Orucluya gündüz yuxusu dərman kimidir

1
yatmaq

yatmaqUca Peyğəmbərimiz (s.ə.s.) bir hədisi şərifində orucun rahat keçməsi üçün 4 amil sayır ki, onlardan biri də gündüz yuxusudur. Bir çox insanımız həm oruc tutur, həm də fiziki işlə məşğul olur. Daha doğrusu, fiziki iş onun ailəsinin dolanışıq mənbəyidir. Bu cür həyat tərzi yaşayan qardaş və bacılarımıza məsləhət görürük ki, mümkünsə günorta yatsınlar, həm də azı iki saat.

Bəlkə də özünüz hiss etmirsiniz, amma əmin olun ki, Ramazanın əvvəlindən bəri oruc tutan adamın orqanizmi zərərli maddələrdən, xüsusilə də duzlardan xeyli dərəcədə təmizlənib. Yəni indi bir qədər tədbirli olun ki, ayın əvvəlindəki qədər tərləməyəsiniz. Əgər oruclu olduğunuz halda gərgin fiziki işlə məşğul olaraq həddən artıq tərləsəniz, bədəninizdə duzun miqdarı düşər və ya qan təzyiqiniz kəskin şəkildə enər və ya susuzluq sizə əziyyət verər, nəticədə bayıla bilərsiniz. Bir ay sizin vücudunuzun tamamilə təmizlənməsi, yenilənməsi üçün tibbi baxımdan ən optimal müddət sayılır. Ona görə də Ramazanda hər şeyin tədrici inkişafına əməl etmək lazımdır. Unutmayın ki, orqanizm elə harmoniya ilə fəaliyyət göstərir ki, onun fəaliyyətini gərmək əksər hallarda fəsad çıxarır.

Günorta yuxusu orqanizmin itirilmiş enerjini bərpa etməsi üçün çox mühüm bir fürsətdir. Əksər müşahidələr göstərir ki, oruclu ikən susuzluq duyğusu ilə yuxuya getmiş olsanız belə oyananda adam özünü xeyli rahat, əvvəlkindən daha dözümlü, daha tox hiss edir. Təkcə susuzluq deyil, günorta yuxusu zamanı orqanizm özü qanda şəkərin miqdarını da tənzimləyir. Əslində sizin yuxuya getdiyiniz o iki saat müddətində orqanizm özünübərpa prosesi ilə məşğul olur.

Bir məsələni xatırladım ki, oruc tutmaq insanda qan təzyiqi xəstəliyinin əmələ gəlmə ehtimalını da xeyli  aşağı salır və əgər qismət olsa, gələn saylarımızın birində bu mövzuda söhbətləşərik. İndi isə bir daha təkrarlayırıq ki, bu uzun yay günündə oruc ibadətini könül xoşluğu ilə davam etdirə bilmək üçün yaxşı olar ki, günorta vaxt tapıb yatasınız. İnanın ki, bu yuxu sizin sağlamlığınız üçün dərman kimidir.

1 comment

  1. Allah tutulan butun oruclari edilen ibadetleri oz dergahina qebul etsin.Raziyam bu fikirlerle.Tesekkurler////

Şərh yaz

Please enter your comment!
Please enter your name here

4 × five =