Tərpənsənə … Əllər də sənin, baş da sənindir!

1
27

ümidBiz başqaları haqqında hüsnü-zənn etsək də, onlara kamil insan gözüilə baxsaq da, öz nəfsimizə “Ey qüsurlu, xətalarla dolu, zavallı nəfsim, heç cür yetkinləşmir, kamilliyə çata bilmirsən” deməyi bacarmalıyıq. Bu şərtlə ki, bu düşüncə bizi ümidsizliyə salmasın. Şairin məşhur “Yağmur” şeirində dediyi kimi, biz də:

“Yağmur, səni gözləyən bir daş da mən olsaydım,

Çöldə səni özləyən bir quş da mən olsaydım,

Toxunduğun kiçik bir naxış da mən olsaydım,

Sənə zillənib baxan baxış da mən olsaydım”,- deyib, Ona olan eşqimizi dilə gətirə bilərik. Ancaq “Buna da çox şükür. Səni tanımasaydım, Sənin nurundan məhrum qalsaydım, onda halım necə olardı?!” düşüncəsi də ağlımızdan çıxmamalıdır.

Qardaşı Zeyd bin Xəttabın Yəmamə döyüşündə şəhid olduğunu eşidən Həzrəti Ömər hüznlənmiş, “Səba yeli əsdikcə Zeydin qoxusunu alıram,” deyib kədərini dilə gətirmişdi. Bir gün şair Mütəmmim bin Nüveyrə ona baş çəkir. Mütəmmimin qardaşı Malik Yəmamə döyüşündə iştirak etsə də, mürtədlərin cərgəsində can vermişdi. Həzrəti Ömərin kədərini görən Mütəmmim: “Ey Ömər, Yəmamədə sənin qardaşın şəhid olub cənnətə gedəndə mənim qardaşım mürtəd olub cəhənnəmə getdi. Əgər mənim qardaşım də sənin qardaşının getdiyi yerə getsəydi, mən zərrə qədər kədərlənməz və heç vaxt ağlamazdım”, – deyir. Şübhəsiz ki, Həzrəti Ömərin kədəri bu həqiqəti bilməməkdən deyildi. Allah hökmünə razı idi, ancaq insan ürəyidir, sevdiyindən ayrılanda kədərlənir, göz yaşı tökür…

“Bəli, buna da həmd olsun; küçə-bayırda qorxu saçan, kefdə-damaqda yaşayan, ağlına gələni edən o bədbəxt insanlardan olsaydıq, halımız yamandı. Buna da həmd olsun” deməliyik. Mükəmməllik və kamillik idealına sadiq qalaraq məsələyə bu cür həmd-səna düşüncəsi ilə yanaşmalı və qətiyyən ümidsizliyə düşməməliyik. Kamillik axtarışı və məsələnin ciddiyyəti insanı ümidsizliyə deyil, əskinə daha çox çalışmağa sövq etməlidir…

Məsələ çox ciddidir…

Bildiyiniz kimi, ömrü ibadətlə keçən Əsvəd b. Yezid ən-Nəxai ölüm döşəyində çox qorxur və çox ağlayırdı. “Bu nədir, niyə ağlayırsan, yoxsa günahlarından qorxursan?” deyirlər. O Haqq dostu böyük insan: “İnnəl-əmra ciddün – Xeyr, xeyr, məsələ çox ciddidir! Mən günahlarımdan, ölümdən deyil, küfrlə getməkdən qorxuram”, – deyirdi. Ölümündən sonra onu yuxuda görürlər: “Səni necə qarşıladılar, necə rəftar etdilər? – soruşurlar. O da: “Vallah, peyğəmbərlərlə aramda dörd barmaqlıq məsafə qalmışdı, məni elə qarşıladılar” – cavabını verir. Əsvəd b. Yezid, Əlqamə, İbrahim Nəxai və s. kimi insanlar ilahi rizaya zidd hərəkət etmək qorxusu ilə ömür sürsələr də, həyatı xof üfüqündə davam etdirdilər, xeyirxah əməllərinə və ibadətinə bel bağlamadılar, imansız ölmək əndişəsi ilə yaşadılar da, əsla ümidsizliyə düşmədilər, “ilahi mərhəmət dadıma çatar” deyə daima ilahi dərgaha ümidlə baxdılar. Heç bir Allah dostu ümidsizliyə düşməmişdir, çünki Həzrəti Ustadın ifadəsi ilə desək, “Ümidsizlik hər kamilliyə manedir…”, ümidsizlik mərəzinə bulaşanların kamilliyə çatması mümkün deyil. İnsanın özünü qüsurlü, nöqsanlı görməsi onu ümidsizliyə deyil, əksinə nöqsanlarını aradan qaldırmaq üçün daha çox səy göstərməyə sövq etməlidir. M. Akifin məşhur şeiri bunu necə də gözəl təsvir edir:

“Ey dipdiri meyit,” İki əl bir baş üçündür.”

Tərpənsənə … Əllər də sənin, baş da sənindir!

Hiss yox, hərəkət yox, acı yox … Leşmi kəsildin?

Heyrətə salırsan məni .. Sən belə deyildin.

Qurtuluş əzmin niyə bilməm ki sürəksiz?

Özünmü sənin, yoxsa ümidinmi ürəksiz?

Yəs (ümidsizlik) eylə bataqdır ki, düşərsən, boğularsan.

Ümidə sarıl bərk-bərk, seyr et, nə olursan!

Əzmi ilə, ümidi ilə yaşar həp yaşayanlar;

Məyus olan ruhunu, vicdanını bağlar.

Fəryadı burax, özünə gəl, çünki zaman dar …

Çalış ki, təlafi edəcək (aradan qaldırılası) bunca

zərər var.

Fəryad ilə qurtuluşu məmul (umulan) isə hayqır!

Yox, yox! Hələ əzmindəki zəncirləri bir qır!

“İş bitdi … Səbatın (sabitqədəmlik, qərarlılıq)

sonu yoxdur!” demə, yılma (usanma).

Ey milləti-mərhumə, saqın yəsə qapılma.”

Siz də bilirsiniz ki, elə anlar olur, qorxudan ürəyim ağzıma gəlir!.. Bəzi gecələr, “Birdən öləndə bir quyuya yuvarlansam, halım necə olar?” əndişəsi fikrimi, xəyalımı alınca saatlarla yerimdə qıvrılıram, gözümə yuxu girmir. Bu qədər nöqsanlarıma, kamil qulluq yolunda fövtə verdiyim fürsətlərə baxmayaraq, heç vaxt ümidsizliyə düşmürəm. Yuxuda bəzən insan qanad açıb uçur. Var gücü ilə qaçır, qəfil qabağınıza bir uçurum çıxır. Uçuruma düşmə ehtimalı yüksək olsa da, qanadlar həmin anda dadınıza çatır… Ümidsizliyə düşdüyüm günlər, anlar olub, dağ kimi yolumu kəsən hadisələrlə üzləşmişəm, amma Allahın mərhəməti yuxudakı qanadlartək həmişə dadıma çatıb. İlahi mərhəmət qoşa qanada çevrilib ən çarəsiz anlarımda belə məni tənha qoymayıb.

Xülasə, kamillik axtarışı qədər ümidsizliyə düşməmək də çox mühümdür. “Ola bilmirəm” deyib yenə də səy göstərmək fəzilət olsa da, “ola bilmədim” hissinə görə “olma” düşüncəsindən tamamən imtina etmək də bir xətadır.

Ədəb toplumu və davranışlarımız

Müasir cəmiyyətdə tez-tez qarşılaşdığımız bəzi davranışlar dində müsbət qarşılanmır. Hətta Peyğəmbərimiz (s.ə.s.) bunlardan bəzilərini, məsələn əlləri yana qoymaq və əlləri beldə bağlamaq kimi hərəkətləri təkəbbür əlaməti saymışdır. Ayağı ayaq üstə atmağı, bir ayağı o birisinin üstünə aşırmağı da təkəbbür saymışdır. Bizim adət-ənənəmizdə, tərbiyə anlayışımızda ayağı ayaq üstünə atıb oturmaq yoxdur. Başqalarının yanında yatmaq, yayxanıb oturmaq, ayaqları uzatmaq, ayağı ayaq üstə atmaq mədəniyyətimizə zidd olduğu kimi, kiməsə üzünü turşutmaq, sərt baxmaq, yersiz əl-qol hərəkətləri etmək və ağız büzmək də ədəb anlayışımızla üst-üstə düşmür. Mömin heç vaxt insanları bu cür davranışlarla alçaltmamalı və bu mənaya gələn hərəkətlərdən uzaq olmalıdır. Bəziləri istirahət etmək üçün ayağını ayağının üstünə atır, amma Haqq dostları gecə yatanda belə bu cür hərəkətlərdən çəkinirlər. Bəzən unudaraq ayağını ayağının üstünə atsalar da, dərhal “Əstağfirullah, ya Rəbbi, Sən məni görürsən, Sənə qarşı ədəbsizlik deyilmi?” deyib özlərini yığışdırırlar. Əgər kimsə bunu vərdişə çevribsə, böyüklərdən biri onlara xəbərdarlıq etməlidir. Birbaşa deməkdən inciyəcəklərsə, ümumi danışaraq başa salmaq lazımdır.

Bu məsələdə də bəzi istisna hallar ola bilər. Məsələn, bəzən bizim dövlət böyüklərimizin əcnəbi ölkələrin təmsilçiləri ilə görüşdə ayaqlarını ayaqlarının üstünə atıb rahat oturmasına şahid oluruq. Bu oturuş şəklindən xoşum gəlməsə də, tək olanda belə bu cür oturmasam da, nə vaxt belə bir səhnə ilə qarşılaşıram, çox xoşuma gəlir. Çünki mütəkəbbirə təkəbbür göstərilməlidir. Bizimkilər onların təkəbbürlü hərəkətləri, oturuşu-duruşu qarşısında yazıq-yazıq dayanmamalı, əksinə onlardan daha rahat olmalıdırlar. Üstəlik təvazökar bir insanın təkəbbürlü adama qarşı belə davranması iradidir və xarakterinə xələl yetirməz. Zənnimcə, qarşı tərəf sayğılı olsa, bizimkilər də əsl xarakterini ortaya qoyub kamali-ədəb göstərərlər.

Xülasə, biz hansı ədəbin övladlarıyıqsa, hansı ədəb mühitindən və mədəniyyətindən çıxmışıqsa, onu ortaya çıxarmalı və o ədəblə yaşamalıyıq.

Mənbə: ZAMAN

 

1 comment

Comments are closed.