
Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binası qəzalı vəziyyətə düşüb. Yaşı 50-dən çox olan binanın bu günədək əsaslı təmir edilmədiyi bildirilir. Məlumat üçün bildirək ki, Zərdab Rayon Tarix Diyarşünaslıq Muzeyi 1984-cü ildən fəaliyyət göstərir. 9 bölmədən ibarət olan muzeyin direktoru həmyerlimiz Şahnaz Mustafayevadır.
Zerdab.com saytının apardığı araşdırma nəticəsində məlum olub ki, muzeyin binası 1960-cı ildə tikilib istifadəyə verilib. Bina ilk illərdə başqa məqsədlər üçün istifadə edilib, lakin sonradan muzeyin fəaliyyətə başlaması ilə əlaqədar, təyinatı dəyişdirilib və muzeyin balansına verilib.
Hazırda bina qəzalı vəziyyətdə olduğu üçün yeni binanın inşasına ehtiyac olduğu bildirilib. Belə ki, muzeyin binasınn dam örtüyü zədələnib, kanalizasiya, su, istilik sistemi sistemi yoxdur. Binanın taxta döşəməsi çöküb, divarların suvağı tökülüb və s. İstilik sistemi olmadığı üçün muzeyin işçiləri xüsusən, qış fəslində çətinlik çəkirlər. İsitmə üçün daha çox elektrik enerjisindən istifadə olunur. Lakin binanın elektrik sisteminin nasaz vəziyyətdə olması da bu baxımdan əlavə problemlər yaratmaqdadır.
Qeyd edək ki, Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binasının qəzalı vəziyyətdə olması və yeni binanın tikintisinə ehtiyac olması barədə hələ ötən il Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin təşəbbüsü ilə müvafiq qurumlara məktubla müraciət edilib. Ümid edək ki, yaxın gələcəkdə bu muzey üçün yeni binanın inşasına başlanılacaq.
Zerdab.com