www.zerdab.com saytında “Kriminal” rubrikası fəaliyyətə başladı

0

www.zerdab.com saytında yeni rubrika fəaliyyətə başlayır. Belə ki, bundan sonra oxucular saytın “Kriminal” bölməsində rayon sakinləri ilə bağlı məhkəmə işləri ilə tanış olacaq, kriminal hadisələrdən, Zərdab rayonunda cinayətkarlıqla mübarizədə görülən tədbirlərdən xəbər tutacaqlar.


                                             AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

                                                                    H  Ö  K  M

                                                     Zərdab rayon Məhkəməsi

21 yanvar 2011-ci il              İş № 1(036)-7/2011                   Zərdab şəhəri.  

  Zərdab rayon Məhkəməsinin hakimi Qarayev Ağaməhəmməd Qurban oğlunun sədrliyi, Babayeva leyla Şirin qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Quliyev Fəyyaz Əbdi oğlunun   iştirakı ilə

Mehdiyev Yaşar Məmmədhəsən oğlunun – 14 yanvar 1967-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Zərdab rayonunun Çallı kəndində yaşamış, evli 4 nəfər ailə sahibi, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, barəsində 21 noyabr 2010-cu il tarixdən həbs qətimkan tədbiri seçilmişdir.

Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə  açıq məhkəmə iclasında baxaraq

                                                      M Ü Ə Y Y Ə N     E T D İ:

Mehdiyev Yaşar Məmmədhəsən oğlu 19 noyabr 2010-cu il tarixdə istintaqa məlum olmayan mənbədən əldə etdiyi xalis çəkisi 7,38 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq 50 manata şərti alıcı Məmmədov Qənimət Tehran oğluna  satmışdır.

Məhkəmə istintaqında təqsirləndirilən şəxs Mehdiyev Yaşar Məmmədhəsən   oğlu ona verilən ittihamla özünü təqsirli bilmədi və göstərdi ki, əslən Zərdab rayonunun  Çallı kəndindən olsa da Sumqayıt şəhərində anadan olmuş, hazırda isə Çallı kəndində yaşayır.  Məmmədov Qənimət Tehran oğlunu bir həmkəndli kimi tanımış, onunla aralarında heç bir narazılıq və ziddiyyət olmamışdır. 2010-cu ilin noyabr ayında həmkəndlisi Qənimət onun yanına iki dəfə gələrək ağrı kəsici dərman istəmiş, buna görə də özündə olan ağrı kəsici “Sikladol” dərmanını ona vermişdir. Qənimətə verdiyi həmin dərmanı Bakı şəhərindən tanımadığı aptekdən almış, bundan sonra Qənimətlə arasında yaxın münasibət yaranmış, görüşlərinin birində Qənimət ondan istifadə etmək üçün narkotik vasitə istəmişdir. Həmin vaxt yəni, 2010-cu ilin noyabr ayında   Qənimətə narkotik vasitə ilə uzun müddət məşğul olmadığını bildirsədə zəruri olarsa pul müqabilində təşkil edə biləcəyini söyləmişdir. Aradan bir az keçmiş Qənimət yenidən onun yanına gələrək pul hazır olduğunu deyərək 150 manat vermiş, həmin gün taksi ilə Zərdab rayonunun Pərvanlı kəndi ərazisindəki həbsdə bir yerdə yatdığı Abdullayev Nofəl Səfər oğlunun işlətdiyi yeməkxanaya gəlmişlər. Nofəl yeməkxanada olmasa da Qənimətlə həmin yeməkxanada oturub birlikdə yeyib-içmiş, yeməkxana bağlanmağa yaxın Qənimətlə birlikdə yol maşını ilə yaşadıqları Çallı kəndinə qayıtmış, Qənimətdən aldığı pulu ona qaytarmış, ona narkotik vasitə satmamışdır.

Təqsirləndirilən şəxs Y.M.Mehdiyevin belə bir ifadəsi inandırıcı hesab edilə bilməz, özünü müdafiə xarakteri daşıyır. Onun cinayəti məhkəmə istintaqında digər sübutlarla aşağıda göstərilən qaydada sübuta yetirildi.

Məhkəmədə şahid kimi dindirilən Məmmədov Qənimət Tehran oğlu göstərdi ki, Zərdab rayonunun Çallı kəndindən olmaqla, hal-hazırda da həmin kənddə yaşayır. Mehdiyev Yaşar Məmmədhəsən oğlunu bir həmkəndli kimi tanıyır. Aralarında heç bir ziddiyyət və narazılıq olmamışdır. Mehdiyev Yaşar Məmmədhəsən oğlunun kənddə narkotik vasitə ilə məşğul olduğunu eşitmiş, buna görə də onu ifşa etmək qərarına gəlmişdir.   18 noyabr 2010-cu il tarixdə Yaşarı ifşa etmək məqsədilə Zərdab rayon polis şöbəsinə gəlmiş, polis şöbəsində verilən pulla həmin gün Yaşardan “Sikladol” adlı ağrı kəsici dərman həblərini almışdır. Bundan sonra səhəri gün, yəni 19 noyabr 2010-cu il tarixdə Yaşarla görüşmüş, istifadə etmək üçün ondan nəşə istəmiş, Yaşar ona nəşə təşkil edəcəyinə söz verərək əvvəlcə onun təklifi ilə Zərdab rayonu Pərvanlı kəndi ərazisində yerləşən Kür yeməkxanasına gedərək birlikdə orada yeyib-içmişlər. Həmin vaxt Yaşar ona nəşənin hazır olduğunu bildirmiş, bundan sonra yol maşını ilə yaşadıqları Çallı kəndinə gəlmişlər. Onlar maşından düşdükdən sonra Çallı kəndi ərazisində yerləşən dayanacaqda Yaşar cibindən çıxardaraq ona bir kibrit qutusu nəşə vermiş, həmin nəşəyə  görə Yaşara 50 manat vermiş, Yaşardan ayrıldıqdan sonra  Zərdab rayon polis şöbəsinə gələrək aldığı həmin kibrit qutusunu və  16 ədəd dərman həblərini təqdim etmişdir.

    Məhkəmədə şahid kimi dindirilən Əhmədov Əvəz İsmayıl oğlu  göstərdi ki, Zərdab rayonunun Çallı kəndində yaşayır. Məmmədov Qənimət Tehran oğlunu və Mehdiyev Yaşar Məmmədhəsən oğlunu bir həmkəndli kimi tanıyır. Onlarla heç bir narazılığı və ziddiyyəti olmamışdır. Yaşar Mehdiyevin psixotrop dərmanlar və narkotik vasitələr qəbul etdiyini bilmiş, onu Qənimətlə bir yerdə görmüş, sonradan Yaşar Mehdiyevin Qənimət Məmmədova bir kibrit qutusunda qurudulmuş marixuana satmasını eşitmişdir.

Şahid  Babayev Şakir Yusif oğlu göstərdi ki, 19 noyabr 2010-cu il tarixdə işi ilə əlaqədar olaraq Zərdab rayon polis şöbəsində olmuş, həmin vaxt polis əməkdaşlarının dəvəti ilə Qənimət adlı şəxs    polis işçilərinə bir kibrit qutusu və dərman həbləri təqdim etmiş, kibrit qutusuna baxış keçirilərkən içərisində yaşıl kütlə aşkar edilmiş, bu barədə tərtib edilmiş protokolu imzası ilə təsdiq etmişdir.

Şahid  Mehdiyeva Sənubər Hacağa qızı göstərdi ki, Mehdiyev Yaşar Məmmədhəsən oğlu onun əri olmaqla Zərdab rayonunun Çallı kəndində yaşayırlar.Əri  Yaşarın ağrı kəsici dərmanlar qəbul etdiyini bilmiş, lakin Yaşarın narkotik vasitədən istifadə etdiyini və ya satdığını  görməmişdir. Əri Yaşar polis əməkdaşları tərəfindən şöbəyə gətirildikdən sonra onun həmkəndlisi Qənimətə nəşə satdığına görə tutulduğunu eşitmişdir.

 Şahid Nuriyev Bilal Yunis oğlu götərdi ki, Zərdab rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləyir. 18 noyabr 2010-cu il tarixdə Zərdab rayonu Çallı kənd sakini Məmmədov Qənimət Tehran oğlu polis şöbəsinə gələrək həmkəndlisi Mehdiyev Yaşar Məmmədhəsən oğlunun narkotik vasitə ilə məşğul olduğunu və onu ifşa etmək üçün gəldiyini bildirmiş, təlimatlandırılaraq Qənimət yola salınmışdır. 19 noyabr 2010-cu il tarixdə Qənimət Məmmədov rayon polis şöbəsinə gələrək bir kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmiş və həmin marixuananı Yaşar Mehdiyevdən 50 manata aldığını bildirmiş, kibrit qutusunu və “sikladol” dərman həblərini könüllü olaraq təqdim etmişdir. Təqdim edilən həmin dərman həbləri və bir ədəd kibrit qutusu hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülmüş və möhürlənmiş, bu barədə tərtib edilən protokolu imzası ilə təsdiq etmişdir.

Şahid Zərdab rayon polis şöbəsinin əməkdaşı Məmmədov Mahir Mehdi oğlu yuxarıda göstərilən həmin xüsusatları ifadəsi ilə bir daha təsdiq etdi.

 Göstərilən cinayət hadisəsinin baş verməsi işdə olan protokollar, fotoşəkillər və digər sənədlərlədə təsdiq olunur.

İş üzrə təyin edilmiş məkəmə-bioloji ekspertizasının 02 dekabr  2010-cu il tarixli, 17132 saylı rəyindən görünür ki,  təqdim edilmiş bir ədəd kibrit qutusunda xalis çəkisi 7,38 qram olan bitki mənşəli kütlə narkotik təbiətli  çətənə (Cannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.

  Məhkəmə-narkoloji ekspertizasının 07 dekabr 2010-cu il tarixli, 425 saylı rəyindən görünür ki, Mehdiyev Yaşar Məmmədhəsən oğlu narkotik maddələrdən istifadə edir. Narkotik maddə olan  çətənə birkisi preparatlarından sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.

Beləliklə bütün bu yuxarıda sadalanan biri digərini tamamlayan sübut növlərinin cəminə obyektiv qiymət verməklə təqsirləndirilən şəxs  Y.M.Mehdiyevin etdiyi cinayət əməli məkəmə istintaqında da ona tam sübuta yetirildi.

Hərəkəti Azərbaycan Respublikası CM-nin   234.2-ci maddəsinin tərkibini təşkil edir. O,  həmin qanunun tələbi əsasında cəzalandırılmalıdır.

İşə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 26 noyabr 2010-cu il tarixli 16824 saylı tələbnaməsindən  görünür ki, Mehdiyev Yaşar Məmmədhəsən oğlu Leninqrad şəhər Moskva rayon xalq məhkəməsinin 31 avqust 1989-cu il tarixli hökmü ilə RSFSR CM-nin 147-ci maddəsinin 1-ci hissəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 noyabr 1989-cu ildə cəzanın sonu ilə cəza çəkməkdən azad edilmiş, Sumqayıt şəhər məhkəməsinin12 iyun 1991-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 208-ci maddəsinin 2-ci hissəsi ilə 4 il 6 ay  müddətinə azalıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 23 iyul 1991-ci il tarixli qərardadı ilə haqqında olan hökm dəyişdirilməklə təyin edilmiş cəza 3 ilə endirilmiş və 23 sentyabr 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 15 iyul 1992-ci il tarixli amnistiya qərarına əsasən cəza çəkməkdən azad edilmiş,  Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 yanvar  2005-ci il  tarixli  hökmü  ilə  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  234.1 -ci  maddəsi  ilə  2  il  müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 02 noyabr 2006-cı ildə cəzasının sonu ilə azad olunmuşdur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Mehdiyev Yaşar Məmmədhəsən oğlunun məhkumluğu ödənilmişdir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Y.Mehdiyev əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə baxmayaraq məhkumluğu ödənildiyindən və məhkumluqla bağlı bütün hüquqi nəticələr ləğv edildiyindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində  çəkməlidir.

Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində  nəzərdə  tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin  58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

 Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə  təyin  edilən  cinayət  cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

 Məhkəmə təqsirləndirilən şəxs Y.M.Mehdiyevin  şəxsiyyətini, etdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun haqqında cəzanı ağırlaşdıran və yüngülləşdirən halları müzakirə etməklə cəza məsələsini də həll etmişdir.

Onun himayəsində 3 nəfər azyaşlı uşaqlarının olmasını və müsbət xasiyyətləndirilməsini   cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq həsab edir.

Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Mehdiyev Yaşar Məmmədhəsən oğlu Zərdab Mərkəzi rayon Xəstəxanasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməlidir.

Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsi tətbiq edilməklə Mehdiyev Yaşar Məmmədhəsən oğlu cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalıdır. Məhkəmə Y.M.Mehdiyevin cinayət törədərkən istifadə etdiyi alət və vasitə, cinayətin predmeti, habelə cinayət yolu ilə əldə etdiyi əmlak olmadığına görə onun əmlakının müsadirə edilməməsini məqsədə müvafiq hesab edir.

İş üzrə 76 (yetmiş altı) manat ekspertiza xərci Mehdiyev Yaşar Məmmədhəsən  oğlundan tutularaq dövlət büdcəsinə keçirilməlidir.

İşdə maddi sübut olan və Zərdab rayon polis şöbəsinin maddi sübutlar anbarında saxlanılan ümumi çəkisi 7,38 qram narkotik  vasitə olan qurudulmuş marixuana   məhv edilməlidir.

İşdə mülki iddia yoxdur.

  Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

                                                                H Ö K M    E T D İ:

 Mehdiyev Yaşar Məmmədhəsən oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 -ci maddəsi ilə  təqsirli bilinib əmlakı müsadirə olunmamaqla  4 il 6 ay (dörd il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin.  Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2010-cu il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılsın.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsi tətbiq edilməklə Mehdiyev Yaşar Məmmədhəsən oğlu cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun.

Mehdiyev Yaşar Məmmədhəsən oğlu Zərdab Mərkəzi rayon Xəstəxanasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. İş üzrə 76 (yetmiş altı) manat ekspertiza xərci Mehdiyev Yaşar Məmmədhəsən  oğlundan tutularaq dövlət büdcəsinə keçirilsin. İşdə maddi sübut olan və Zərdab rayon polis şöbəsinin maddi sübutlar anbarında saxlanılan bir kirbit qutusunda 7,38 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab rayon Məhkəməsi vasitəsilə Şirvan  Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN

 ZƏRDAB RAYON MƏHKƏMƏSİNİN HAKİMİ:  A.Q.QARAYEV

21 yanvar 2011-ci il