Millət vəkili Jalə Əliyevanın qızı: “Mən həmişə səmimiyəm”

2

– Nə qədər səmimisiz?
– Mən həmişə səmimiyəm.
– Onda sizdən səmimi cavablar gözləyirik.
– Yaxşı.
– Özünüzü necə təqdim edərdiz?
– Ahu Müjgan Onk.
– Bəs qısa tərcümeyi-halınız...
– 1990-cı il iyunun 19-da anadan olmuşam. Bakıdakı 6 nömrəli orta məktəbi əlaçı kimi bitirmişəm. Həmçinin 6 nömrəli musiqi məktəbinin fortopiano ixtisasını qırmızı diplomla başa vurmuşam. XI sinifdə oxuyanda, Respublika biologiya olimpiadasında birinci yeri tutduğuma görə təhsil naziri Misir Mərdanovun göstərişi ilə buraxılış imtahanından azad olundum. 2008-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil oldum. Hazırda 2-ci kursda oxuyuram, uşaq həkimi olacam.
– Uşaqlıqdan indiyə kimi yadınızda qalan ən maraqlı hadisə nə olub?
– Mən uşaqlıqda dəcəl olmuşam ancaq ağlayan deyildim. Yaxınlarım deyirlər ki, dəcəl olmağıma baxmayaraq hamı məni çox istəyirmiş.
– Daha çox kimə bənzəyirsiz?
– Yəqin ki, anama.
Ailədə sizə hansısa qadağa qoyulub?
– Xeyr, heç vaxt mənə qadağa qoyulmayıb. Amma özüm hər şeyin həddini bilirəm.
– Deputat qızı olmağın sizə xeyirli və ziyanlı tərəfləri varmı?
– Anam deputat olmamışdan əvvəl necə idimsə, indi də eləyəm. Yəni xasiyyətim dəyişməyib.
– Əhatənizdə olanlardan kimsə ananıza görə sizinlə dostluğa can atıb?
– Mən çox həssas insanam. Kimsə anama görə mənə yaxınlaşarsa, bunu hiss edərəm və dərhal həmin adamdan uzaqlaşaram. Heç vaxt ətrafımda belə adamlar olmayıb.
– Sizə yaxın olan insanlar kimdi?
– Yaxınlarım, valideyinlərim. Uşaqlıq dostum da var, ancaq mən tam açılmağı sevmirəm.
 – Arada məsafə saxlayırsız?
– Xeyr, sadəcə olaraq dostuma danışacaq sirrim yoxdu. Həm də insanların səmimiyyətinə çox inanmıram. Onlara inam gücüm azdır.
– Müəllimlər deputat qızı olduğunuzu bilir?
– Çalışıram bildirməyim. Xəbəri olan müəllimlər də var. Ancaq onların mənə münasibəti əvvəl necə idisə, indi də elədir. Mənə özümə görə hörmət edirlər. Deputat qızı olduğumu biləndə, təbii ki, daha da yaxşı olur. Ancaq mən çalışıram bundan sui-istifadə etməyim.
– Qiymətləri özünüz alırsız, yoxsa…?
– Əlbəttə özüm alıram. Mən başqa ali məktəbə də daxil ola və qiymətləri özüm almaya bilərdim. Mən özümə lazım olan dərsləri oxuyuram ki, qazandığım biliklər gələcək karyeramı qurmaqda köməyim olsun. Hələki universitetdə əlaçıyam.
– Hansı xarici dili bilirsiz?
– Rus, ingilis, türk, bir az da fransiz və alman.
– Heç xarici ölkədə olmusunuz?
– Bəli. Türkiyə, Rusiya, Kipr, Bolqarıstan, Avstriyada olmuşam.
– Özünüzdə əlavə hansı bir istedad hiss edirsiniz?
– Mahnı oxumağı çox sevirəm. Bu həm də hobbimdir. Gələcəkdə belə bir şans olsa, hər hansı bir yarışmada Azərbaycanı təmsil də edə bilərəm.
– Maraq dairənizə nə daxildir?
– Demək olar ki, hər şeylə maraqlanıram. Məncə maraqlanmadığım nəsə yoxdu.
Nəyəsə əlinizi uzatmağa ehtiyac olub, yoxsa elə hər şeyin ən yaxşısını sizə veriblər?
– Mən istəmədən veriblər. Ancaq hər şeyi deməzdim, çünki elə şeylər var ki, onlara özüm əlimi uzatmışam. Misalçün, çalışıb yaxşı oxuyaraq yüksək balla universitetə daxil olmuşam.
– Pisliklə qarşılaşanda ona tab gətirə bilirsiniz, yoxsa geri çəkilirsiniz?
– Əvvəllər geri çəkilmələr olub, indi yox.
Hansı xüsusiyyətlər sizə pisliklərlə üzləşəndə sınmamağa kömək edib?
– Fikirləşirəm ki, hər şey boş şeydir. Düzdür əhvalım pozulur, ancaq səhəri gün düşünürəm ki, belə olmalıymış…
Gələcək həkim kimi, olubmu elə indidən kiməsə şəfa verəsiniz?
– Hə. Hətta yaxınlarım mənə deyirlər ki, sənin əlində biotok var. Bunu təcrübədən də keçirmişəm. Uşaqlıqdan məndə həkimliyə həvəs vardi. Anamın bir yeri ağrıyanda deyirdim gözlə, səni sağaldacam. Tutaq ki, başını ovxalayıram, deyir qızım ağrılar keçib getdi.
Ev işləri ilə məşğul olursuz?
– Dərsə görə ev işi ilə məşğul olmağa vaxt qalmır. Çünki saat 8-də universitetə gedirəm, qayıdanda isə axşam olur. Çox yorğun oluram. Həm də dərsə ciddi hazırlaşmaq lazımdı. Sabah müəllim məni dərsdə qaldırsa, cavab verməsəm bu mənim üçün çox ağır olar. Ancaq anam yorğun gələndə ona çay süzürəm.
Xörək necə, bişirə bilirsiz?
– Hə, bacarıram.
– Ən yaxşı hansı xörəyi bişirirsiz?
– Badımcan, içalat və kartof  qızartmağı çox sevirəm.
– Darıxanda nə edirsiz?
– Audiopleyerin qulaqcığını taxıram qulağıma və güzgünün qabağında oynayıram.
– Yerli, yoxsa xarici müğənniləri dinləyisiz?
– Hər ikisini. Təbii ki, ruhuma oxşayan musiqiləri dinləyirəm. Daha çox həzin musiqiləri xoşlayıram. Pop janrına üstünlük verirəm. Son zamanlar lirik mahnılardan uzaq qaçıram. Bu da onunla əlaqədardı ki, kefimi pozmaq istəmirəm.
– Dəfələrlə baxıb, doya bilmədiyiniz film var?
– Bu, “Böyük arzular” filmidi.
Bəs Azərbaycan filmlərindən?
– “Arşın mal alan”, “O olmasın, bu olsun”. Bu filmlərin ssenarisi çox xoşuma gəlir.
Milli adət-ənənələrimizə münasibətiniz?
– Çox yaxşı baxıram.
– Jalə xanım həmişə mətbuatdakı çıxışlarında deyir ki, keşmişdə olan adətlərin tərəfdarıdı. Ananızla razısız?
– Mən gözümü açandan müasirliyi görmüşəm. Ancaq o, elə deyirsə, razıyam.
– Yəni ananızın dediyi sizinçün qanundur?
– Xeyr, qanun deyil. Ancaq çox vaxt anamın düşüncələri ilə mənimki üst-üstə düşür.
– Son zamanlar gənclərimizdə Qərbə meyllilik yaranıb. Buna necə baxırsız?
– Əlbəttə ki, bu, tamamilə məni qane etmir. Çünki hər şeyə çox yüngül baxmaq olmaz. İnsan hər şeyi fikirləşib etməlidir. Bir də görürsən kimsə fərli bir hərəkət edir, digərləri də onu təkrarlamağa çalışır. Hərə özünə cavabdeh olmalıdır. Bununla yanaşı, hesab edirəm hər kəs öz bildiyi kimi yaşamalıdır.
İdealınız kimdir?
– Anam.
– Kim olmaq istərdiz?
– Özünə əməliylə hörmət qazanan bir insan olmaq istərdim.
Sizcə xoşbəxtlik nədir?
– Xoşbəxtlik elə xoşbəxtlikdi… Məncə xoşbəxtlik odur ki, sən olmayanda sənin arxanca yaxşı danışırlar, sən olan yerdə yox.
Özünüzü xoşbəxt sayırsız?
– Bəli, xoşbəxtəm.

 

modern.az

2 ŞƏRH

  1. Jale Xanim Eliyeva Sizi salamlayiriq Allah sizi hemise penahinda saxlasin…hormetle Hesen Bey Zerdabinin Qardasi nevesi..

Şərh yaz

Please enter your comment!
Please enter your name here

three + 17 =