Yüz ildir ki, “Ay pipiyi qan xoruz”, “Ala-bula boz keçi”

0

Ay pipiyi qan xoruzYüz ildir ki, “Ay pipiyi qan xoruz”, “Ala-bula boz keçi”, “Doğdu günəş qırmızı”, “Dərsə gedən bir uşaq” oxuya-oxuya böyüyürük. Yaxşı ki, heç olmasa bunlar var. Allah rəhmət eləsin Sabirə, Səhhətə, Şaiqə, hələ də onların yazdıqları ilə kitab düzəldirik, dərs keçirik, nəsil böyüdürük. Bu əsərlər şedevr hesab oluna bilərmi? – Xeyr, sadəcə şirin dili və ritmi var. Amma bu bir gerçəkdir ki, onlardan başqa da bir şeyimiz yoxdur.

Sovet hakimiyyyəti illərində yüzlərlə şair balalarımız üçün qələm çaldı, hamısı da unudulub getdi. Əgər hər uşaq şairindən bircə şeir, ya da hekayə qalmış olsaydı, indi əməlli-başlı uşaq ədəbiyyatımız olardı. Amma olmadı, cild-cild kitabları çıxan, sağlığında mütəfəkkir hesab edilən neçə-neçə söz adamının sözü də elə özü ilə ölüb getdi. Doğrudur, ara-sıra uğurlu nümunələr oldu, amma onlar da nədənsə girişdə saydığımız şeirlər qədər populyar ola bilmədilər. Xüsusilə Müşfiqin, Xəlil Rzanın uşaqlar üçün yazdıqlarını nəzərdə tuturam. O dövr uşaq ədəbiyyatının ən uğurlu nümunəsi, mənim üçün, Cavid Əfəndinin “Gülbahar” şeiridir ki, o da Osmanlı ağzı ilə yazıldığı üçün indi orasını-burasını dəyişirlər və dəyişdirilən yerlər də yamaq kimi uzaqdan nəzəri cəlb edir. Hazırda bu sahədə qələm çalan ən gənc şairimiz təxminən altmış yaş ətrafındadır, yəni artıq dediyini deyib.

Biz müstəqil dövlətin vətəndaşlarıyıq, azad, xoşbəxt nəsillər böyütmək kimi müqəddəs bir vəzifəmiz var. Amma bu vəzifənin öhdəsindən gələ bilirikmi? Bu xalqın əsl sərvəti olan övladlarını hansı duyğu və düşüncə ilə yetişdiririk? Dövlətin bu işdə vəzifəsi, rolu və qayğısı nə qədər olmalıdır? Bütün bunlar elə suallardır ki, baş bulamaqdan başqa səmimi cavab tapa bilmirəm.

Ümumiyyətlə, bir dəfəlik ağlımıza həkk etməli, rəsmi sənədlərimizin başına yazmalıyıq ki, bu ölkənin ən böyük sərvəti neft deyil, övladları, xüsusilə də böyüyən gəncliyidir.

Sovet dövründə ədəbiyyat dövlət ideologiyasının bir parçası idi. Ona görə də ədəbiyyaxt adamlarına yaxşı pul, imtiyaz verirdilər, xətir-hörmət qoyurdular. İndi ədəbiyyatı başlı-başına buraxıblar və dövlətin də şairə baxar gözü yoxdur. Amma bu böyüyən nəsillərə ədəbiyyat lazımdır, döğru-düzgün söz, həqiqəti öyrədən şeir, hekayə lazımdır. Nağıllarımıza baxırsan, sehr, cadu, padşah qızına aşiq olmuş yetim, div, yeddibaşlı əjdaha, küpə girən qarı, bir sözlə, uşağın ağlını qarışdıran, təsəvvürünü bulandıran hər şey tapa bilərsən.

Çox demirəm, hər şair, hər yazıçı bircə səhifəlik bir əsər qoyub getsin, cild-cild kitabları kimsə oxuyan deyil. Hələ indiki, dövrdə, kompyuter əsrində yuxarıda saydığımız cəfəngiyyatla uşağı tərbiyə etmək, onu düzgün səmtə yönəltmək mümkün deyil.

Müəllifi məlum bir Skandinaviya nağılı var: Əjdaha çayın qabağına yıxılıb kəndin suyunu kəsir və qəhrəmanlar əjdahanı öldürüb, suyun önünü açmaq üçün bir-bir səfərə çıxırlar. Gedən gedir, qayıtmır. Kəndin sonuncu igidi də silahlanıb əjdahanın üsütünə gedir, onu öldürür və irəlicədən xəbərdar edilməsinə baxmayaraq onun qılıncını götürür, götürən kimi də özü dönüb əjdaha olur və çayın qabağına yıxılıb növbəti əjdahanı gözləməyə başlayır.

İstər nağıl deyin, istər hekayə, bu kiçik mətn mənim üçün ədəbi şedevrdir. Və bizim bu cür ədəbiyyata şiddətli ehtiyacımız var. Qısa məzmunu da budur ki, dünyada əjdaha deyilən bir şey yoxdur, azğınlaşmış, əjdahalaşmış, insanlığını itirmiş insanlar var. Bu hekayə oxucunu yalandan gerçəyə daşıyır, bizim nağılarımızda isə qəhrəman ancaq mifik güclər, sehr, cadu ilə qələbə çalır, yəni qaş qayıran yerdə göz çıxarırıq.

Dövlətimiz müxtəlif layihələrə böyük vəsaitlər ayırır. Elə düşünürük ki, hazırda ən çox ehtiyac duyduğumuz sahələrin başında elə uşaq ədəbiyyatı gəlir. Uşaq mətbuatının inkişafına xüsusi diqqət ayrılmalı, mütəmadi olaraq uşaq şeir və hekayə müsabiqələri keçirilməlidir. Bu müsabiqələr açıq keçirilməlidir ki, saxtakarlıq olmasın. Uşaq ədəbiyyatının inkişafı üçün xüsusi dövlət proqramı hazırlanmalıdır, özü də gecikdirmədən. Bu işlərə çox böyük ehtiyacımız var, çünki bu, gələcəyimizin tərbiyəsi deməkdir, nə əksək, onu da biçəcəyik. Vəssalam.

Əli Çərkəzoğlu, ZAMAN

Şərh yaz

Please enter your comment!
Please enter your name here

five − four =