Hacı dayı: “Hayındı elə billəm it aparıtdı”

1
30

karikaturaMüğənni Teymur Əmrahdan soruşurlar:

– Nə vaxtdan müəllimlik etmirsiniz?

– Görəndə ki, konservatoriya şadlıq evlərinə tələbə hazırlayır, daha müəllimlik etmədim,- deyə o cavab verir.

***

Yoxlamaya gəlmiş müfəttiş yola düşərkən Hacı dayı onun cibinə pul basır. Müfəttiş dillənir:

– Hacı dayı, incimədin ki? Biz də Bakıya qayıdanda əlimizə baxırlar, umurlar. Yoxsa pulu heç götürməzdim də.

Hacı dayı əlini müfəttişin kürəyinə vuraraq deyir:

– Ay cənnətdiyin oğlu, heylə şeyin fikrini eləmə, hayındı elə billəm it aparıtdı.

***

Günlərin bir günü tanınmış şair Qabilin oğlu Mahir valideynlərinin hər gün heyvanlarla oynamağına etiraz edərək deyir:

– İşiniz-gücünüz qurtarıb e… pişiklərlə, sərçələrlə, göyərçinlərlə oynayırsız.

– 70 yaşımız var, ay bala. Bizim bir-birimizlə oynamaq vaxtımız çoxdan keçib. Ona görə də pişiklərlə oynayırıq”,- deyə Qabil müəllim ona zarafatla cavab verir.

***

İngilis alimi İsaak Nyuton iki dəfə parlament üzvü seçilib. O, parlamentin iclaslarında lal-dinməz oturub. Yalnız bir dəfə danışıb. Onda da: “Pəncərənin nəfəsliyini örtün”, – deyib.

***

Dövlət Yol Polisinin əməkdaşı yol hərəkəti qaydasını pozmuş sürücüdən soruşur:

– İçmisən?

Sürücü əsəbi halda deynir:

– Nə olar, bir dəfə də nə yediyimlə maraqlanın da…

***

Dünən Şəki şəhər sakini, 26 yaşlı Vətəndaş Yurddaşov yaxalanıb. O, prezident seçkiləri ilə əlaqədar teledebatlar zamanı namizədlərin işlətdikləri bəzi qeyri-etik sözlərə görə utandığından ölüb yerə girməkdə ittiham olunur.

***

Stalinə deyirlər ki, həkimlərimizlə müəllimlərimizin maaşı çox aşağıdır. Gəlin onların əmək haqlarını qaldıraq. Stalin cavab verir ki, yaxşı həkimi, yaxşı müəllimi xalq hər zaman dolandıra bilər…

***

“Bəzilərinin üzərinə 3 yorğan atsan belə, eybi yenə görünəcək” Oqtay Əsədov

***

İki “vətənpərvər” söhbət edir: – Mən yurdumun hər qarışı üçün canımdan keçməyə hazıram. – Yəqin bilirsən də, torpaqlarımızın 20 faizi ermənilərin işğalı altındadır. – Qardaş, mən hər qarışı üçün deyirəm e… faiz mənlik deyil.

***

Millət vəkili Etibar Hüseynovdan soruşurlar: – Zahid Oruc prezident seçilsə nə olar? – Milli Məclisin duzu qaçacaq, – deyə o, cavab verir.

***

Şücaətdən, Bəhməndən, Qəmkeşdən şeirlər deyib, kəlbəcərli günlərə qayıtmaq olar, amma Kəlbəcərə yox…

***

Arvad ərinə:  – Əzizim, həkim mənə səyahətə çıxmağı məsləhət görür. Hara getsək yaxşıdır? – Ayrı həkimin yanına, – deyə əri cavab verir.

***

Dövlət Yol Polisinin əməkdaşı sürücünü maşını yüksək sürətlə idarə etməkdə günahlandıraraq deyir: – Bu tərəflərə bələd olduğunu, hətta bu yoldan ən azı yüz əlli dəfə keçdiyini deyirsən, amma mənə təəccüblü gələn odur ki, niyə indiyədək dayandığımız yerdən on metr irəlidə “Yüksək sürət  təhlükədir” şüarını oxumamısan? – Rəis, görünür, o, bu yolu hər dəfə yüz əlli ilə keçib, odur ki, sizin dediyinizi oxumağa macal tapmayıb, – deyə sürücünün yanındakı tanışı dillənir.

***

– Bizim təmir olunmuş yollarda yağış yağan kimi gölməcələr əmələ gəlir. Görəsən, niyə? – Ay rəhmətliyin nəvəsi, burada qəribə nə var ki? Görünür, yol çəkənlər yola ayrılan vəsaiti yeyib, üstündən də o qədər su içirlər ki, daha yağış sularının getməyə yeri qalmır.

***

(Mahir Qabiloğlunun xatirələrindən) Günlərin bir günü gənc şairlərdən biri daxil olur atamın otağına və şeirlərini bir-bir təqdim edir. Atam birinci şeirə ötəri baxan kimi deyir “bu heç”, ikincini 2 misra oxuyur, deyir “bezdarnı”. Bu minvalla bütün şeirləri “brak” eləyir. Pərt olan gənc şair deyir ki, “Qabil müəllim bildim e pisdir. Amma siz şeirləri axıracan oxumadınız axı, bir-iki misra oxudunuz, vəssalam. Axıracan  oxusaydınız, bu sözləriniz  məni yandırmazdı”. –  A bala, yeməyin dadına baxanda, onun dadlı-dadsız olmasını bilmək üçün xörəyi axıracan yeyirsən? – Yox ?!

– Bircə qaşıq bəs edir də…
***
– Ata, dənizin sahillərini də hasarlayırlar. Bəs gələcək nəsillər Xəzərə necə tamaşa edə biləcəklər? – Ekskursiyalar təşkil etməklə, – deyə atası cavab verir.
***
Hitler rəssam olmaq istəyibmiş. Lakin o, imtahandan kəsilib. Ona qiymət verməyən müəllim sonradan deyib ki, bilsəydim, belə olacaq, ona qiymət yazardım. İstedadsız bir rəssam olardı, dünyanın canı da ondan qurtarardı.
***
– Mən qadınam, paltaryuyan deyiləm. – Mən də kişiyəm, bankomat deyiləm…
***
Qeyd: Bu lətifələr “Zaman” qəzetindən götürülüb. Müəllif: Qvami Məhəbbətoğlu. email: q.mehebbetoglu@zaman.az

1 comment

Comments are closed.