…sevərliyimiz

0
26
Müəllif: Loğman
Müəllif: Loğman

Bu sevgi məsələsi elə bir şeydir ki, onu nəyin üstünə yönəldirsən inkişaf edir. Ağaca yönəldirsən boy atır, bol məhsul verir. Adama tuşlayırsan sevinir, gözəlləşir. Üzünü uşağa tərəf çevirirsən, gedib dərsdən “beş” alıb gəlir və s. Deyirlər ki, biz şair xalqıq. Məncə, biz şairsevər xalqıq. “Tumurcuq” qəzetinin əməkdaşı kimi uşaqlardan gələn məktublardan bilirəm ki, şairsevərlik nədir. Əlifbanın hərflərini öyrənən kimi birinci sinif şagirdləri şeir yazmağa başlayırlar. Doğrudur, şeirlərin məzmunu çox da ürəkaçan olmasa da, şairsevərlik aydın şəkildə duyulmaqdadır.

Yəqin ki, qonaqsevərliyimizin də öz yeri var. Bunun ən bariz nümunəsi evimizin bir otağını ömürlük “qonaq otağı” elan etməyimizdir. Ev sahibi belə o “qonaq otağı”nda özünü qonaq kimi aparır. İllərlə o qonaq gəlməyə bilər, amma o otaq qonaq adına bəzədilməli, təmiz olmalıdır. Qapıda mütləq kəsməli heyvan saxlanılmalıdır ki, qəfildən gələn qonağı adına layiq qarşılamaq mümkün olsun. Qonaqsevərliyimizdəndir ki, qonaq da günün, sutkanın istənilən vaxtında, həm də qəfildən, xəbərdarlıq-filan etmədən gələ bilər. Qonaq qəfildən gəlməlidir ki, ev sahibinin real durumu bəlli olsun. Nə qədər kədərli olsa da, deyim ki, mən Biləcəridən o tərəfə çıxmamışam. Deyirlər ki, Avropada, Amerikada-zadda bir neçə gün qabaq ismarıc yollayırlar ki, bəs cənab Filankəs, sizə qonaq gəlmək istəyirik, bizi qəbul etmək arzunuz, istəyiniz varmı? Ev sahibi də ya “hə” deyir, ya da “yox”. Özü də bu cavabı verəndə utanıb-eləmir. Bununla da iş bitir. Özünüz deyin, buna heç qonaqsevərlik demək olar? Qonaqsevərlikdən xəbəri olmayan yapon, ingilis, alman xalqı necə inkişaf edib, məəttəl qalıram.

Bu məsələdə, həqiqətən, analoqumuz yoxdur.

Analoqsuz sevərliyimizin biri də müğənnilərlə bağlıdır. Müğənni bizə yeri gələndə doğmalarımız qədər istəkli olub. Təsadüfi deyil ki, “qonaq otağı”nda dədə-baba portretləri ilə bərabər, gözəgəlimli yerdə müğənnilərin təbəssümlü çöhrələri diqqəti cəlb edərdi. Bir qayda olaraq, yük maşınlarının kabinələrində bir tərəfdə Stalinin, digər tərəfdə isə müğənni şəkli olardı. Müğənnilərin padşah qədər hörmətli vaxtı olub – lap indiki kimi…

Görünür, lap qədimdən sevgimiz o qədər aşıb-daşıb ki, səxavətlə gözümüz görənə vurulmuşuq, çoxşeysevər olmuşuq. Bir xalq kimi, rüşvətə necə muştaq olmuşuqsa, təkcə almaq deyil, rüşvət verməkdə də özünəməxsus dünya standartlarını biz yaratmışıq. Yəni rüşvət verib-almaq tərzindən bilinib ki, bunu dünyada ancaq biz edə bilərik. İndi ölkəmizdə bu işi bacarmayana, kinodakı kimi, birtəhər baxırlar…

Bir sözlə, sevərliyimiz o qədər rəngarəngdir ki, saymaqla qurtarmaz – maşınsevər, telefonsevər, villasevər, serialsevər, tumsevər (sonuncu ikisi bir-birilə qırılmaz şəkildə bağlıdır), futbolsevər və s. Biz o qədər futbolsevər xalqıq ki, fərli-başlı komandamız olmasa da,  uşaqlarımız futbolkalarının üstündə dünyanın məşhur futbolçularının şəklini fəxrlə daşıyırlar. Görünür, yuxarıda sadaladıqlarımızdan sonra futbolun payına düşən sevərlik fiziki cəhətdən zəif olub.

Möhtərəm oxucu, çoxşeysevərliyimiz başımızı nə qədər uca eləsə də, yaralı yerimiz də var. Biz bütün sahələrdə eyni səviyyədə sevərlik sərgiləyə bilmirik. Elə götürək alimsevərliyimizi. Alimsevərliyimiz yanıq olduğundan şairlərimiz həmişə alimlərimizdən çox olub. Şairlərimizin sözü keçərli olub – yeri gələndə alimlərimizi Sibirə əbədi dincəlməyə göndərə biliblər. Uşaq vaxtı fikirləşirdim ki, yəqin ruslar alimsevər xalqdır. Ona görə alimlərimizin çoxu ölkəmizdə müdafiə edə bilməyəndə Rusiyaya gedirlər.

Qanunsevərliyimiz də həmişə yarıtmaz olub. Ona görə də, qanunsevər xalqlar bizə sadəlövh, avam görünüblər. Onlara rüşvət təklif edəndə belə, nə qədər qəribə olsa da, götürməyiblər. Buna bir azərbaycanlını inandıra bilsəniz, sizə ürəyiniz istəyən … qonaqlıq verərəm. Rüşvət almayan, amma analoqu olan ölkələrin inkişafı hələ də müəmma olaraq qalır…

… Az qala unutmuşdum, biz həm də sülhsevərik, axı. Düz iyirmi ildir sülhü nə təhər seviriksə, yağı düşmənimizin belə xətrinə dəyə bilmirik. Düzdür, Ramil Səfərovla Mübariz İbrahimov sülhsevər imicimizə bir az xələl gətirdilər. Bununla belə, dünya bizim sülhsevərliyimizə hələ də muştaqdır…

Mənbə: ZAMAN