Rusiya miqrantlarsız milyardlar itirəcək

0

MoskvaOktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovun öldürülməsindən sonra miqrantlara münasibətdə baş verən zorakılıq halları on minlərlə insanın Rusiyanı tərk etməsinə gətirib çıxarıb. Son məlumatlara görə, bu hadisələrdən sonra Rusiyanı təxminən 250 minə yaxın miqrant tərk edib. 

Hazırda bu proses sürətlə davam etməkdədir. Bu isə, öz növbəsində, indidən Rusiyanı işçi qüvvəsi çatışmazlığı ilə üz-üzə qoyub. Bunu son bir neçə gündə Moskva küçələrini zibilin basması və vətəndaşların bundan narazılıqları da sübut etməkdədir. Qeyd edək ki, Rusiyada küçə təmizliyi ilə əsasən Özbəkistan, Qırğızıstan və Tacikistandan gələnlər məşğul olurdular. Səhər saat 5-dən axşam saat 24-ə kimi davam edən işlə ruslar məşğul olmaq istəmirlər. Çünki əməkhaqqı az, iş isə olduqca ağırdır. Amma iş yalnız küçələri zibilin basması ilə bitməyib. Moskvada  və Moskvaətrafı bir çox ərazilərdə tikinti işləri də dayandırılıb. Bu tikintilərdə işləyən çoxlu sayda miqrantlar ölkəni tərk etməkdədirlər. Bununla bağlı Rusiyanın məşhur iş adamlarından biri mətbuata verdiyi açıqlamada deyib ki, tikintidə işi davam etdirmək üçün fəhlə tapa bilmirlər. Onun sözlərinə görə, ruslar ən yüksək əməkhaqqıya belə, tikintilərdə işləmirlər. Eyni vəziyyət Rusiyanın, demək olar ki, bütün ərazilərində özünü göstərir. Tanınmış rus iqtisadçıları da Rusiyanın ucuz miqrant əməyi üzərində dirçəldildiyini və hər il ölkənin bundan milyardlarla dollar gəlir əldə etdiyini söyləyirlər. Ekspertlərin fikrincə, ucuz miqrant əməyi olmasaydı, Rusiya çoxdan çökmüşdü. Adətən, Rusiyada tez-tez miqrantların hər il öz ailələrinə milyonlarla dollar göndərdiyini və bundan Rusiyanın itirdiyini söyləyirlər. Amma Rusiyada işləyən miqrantlar heç kimin işləmək istəmədiyi çirkli işlərdə işləyirlər. Onların yalnız öz ailələrini dolandırdığını söyləmək səhvdir. Belə ki, Rusiyaya işləməyə gələn miqrantlar ailələrindən əlavə, evlərində kirayə qaldıqları rusları, onlara müxtəlif yollarla “ilişən” hüquq-mühafizə orqanları əməkdaşlarını, kriminal ünsürləri dolandırır, ucuz əməkləri ilə işlədikləri müəssisə və ya sahibkara milyardlarla dollar qazandırırlar. Üstəlik, miqrantlar qazandıqları pulun bir hissəsini Rusiyada yemək-içməyə xərcləyirlər. Bir sözlə, bir miqrant öz ailəsindən əlavə, ən azı 4-5 nəfər rusu dolandırır. Necə deyərlər, miqrant qazandığı 1 rublun yalnız 15-20 qəpiyini evinə göndərir, 80-85 qəpiyini isə Rusiyada xərcləyir. Bunun əvəzində isə onlar hər gün təzyiqlərə, təhqirlərə, qırxıqbaşların hücumlarına məruz qalırlar. Amma Rusiyada bunu görmür və ya görməzliyə vururlar. Miqrantlar yalnız ruslar üçün ucuz qazanc yeri deyil, həm də təbii artım mənbəyidirlər. Rusiyada hazırda müşayiət olunan təbii artımda bu ölkəyə işləməyə və yaşamağa gedən miqrantların böyük rolu var və bunu rusiyalı demoqraflar da etiraf edirlər.

Onu da deyək ki, Rusiya  Federal Miqrasiya Xidmətinin ötən gün yaydığı məlumata görə, adıçəkilən ölkədə 11 milyon 280 min 975 əcnəbi qeydiyyatdan keçib. Miqrantlar arasında özbəklər liderlik edirlər. Amma bu yalnız əsasən iri şəhərlərdə və onun ətraflarında işləyən və qeydiyyatdan keçmiş miqrantlara aiddir. Rusiyanın kiçik rayonlarında, kənd yerlərində və ucqarlarında işləyən, ancaq qeydiyyatdan kənarda qalan miqrantların sayının rəsmi rəqəmlərdə göstərilənlərdən daha çox olduğu istisna edilmir. Ona görə də miqrantların Rusiyanı tərk etməsindən itirənin daha çox Rusiyanın olacağı ehtimal edilir.  Ekspertlərin əksəriyyətinin fikrincə, miqrantların ölkəni tərk etməsindən Rusiya milyardlar itirəcək, ölkədə tikinti-quruculuq işləri iflic vəziyyətinə düşəcək, bazarlarda meyvə-tərəvəz çatışmazlığı əmələ gələcək və ərzaqların qiyməti sürətlə artacaq. Belə güman edilir ki, vəziyyətin ağırlığı  Rusiyanı yenidən miqrantları ölkəyə dəvət etməyə məcbur edəcək. Amma onda miqrantlar yenidən Rusiyaya qayıtmağa razı olacaqlarmı? Bax bunu öncədən söyləmək çətindir.

Əziz Mustafa, ZAMAN

PAY
Əvvəlki məqaləZərdabda 100 ton “ağ qızıl”
Növbəti məqalədəMüəllimlərin Qurbanı