Peyğəmbərimizin (s.ə.s.) mirası

0
22

dünya-kainat-düşüncə-fikirHəzrəti Peyğəmbərin (s.ə.s.) nəyi var idisə, şəxslərə deyil, xalqa, bütün dünyaya miras qoyub getdi.

O, bu dünyada övladlarına sərvət, var-dövlət buraxmadan əbədiyyət aləminə köçdü. Ancaq həm övladlarına, həm də bütün dünyaya çox böyük mənəvi miras qoydu. Ədəbi və əbədi bir miras. İnsanlığa nurlu yolu göstərdi. Bütün ömrünü insanlığa xidmətə həsr etdi. Xeyir və fəzilət dərsləri verdi. Haqqa qovuşmağın yolarını öyrətdi, həm də sadəcə sözlə deyil, yaşayaraq, əyani şəkildə görstərərək. İnsanlığın ən böyük mürşidi oldu. Aləmlərə rəhmət olaraq göndərildi, əbədi həyata aparan yollara nur kimi saçıldı. Əxlaqı, fəzilətləri təmin etdi. Böyüklərə hörmət, kiçiklərə sevgini aşıladı. Bütün məxluqata şəfqət göstərməyi öyrətdi.

O, kimsənin qəlbinə toxunmamış, kimsəyə alçaldıcı nəzərlərlə yanaşmamışdır. Hamıya Allahın müti qulu və bəşəriyyət üçün xeyirli insanlar olmağı təlqin etdi. Ədalət və insafla münasibət bəsləmək, beləliklə, kamil insan nümunəsi olmaq fikrini aşıladı. Həzrəti Peyğəmbərin həyatı bunu öyrədir. Onun xidmətçilərindən Həzrəti Ənəs tez-tez bu həqiqəti təkrar edərdi: “On il Peyğəmbərimizin xidmətində dayandım. Mənə bir dəfə də olsun, “of” dediyini eşitmədim”.

Hidayət, nur, rəhmət və fəzilət dolu təmiz bir həyatdan sonra əbədiyyət aləminə köçdü. Arxasında dünya malı deyil, böyük mənəvi bir miras buraxdı. Qiyamətə qədər bəşərə qurtuluş yolunu göstərəcək olan İslam dinini təbliğ etdi və bu ilahi risaləti haqqı ilə yerinə yetirdikdən sonra, mübarək vücudu Rövzai Mutahharəyə tapşırıldı. Ruhu Pürfütuhu Alayi-İlliyyinə yüksəldi. Onun həyatı bizim təsvir və təsəvvürümüzdən çox-çox yüksəkdir. Onun yolunu tuta bildiyimiz qədər xoşbəxtik, azadıq, ucayıq, şərəfliyik. Ondan kənarda nə məhəbbət, nə mərhəmət var. Adına salam göndərmək hər birimiz üçün həm Allahın əmridir, həm də şərəfdir, xeyir qapısıdır. Biz də bu kiçik yazını bu vəzifəmizin icrası ilə tamamlayırıq: Ona, nəslinə və Əshabına salatü salam olsun.

Mənbə: ZAMAN