Oruc – kökü bu dünyada, meyvəsi axirətdə olan bərəkət ağacı

1
27

Ramazan ayıAllah-Təala buyurur ki, hər ibadət qulun özü, fəqət, oruc Mənim üçündür. Üstəlik onu da vəd edir ki, bu ibadətin savabını Özü verəcək. O mükafat nə olacaq, nə qədər olacaq, bunu düşünməyə, təsəvvür etməyə insan ağlı acizdir. Çünki bütün hallarda bizim təsəvvürümüz İlahi nemətlər yanında çox bəsit, çox cılız olacaq.

Bir ağacın ən bərəkətli çağı heç şübhəsiz, meyvələrini verdiyi aylardır, onun ən ümidli zamanı isə tumurcuqlarının açıldığı günlərdir. Azərbaycan Ramazan məsələsində bu gün bərəkətli günlər yaşayır. Sovet hakimiyyəti illərində Ramazanda oruc tutanları deyil, Ramazandan xəbəri olanları barmaqla sayardılar. O günlərdə Ramazan bayramından xəbəri olanlar bir-birini təbrik edərdilər. Son illər isə Ramazan ayı girər-girməz insanlar bir-birini müjdələyərək təbrik etməyə başlayırlar. Dostlar süfrələrini də, könüllərini də bir-birinə açaraq daha da yaxınlaşır, doğmalaşırlar. Gecələr qılınan təravih namazlarında məscidlər cümə namazlarındakı kimi dolub-daşır. İnsanların danışığına artıq iftar, sahur, imsaqiyyə, qəndil kimi ifadələr daxil olmuşdur.

Bütün bunların bir izahı var: Azərbaycan xalqı, xüsusilə də gənclər bir zamanlar əllərindən zorla alınmış, amma qəlblərdən çıxarıla bilməyən imana ilk fürsətdəcə sarıldılar. Başlanğıc nöqtəsi kimi Allah-Təalanın “savabını ancaq mən bilirəm” buyurduğu müqəddəs Ramazandan daha gözəl nə ola bilər ki? O Ramazan ki, 11 ayın sultanıdır və içində min aydan daha xeyirli bir gecə bulunmaqdadır.

Mübarək Ramazan girincə, dini inancı çox da yüksək olmayan bir çox insanların da oruc ibadətinə başladığı müşahidə olunur. Ola bilsin ki, bəziləri bunun pəhriz məqsədilə icra edildiyini düşünə bilərlər, amma mən bunun heç də belə olduğunu qəbul etmirəm. Çünki Ramazandakı yemək rejimi pəhriz üçün heç də əlverişli deyil. Pəhrizin şərtləri ilə orucun şərtləri bir-birindən kəskin şəkildə fərqlənir. Həm də o insanlar orucu pəhriz niyyəti ilə tutsaydılar, bunu Ramazanda deyil, hər hansı başqa bir ayda icra edərdilər. Burada əslində bir çox insanın izah etməkdə çətinlik çəkdiyi bir şey var ki, o da Ramazanda hər şeydə olduğu kimi, inanca da gələn bərəkətdir. Bunun başqa bir izahı düşünülə bilməz. Ramazan bərəkətindən başqa heçnə gecənin bir vaxtı adamları şirin yuxudan qaldırıb yemək yeməyə sövq edə bilməz, bu işi hətta kiçik uşaqlar üçün belə çox sevimli bir işə çevirə bilməz. Hansı güc siqaret və digər pis vərdişləri olan insanları 16 saat bu alışqanlıqdan uzaq tuta bilər? Təbii ki, bunlar hamısı Ramazanın bərəkəti ilə gerçəkləşir.

Ramazan ac, çılpaq və kimsəsiz adamların dərdini anlamaq ayıdır, bu da Ramazanın başqa bir gözəlliyi və bərəkət qapısıdır. Bunu duya bilənlər, duyub bu mövzuda iş görə bilənlər heç şübhəsiz, daha xeyirlidirlər. Bu ayda təkcə oruclu olmaq deyil, həm də dərdlinin dərdini başa düşmək, ona şərik olmaqdır insanı əsl məqsədə yetişdirən. Bir ay boyunca iftar ərəfəsində mədəmizdən gələn aclıq hissinin çoxları üçün gündəlik həyat tərzi olduğunu başa düşə biləcəyikmi? Süfrəmizi neçə imkansıza aça biləcəyik, neçə kimsəsizi ziyarət edəcəyik, neçə çarəsizə çarə qıla biləcəyik. Allah-Təala bu suallara könül xoşluğu ilə cavab verə bildiyimiz Ramazanlara yetişdirsin bizləri. Amin!

1 comment

  1. Ramazan ayının başlanması münasibətilə bütün izləyiciləri və saytın yaradıcı kollektivini ürəkdən təbrik edirəm.

Comments are closed.