İlham Əliyev: “Azərbaycanda korrupsiya olmamalıdır”

0
31
korrupsiya

«Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi olmalıdır. Bu sahədə deyə bilərəm ki, yaxşı nəticələrimiz var». Bu sözləri Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda korrupsiya olmamalıdır. “Bu sosial bəlanı biz aradan götürməliyik. Korrupsiya sosial-ədalət prinsiplərini pozur, cəmiyyətin uğurlu inkişafını əngəlləyir. Cəmiyyətin səyləri, dövlət siyasəti sayəsində biz korrupsiyaya qarşı daha da ciddi mübarizə aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə Azərbaycan bu göstəriciyə görə də dünya miqyasında qabaqcıl yerlərdə olacaq”, – deyə o vurğulayıb.

Prezident qeyd edib ki, korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün əsas şərt siyasi iradənin mövcudluğudur və siyasi iradə var: “Bizim qəbul etdiyimiz qərarlar, qanunvericilikdə əldə edilmiş irəliləyiş, yeni qanunların qəbul edilməsi və elektron xidmətlərin inkişafı, sistem xarakterli tədbirlər artıq hesab edirəm ki, bu sahədə ciddi dönüşün yaranmasına gətirib çıxarıb. Korrupsiya indeksini təhlil edən beynəlxalq qurumlar da Azərbaycanda keçirilən sorğularda cəmiyyətdə bu məsələyə bağlı münasibəti öyrənərək yəqin ediblər ki, korrupsiyaya qarşı mübarizə məsələlərində dövlətin siyasəti cəmiyyətdə dəstəklənir, təqdirlə qarşılanır. Bu, əminəm ki, gələcəkdə də belə olacaq. Çünki bizim siyasi iradəmiz çox güclüdür. Cəmiyyətdə də korrupsiyaya qarşı mübarizədə çox güclü meyllər var. Elə etməliyik ki, Azərbaycan qeyd etdiyim kimi, bu sahədə də qabaqcıl ölkələrin sırasında olsun”.