Tələbəlik illərinin dadı-duzu

0

tələbəlik illəriYeni dərs ili qapımızı döyür. Məktəblərin, universitetlərin qapıları tələbələrin üzünə açılacaq. Tələbəlik adını bu il qazananlar üçün isə bu günün mənası və əhəmiyyəti bambaşqadır. Bir də tələbə olacaq gənclərin valideyniləri üçün! Onların qayğıları daha çoxdur.

Rayon və şəhərlərdən Bakıya təhsil almağa yola salanları isə başa düşmək çətin deyil. Bir tərəfdən ayrılıq, bir tərəfdən maddi məsələlər, bir tərəfdən də məişət və iaşə məsələləri onları düşündürür.

Bakıda mənzil kirayəsi çox bahadır. Normal bir evin aylıq kirayə haqqı 300-400 manat, hətta daha bahadır. Bu isə o deməkdir ki, bir evi dörd tələbə kirayələmək istəsə, ayda 100 manatdan vaz keçməlidir. Bəs yemək, içmək, geyim, nəqliyyat, hərdən də olsa dərman pulu, telefon, internet, kitab, dəftər, su, qaz, elektrik xərcləri və s. Bunlar da xərc deyilmi?

İyirmi il, dörddə bir əsr əvvəl də belə idi, bu gün də belədir. Amma o zamanlar yataqxana deyilən bir yaşayış məskəni var idi, bu gün isə belə bir məkan tapmaq çətindir və valideynlər təhsil alacaq övladlarının təhsil, məişət, iaşə və s. ehtiyacları ilə yanaşı, bir də onların kommunal xərclərini düşünməyə məcburdurlar. Bütün bunlar insan həyatının ən yaddaqalan dövrü olan tələbəlik illərinin istiqamətini dəyişir, hafizələrə gərəksiz məsələlər həkk edir. Halbuki…

Tələbəlik həyatı. İnsan ömrünün ən yaddaqalan, ən tez-tez xatırladığı dövrü. Tələbəlik həyatı. İnsanın ən çox səhv etdiyi, yıxıla-dura həyatı öyrəndiyi bir zaman dilimi. Tələbəlik həyatı insanın müstəqil yaşamağı, necə deyərlər, ayaqları üstə durmağı öyrəndiyi bir dövrdür. Bu baxımdan da tələbəlik dövrü yataqxana dövrü ilə daha çox yadda qalır.

Yataqxana insanın ictimai varlıq olaraq təkmilləşməsində, mükəmməlləşməsində əvəzsiz vasitədir. Buna görə də ali təhsil illərini yataqxanada keçirərək başa vuranlarla evdə yaşayıb başa vuranlar arasındakı fərq ictimai həyatda dərhal sezilir. Yataqxana həyatından gələnlər insanlarla daha tez ünsiyyət tapır, öhdələrinə düşən vəzifələri və məsuliyyətləri daha tez dərk edərək onların həllinə yol tapırlar.

Prezidentimiz Astarada tələbələrlə görüşəndə yataqxana məsələsinə də toxundu. Yataqxanaların qaçqın və məcburi köçkünlər tərəfindən tutulduğu və geridə qalan iyirmi il ərzində onların artıq yarıtmaz hala düşdüyü, köhnəldiyi, bu gün boşaldılsa belə, artıq müasir tələblərə cavab verə bilməyəcəklərini yadımıza saldı. İnkişaf edən Azərbaycanın gənclərinə daha müasir, hətta 20-30 il sonrakı gənclərin də tələbatını ödəyə biləcək bir yataqxana modelinə qovuşmasının zəruriliyini xatırlatdı. Dövlətimizin bu məsələnin həlli üçün konkret addımlar atacağının işarəsini verdi.

Sevindik. Axı yataqxanasız tələbəlik illərinin nə dadı-duzu var ki? Tələbə demək universitet deməkdir. Universitet demək həm də yataqxana deməkdir. Yataqxana demək müstəqil həyat deməkdir, yeni dostlar, tanışlar deməkdir. Yataqxana gənclik dövrümüzün coğrafi anlayışının, üfüqümüzün genişləməsi deməkdir.

Yeni dərs ilində tələbələrimizə yeni yataqxana həyatı arzu edirik.

Nazim Əkbərov, ZAMAN