Xəstəliyə tutulmuş inəyin sahibinə məktubu

0
26

kənd evi– Çox hörmətli sahibim. İribuynuzlu heyvanlar arasında yayılan, mahiyyətini hələ də yaxşı dərk etmədiyim bunyavirus xəstəliyi məni də yaxaladı. Artıq gördüyün kimi nə yeyə bilirəm, nə də içə bilirəm. Hərarətim də elə yüksəlib ki, sinir sistemim elə pozulub ki… Elə bu səbəbdən ayaqüstə dayanmağa belə taqətim yoxdur. Bu məktubu da sizə yerimdə uzanıb yazıram. Bəri başdan deyim ki, mən bu ağır anlarımda belə səni düşünürəm. Düşünürəm ki, mən öləndən sonra günün-güzəranın necə olacaq? Doğrudur, mən öləndən sonra sənə ürək-dirək verən çox olacaq. Amma yardım göstərən olmayacaq. Bu yerdə bir məzəli əhvalat yadıma düşdü. Bir kişinin inəyi ölür. O da başlayır gecə-gündüz ağlamağa. Kənd camaatı soruşur ki, a kişi, ötən il arvadın rəhmətə gedəndə heç bu qədər sızıldamadın, amma bir inəyə görə neçə gündür göz yaşı tökürsən, utanmırsan? Kişi də deyir ki, çünki arvadım rəhmətə gedən günün səhəri dediniz ki, fikir etmə, sənə başqa bir arvad alarıq. Amma inəyim on gündür ölüb, sizlərdən kimsə gəlib demir ki, başqa bir inək alarıq. Nə isə, heç olmasa südümlə gündəlik tələbatını birtəhər ödəyirdin. Bircə qazanc yerin var idisə o da mən idim. Doğrudur, həyətində iki-üç toyuğun var… Amma onlar da son günlər nədənsə sənin ümidlərini doğrultmur, yəni yumurtalamır. Amma buna rəğmən onlardan muğayət ol, qorxuram ki, quş qripi qayıda, onları da sənin əlindən ala… Odur ki, heç istəməzdim, sevimli inəyin – Mərcanın səni pensiyanın ümidinə qoyub getsin. Amma neyləyim, dərdimə çarə tapılmır. Üstümə gələn baytarlar da bir ümidverici söz demirlər, sadəcə, səbirli olmağımı söyləyirlər. Görünür, məni də qonşumuz Fatmanisənin inəyi Alagözün, qonşu kənddəki Qüdrət kişinin Maralının taleyi gözləyir. Çünki onlara da belə demişdilər. O biçarələr elə səbirlərinin qurbanı oldular.

Doğrudur, Dövlət Baytarlıq Xidməti səni və məni problemin o qədər də ciddi olmadığına inandırmağa çalışır. Və hətta həyatımıza cavabdeh olan bu qurum belə bir məlumat da yayıb: gərginlik olduğu kimi davam edir, problem yavaş-yavaş aradan qaldırılır. Elə isə mən bu xəstə canımla sual edirəm: gərginlik olduğu kimi davam edirsə, bəs problem yavaş-yavaş necə aradan qaldırılır? Bu nə məntiqsizlikdir?! Üstəlik, bəyan ediblər ki, aparılan müalicə yüz faizə yaxın effekt verir, lakin xəstəliyin tam müalicəsi 15-30 gün ərzində yekunlaşır. Müalicə 15-30 gün davam edirsə, onda effekt yüz faiz necə ola bilər axı? Bu xəstəliyin girdabında bu müddətdə necə sağ qalmaq olar? Bu sualları qoyuram bir kənara… Elə isə niyə bu xəstəliyin miqyası genişlənir? Artıq 35 rayonu bürüyüb e… Bu xəstəliyə tutulan həmkarlarımın sayı isə 180 minə yaxınlaşıb. (Bir neçə gün öncə isə onların sayı 114 min idi). Molla Nəsrəddin demişkən, ət isə pişik hanı, pişik isə ət hanı? Bir sözlə, kim deyirsə ki, vəziyyət düzəlmək üzrədir, sadəcə, eşit, inanma. Çünki indi hansı tövlənin qapısını açsan, orada mənim kimi zarıyan, ölümünü gözləyən inəklərə rast gələrsən. Daha bilmirəm, onların arasında xaricdən gətirilmiş iribuynuzlu var, ya yox. Çünki hələlik bu barədə bir rəsmi məlumat yoxdur. O biçarələrin də dilini anlamıram ki, özlərindən soruşum.

Çox hörmətli sahibim, uzun sözün qısası, bir neçə günə bu xəstəlik ucbatından dünyamı dəyişəcəyimə şübhə etmirəm. Amma səndən bir ricam var. Rica edirəm ki, ölüm ayağında olanda məni kəsib ətimi dükan, bazarlara çıxarma. Bilirsənmi niyə belə deyirəm? Guya deyirlər ki, xəstə heyvanların məhsulları da təhlükəsizdir. Axı insanın heyvanlar arasında yayılan bu xəstəliyə tutulmamasına kim zəmanət verə bilər? Çünki yenə deyirəm, hələ də mahiyyəti dəqiq öyrənilməmiş bir virusun insanda hansısa fəsad törətməməsindən danışmaq doğru deyil. Zənnimcə, bunun səsi sonradan çıxa bilər. İşbazların da toruna düşüb mənim cəsədimi onlara vermə… Məgər onlar deyilmi bazarlara at, eşşək əti daşıyanlar?..

Çox hörmətli sahibim, ola bilsin ki, bu məktubum sənə yetişəndə mən həyatda olmayam. Zəhmətini halal et. İnandırım səni, yaşamaq, sənə həyan olmaq istəyirdim. Nə yazıq ki, bu amansız xəstəlik məni sənə çox gördü. Balamdan muğayət ol. Allah dayağın olsun. Bir də xahiş edirəm, mənim üçün göz yaşı tökmə. Onsuz da kimsə gəlib sənin ziyana düşməyinlə maraqlanmayacaq.

Hörmətlə: sənin çox sevdiyin inəyin Mərcan….

Qvami Məhəbbətoğlu, ZAMAN