə olub. Hazırda isə biri bir qədər alçaq olmaqla, 2 təpə mövcuddur”. 

İ. Əhmədov deyir ki, kütləvi məzarlığın mövcudluğu ehtimal edilən bu təpələrdə əsaslı qazıntı-tədqiqat işlərinə ciddi ehtiyac var: “Ərazidə yerdən təqribən 3 metr hündür olan əsas təpənin üstündə türk üslubunda yonulmuş və torpaqdan 70 santimetr hündürlüyü olan, başdaşına bənzəyən iri daş var. Yaşlı sakinlər deyirlər ki, nisbətən kiçik olan ikinci təpənin də üstündə daş varmış, həmin daşdan 1960-cı illərdə yaxınlıqdakı su kanalının qarşısını kəsmək üçün istifadə ediblər. Əgər ərazidə araşdırma aparılsa, o daşı tapmaq mümkündür”.

 “Qaytar, basdır yerinə”

İsaməddin müəllimin dediyinə görə, ötən əsrin 60-cı illərində meliorasiya işləri aparılan zaman “Ağtəpə”ni  dağıtmaq planı varmış: “Lakin bu təpəni azacıq qazandan sonra çoxlu insan sümükləri, zədələnmiş insan, hətta çoxlu uşaq kəllə və sümükləri üzə çıxıb və buna görə də işlər dayandırılıb. Vaxtilə bu yerlərdə suçu işləmiş Mirzə kişi deyirdi ki, suyun qarşısını kəsmək üçün bu təpədən torpaq götürəndə çoxlu uşaq kəllələri, insan sümükləri üzə çıxırdı, o kəllələrin bir neçəsini kəndə gətirib, yaşlı adamlara göstərirdim, deyirdilər, qaytar , basdır yerinə. Yoxsa, bundan ötrü başın ağrıyar… “

İsaməddin Əhmədov
Zərdab rayonunda çıxan “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov

 “Günahsız insanlara burada yetişərək qətlə yetiriblər”

İsaməddin Əhmədovun sözlərinə görə, Dəli Quşçu kəndinin 82 yaşlı sakini Ağahüseyn Ağayevin nənəsindən eşitdiyi maraqlı xatirələri var: “Ağahüseyn Ağayevin nənəsi danışarmış ki, bu təpədə Şamaxı və Kürdəmir tərəflərdən üzü bəri qaçaraq ermənilərdən canını qurtarmağa cəhd edən arvad-uşaq dəfn olunub. Nənəsinin danışdığına görə, türklər gələnə qədər erməni quldurları Şamaxı və Kürdəmirdə baş verən qırğınlardan canını qurtarmağa çalışan və bu məqsədlə həmin əraziyə üz tutan günahsız insanlara burada yetişiblər və hamısını vəhşiliklə qətlə yetiriblər”. Dəli Quşçu kəndinin digər sakini, hazırda Zərdab şəhərində yaşayan Məşədi Sabirin də nənəsindən eşitdiyi fikirlər çox maraqlıdır: “Nənəmiz həmişə bizə deyərdi ki, ora erməni-türk təpəsidir, o təpəyə yaxın getməyin”…

İ. Əhmədov onu da bildirdi ki, qonşu kənddən olan Hacalı adlı ağsaqqal deyir ki, uşaq vaxtı böyüklərin həmin əraziyə getməyə qadağa qoymasına baxmayaraq, ora yollanıb və köhnəlmiş, pas bağlamış silah tapıb. Hacalı kişinin dediklərindən: “Mən uşaq idim, atamgilin ferması o təpənin yaxınlığında idi. Valideynlərimiz bizə o təpəyə getməyə izn vermirdilər. Amma bir dəfə mən ora getdim və tamam paslanmış naqan tapdım. Sevinə-sevinə atama apardım, kişi vahimə içində dedi ki, heç kəs bilməsin, apar xəlvətcə yerinə basdır”…

Qeyd edək ki, uzun illər burada xəzinə gizlədildiyinə inananlar da olub və təpəni dəfələrlə xəlvətcə qazıblar, lakin insan sümüklərinin çıxdığını görəndə oradan uzaqlaşıblar.

 “Qazıntı-tədqiqat işlərinə ciddi ehtiyac var”

Məşədi Hacalı bir maraqlı hadisəni də nəql edib: “1960-cı illərin sonlarında ruslar gəlib bu təpənin yanında çadır qurub, 2-3 gün nə iləsə məşğul oldular, yerli adamları yaxına buraxmırdılar. Sonra onlar çıxıb getdilər.

Deyilənə görə, böyük təpədə türklər ermənilərin burada haqlayaraq qırdıqları müsəlmanları dəfn ediblər. Tək başdaşını da türklər gətiriblər, çünki bu ərazidə o tip daşa rast gəlmək mümkün deyil”…  İsaməddin Əhmədovun sözlərinə görə, tamam başqa versiyalar da söyləyənlər, hətta bu təpələrin Şah İsmayıl Xətaidən qaldığını eşitdiyini deyənlər də var: “Lakin yerli sakinlərin çoxu bunu səhv ehtimal hesab edir. Ərazi daha çox ermənilərin qətlə yetirdikləri günahsız insanların basdırıldığı yer kimi tanınır”.

İsaməddin Əhmədov: “Hər halda, hesab edirik ki, bu təpələrdə əsaslı qazıntı-tədqiqat işlərinə ciddi ehtiyac var. Əgər belə bir iş aparılsaydı , çox mətləbləri aydınlaşdırardı”…

 Tarixi faktlarla…

Ərazidə arxeoloji qazıntılar aparılmadığı üçün, əlbəttə, bu mövzuda konkret danışmaq, konkret fikir bildirmək bir qədər çətindir. Lakin bütün hallarda bu fikirlərlə bağlı mütəxəssislərin ilkin ehtimalını öyrənməkdə fayda var. Odur ki, bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət etdik. Yazının birinci hissəsində göstərilən faktlar instituta təqdim olunduqdan sonra bizə bir neçə gün gözləməyi məsləhət gördülər. Deyilən vaxt tamam olduqdan sonra institutun əməkdaşı Taleh Əliyev bizimlə söhbətində səsləndirilən ehtimallarla bağlı bunları söylədi. Bir daha qeyd edək ki, ərazidə arxeoloji qazıntılar aparılmayıb, bu səsləndirilən fikirlər faktlar əsasında ilkin ehtimallardır: “1918-ci il soyqırımı zamanı Şamaxı qəzasında Stepan Lalayan (Stepan Lalayev) və onun havadarları Samson Aspirov və Saatsazbəyovun erməni milli şurasının və bolşeviklərin erməni qanadı vasitəsilə vəhşicəsinə törətdiyi qırğınlar hamımıza məlumdur. Bu qırğın zamanı Gəncədən İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə hadisələrin qarşısını almaq üçün kömək gəlsə də, ermənilərin arxadan aldıqları hərbi dəstək onların vəhşiliklərini davam etdirməyə imkan verirdi. Azərbaycan Xalq Cümhuriyyəti zamanında təşkil olunmuş Fövqəladə İstintaq Komissiyası baş vermiş bu hadisələri araşdırmışdır. Araşdırma zamanı yerli sakin Mövsüm bəy Sadıqbəyovun sözlərindən aydın olur ki, hücumdan əvvəl ermənilər Kürdəmirdə – Mədrəsə ərazisində bir neçə araba silah yerləşdirmiş və öz hərbi dəstələrini hücum üçün hazır vəziyyətə gətirmişlər. Karrar stansiyası ətrafından da xeyli kömək gəlmişdi. Məhz bu ərazidən Şamaxıya qırğın üçün hücum olundu”.

 “Məzarlığın olmasını ilkin ehtimalla söyləmək  mümkündür”

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Taleh Əliyev deyir ki, bu zaman 80-dən çox kənd tamamilə məhv edilmişdi: “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında yazılır: Şamaxı qırğınından salamat qaçan əhali Göyçay qəzasının müxtəlif rayon və kəndlərinə pənah aparmışdılar. Müsəlman əhalinin bir qismi Kürdəmirə gəlmişdi. Lakin bu qırğından təxminən bir ay sonra ermənilər Kürdəmirə hücum edib, evləri yandırdılar. Nəhayət, əhali xilas olmaq üçün Göyçay qəza mərkəzinə qaçmağa məcbur oldu. Lakin Qarasu bataqlığını keçə bilmədiklərindən əksəriyyəti buradaca qırıldı. Qeyd etmək lazımdır ki, qaniçən ermənilər bununla da sakit qalmayıb, onların arxasınca düşür və ələ keçirdikləri uşaq, qoca və qadınları amansızcasına məhv edirdilər. Məhz Zərdab ərazisində, Türyançayın əsas qolu olan Qarasu çayına doğru edilmiş hücumda da müsəlman əhaliyə amansız divan tutulmuşdur. Yerli sakinlərin və 1918-ci ilə məxsus Fövqəladə İstintaq Komissiyasının sənədlərinə əsasən, Zərdabın Dəli Quşçu kəndinin ərazisində həmin soyqırımı qurbanlarının kütləvi şəkildə öldürüldüyü məzarlığın olmasını ilkin ehtimalla söyləmək mümkündür. Ümumilikdə, Zərdab ərazisində arxeoloji cəhətdən tədqiqata ehtiyacı olan istər alban dövrü, istər orta əsr və istərsə də 1918-ci il qırğınlarını özündə əks etdirən məzarlıqlar var. Gələcəkdə bu ərazidə aparılacaq arxeoloji tədqiqat işləri tariximizin bir çox qaranlıq səhifələrini işıqlandırmağa imkan verəcəkdir”. Biz bu yazımızla səsləndirilən faktları və  Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ilkin rəyini təqdim etdik. Ardı qalır bundan sonra aparılacaq araşdırmalara. Hər halda, hansı dövrə aid olmasından asılı olmayaraq, ərazidə qazıntıların aparılması yeni faktların üzə çıxarılması deməkdir. Ümid edək ki, bu yazımızdan sonra məsələ aiddiyyəti qurumlar tərəfindən araşdırılacaq.

Mövzu ilə bağlı fərqli fikirləri də işıqlandırmağa hazırıq.

Nicat İntiqam.

2 ŞƏRH

  1. Kendimize qurban olum olsada olar kendimizde kutlevi mezarliq bizim kend tarixi yerdi axtarsalar hele kendimizden cox weyler cixarmaq olar!!!

  2. Mən özüm şəxsən dəfələrlə bu yerdə olmuşam. Bu ərazi ilə əlaqədar mənimdə eşitdiyim bəzi epizodlar var. Dəliquşçu kəndində yaşamış rəhmətlik İmamverdi kişi söhbət edirmiş ki (hardasa 1920 təvəllüd olardı) biz uşaq olanda da bu təpə burda mövcud olub və onda da çoxdandan qaldığı hiss olunurdu. Ağtəpədəki daşın eynisinin biri hazırda Yusifin yatağı deyilən ərazidə idi. Hazırda İcra Hakimiyyətində bağban işləyən Hümmət İsrəfilovla o daşa şəxsən özüm 1992-ci ildə dəfələrə baxmışam.Üstündə ərəbcəyə oxşar yazı var idi. daş sonralar ordan yoxa çıxdı.Ağtəpədə qazıntı zamanı isə ordakı sümüklərin rənginə görə yerli olmayan adamların sümükləri olduğu güman olunurmuş. Bunu bizə o dövrdə S.Mehrəliyev kolxozunun sədri olmuş Şirvan Mehrəliyev söhbət etmişdi.Hər halda son sözü arxeoloqlar deyəcək

Şərh yaz

Please enter your comment!
Please enter your name here

8 + fifteen =