Tanınmış ifaçı, həmyerlimiz Mürşüd Abbasov haqqında bilmədiklərimiz

2
150

Mürşüd Abbasov

ZƏRDABLI XANƏNDƏ MÜRŞÜD ABBASOV.

ONU XATIRLAYAN VARMI?…

1965-1970-ci illərin görkəmli Azərbaycan müğənnilərindən – xanəndələrindən biri də mərhum həmyerlimiz Mürşüd Abbasov idi. 

Mürşüd İlyas oğlu Abbasov 1941-ci ildə Zərdab rayonunun Məlikli kəndində doğulmuşdu, ailədə 4-cü oğul idi. Atası müharibədən qayıtmadı və anası Marya xanım övladlarını tək böyütdü.

Mürşüd 1959-cu ildə Bakıya gedərək kitabxanaçılıq texnikumunun klub şöbəsinə, sonralar indiki İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsinə qəbul olundu və təhsilini uğurla başa vurdu. Onun xanəndəlik istedadını çox bəyənən o illərin görkəmli müğənnisi Qulu Əsgərov Mürşüdə ayrıca muğam dərsi də keçdi və həmyerlimiz o dövrün ən qabaqcıl musiqi qrupu olan Əhməd Bakıxanovun xalq çalğı alətləri ansamblında oxumağa başladı. Beləliklə, Mürşüd Abbasov Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu.

Çox təəssüf ki, parlaq istedadlı xanəndə həmyerlimiz ömrünün 34-cü baharında – 1975-ci il avqustun 15-də qastroldan qayıdarkən təyyarə qəzasında faciəli şəkildə həlak oldu və doğma Məlikli kəndində torpağa tapşırıldı.

Mərhum qardaşı Çümşüd kişi danışırdı ki, Mürşüdün 13-14 yaşı olanda Xan Şuşinski kəndimizə toya gəlmişdi. Kənd ziyalılarının xahişi ilə Xan əmi Mürşüdə bir muğam oxumağa icazə verdi və səsini çox bəyəndi, onu Bakıya dəvət etdi…

Şəhərimizin sakini Kərbəlayi Mirağa Bağırov xatırlayır ki, Mürşüd Abbasovla texnikumda bir oxumuşuq, mərhum həmyerlimiz, həmin texnikumun müəllimi Ağaismayıl Ağayev gənc Mürşüdə arxa, dayaq olurdu, tanınıb üzə çıxmasına çox kömək edirdi.

Mürşüd oxuyurdu. Onun “Çahargah”ı, “Qarabağ şikəstəsi”, “Mirzəhüseyn” segahı və digər parlaq ifaları yaşlı nəslin yaddaşından silinməyib.

Azərbaycan Dövlət Filarmoniyasının solisti olan həmyerlimiz tez-tez Azərbaycan radiosunda, televiziyada, çox vaxt da canlı konsertlər verirdi. Respublikamızın bütün rayonlarına konsert və toylara dəvət olunurdu.

O sadə və səmimi insan idi. 1975-ci il yazın əvvəllərində, — biz nə bilərdik ki, bu,  Mürşüdün ömrünün son ayları imiş və bu onun filarmoniyada son konserti imiş,–həmkəndlilərim, Məmmədqasımlıdan olan tələbə dostlarım Məhəmməd Mirzəliyev və mərhum Zülfü Babayevlə filarmoniyaya – Mürşüd Abbasovla Tükəzban İsmayılovanın konsertinə getdik. Mürşüd müəllimin anası – Məhəmməd Mirzəliyevin bibisi Marya ana da bizimlə idi. Tarda Tükəzban xanımın həyat yoldaşı Həbib Bayramov çalırdı. Konsert yaxşı keçdi, biz bu münasibətlə Mürşüd müəllimi və Tükəzban xanımı təbrik etdik. Mürşüd müəllim dedi ki, həmişə salon dolu olanda xanəndə də ürəklə oxuyur.

Bizi də evə Mürşüd Abbasov özü gətirdi.

Xalq artisti Çingiz Mehdiyev:

– Mürşüd ağır bir söz eşidəndə gözləri dolurdu. Heç kəsin xahişini yerə salmırdı,  dilinə yalan gəlmirdi. Bir dəfə qastrola getməli idik, Mürşüd gəldi ki, mən gedə bilmərəm. Səbəbini soruşduq, dedi ki, qonşuluğumda yaşayan bir fağırın evini yağış uçurub, qalıblar çöldə, ona bir çarə edə bilməsəm, heç yana gedə bilmərəm… Biz də getdik həmin həyətə və gördük ki, ailə ağır vəziyyətdədir. Qastrola gedəcək bütün artistlər, Mürşüd başda olmaqla, getdik Baksovetə və xahiş etdik ki, bu ailəyə elə bu gün yararlı bir ev verilsin. Baksovetdən gəldilər, vəziyyətə baxdılar və ailənin problemini həll etdilər, biz ailəyə pul yardımı da etdik, yağışdan islanıb xəstələnən ailənin üzvünü xəstəxanaya apardıq, həkimlərdən ona yaxşı baxmasını xahiş etdik, sonra da Mürşüd ürəklə qastrola yola düşdü…

Xalq artisti Sadıq müəllim (uzun illər Zeynəb Xanlarovanın ansamblında qoşa nağara ifaçısı):

– Mürşüdlə toylara da çox gedirdik. Hər dəfə də hamımızın haqqını artıqlamasilə verirdi. Səhəri gün də bizi – ansamblın üzvlərini ən bahalı restorana yığıb qonaq edirdi, hər dəfə də hesabı girib içəridə özü verirdi. Biz də deyə-gülə, çıxıb gedirdik. Günlərin birində yenə belə qonaqlıqdan çıxdıq və dağılışanda, Mürşüd bizi geri çağırdı. Dedi ki, əə, insafınız olsun, heç olmasa, barı bir dəfə soruşun ki, a Mürşüd, nə qədər şot verdin?…

Mürşüd Abbasovun audio lent yazıları bu gün də qalır, amma çox təəssüf ki, onun videoyazıları tapılmır. Ümid edirik ki, heç olmazsa, audioyazılarını efirə verməklə Azərbaycan radioları hərdənbir də olsa, Mürşüd Abbasovu dinləyicilərə xatırladacaqlar…

Allah rəhmət eləsin!

İsaməddin ƏHMƏDOV

2 ŞƏRH

  1. ALLAH rehmet etsin qardawi bizim qonwuydu Cumwud Abbasov, rehmete getdi.. Yerleri cennet olar inwALLAH..

  2. Mürşüd müəllimin səsi hələ də qulaqlarımdadır.Bənzərsiz ifaları var idi.Mən o zamanlar yeniyetmə idim.Onun oxuduğu bir mahnını mən hər gün zümzümə edirəm.”Bu gün elə xoşbəxtəm ki,canki qanadlı quşam.Elə bil ki,anadan indicə doğulmuşam.Bu gün mən bilmirəm ki,nədir qüssə,nədir qəm.Axı,əziz dost,bu gün səninlə görüşmüşəm.”Təəssüf ki,M.Abbasov kimi bir xanəndənin unudulması yolverilməzdir.Allah rəhmət eləsin!

Comments are closed.