Həsən bəy Zərdabinin “Türk nəğmələri”

0
44

Türk nəğmələriZərdabisevərlərə yeni töhfə

Böyük maarifçi demokrat, əməlpərvər publisist Həsən bəy Zərdabi dövlət müstəqilliyini itirmiş, qanlı Rusiya imperiyasının ucqar əyalətinə çevrilmiş Quzey Azərbaycanın milli oyanış və mədəni tərəqqi prosesini əməli müstəvidə “milli məktəb, teatr və mətbuat sacayağı” üzərinə qaldırmışdır. Həsən bəy həqiqi xalq xadimi, millət aşıqi kimi öz yetirmələrini ardıcıllarına çevirməyə nail olmuş, maarifçilik hərəkatını milli istiqlal savaşına çatdıran bütöv bir nəslin mənəvi atası mərtəbəsinə yüksəlmişdir.

Xalqımızın özünüqoruma instinktindən doğan özünüifadə duyğularını oyatmış, özünütəsdiq məramını bəyan etmiş məfkurəvi savaşın önünə Həsən bəy Zərdabini zamanın qaçılmaz tələbatı çəkib gətirmişdi. Yeni tipli məktəbin hamisi, milli teatr və mətbuatın banisi ömrünün sonlarında onu misilsiz bir təşnəliklə qoynuna almış təlatümlü mübarizənin hərəkətverici qaynağını və hədəfini belə xatırlayırdı: “Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus, bizim yerlərdə ki, qonşularımız (ermənilər və gürcülər – T.A.) elm təhsil edib günü-gündən irəli gedir, bizim əlimizdə olan mülkü malımıza sahib olurlar və bir az vaxtdan sonra biz onlara rəncbərlik edib, onların malını daşımaqdan ötrü kirəkeşlik edəcəyik…

Hər kəs öz qara sandığının üstündə oturub onun içində olana səcdə edir və sandığı doldurmaq fikrindədir. Amma ətrafda müsəlman qardaşlar bir-bir düşmənimiz əjdahanın ağzına düşüb yox olduğunu görməyir və görmək də istəməyir”.

“Belədə nə qayırmalı?” sualına cavab axtaran Bakı real gimnaziyasının 30 yaşlı təbiət fənləri müəllimi Həsən bəy Məlikzadə soydaşlarından “Hər kəsi çağırırdı – gəlmirdi, göstərirdi – görmürdü, deyirdi – qanmırdı. Axırda gördü ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, onun sözlərini eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra… əriyib deşilər, habelə söz də, ələlxusus, doğru söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər”.

Həsən bəy bu inam və amalla dəmirçi dükanına girib ataya deyirdi ki, çəkic və zindanını sat, körükbasan oğlunu oxut. O, rusdilli gimnaziyada beş-on azərbaycanlı şagirdin gücü ilə ilk milli tamaşaları hazırlayıb xalqı gör-götür meydanına çağırırdı. İstanbuldan min bir əzabla hürufat gətirib ana dilində qəzet çıxarırdı. Və inanırdı ki, “Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar”.

Lakin qara sandığın üstündə oturub, düşmənimiz əjdahanın ağzına düşdüklərini görməyən müsəlman qardaşlar nə uşaqlarını yeni məktəblərə göndərir, nə teatr çıxarılan salona gedir, nə də səhifələri elm təhsil etməyə, mədəni həyata çağırışla od tutub yanan ilk milli qəzetimiz “Əkinçi”ni oxuyurdular. Əvəzində, Həsənbəyə  “şapqalı rus”, “heyvan” kimi nalayiq ifadələrlə həcvlər yazır, küçədə təhqir, daşqalaq edir, hökumət idarələrinə donos yazıb milləti yoldan çıxardığını anladırdılar.

Bu gedişlə tamaşa göstərilən səhnə də boş qaldı. “Əkinçi” də “vəfat etdi”, yeni məktəblərin açılması təxirə düşdü. Həsən bəy gimnaziyadan çıxarılıb mədəni sürgün – Azərbaycandan kənarda işləmək təklifi aldı. Lakin o, doğma kəndi Zərdaba gedib, Kürqırağı qamışlıqlarda soydaşları ilə bir yerdə olmağı, onları işıqlı həyata çağırmağı üstün tutdu.

Beləliklə, xalqın qaranlıq yollarına gür işıq saçan bir məşəl milli-mədəni mərkəz rolunu üzərində götürməkdə olan Bakıdan uzaqlaşdırılıb, 16 il ağcaqanadların bulud kimi gəzdiyi, qaçaq-quldurun soyğunçuluq etdiyi, molla – seyidlərin adamların başına min bir oyun açdığı milli ucqarda 16 il korun-korun yandı-tüstüləndi.

Həsən bəy uzun sürən bu “könüllü” sürgün dövründə cəhalət və nadanlıqla savaşı davam etdirdi, məktəb, xəstəxana açdırdı, kəndlilərə elmi üsullar öyrətdi. Mübariz publisist qələmini də yerə qoymayıb Bakıda, Tiflisdə, Rusiyanın mərkəzi şəhərlərində çıxan qəzet-jurnallarda çıxışlarını davam etdirdi, xalqı sivil dəyərlərə çağırdı.

Bu müddətdə üstündə oturduğu qara sandıqla birlikdə “düşmənimiz əjdahanın” ağzına düşən varlılarımız Həsən bəyin nə qədər ayıq və haqlı olduğunu anlamağa başladılar. Hətta onu dəfələrlə Bakıya çağırıb milli haqlara yardımçı olmasına dil tökdülər.

Nəhayət, 1896-cı ildə milli messenatlıq missiyasını üzərinə götürmüş Hacı Zeynalabdin Tağıyev Həsən bəy Zərdabini Bakıya dəvət edib, geniş ictimai və publisist fəaliyyətinə şərait yaratdı. Bir daha ana dilində qəzet açmasına icazə verilməyən Zərdabi Tağıyevin ruslardan aldığı “Kaspi” qəzetinin ideya rəhbəri, fəal yazarı kimi bu populyar nəşri “Əkinçi” ruhu ilə milliləşdirdi.

“Kaspi” qəzetinə redaktorluq edən kürəkəni, yeni tipli milli ziyalı Əlimərdan bəy Topçubaşovla birlikdə geniş ictimai fəaliyyətə başlayan Həsən bəy Zərdabi həm də Bakı Dumasının deputatı kimi dalbadal 10-dan artıq dövlət və xalq məktəbi, hətta qızlar məktəbi açılmasına nail oldu. Bakı mühitində nüfuz və imkanları artan Həsən bəy şəhərin su, ərzaq, nəqliyyat, təmizlik, mədəni tələbat kimi məsələlərinin həlli ilə bağlı təşəbbüskar fəaliyyətini genişləndirir, köhnəli-təzəli arzu-istəklərini həyata keçirməyə can atırdı. Şübhəsiz, nadanlar, bədxahlar, qədirbilməzlər hələ də onun qarşısında çeşidli əngəllər yaratmaqda idilər.

Belə bir vaxtda – XIX əsrin son illərində millətsevər ziyalı və pedaqoqların çoxaldığı, türk balalarının milli məktəblərə dəstəbədəstə getdiyi günlərdə Həsən bəy Zərdabinin qəlbində illərdən bəri yuva qurmuş bir arzu yenidən baş qaldırdı. Hələ “Əkinçi”ni çıxardığı zaman şeirdən – musiqidən ictimai məzmun, xalqı tərbiyələndirmək qayəsi tələb edən Həsən bəy bayağı nəğmələrin gərəksizliyini söyləmiş, xalqın ruhunu ifadə edən, haqsızlığı, zülmü hədəfə alan nəğmələr yaratmağa səsləmişdi. O zaman Seyid Əzim Şirvanidən başqa heç kəs Zərdabinin çağırışına səs verməmişdi. İndi elm-bilik öyrənən nəslin yarandığı günlərdə böyük maarifçi milli ziyalıları yenidən, həm də ciddi tələblə uşaq və gənclər üçün məfkurəvi nəğmələr yaratmağa çağırdı.

Xalqın mədəni dəyərlər əsasında formalaşmasında, milli həmrəyliyə qovuşmasında ana dili, ənənəvi din, elm-maariflə yanaşı, Həsən bəy populyar musiqi olan el nəğmələri və aşıq havalarından əlavə, xalqı oyanışa, tərəqqiyə səsləyən musiqili-poetik mətnlər yaradılmasını da zəruri sayırdı: “Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyilən söz o qədər əsr etməz, necə ki, şeirlə deyilən söz, ələlxüsus nəğmələr ilə ki, xoş sövt ilə oxunur… Bir baxın, bizim aşıqlar toylarda oxuyanda onlara qulaq asanlara. Bu zaman bu qulaq asanlar elə hala gəlirlər ki, bəistilahi-türk, ətini kəssən də xəbəri olmaz”.

Həsən bəy xatırladırdı ki, ermənilər belə şeirlər ilə çox iş görürlər, hətta kor erməni aşıqlarlı qapı-qapı gəzdirilib milləti zülmə, düşmənə qarşı mübarizəyə hazırlayırlar: “Odur ki, bir millət işi olanda ermənilərin hamısı birdən qalxıb bir adam kimi iş görürlər. Məgər bizim belə olmağımız günahdır?”.

Zərdabinin çağırışı ilə şairlər, hətta bədii təcrübəsi olan müəllimlər uşaqlar üçün ilk milli nəğmə mətnləri yazdılar, onlara uyğun musiqiçilər qoşuldu. Həsən bəy özü də nümunə kimi nəğmə mətni yazmışdı. Məktəblilər bu nəğmələri təntənəli günlərdə, Bakının türk teatr truppasının tamaşaları zamanı oxumağa başladılar. “Türk nəğmələri” adı ilə tanınan bu mətnləri Zərdabi geniş yayılmaq üçün 1901-ci ildə ayrıca kitabça kimi nəşr edib, pulsuz məktəblərə payladı.

Həsən bəyin hər bir xoşməramlı təşəbbüsü, bina etdiyi əməli sahə kimi, “Türk nəğmələri” də milli satqınların donosuna tuş gəldi. Bakı məktəblərinin rəhbərliyinə xəlvəti şikayət edib “ziyanlı nəğmələr”in oxunmasını qadağan etdirmişdilər. Müəllimlərin özləri də bu gərəkli işdən tez əl çəkmişdilər. Həsən bəy bu işə rəvac vermək üçün 1906-cı ilin yanvarında “Həyat” qəzetində çıxan “Bizim nəğmələrimiz” adlı məqaləsində üzünü müəllimlərə tutub yazmışdı: “Qardaşlar, əgər siz, həqiqət, müsəlman qardaşlarımızı xabi-qəflətdən oyatmaq istəyirsiniz, hanı sizin xoş havalar ilə nəğmə oxuyanlarınız? Niyə zikr olan nəğmələri və qeyri-təzədən çağırılanları şagirdlərə və qeyrilərə öyrətmirsiniz?”.

Təxminən, 2 il sonra Həsən bəy ideya və əməllərini davamçılarına, milli haqlarına sahib çıxmağa hazırladığı xalqına əmanət qoyaraq, mənəvi ölümsüzlüyə qovuşdu. Sonrakı illərdə Həsən bəy Zərdabinin bir çox arzu-istəkləri yetirmələrinin mübarizəsində yaşasa da, onun bir çox əsərləri illər boyu unuduldu, çap olunub yayılmadı. Bu baxımdan ən bəxti gətirməyən kitab “Türk nəğmələri” olub. Onun 1909-cu ildə çap olunmuş nadir nüsxələrindən biri Milli Kitabxananın fondunda saxlanılır. “Nəğmələr”in 1901-ci ildə basılmış bir nüsxəsini isə Həsən bəy Zərdabinin qızı Qəribsoltan Məlikova ötən əsrin 60-cı illərində atasının elmi-fəlsəfi irsinin tədqiqatçısı, indi BDU-nun kafedra müdiri olan professor İzzət Rüstəmova bağışlamışdır.

Əksər zərdabisevərlərin bu vaxtdək xəbərsiz olduğu bu kitabı demokratik mətbuat tariximizin bir sıra qiymətli nümunələrini yüksək səriştə ilə əski əlifbadan latın qrafikasına çevirmiş mətnşünas, filologiya elmləri namizədi, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Elmira Qasımova hər iki nəşr əsasında çapa hazırlamışdır. “Həsən bəy Məlikzadə Zərdabinin “Türk nəğmələri” məcmuəsi”nin 104 il sonra nəşrinə yardımçı olmaqla Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası daha bir minnətdarlıq doğuran, gərəkli addım atmışdır.

Həsən bəy Zərdabi irsinə dərin hörmət və tarixi nadirliyini nəzərə alaraq kitabda “nəğmələr” hər iki əlifba ilə verilmişdir. “Türk nəğmələri”nin çağdaş oxucular üçün əhəmiyyətini dərindən anlatmaq üçün Həsən bəy Zərdabinin “Əkinçi” qəzetində “Daxiliyyə” adı ilə çap etdiyi yazısı, “Həyat” qəzetində işıq üzü görmüş “Bizim nəğmələrimiz” xatirəsini və professor İzzət Rüstəmovun “Həsən bəy Zərdabi” monoqrafiyasının “nəğmələr”dən bəhs edən parçası əlavə edilmişdir.

İnanırıq ki, Həsən bəy Zərdabinin xalqımıza saysız-hesabsız xidmətləri sırasında onun milli nəğmələr yaratmaq təşəbbüsçüsü və iştirakçısı da olması məsələsini gündəmə gətirən bu nəşr zərdabişünaslığa və zərdabisevərlərə gərəkli bilgilər verəcəkdir.

Tahir AYDINOĞLU