Pensiya

0
46

pensiya“Toxun acdan xəbəri olmaz”

Yəqin ki, bu deyimin müdriklərin süzgəclərindən minlərlə dəfə keçdikdən sonra həyata vəsiqə aldığına şübhə edən çox az olar.

Mən bu deyimdən yazılarımda dəfələrlə istifadə etmişəm.

Hətta öz təcrübəmdə toxun acdan xəbəri olmadığına inanmışam.

Etiraf edirəm: nə qədər ki, gənc idim, qocaların vəziyyəti yadıma düşmürdü, onların dolanışıqlarını necə təmin etdikləri barədə fikrləşmirdim.

İndi yaşlamışam, bir neçə ildən sonra pensiya yaşına çatacam.

7-8 il sonranı düşünürəm. Allah ömür versə, 8 ildən sonra pensiyaya çıxmalıyam.

Bəs mən pensiyaya çıxanda hansı pulla yaşamalıyam?

Dövlət vətəndaşlara öz pensiyasının miqdarını müəyyən etmək imkanı verib.

Mən də bu imkandan yararlanmaq fikrinə düşdüm.

Bunun üçün dövlətin rüsum.az saytında yerləşdirilən “Pensiya kalkulyatoru”na müraciət etdim.

Həmin kalkulyator vasitəsilə öz pensiyamı hesabladım: bu gün pensiyaya çıxsam, 165,13 manat pensiya alaram.

(Qəribədir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəsmi saytında yerləşdirilmiş kalkulyatorla hesablayarakən bu rəqəm 169,95 manat çıxdı).

Bu rəqəm məni məyus etdi. Amma özümə təsəlli verib, hələ 8 ilim var, miqdarı bir qədər artıra bilərəm deyə düşündüm.

Ona görə də pensiyanın müəyyənləşmə mexanizmini öyrənməyə çalışdım. Məlum oldu ki, 2006-cı ilə qədər nə qədər əmək haqqı almağının pensiyaya artımına heç bir dəxli yoxdur. O müddətdə staj rol oynayır.

Yəni 2006-cı ilə qədər hər bir staj ilinə 1 manat 94 qəpik (daha doğrusu 1,93375 manat) pensiya verilir. Bunun da üzərinə pensiyanın baza hissəsinin məbləğini əlavə edilir.

O illərdə vətəndaşın əmək haqqının ayda 1000 manat və ya 70 manat olmasının heç bir fərqi yoxdur. Tutaq ki, sənin 2006-cı ilə qədər 40 il stajın var və ondan sonra heç yerdə işləməmisən. O zaman sənin pensiyan 40X1,93375+100=177,35 manat edəcək. (100 manat pensiyanın baza hissəsidir, təəssüf ki, kalkulyator hələ də baza hissəsində köhnə rəqəmi – 85 manatı göstərir).

2006-ci ildən sonra da işləmisənsə, onda həmin illərdə aldığın əmək haqqı pensiyanın miqdarına təsir edir. Gəlin həsab eləyək ki, A şəxsi 2010-cu ildə pensiyaya çıxıb və 2006-cı ilə qədər 40 il stajı olub. 2006-2010-cu illərdə isə ayda 300 manat olmaqla ildə 3600 manat əmək haqqı alıb. Onda A şəxsin pensiyası 197,9 manat olar. (DSMF-nin kalkulyatornda 206,8 manat. Deyəsən DSMF-nin kalkulyatoru o birindən insaflıdır). Yəni son 5 il pensiyaçının pensiyasına cəmi 20 manat əlavə edir.

Tutaq ki, A şəxsi son 5 ildə ayda 300 deyil, bundan 10 dəfə çox – 3000 manat əmək haqqı alıb (Azərbaycanda bu qədər maaş alan varmı?). Onda onun pensiyası 353,85 manat olar.

Gəlin təsəvvür edək ki, ayda 3000 manat maaş alan adamı işdən azad edib ona ayda maaşının təxminən 12 faizi qədər – 353 manat pensiya verirsən. Sizcə, həmin adamın vəziyyəti necə olar?

Bu ədalətli sistemdirmi?

Mən 353 manatlıq pensiyanı hesablayarkən maaşların miqdarını xeyli şişrdiyimin fərqindəyəm.

İndiki mexanizmlə real maaşlara görə hesablasaq, Azərbaycanda gələcəkdə 200 manatdan artıq pensiya alan olmayacaq. Onu da nəzərə almaq lazımdır ki, SSRİ dağılandan sonra bir müddət vətəndaşlar ailənin güzəranını təmin etmək üçün qeydiyyatsız, müqaviləsiz işləməyə məcbur olublar və həmin illərdə staj əldə edə bilməyiblər.

İqtisadiyyatı yüksək sürətlə inkişaf edən ölkəmizə bu cür pensiya sistemi, yumşaq desək, yaraşmır.

Zənnimcə, pensiya konsepsiyasını hazırlanmağa məsul olan məmurlar pensiyaları ölkənin iqtisadiyyatına və ehtiyac zənbilinə uyğunlaşdırmaq barədə düşünməlidirlər.

Toxun acdan xəbəri olmaya bilər, amma vətəndaşı barədə düşünmək məmurun borcu və vəzifəsidir.

Ürfan Məmmədli, ZAMAN.