Ailə həyatımızın bir-birindən gözəl, möhkəm qızıl qanunları olub

1
30

Qarı-qocaBəlkə də heç o qədər sevmirdilər. Leyli Məcnun əhvalatı bir əfsanə idi onlar üçün. Ancaq evlənirdilər, bir-birilərinə isinişirdilər, ömrüboyu rahat yaşayırdılar.

Arvad kişinin xasiyyətinə, qılığına, kişi də arvadın xörəyinin duzuna, təbəssümünə, nəvazişinə uyğunlaşırdı. Bəlkə də sevmirdilər, ancaq bir-biriləri üçün darıxırdılar. Hər biri öz vəzifəsini bilirdi və onları yerinə yetirməyə çalışırdılar. Heç kim haqqını gözə soxmurdu. Çünki bizdə ailələr fədakarlıq üzərində qurulur. Və bir də arada pərdə olur.

Ən qalın pərdə ən yaxın adamlar arasında olub qədimdən bəri. Xanım ərini adı ilə çağırmaz, “uşaqların atası” deyərdi. Kişi də xanımını “uşaqların anası” və ya “filankəsin qızı” çağırardı.

Süfrə sərilərdi, ata bismillah deyib əlini çörəyə uzatmayınca kimsə yerindən qımzanmazdı. Əgər körpələrdən biri əlini süfrəyə uzatsaydı, ana ona yüngülcə təpinər, atasını gözləməyi tapşırardı. Bu qanun ilk baxışdan sərt görünsə də, tərbiyənin təməli kimi o körpənin yaddaşına, ruhuna hopardı. Kim bilir, bəlkə də, neçə-neçə süfrələrin bərəkəti də elə bu adətlə gəlib.

Bir söz də var, deyirlər ki, uşağın tərbiyəsi valideynin nikahından başlayır. Köhnə kişilər nikaha çox əhəmiyyət veriblər. Boşanmaq sözünü dilə gətirməkdən də qorxublar. Deyiblər ki, bu sözü zarafatla da işlətmək olmaz. Çünki ailədəki xoş atmosferi zədələyər, səmimiyyəti pozar. Nikah tərtəmiz, ləkəsiz, toxunulmaz qalmalıdır. Onu da deyiblər ki, üç dəfə dalbadal “talaq” dedinsə, nikah pozulmuş sayılır. Çox həssas olublar bu mövzuda.

Ər-arvad üz-üzə oturub saatlarla boş söhbət etməyiblər, onun-bunun qeybətini qırmayıblar. Abır-həya olub ortada, yalan danışmaqdan utanıblar, quru təkəbbürdən çəkiniblər. Gəlin qayınata qarşısına yaşmaqsız çıxmayıb. Qayınata da hər dəfə ona “Allah ölənlərinə rəhmət eləsin” deyə dua edib.

Bir deyil ki, beş deyil ki, min illərdən gələn ailə həyatımızın bir-birindən gözəl, bir-birindən möhkəm qızıl qanunları olub və o qanunlar qorunduqca, bir ailəyə hakim olduqca orda xeyir-bərəkət, xətir-hörmət hökm sürüb.

Biz ailəni belə eşitmişik, belə görmüşük. Görmək istədiyimiz də elə bu qanunlarla yaşayan ailələrdir. Gəlin evə duvaqla gələr, bütün ömrünü o ocaqda yaşayar, o evdən kəfənlə çıxar. Yoxsa, “xasiyyətimiz uyğun gəlmədi”, “bir-birimizi başa düşə bilmədik” kimi iddialar quru bəhanədən başqa bir şey deyil. O ailələr və o ailələri idarə edən qanunlar bizim milli dəyərlərimiz, müasir dillə desək, mentalitetimizdir. İnsan öz kökü üzərində duranda güclü olur. Sizə də güclü olmağı arzulayırıq, hörmətli oxucular!

Mənbə: “Ailəm” jurnalı.

1 comment

  1. Sag olun hormetli yazarlarimiz.Indi bu cur ailelere rast gelmek cetindir.Bosanmalar bas alib gedir yeni Tanrinin sevmediyi bir hal.Ay ezizlerimiz aile 1 saatliq efirde yeni hansisa bir televiziya verilisinde qurulursa elbet ki 2 aydan sonra ayrilacaqlar.Aile sozunu cox qiymetden salirlar.Aileni qurmaq asandir onu qoruyub saxlamaq ve en esasi ovladlarini gozel ailede boyutmeyi her cutluk ede bilmir.Allah her kesi ailesi ile birge xosbext eylesin.Amin…..

Comments are closed.