Bir zamanlar məni bezdirən kənd indi “gəl” deyir

0
Ürfan Məmmədli/ Aşağı Seyidlər kəndi

Bir ömür sevinci ağuşuna alıb gedən qatarın getdikcə kiçilən kölgəsi. Yaşanmış həyat. Kəsilmiş ağac. Dərilmiş çiçək. Keçilmiş yol. Şirinli-acılı xatirələr. Uşaqlıq oylaqlarım. Nisgil, nostalgiya. Bunlar hamısı hər dəfə doğma kəndimizə – ata ocağına gedəndə bütün varlığımı bürüyən hisslərin inikasıdır.
Uşaqlığımda böyümək üçün çox darıxırdım. Darıxırdım ki, vaxt tez gəlsin, bu kənddən çıxım gedim. Elə bilirdim ki, dünyanın ən darıxdırıcı nöqtəsi məhz bu kənddir, mənim doğulduğum, ilk təhsilimi aldığım kənd. Yayı toz-torpaqlı, qışı palçıqlı kəndimizi sevə bilmirdim. Düşünürdüm ki, bura yaşamalı yer deyil. Heyvanların yerini kürümək, onlara ot biçmək, axşamlar örüşdən qayıtmayan qoyunları axtarmaq, qış üçün odun doğramaq, əkin yerini belləmək məni tamam bezdirmişdi. Elə bilirdim ki, xoşbəxtlik başqa yerlərdədir.
Məktəbimizin yaxşı oxuyan şagirdlərindən idim. Amma kolxozun pambıq briqadirləri mənə yuxarıdan aşağı baxırdılar. Məni özlərinə yaraşdırmırdılar. “Güllünün qoruğu”nda (Güllü xalanın çəpərinin yanında olduğundan bura “Güllünün qoruğu” kimi tanınırdı) futbol oynayanda Şahalı dayı baltasını əlinə alıb, bizi qovurdu. Hamı qaçırdı, mənsə topu əlimə götürüb, meydançanın mərkəzində dayanırdım. Hərbə-zorba gəlsə də, mən yerimdən tərpənmirdim. Qaçmadığıma görə, Şahalı dayı da məni sevmirdi.
Bir dəfə pambıq yığmağa getmədiyimə görə raykomun birinci katibi Fikrət Əfəndiyevin yumruğunu da yemişdim. Bu hadisədən sonra məktəbimizin direktoru Fikrət müəllimin də gözündən düşmüşdüm. Amma yaxşı oxumağım Fikrət müəllimin mənə olan münasibətini tez dəyişdi. Nəbi müəllim məni rus dili, Yenyol müəllim isə bədən tərbiyəsi dərsindən qovmuşdu. Bu müəllimlərin də məni görməyə gözləri yox idi. Düz bir rüb bu dərslərin heç birinə girmədim.
Şəhərdə dərslər sentyabrın 1-də başlasa da, biz həmin tarixdə pambıq yığmağa gedərdik. Məktəbə isə ən tezi “Oktyabr bayramı”ndan sonra – noyabrın 9-da qayıdardıq. Ona görə də, könlüm başqa yerlərdə idi, şəhərdə yaşamaq istəyirdim. Ağlım kəsəndən bu arzu ilə yaşamışdım, ta 17 yaşıma qədər. Orta məktəbi qurtaran kimi bu arzuma çatdım. İndi 36 ildir ki, məni “bezdirən” o kəndin həsrəti ilə yaşayıram. Yox, elə də etibarsız deyiləm, ildə 3-4 dəfə gedirəm kəndimizə. Amma bəs eləmir. Gedəndə qayıtmaq istəmirəm.
Bu Novruzda yenə doğma ocağıma getmişdim. Maşınımız Kürdəmirin Çöl Ərəb kəndindən sağa burulub 16 km tozlu yolla getdikdən sonra asfalt yola çıxır, ciyər dolusu nəfəs alıram. Görəsən, dünyada bundan şirin hava varmı? Bura çatanda elə bil gümrahlaşıram.
Uşaqlıq dostlarımdan demək olar ki, heç biri kənddə deyil. Amma darıxmıram. Kür yenə Dik deyilən yerdən ilan kimi qıvrılıb çıxır, sanki üstümə cumur. Amma mənə çatanda, köhnə dost kimi ayağımın altındakı qayanı “yalayıb” öz yatağına dönür, Əlvəndə tərəf sürünür. O vaxt da belə idi.
İndi pambıq tarlaları yoxdur. Deməli, daha “raykomlar” uşaqları döymürlər. Məktəbimiz yerindədir, amma, mənim kimi, xeyili qocalıb. “Güllünün qoruğu” da durur, amma futbol oynayan yoxdur.
Ata ocağımızda səssizlikdir. Tövləmiz də boşdur. Heyvanımız olsaydı, yerlərini kürüyərdim, onlara yorulmadan ot biçərdim. Kaş ki, qoyunlarımız olaydı, axşam örüşdən qayıtmayanda mən də həvəslə onları axtaraydım. Bir zamanlar düşmənim kimi baxdığım balta ilə odun doğramaq istəyirəm.
Həyətimiz yerindədi, qonşudan bel alıb o vaxtlar atamın mənə təhkim etdiyi əkin yerinin bir hissəsini bellədim. Qonşu Maisdən xahiş etdim ki, bu bellədiyim yerə toxum atsın.
Zərdabdan Mollakəndə gedən yol kəndimizin içindən keçir. Babamın da, atamın da, elə mənim də ən böyük arzularımızdan birinin bu yolun asfaltlanmasını görmək olub. Rayona hər dəfə yeni rəhbər təyin olunanda bu yolun düzələcəyini gözləmişik. Fikrət Əfəndiyev və ondan sonrakı bütün rəhbərləri xatırlayıram. Onların heç biri babamı və atamı arzularına çatdırmadılar. Amma mən şanslıyam. Rəhbər işçilərə öz işlərini gördükləri üçün təşəkkür etmək mənim işim deyil. Amma rayonumuzun bugünkü rəhbəri Lütvəli Babayevə mütləq təşəkkür etməliyəm. Çünki o, babamın, atamın və mənim arzumu həyata keçirib. Artıq yolumuz asfaltlanıb. Gün o gün olsun, Kürdəmirin ərazisinə düşən 16 km-lik yol da düzəlsin. Onda kəndimizə getmək su içmək qədər asan olacaq. Ora tez-tez getmək istəyirəm. Bir zamanlar məni bezdirən kənd indi sanki qollarını açıb mənə “gəl” deyir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

19 + 2 =