İçinizdəki maneələri dəf edin

0
xəyal qırıqlığı

xəyal qırıqlığıNurani bir kişi bir gölməçənin başında oturmuşdu. Görür ki, susuzluqdan yanan bir it gölməçədən su içmək istəyir. Amma suya əyilən kimi dərhal geri çəkilir və qaçmağa başlayır. Bu proses bir neçə dəfə təkrarlanır. Kişi hadisəyə diqqətlə tamaşa etməyə başlayır. 

İt çox susayıb, amma gölməçəyə əyilən kimi öz əksini görüb qorxur. Buna görə də su içmədən geri qayıdır. Nəhayət, it susuzluğa dayana bilməyib özünü gölməçəyə atır və öz əksini görmədiyi üçün suyu içir. Bu zaman kişi fikirləşməyə başlayır: “Bu it, əslində, mənə dərs verdi. Bir insanın istəkləri ilə arasındakı maneə çox vaxt öz içində böyütdüyü qorxulardır. İnsan bu maneəni keçərsə, istədiklərini əldə edə bilər”.

1952-ci ilin 4 iyulunda 34 yaşındakı bir qadın Sakit okeana dalaraq, Katalina adasından 21 mil qərbdə olan Kaliforniyaya doğru üzməyə başlayır. Əgər bacara bilsəydi, bunu edən ilk qadın olacaqdı. Florans Çadvik (Florence Chadwick) adlı bu üzgüçü daha əvvəl Manş dənizini hər iki istiqamətdə keçən ilk qadın idi.

O səhər su olduqca soyuq idi və duman da o qədər sıx idi ki, yaxınlıqdakı gəmiləri çətinliklə seçə bilirdi. Milyonlarla insan televiziya ekranlarından onu izləyirdi. Dondurucu soyuğun təsirini heçə sayaraq 15 mil üzdü. Yaxınlıqdakı bir qayıqda olan anası və məşqçisi sahilə çox yaxınlaşdığını və davam etməsini təlqin etdilərsə də, o, sudan çıxmaq istədiyini işarə etdi.

Əzmli üzgüçü Kaliforniya sahilinə yarım mil qalmış sudan çıxmağının səbəbini belə izah etdi: “Sahili görə bilsəydim, bacaracaqdım”. Sudan yarımçıq çıxmasının səbəbi nə yorğunluq, nə də soyuq idi. Yeganə səbəb, dumandan sahili (başqa sözlə, hədəfini) görə bilməmək idi.

Unutmayın, tısbağalar yalnız risk edib başlarını çanaqdan çıxaranda yeriyə bilirlər. V. Şekspirin dediyi kimi:

İnsanların çoxu sevməkdən qorxur, məğlub olmaqdan qorxduğu üçün.

Sevilməkdən qorxur, buna layiq olmadığını düşündüyü üçün.

Düşünməkdən qorxur, məsuliyyət gətirəcəyi üçün.

Danışmaqdan qorxur, tənqid olunmaqdan qorxduğu üçün.

Duyğularını ifadə etməkdən qorxur, rədd edilməkdən qorxduğu üçün.

Yaşlanmaqdan qorxur, gəncliyinin qiymətini bilmədiyi üçün.

Unudulmaqdan qorxur, dünyaya heç nə vermədiyi üçün.

Və ölməkdən qorxur, əslində, yaşaya bilmədiyi üçün.

Həyatımız pis yola giribsə, unutmamalıyıq ki, sükandakı bizik (M. Lonqston). Çətinliklər müvəffəqiyyətin dəyərini artıran bəzəklərdir (Molyer). Min kilometrlik məsafəyə də bir addımla başlanılır. Elə isə yersiz qorxulardan sıyrılıb həyatı həyat kimi yaşamağa çalışmaq lazımdır. Hədəfinizə doğru irəliləyərkən bir uğursuzluqdan qurtulub, növbəti uğursuzluğa düçar olmağa uğur deyilir (V. Çörçil). Uğursuzluqdan nəticə çıxarmışıqsa, deməli, uğur qazanmışıq (M. Forbes). Cəhd edib uğursuzluğa düçar olanları yox, cəhd etməyə çalışmayanları ittiham etmək lazımdır.

Unutmayın! Ayaq üstə dayananın ətrafında gəzərlər, yerdə uzananın isə üstünə çıxarlar.

Mənbə: Elmir İsgəndərov, ZAMAN

Şərh yaz

Please enter your comment!
Please enter your name here

three × 3 =