Sevgi dərsi

1
22

sevgi dərsiBalaca qız anası ilə səkidə gedirdi ki, birdən dayandı. Onun belə dayanmasına səbəb sürətlə keçən maşınların arasında velosipedlə gedən bir ata və qızı idi. Qız demək olar ki, onunla eyni yaşda idi. O, var gücü ilə atasına sarılmış və soyuqdan qızaran yanaqlarını atasının kürəyinə söykəmişdi. Atası arabir arxaya çevrilir və nə isə deyərək qızını güldürürdü. Səkidəki qız velosipedin arxasınca baxırdı ki, anası onun bu vəziyyətini gördü və bir az da istehzalı bir şəkildə:

– Yəqin ki, evdəki velosipedlər sənə azlıq edir,-dedi.

Və sonra da əlavə etdi:

– Əgər çox xoşuna gəlirsə, atan sənə ondan da alar…

Balaca qız:

– Mən velosipedə yox, arxadakı qıza baxıram,-dedi.

– Atası onunla elə gözəl söhbətlər edir ki…

Anası özünü eşitməməzliyə vurdu və gözündəki bahalı eynəyi düzəldərək:

– Uşaqların məktəbə necə getdiyini öz gözlərinlə gördün,-deyə davam etdi, – Bu qışda soyuqda kimisi velosipedlə, kimisi də piyada məktəbə gedir. Halbuki atan səni hər gün öz “Mersedes”i ilə məktəbə aparır…

Qızın gözü hələ də velosipeddə idi. Qadın yenə də istehzalı bir şəkildə:

– İstəyirsən, atana deyim, o da səni məktəbə velosipedlə aparsın,-dedi.

Yəqin ki, bu sənin üçün “Mersedes”lə məktəbə getməkdən yaxşı olar…

Balaca qız gözlərini velosipeddən ayırmadan:

– Doğrudan da yaxşı olar, – deyə cavab verdi, – Beləcə mən də atama doyunca sarılaram…

 

Mənbə: “Ailəm” jurnalı.

1 comment

Comments are closed.