Daim sevgi ilə xatırlanan Məlahət müəllimə

0
29

Ana diliSöhbət Yarməmmədbağı kənd tam orta məktəbinin müəlliməsi Məlahət Əliyevadan gedir. 

Müəllim məktəbdə əsas simadır. Bu simanın savadı, biliyi, təcrübəsi, ictimai, siyasi-əxlaqi keyfiyyətləri, mənən zənginliyi, vətəndaşlığı, aydın, səlis diksiyası, düzgün tələffüzü, fənni mənimsətmək məharəti tam halda onun varlığını üzə çıxaran amillərdir. Əgər hər hansı bir müəllim dərs dediyi dildə öz fikrini anlaşıqlı şəkildə şərh edə bilmirsə, onun verdiyi dərsin faydası istənilən səviyyədə olmayacaq. Bu zaman dili qrammatik cəhətdən bilmək də azdır, həm də onun bütün gözəlliklərini qorumaq, ətrini, şirəsini fəhmlə duymaq lazımdır. Bax buna görə, dili sevərəkdən yaşatmaq çox vacibdir. Tarixə nəzər salsaq görərik ki, ana dilimizin inkişafına dövlətimizin həmişə xüsusi diqqəti, qayğısı olub və fəxr edirik ki, Azərbaycan dili qədim tarixə malik 50 milyonluq  bir xalqın dilidir. Ümummilli lider Heydər Əliyevin imzaladığı 2001-ci il 9 avqust tarixli Fərmana əsasən  hər il avqustun 1-i respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu tarix xüsusilə Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyən müəllimlərimiz üçün çox önəmlidir. Axı, bu ziyalılar dilimizin saflığı keşiyində vətənpərvər fədakarlığı ilə dayanırlar. Məlahət müəllimə də belə xanımlarımızdandır. 40 ilə yaxındır ki, Azərbaycan dilinin düzgün mənimsənilməsi və öyrədilməsi uğrunda çalışır. Azərbaycan ədəbiyyatını sevə-sevə tədris edir. İşlədiyi Yarməmmədbağı kənd tam orta məktəbinin məzunları ali məktəblərə qəbul zamanı məhz Məlahət müəllimənin səyi nəticəsində yüksək  göstəricilərə nail olurlar.

Məlahət Əliyevanın ziyalı bir ailəsi var. Həyat yoldaşı Füzuli müəllim  onunla eyni məktəbdə işləyir, coğrafiya fənnindən dərs deyir, bütün övladları ali təhsillidir. Müəllimə işlədiyi məktəbdə həm də təşkilatçı müavindir. Bu sahədə də nümunəvi fəaliyyəti hər kəsdə rəğbət oyadır. Məktəbdə yaddaqalan tədbirlər təşkil edir. Dərs dediyi siniflərdə şagirdlərin məhəbbətini, pedaqoji kollektivdə müəllimlərin hörmətini qazana bilib.

Mən Məlahət müəllimə ilə tez-tez görüşürəm. Konfranslarda, rayon qadın ictimaiyyəti fəallarının yığıncaqlarında, müxtəlif istiqamətli tədbirlərdə birgə iştirak edirik. Müəllimənin kürsülərdən çıxışlarını çox dinləmişəm, onunla yol yoldaşı olmuşam, ümumi mövzularda müxtəlif  söhbətlər etmişəm. Həyata baxışı, dünyagörüşü ilə tanış olmuşam. Münasibətlərimizdə onun ziyalı mövqeyi xoşuma gəlib. Azərbaycan folkloruna, klassiklərimizə, müasir şair və yazıçılarımıza həmişə özəl bir baxışı olub. Həsən bəy Zərdabini bir həmyerlisi kimi yox, həm də dahi şəxsiyyət kimi yüksək qiymətləndirir. Söhbətlərində təkcə Zərdabidən deyil, ayrı-ayrı Azərbaycan ziyalılarından elə gözəl nümunələr gətirir ki, bu xanıma heyran olmamaq mümkün deyil.

Məşhur pedaqoqların əsərlərindən oxumuşam ki, müəllim sözdən istifadədə sənətkar məharətinə malik olmalıdır. Qədim  yunan filosofu Aristotel isə deyib ki, “Həqiqətən də həyəcanlanan həyəcanlandıra , … bilər”. Məlahət müəllimə Azərbaycan dilini sevə-sevə tədris edir, sevə- sevə öyrədir. Öyrədərkən həyəcanlanır, öz gözəl emosiyaları ilə şagirdlərini də yaxşı mənada həyəcanlandırır. Dərs dediyi yeniyetmələrə öz mənəvi dünyasından pay verir. Əziz müəllimə, Allah bu sevgini Sizdən heç vaxt əsirgəməsin. Bulaq kimi çağlayan qəlbinizi zəngin diliniz həmişə beləcə-məhəbbətlə ifadə etsin!

TƏRLAN ABDULLAYEVA, “Əkinçi”nin müxbiri.