İndi bizim məhəllə uşaqlarının bir arzusu var…

3
35

Yaxşı insanlar həmişə öndə gedirlər. İstər hansısa işi görən, problemi həll edən zaman, istərsə də vətəni qorumaq, onun uğrunda şəhid olmaq anı gələndə…
Babək İsmayılov da bizim kəndin ən yaxşılarından biri kimi Vətən uğrunda döyüşmək, şəhid olmaq məqamı gələndə çoxlarından öndə getdi. O, şəhid olanda (1992-ci il) mənim 9 yaşım var idi. Ona görə də onunla bağlı xatirələrimin çoxu, necə deyərlər, “dumanlıdır”.
***
Babək mənim və eləcə də məhəlləmizdəki digər həmyaşıdlarımın ilk uşaqlıq dostu idi. Elə buna görə də ürəyimizdə ona xüsusi məhəbbətimiz vardı. Yaşca bizdən çox böyük, ucaboy, qüvvətli olduğu üçün qonşu məhəllədən keçərkən bizi döymək istəyən olanda onun adını çəkər, “Babəkə çatdırarıq dərsini verər”,- deyərdik. Bu sözləri eşidən kimi qarşı tərəf yumşalar və bizimlə xoş rəftar edərdi.
***
Kəndimizdə məftildən düzəldilmiş ən gözəl arabalar bizim məhəllənin uşaqlarında idi. Əyməyə gücümüzün yetmədiyi məftili Babək əyər və bizə bir-birindən gözəl arabalar düzəldərdi.  Babək kimi dostumuz olduğu üçün əksər kənd uşaqları bizə həsəd aparar və biz də bundan xoşallanıb
lovğalanardıq.
***
Bizdə müharibə haqqında təsəvvürləri də Babək yaratmışdı. Axşamlar babası Əlövsət kişinin danışdığı müharibə ilə bağlı xatirələri səhər tezdən bizə nəql edərdi. Beləcə, günlər keçər və biz uşaqlıq dostumuza daha ürəkdən bağlanardıq.
***
Babək Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olandan sonra uzun müddət özümüzə gələ bilmədik. Bəs bizə məftildən arabanı kim düzəldəcəkdi? Çoxlu suallar hazırlamışdıq ona. Müharibə ilə bağlı xatirələri Babəkin öz dilindən eşitmək arzusu ilə yaşayırdıq. Ancaq…
***
Babək şəhid olandan sonra bizim məhəllə uşaqlarının ikinci uşaqlıq dostu olmadı. Bütün təsəvvürlərimiz, arzularımız alt-üst olmuşdu. Bir şeyi də etiraf edim ki, elə indinin özündə də hər dəfə Azərbaycanın məşhur sərkərdəsi Babəkdən söz düşəndə gözlərim önünə, nədənsə, bizim məhəllədə böyüyüb, boya-başa çatan qonşumuz Babəkin rəsmi gəlir.
***
Babək bizim kəndin ilk şəhidi idi. Qoruqbağı camaatında şəhidlər haqqında ilk “canlı” təəssüratı o yaratmışdı. Kənd camaatı bir də onda bildi ki, Qarabağ uğrunda gedən döyüşə dağ boyda oğul yola salan ananın tabutun qapağını açıb həyəcanla övladının solmuş gözlərinə baxmağı necə olurmuş…
***
Babək hərbi xidmətə yola salınan gün də onun ailəsi birotaqlı evdə yaşayırdı, indi də. Valideynləri etiraf etmək istəməsə də, mənə elə gəlir ki, onlar Babəkin yoxluğunun acısını bu evdən çıxırlar.
***
İsmayılovlar ailəsinin ikinci oğlan övladı Dəyanətin 35 yaşı tamam olub, ancaq o hələ də evlənmək barədə düşünmür. Kim bilir, bəlkə də, Dəyanət Babəksiz o həyətdə toy etməyə, gəlin gətirməyə cəsarət etmir…
***   
Qarabağ savaşı hələ başa çatmayıb. Növbəti savaşda bizi nələr gözlədiyindən xəbərsizik…
Müharibənin necə başa çatacağından asılı olmayaraq, indi bizim məhəllənin uşaqlarının bir arzusu var – Babəkin şəhid olduğu yeri ziyarət etmək…

3 ŞƏRH

  1. Əhsən!Gözəl yazıdır…Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  2. Аллаh рəhмəт елэсин! о hадисэни оз фачиэм кими йашадым…

  3. QORUQBAĞI KƏNDİNİN İLK ŞƏHİDİ BABƏK İSMAYILOV HAQQINDA ÇOX TƏSİRLİ YAZIDIR. TƏƏSSÜRATLAR KÖVRƏK , HƏM DƏ CANLIDIR. ALLAHDAN BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT RƏHMƏT DİLƏYİRƏM !

Comments are closed.