Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur

3
56
Hesen-bey-ZerdabiBu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 138 il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. “Əkinçi” əsasən maarifçilik missiyasını üzərinə götürmüşdü.

Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.

“Əkinçi” qəzeti ilə milli mətbuatımızın tarixi başlansa da, ondan sonra mətbuatda müxtəlif dövrlər yaşandı. “Əkinçi”  ilə başlanan yol sonradan “Kaspi”, “Kəşkül”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet-jurnallarla davam etdi. Bütün bu qəzet və jurnallar ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar.

O vaxtdan ötən 137 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

1998-ci ilin avqustunda ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ilin iyunun 11-də imzaladığı sərəncamla Azərbaycan milli mətbuatının 135 illik yubileyi bütün ölkədə qeyd olunub.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa imkan verib.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı bina tikintisinə başlanılıb. Məlumata görə, mətbuatın yaranmasının 138 illiyi münasibətilə keçiriləcək mərasimdə mənzillərin açarları jurnalistlərə təqdim olunacaq.

Bayramınız mübarək, jurnalistika ilə gerçəkdən məşğul olan həmkarlar!

3 ŞƏRH

  1. İyulun 22-si Azərbaycan Jurnalistikası Günü, milli mətbuatın 138-ci ildönümü bayramı münasibətilə bütün jurnalistləri təbrik edir, onlara möhkəm can sağlığı, bu şərəfli işlərində müvəffəqiyyətlər, iti qələm və obyektiv yazılar arzulayırıq.
    Peşə bayramınız mübarək!

  2. Bütün peşəkar mətbuat işçilərini, xüsusilə “Əkinçi” qəzetinin bütün əməkdaşlarını təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq!!!!!

  3. Mende oz novbemde Ukrainanin Xarkov seherinde yasayan butun hemyerlilerimiz, uzvu oldugum Aynur-Xatun cemiyyetinin butun uzvleri adindan sizin butun emekdaslarinizi basda rehberlik olmaq sertile semimi qelbden tebrik edirem.Ugurlarinizin say-hesabini saymaqla bitmesin.Bu ilki pese bayrami sizin ucun yalniz ve yalniz ugur getirsin.

Comments are closed.