“Zərdabdan cəbhəyə gedənlər; 1939-1945”

0
26

İsaməddin Əhmədov Bu yaxınlarda “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədovun yeni bir kitabı işıq üzü gördü. “Zərdabdan cəbhəyə gedənlər 1939-1945” adlı bu kitab İkinci Dünya müharibəsində ön cəbhədə iştirak etmiş həmyerlilərimizin əziz xatirəsinə ithaf edilməklə yanaşı, həm də onlardan bəhs edir.

Müəllifin bir neçə illik gərgin əmək və səyi nəticəsində ərsəyə gəlmiş kitabın əsas məqsədi İkinci Dünya müharibəsində iştirak etmiş zərdablıları tanıtmaq, xatırlatmaqdır. Kitab 2742 nəfər iştirakçı həmyerlimizin adından ibarət siyahı şəklində tərtib edilmişdir. Siyahı iştirakçılarının adı, soyadı, atasının adı, doğulduğu il, doğulduğu yer, hərbi xidmətə çağrıldığı ünvan, ilk göndərildiyi yer və son taleyi haqqında məlumatları əhatə edir. Kitabda həmçinin milli Azərbaycan diviziyalarının tərkibində alman faşistlərinə qarşı qəhrəmanlıqla vuruşmuş həmyerlilərimizin xüsusi fəallıqlarından, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun, “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş Muradalı Heydərovun döyüş yollarından ayrıca bəhs edilir. Müharibənin acı gerçəklərini əks etdirən konkret maraqlı məlumatlarla yanaşı, həmyerlilərimizin cəbhə lətifələri də yer almışdır.

“Zərdabdan cəbhəyə gedənlər 1939-1945” kitabı müharibədə iştirak etmiş bütün həmyerlilərimizin ailələrinə, nəsillərinə, ümumilikdə, Zərdab əhalisinə böyük töhfədir.

Qeyd edək ki, İsaməddin müəllimin eyni mövzuya aid “Zərdablılar 1941-1945-ci illər müharibəsində” adlı kitabı da 2010-cu ildə nəşr edilmişdir.

Züleyxa TEYYUBZADƏ, “Əkinçi”nin müxbiri.