Düzgün tərbiyə olunmamış uşaq bizi quyuya sallayan kəndir kimidir

1

Nazim ƏkbərovAilənin vəzifəsi uşağı sadəcə pəhləvan kimi güclü böyütməkdən ibarət deyil, onun sağlam ruh sahibi olması da həyati əhəmiyyət daşıyır. Quşlar iki qanadlarının birgə gücü ilə uca, göylərin ənginliklərinə yüksələ bildiyi kimi, insan da həm fiziki, həm də mənəvi sağlamlığı sayəsində öz yaradılış qayəsinə layiq ola bilər.

Müasir dünyada ailə daxilində belə fikirlərin üst-üstə düşməsinə nadir hallarda təsadüf olunduğu bir vaxtda, demək olar ki, hər kəs insanın yeməyinin onun həm səhhətinə, həm də xarakterinə əməlli-başlı təsir göstərdiyində həmrəydir. Deməli, insanın yetişməsində süfrənin çox böyük əhəmiyyəti var.

Uşağın yaddaşı möhkəm olur deyirlər. Uşaqlığımdan bəri rəhmətlik atamın anamdan “Nə bişirmisən?” soruşduğunu eşitmədim. Səhər tezdən sürüsünü örüşə çıxarar, qaş qaralanda evə gələr, qoyun-keçilərini yerbəyer edib, Allahın verdiyindən, kasıbın olanından yeyib, şükür edər, bir qədər fikrə daldıqdan sonra dünyada yeni nə olub, olmadığını soruşardı. Savadsız olduğu üçün qəzetlər ona ancaq tənbəki bükmək üçün lazım olardı. Bəzən çox qısaca soruşardı: – Dünyada sakitlikdir, ya yox? Mən aranın qarışmasından qorxuram, – deyərdi. O zaman “qarışmaq” deyəndə atam Amerika ilə Sovet İttifaqının müharibə edəcəyindən qorxurdu. Sonra kənddə-kəsəkdə yeni nə baş verdiyi ilə maraqlanardı. Nəsihətsiz günümüz olmazdı. Əlimizdən, dilimizdən heç kəsə zərər verməməyi dönə-dönə tapşırardı. Ağsaqqal, ağbirçək, qadın, uşaq yeri gözləməyin həm insanlar arasındakı münasibətlərdə, həm də şəxsi həyatda əhəmiyyətini vurğular, gətirdiyi misallarla dedikəlrini yaddaşımıza həkk edərdi.

Günümüzlə müqayisə etsək, əksər ailələrdə süfrədəki yeməklər televizorun müşayiəti ilə yeyilir. Bütün diqqətini o “sehirli”, bəlkə də, zəhərli qutuya verən ailə üzvləri nə yediklərini də, özlərini də unudurlar. “Sağlam bədəndə sağlam ruh olar”, – desələr də, müasir həyat bunun tərsini göstərir. Bu gün dünyanı – insanlığın yeganə sığınacaq yerini – qan gölünə çevirən, insanca yaşamağın çox çətin olduğu bir yerə çevirənlərin hamısı fiziki cəhətdən sağlam bədən sahibləridir. İnsanlığın bu gününü və gələcəyini göz qırpmadan öz xəstə nəfslərinə qurban verən bəzi dövlət başçılarından tutmuş, ən kiçik problemləri də küçələrə çıxıb dağıtmaq, sökmək, yandırmaq yolu ilə həll etmək istəyən adi insanlara qədər hər bir kəs ailədə tərbiyə görmüş, bir süfrədə yeyib-içib yetişmişlər. Dünyaya gözlərini açandan həyata qədəm basanacan fiziki sağlamlıqları üçün lazım gələn bütün peyvəndlərdən istifadə etmişlər. Mənəvi, daxili, ruhi dünyası boş qalmış sağlam insanlar yetişdirən ailələr bir əhvalatı yadıma saldı. İki turist kənddə bağda gəzirlər. Bağdakı  ağacların barlı budaqları sallanmış, bir ağacda isə bar adına bir şey yox idi. Onlar yaxınlıqdan keçən bir oğlanı səsləyib, bu məsələnin izahını soruşurlar. Oğlan həmin ağacın palıd ağacı olduğunu bildirir. Meyvə bağına bənzəyən ailələrdə bütün uşaqların “barlı, bəhrəli” olmasına məsuldur.

Ailənin vəzifəsi uşağı sadəcə pəhləvan kimi güclü böyütməkdən ibarət deyil, onun sağlam ruh sahibi olması da həyati əhəmiyyət daşıyır. Quşlar iki qanadlarının birgə gücü ilə uca, göylərin ənginliklərinə yüksələ bildiyi kimi, insan da həm fiziki, həm də mənəvi sağlamlığı sayəsində öz yaradılış qayəsinə layiq ola bilər.

Allahın insan üçün təmənnasız yaratdığı dünyamızın özü də bir ilahi süfrədir. Bu möhtəşəm süfrənin “Məni Rəbbim ədəbləndirdi, ədəbimi də gözəlləşdirdi”, – deyən Məhəmməd (s.a.s) kimi ilahi əxlaq sahibi olan əfəndisi və bu əxlaqın kölgəsində yetişib, onu sonrakı nəsillərə çatdıran o qədər ulularımız var. Bu süfrədən bəhrələnib bədəni ilə yanaşı, ruh dünyasını da qidalandırmamaq mümkün deyil. Varlıqların əşrəfi kimi yaradılmış insana gözəlliklər yaratmaq, gözəl yaşamaq və gözəl yaşamağa yardımçı olmaq yaraşır. Kamil insan tüpürməkdən belə iyrənməlidir. Yaşamağımız üçün heç bir şeyini əsirgəməyən, comərdliyinin bərabəri olmayan torpaq kimi bir nemətə qarşı nankorluq insan adına layiqdirmi? Nəinki yaşadığın yerin-yurdun, bütün dünyanın dərdini daşımadan insanlığın əsas vəzifəsini yerinə yetirmək mümkün deyil. Özü də bu dərdi dilin ucunda yox, canında, qanında, leyla dərdini yaşayan Məcnun kimi daşımaq lazımdır. Məcnundan söz düşmüşkən bir əhvalatı yada salmadan keçmək olmaz, elə bilirəm:

Qədim zamanların birində dəli-divanə çöllərdə dolaşan iki Məcnun varmış. Bir Leyli üçün iki Məcnunun olması adamların heç xoşuna getməmiş və onlar bu məsələnin həlli üçün qaziyə müraciət etmişlər. Həqiqi Məcnunu müəyyən etmək üçün qazi onları hüzuruna çağırmış. Qazi əvvəlcə gələn Məcnundan soruşmuş:

– Sən Məcnunsan, eləmi?

– Elədir.

– Yaxşı, Leyli üçün bu dəqiqə qolunu fəda edərsənmi?

– Əlbəttə. Leylaya canım qurban!

– Yaxşı, – demiş qazi. – Sən çıx, o biri Məcnun gəlsin. Qazi gəlib hüzurunda dayanan ikinci Məcnundan da soruşmuş:

– Sən Məcnunsan, eləmi?

– Elədir…

– Leyli üçün bu dəqiqə qolunu fəda edərsənmi?

Məcnun susmuş. Üzünə kədər qonmuş. Gözləri yaşla dolmuş. Udqunmuş. Öləcəkmiş kimi səssizcə yarım nəfəs almış. Bir müddət qoluna baxmış və nəhayət, demiş:

– Qıymayın Leylinin qoluna!

Əsl sevgi özünü unutmaq, özünü sevdiyinin ayrılmaz bir parçası kimi görmək deməkdir.

Burada sözü Füzuli qələminə həvalə edirəm:

…Canı kim cananı üçün sevsə cananın sevər,

Canı üçün kim ki, cananın sevər, canın sevər…

Deyirlər ki, yaxşı çörək təndirdə deyil, təknədə bişir. Yəni yaxşı çörək keyfiyyətli yoğrulmuş xəmirdən olur. Uşağın da xəmiri ailə adlanan təknədə yoğrulur. Qarmaqarışıq zəmanəmizdə bu, nə qədər çətin iş olsa da, o qədər əhəmiyyətli bir vəzifədir. Bu da bir həqiqətdir ki, uşağın tərbiyəsini tamamilə ailənin işi hesab etmək olmaz. Əsl insan, həqiqi vətəndaş tərbiyəsində əlifbamızın birinci, “A” hərfini yaradan üçlük kimi ailə, məktəb və cəmiyyətin vəhdəti vacibdir.

Günümüzün acı həqiqəti budur ki, bu gün vətəndaş tərbiyəsi bütün ağırlığı ilə məktəbin öhdəsinə verilmişdir. Hər kəs öz gününün arxasınca qaçmaqdadır. Kiçik yaşlarından utanmağı, çəkinməyi, hörmət etməyi, mərhəmət göstərməyi, güzəştə getməyi, bağışlamağı, üzr istəməyi, danışığının, gülməyinin, ağlamağının və s. yerini bilməyən gənc vətəndaş üçün məktəb bir həbsxana, müəllim də bədheybət bir varlıq olur. Buna baxmayaraq, məktəb öz klassik vəzifəsini layiqincə yerinə yetirməyə davam etməlidir. Təcrübə göstərir ki, ailələri yaxından öyrənmək, valideynləri pedaqoji maarifləndirmə bu gün daha çox əhəmiyyət qazanmışdır. Hətta bunu ictimai əsaslarla deyil, əməyinin haqqı ödənilən mütəxəssislərə həvalə etməyin vaxtı çatmışdır.

Vətəndaşın yetişdirilməsində cəmiyyətin əhəmiyyətli rolunu göstərmək üçün İkinci Dünya müharibəsində atalarını itirmiş, uşaqlığı və gəncliyi ötən əsrin 50-60-cı illərinə təsadüf edən nə qədər insan nümunəsi gətirə bilərik. Onların saf vətəndaşlar kimi yetişməsində məktəblə yanaşı, bütövlükdə cəmiyyət də mühüm rol oynamışdır.

Düzgün tərbiyə olunmamış uşaq belimizə bağlanıb bizi dərin quyuya sallayan zərif bir kəndir kimidir, bəlkə də, bir milçəyin qonması ilə qırılıb bizi qərq edə bilər.

Ailəmizin güzgüsü olan gənc nəslin tərbiyəsində Allah köməyiniz olsun. Allah bizləri övladlarımızın arzulamadığımız əxlaqı ilə imtahana çəkməsin.

Rahib Alpanlı, ZAMAN

1 comment

Comments are closed.