Bizim “Sevgililər Günümüz” ölüb

1
32
Zamiq Zərdabi
Zamiq Zərdabi

Zamiq Maarif oğlu Abdullayev (Zərdabi) – Zərdab şəhərində anadan olub. İlk şeirlərini 10 yaşında yazmağa başlamışdır. Bakı Dövlət Uniersitetinin Tarix fakultəsini bitirmişdir. Hazırda Zərdab şəhər 1 saylı texniki-humanitar liseydə müəllim işləyir.

Zamiq Zərdabi nəsr əsərlərində də qələmini sınayan şairlərdəndir. Bir romanı, bir povesti, xeyli sayda hekayələri var. Hazırda “Yalquzaq” adlı ikinci romanı tamamlanmaq üzrədir.

Bu gün də qəm gəlib

Bu gün də qəm gəlib, qəm qonağımdır,

Könül, dur ayağa, qəmi qarşıla.

Kədər başım üstə çilçırağımdır,

Yığılıb gəlsə də cəmi, qarşıla.

***

Elə vəfalıyam, elə sadiqəm,

Qəmin də ən yaxın dostu olmuşam.

Mən özüm kədərə, qəmə aşiqəm,

Hsərətə, nisgilə bağlı qalmışam.

***

Almayın, almayın qəmi əlimdən,

Mənə düşmür sevinc, xətası olur.

Onsuz mənim qəmim elə güclüdür,

Sevincin yerini alası olur…

29.06.2013

*******************************************************************

Bizim “Sevgililər Günümüz” ölüb

Bizim “Sevgililər Günümüz” ölüb,

Bu gün düz beşinci il dönümüydü.

Hansısa sevginin doğum tarixi,

Hansısa sevginin ölüm günüydü.

***

Kimsə gül gətirir sevgilisinə,

Bir sevən ürəyi şad eləməkçün.

Bəlkə bu gün gedək qəbir üstünə,

Ölən sevgimizi yad eləməkçün.

***

Neyləyim çarəsi olmadı əlbət,

Gözünü yollara dikən, mən oldum.

Bu eşqi öldürən sən oldun, fəqət,

Ömürlük cəzanı çəkən, mən oldum.

15.02.2013

*******************************************************

Düşdün

Gör neçə ilimi aldın əlimdən,

Sən mənim ömrümə boşuna düşdün.

Bir şeyə pis ollam, niyə axı sən,

Ömrümün ən yaxşı yaşına düşdün.

***

Səndə daha nəyim qaldı, bilmirəm,

Səni hansı zalım aldı, bilmirəm,

Səni kim toruna saldı, bilmirəm,

Bəlkə də, elə öz xoşuna düşdün!?

***

Nə qədər cəhd etdim, bacarmadım mən,

Fikrim də, ruhum da, xəyalım da – Sən!

İstədim mən səni salım gözümdən,

Gəldin ürəyimin başına düşdün.

07.04.2013

1 comment

  1. Serleri seve-seve oxuyuruq,kitabi da bizde olsa cox sevinerdik.Yaradiciliq ugurlari,can sagligi,bol oxucu!

Comments are closed.