Milli mətbuata cığır açan “Əkinçi”

4

ekinci qezetiAzərbaycan mətbuatında əbədi iz buraxmış şəxsiyyətlər sırasında Həsən bəy Zərdabinin adı qızıl xətlə keçir. 1860-cı ildə Tiflis gimnaziyasını bitirən H. B. Zərdabi Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq şöbəsinə qəbul olunub. 1865-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən Zərdabiyə elmi şuranın qərarı ilə nümunəvi əxlaqına və əla müvəffəqiyyətinə görə təbiət elmləri namizədi elmi dərəcəsi verilir.
Ali təhsil ocağında oxuduğu müddətdə Həsən bəy tələbələr arasında xüsusi seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılır. Lakin vətəninə, doğma Azərbaycanına olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu gənc, perspektivli müəllimi Azərbaycana çəkib gətirdi. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyən Zərdabi daha sonra Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başladı.
Gündəlik həyatında və işində xalqla sıx bağlı olan Zərdabi asudə vaxtlarını xalq arasında keçirir, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirirdi. Onun apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdı.
Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etdi. Xeyli zəhmətdən, əzab-əziyyətdən sonra o, 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq oldu. Bu mətbu orqanla milli mətbuatımızın əsası qoyuldu.
1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb.
“Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvaninin, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunurdu.
Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdu. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin səslənməsi təbii ki, Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi.
Ilk mətbu orqan kimi “Əkinçi” öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şeirlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi. Təbii ki, bu cür demokratik məqalələrindən sonra çarizmin diqtəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraq insanlar yerbəyerdən “Əkinçi”nin üzərinə hucuma keçdilər.
1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Milli mətbuatımızın ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan “Əkinçi” realist ədəbiyyatımızın inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də, belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.Müsəlman dünyasının ilk təbiətşünas alimi “Milli elm tariximizdə təbiətşünas kimi tanınan Zərdabi “Torpaq, su və hava”, “Bədəni salamat saxlamaq düsurül əməlidir”, “Sümük, ət, beyin”, “Insan bədəninin florası”, “Orqanizmin yoluxucu mikroblara qarşı mübarizəsi”, “Sərxoşluğa qarşı peyvənd” və s. məqalələrini yazmışdır.
Pedaqoji fikir tariximizdə görkəmli maarifçi-pedaqoq, milli təhsil tariximizdə azərbaycanlı müəllimlərin ilk qurultayının təşkilatçı və rəhbərlərindən biri olan Həsən bəy Zərdabi həm də milli teatr tariximizdə ilk tamaşaların rejissoru kimi ictimai-mədəni fikir salnaməmizdə özünə yer tutmuşdur. Mətbuat tariximizdə onun rolu çoxşaxəlidir: ana dilində ilk mətbu orqanın təsisçisi, redaktoru, naşiri, dərin məzmunlu publisistik məqalələr və orijinal bədii nəsr nümunələrinin müəllifi…
H.B.Zərdabi filosof və təbiətşünas kimi məşhur olmaqla yanaşı, həm də milli mədəniyyətimizi duyan və dəyərləndirən bir sənətşünas-mədəniyyətşünas olmuşdur.Görkəmli ədib və pedaqoq bir xalq yaradıcılığı bilicisi kimi şifahi ədəbiyyatın mahnı, nağıl və atalar sözləri kimi janrlarını toplamışdır. O, bu janrlar içərisində mahnılara geniş yer vermiş, mahnıların tarixi-ictimai, sosial-mədəni dəyərini belə səciyyələndirmişdir: “Hər tayfanın vətəndaşlıq və millətin keçmişdə olan yaman və yaxşı günlərini şərh edən mahnıları olur ki, bu mahnılar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur”.
Göründüyü kimi, mütəfəkkir pedaqoq-alim xalq yaradıcılığının əsl bilicisi kimi xalqın mənəviyyat və dünyagörüşünün formalaşması və inkişafında aşıq sənətinin rolunu yüksək dəyərləndirmiş, aşıqların repertuarında tarixi məzmunlu mahnıların olmasını vacib saymış, bunu əsaslandırmışdır.”Əkinçi”dən sonrakı fəaliyyəti…
“Bizim nəğmələrimiz” adlı məqaləsində H.B.Zərdabi şeirin və musiqinin insan mənəviyyatına, insan əxlaqına təsirini çox aydın və dəqiq ifadə edərək nəğmələrin toplanılmasına üstünlük verirdi.
H.B.Zərdabi şairlərə mahnılar üçün mətnlər yazmağı tövsiyə etməklə yanaşı, özü mövcud mahnılarımızı toplamış, sistemə salaraq nəşrinə çalışmışdır. Xalq nəğmələrini toplayıb Tiflisə göndərərkən H.B.Zərdabi iki məqsəd izləmişdir: bu el sənəti nümunələrini çap etdirib yaşatmaq; çap olunmuş bu nümunələri Bakı məktəblərinin şagirdlərinə oxumaq üçün paylamaq.
“Əkinçi” qəzeti nəşrini dayandırdıqdan sonra, 1880-cı ildən başlayaraq Həsən bəy doğma kəndi Zərdabda yaşamağa başladı. O, kənd təsərrüfatı sahəsində kəndlilərə yaxşı məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını da çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq Zərdabi yenə də mətbuatda fəal iştirak edirdi.
1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.
Həyatının son illərində Zərdabi Bakı şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq edirdi. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də qocaman maarif xadimi, görkəmli mütəfəkkir Zərdabi olmuşdur.
Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic xəstəliyinə tutuldu və 1907-ci il noyabr ayının 28-də vəfat etdi. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılıb. Mərhumun sümüklərini bir-neçə il ailəsi qoruyub saxlayıb. Nəhayət, Həsən Bəy Zərdabinin 50 illik yubleyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunub.

Araşdırmaçı Jurnalistlər Qrupu

4 ŞƏRH

  1. Hormetli nicat bey teklifinize ehsen terlan xanima ad coxdan verilmeli idi inweallah edaletli bir qerar veriler

Şərh yaz

Please enter your comment!
Please enter your name here

twenty − eleven =