Kredit həyat

3
33
Müəllif: Loğman
Müəllif: Loğman

İnsanın arzularla yaşaması təbiidir. Necə deyərlər, arzulamaq pulla deyil ki… Arzular isə zövqlə yaşamaq və ehtiyacdan doğur. Amma insanın arzuları ilə real imkanları, daha doğrusu, arzularını reallaşdırmaq imkanları əksər hallarda üst-üstə düşmür. İradəli adamlar bundan ötrü gecə-gündüz çalışır, öyrənir, planlar qurur, maneələri dəf edir, məhrumiyyətlərə dözür və nəhayət, istəyinə nail olur. Bu, nadir insanlara xas olan cəhətdir.

Günümüzün reallıqlarından biri, bəlkə də, birincisi kredit məsələsidir.

Kredit bazarın istehlak dinamikası, başqa sözlə, satış sürəti ilə vətəndaşın gəlirinin artım sürəti arasındakı ziddiyyətdən irəli gəlir. Bazar istehlak dinamikasının zəifləməməsi üçün dəridən-qabıqdan çıxır, şirnikləndirici təkliflər verir, aldadıcı üsullardan istifadə edir. Əslində bazarda qiymətləri alıcının real imkanları müəyyən etməlidir. Yəni əhali bizim azərbaycanlılar kimi varlıdırsa (!) – bahalıq, afrikalılar kimi kasıbdırsa, ucuzluq olmalıdır. O imkanlar minimum həddə enəndə bazarın işi pozulur. Kredit bu zaman bazarçı üçün hər şeyi yoluna qoyur.

Özlüyündə bazar xeyirxahlıq tanımır, yaxşılıq bilmir.

Bazarın yeganə sevgisi puldur.

Bazarın səcdəgahı da puldur.

Çünki pul yoxdursa, bazar ölür.

İlk baxışda elə görünə bilər ki, bazar, yaxud bazarçı insanların imkanlarını nəzərə alıb, müəyyən güzəştlərə gedir, yəni xeyirxahlıq etmək istəyir; əslində isə burada insan amili yoxdur. Amma bazarçının istehlakçının cibinin küncündəki sonuncu üzüqara qəpiyi çıxarmaq istəyi həmişə oyaqdır. Ona görə də çox həlim, yumşaq təsir bağışlayan kredit hipnozçuluğundan istifadə edir.

Mahiyyət etibarilə kredit borcdur, amma faizlə verilmiş borcdur. Bunun isə haram olduğunu əksəriyyət çox yaxşı bilir. Düzdür, “faizsiz kredit” deyilən bir şey də var ki, ilk baxışda çox əlverişli görünür. Bu o vaxt olur ki, əmtəənin alıcılıq qabiliyyəti aşağıdır. O əmtəə günün tələblərindən geri qalır, dəbə uyğun deyil, yaxud keyfiyyət baxımından qoyulan qiymətə dəymir. Yəni bu halda da faiz öz işindədir.

Kreditin ən vahiməlisi isə ipoteka kreditidir. Əksər gənclərin başqa seçimi yoxdur. Məcburən ev alınır, təbii ki, 25 il ərzində hər ay 300-400 manat ödəmək şərti ilə. Ancaq bununla iş bitmir. Bu evdə yaşamaq üçün ev avadanlıqlarını da kreditlə almaqdan başqa çarə qalmır. Beləliklə, ağır şərtlər altında hələ sahibi olmadığı mənzildə yalnız yaşamaq hüququ qazanan gənc ailə hər dəfə o mənzilin qapısını açıb-bağladıqca, evdəki avadanlıqlardan istifadə etdikcə sevinc hissi keçirə bilmir. Ayın sonu yaxınlaşdıqca həyatını yüngülləşdirmək arzusu ilə yaşayan gənclər kredit presinin təzyiqi altında əzilirlər. Güzəran adlı girdabda vurnuxan, özünü oda-közə vuran gənclər yeganə çıxışdan – kredit yolağasından könülsüz şəkildə keçmək məcburiyyətində qalır və geriyə dönüşü olmayan kredit  burulğanı onu süpürləyib aparır. O, əslində kirayənişindir, evin sahibi deyil, haradasa 50 yaşında evin tam hüquqlu sahibi olacaq. Onda isə artıq bu sevinci yaşamaq inanılmaz görünür.

İndi bir anlıq təsəvvür edin ki, ev almışıq, soyuducu almışıq, avtomobil, mebel və s. almışıq, amma hələ də onların heç birinin sahibi deyilik.

Belə çıxır ki, evdə nəyə baxırsansa, bizim deyil, amma istifadə edirik. Və qəribə vəziyyət yaranır. Bütün bunlar axı bizim həyatımızdır, həyatımızın ayrılmaz tərkib hissəsidir. Məntiqi olaraq belə çıxır ki, biz öz həyatımızı yaşamırıq. Biz kredit həyatı yaşayırıq.

Biz bazarçının arzularını reallaşdırmağa həsr olunmuş ömür sürməklə məşğuluq.

Biz bazarçının şərtlərini qəbul etmək zorundayıq.

Biz kiminsə soyuducusunu, kiminsə maşınını, mebelini işlədirik. Onun pulunu ödəyənə qədər ağayana gəzə bilmərik.

Əvvəllər kredit götürərkən girov qoymaq lazım gəlirdi. Artıq buna ehtiyac yoxdur. Kredit götürmək elə girov qoymaqdır. İndi kredit götürmək elə girov qoymaqdır. Yalnız şəxsiyyət vəsiqəsi ilə alınan kreditin arxasında əslində kreditlərlə reallaşan həyatımız, şəxsiyyətimiz durur. Başqa sözlə, girov qoyulan əslində həyatımızdır. Və çox təəssüflər olsun ki, bəzən kredit həyatımızı girovluqda qoyub həyatla vidalaşırıq…

Amma kreditə nə qədər nifrət etsəm də, onun bircə xidmətindən razıyam. Kredit istehlakçının maddi vəziyyətinin ən dəqiq göstəricisidir.

Mənbə: ZAMAN.

3 ŞƏRH

  1. Bankdan pul istəyəndə utanmırıq.Amma əmidən, dayıdan pul istəyəndə utanırıq.Ümumiyyətlə, çox ehtiyacım olsa belə əmiyə, dayıya, xalaya ağız açmaqdansa banka müraciət edərəm.Yəni qısacası, Bank mənim doğma dayımdı..Onun maşınını da, mebelini də ürəkli işlədirəm..özümünkü kimi..

  2. “İndi bir anlıq təsəvvür edin ki, ev almışıq, soyuducu almışıq, avtomobil, mebel və s. almışıq, amma hələ də onların heç birinin sahibi deyilik.” – biz neyin sahibiyik bu dunyada? hec nəyin.
    o ki qaldi tesevvure-bir anliq tesevvur edek- evde kimse xestedir- pul lazimdir. bank krediti son umuddur bir olan Allahdan bashqa. onda neylemli?. Men krediti teblig elemirem. Sadece cox problemler hell olmalidir kreditden once. Haramla halalin qarshdigi, serhedinin teyin edilmesi cetin oıdugu dunyamizda haramlari azaltmaq lazim, men razi, amma onca bashlangiz noqteni tapmali.

  3. Bunun bir izahı var: indiki zəmanədə kimsə birinə təmənnasız kömək etməz.Faiz də bankın təmannasıdır.Əlimizdən bir şey gəlməz.

Comments are closed.