Ermənilərin qənimi – həmyerlimiz Elçin Hacıyev

0
47

Qarabağ müharibəsi

Hacıyev Elçin Ramazan oğlu 1970-ci ildə Zərdab rayonunun Gəndəbil kəndində anadan olub. 1985-ci ildə Gəndəbil kənd orta məktəbin VIII sinfini, daha sonra Zərdab rayon 124 saylı Texniki-Peşə məktəbini bitirib. Evli idi. Bir qızı var. Peşə məktəbini qurtaran kimi Elçini hərbi xidmətə çağırdılar. Elçin 2 il Sovet ordusunda xidmət etdi.

Qarabağda müharibə başlandıqdan sonra Elçin öz istəyi ilə, yəni könüllü olaraq müharibəyə yollanır. Elçin Ağdam, Fizuli bölgələrində gedən ağır döyüşlərdə iştirak edir. O, yorulmaq bilmədən döyüşürdü. Döyüşkən, cəsur, qorxmaz olduğu üçün doğma rayonumuza tez-tez onun yaxşı soraqları gəlirdi. Komandiri, döyüş yoldaşları onu çox sevir, hörmət bəsləyirdilər.

Yoldaşlarının dediklərindən: “Elçin qorxmaz, çox ürəkli oğlan idi. Nə qədər qorxulu, ağır, mürəkkəb döyüş olsaydı, o ürəklə döyüşə atılardı. Döyüşkənlik əzmi var idi onda. Döyüşlərin birində ermənilərin iri zirehli tankını əl qumbarası ilə partlatmış və bir neçə ermənini məhv etmişdi. Onun bu cəsurluğuna ermənilər də təəccüb etmişdilər. Onlar inanmırdılar ki, bir nəfər əsgər təkbaşına belə qəhrəmanlıq göstərə bilər. Amma bu reallıq idi – Elçin heç nədən qorxmurdu”.

Ağır döyüşlərin birində Elçin yenə düşmənin texnikasını və bir neçə əsgərini məhv etdi. Ermənilər çox hiddətlənmişdilər. Beləcə, onlar Elçinin və onun döyüş yoldaşlarının məhvi üçün cəbhənin həmin istiqamətinə əlavə qüvvə cəlb etdilər. Ağır döyüşlərin birində Elçin yaralandı və yarası ağır olduğundan şəhid oldu. Ermənilərin getdikcə artan hücumları onun cəsədinin cəbhə bölgəsindən çıxarılmasına imkan vermədi. Cəsur eloğlumuzun cəsədini döyüş bölgəsindən götürmək üçün döyüş yoldaşları yollar axtarırdılar. Elçinin cəsədinin götürülməsi artıq bir şərəf halına gəlmişdi. Nəhayət, ağır kəşfiyyatdan 14 gün sonra onlar Elçinin cəsədini döyüş bölgəsindən çıxarmaq mümkün oldu. Elçin öz doğma kəndində – Gəndəbil qəbristanlığında dəfn olundu. Qəbri nurla dolsun, şəhid qardaş!

Zerdab.com