Dərdimə dərman aradım, dərdim mənə dərman imiş

0
120

QarabağDərd, insanı insan edər. Dərdsiz insan, minicisiz at kimidir. Hər yönə gedə bilər. Amma belə yürüşlər, hədəf olmadığı üçün mənasızdır. Niyazi Misriyə istinad edilən bir söz var: 

Dərdimə dərman aradım, dərdim mənə dərman imiş.

Bir neçə ay əvvəl bir qrup türkiyəli jurnalist ölkəmizdə səfərdə idilər. Heyət Türkiyənin nüfuzlu televiziya və qəzetlərinin rəhbər şəxslərindən ibarət idi. Burada bir neçə rəsmi, qeyri-rəsmi görüşlər keçirdilər. Görüşlərin birində masanın qarşı tərəfində oturan xanım həyəcanlı şəkildə Qarabağ problemindən danışmağa başladı. Xanım özü də o bölgədəndir. Çox ciddi şəkildə çıxış edirdi. Qarabağın bizim ən böyük dərdimiz olduğundan bəhs edirdi. Erməniləri asıb kəsirdi. Qarşısında oturan jurnalistləri inandırmaq üçün var gücü ilə çalışırdı. Deyərdin ki, bu dəqiqə əlinə imkan keçsə, Qarabağı da həll edəcək, erməniləri də…

Elə şövqlə danışırdı ki, dedim bu dəqiqə ağlayacaq. Nə isə, danışdı, danışdı. Axırda yanındakıların müdaxiləsi ilə çıxışını yekunlaşdırdı. Sözünü bitirdi, sonra yanında oturan adama tərəf çevrildi və səsini biraz qısaraq: “Necə danışdım?”, deyə soruşdu. Yanındakı da, “Əla, əla”, deyə cavab verdi.

O anda elə bil, başımdan bir qazan qaynar su tökdülər. Qarabağlı birisi xarici qonaqlara Qarabağdan belə həyəcanla danışır və sonunda məlum olur ki, dediklərinə başda özü inanmır. Sən demə, hamısı şouymuş. Başda oturana şirin görünmək üçün səhnədə rolunu ifa edirmiş.

Halımız budur. Sonra deyirik ki, lazım gəlsə, belə edərik, elə edərik. Boş sözlər, boş vədlər…

Dərdsizlik böyük bəladır. Əslində, dərdli insan yoxsa, dərd də yoxdur. Bir insan dərdinə inandığı qədər o dərd vardır.

Qarabağ probleminə nə qədər inanırıq? Onun üçün nə edə bilərik?

Qarabağ probleminə inanmırıqsa, təəssüf ki, elə bir problem yoxdur, bizim üçün.

Məsələn, Qarabağ üçün sevdiyimiz bir şeyi fəda edə bilərikmi? Məsələn, bizə desələr ki, evinizi verin, maşınınızı verin, Qarabağ məsələsi həll olsun. Neçə nəfərimiz razılaşarıq?

Neçə nəfərimiz tərəddüd edərik? Neçə?

Mənim üçün bu sualın cavabı çox maraqlıdır. Çünki dediyinə inanmayan insanın heç özünə də xeyri yoxdu, qaldı ki, başqasına, vətənə olsun.

Biz adətən, başqalarını asıb kəsməyi xoşlayırıq. İşin ucu heç vaxt özümüzə gəlib çıxmır. Həmişə biz yaxşıyıq, başqaları pis.

Halbuki, hər birimiz öncə özümüzə baxsaq… Dediklərimizə nə qədər inandığımızı yoxlasaq… O zaman bir çox sualların cavabını görəcəyik. Cavablar özümüzdədir. Yəni cavab bizik. Bizim duruşumuz, dürüstlüyümüz nə qədər doğrudursa, cavablar da o qədər doğrudur və ya tərsinə.

Qarabağı nə qədər istədiyimizi əməllərimizlə göstərməliyik. Yoxsa, alovlu nitqlər söyləməklə, bir-birimizi alqışlamaqla, bir-birimizə “qaz” verməklə ancaq özümüzü aldadarıq. El-aləmi də güldürərik.

Allah bizi dərdinin fərqinə varan qullarından eyləsin…

Anar Qaraxancalli, a.qaraxancalli@zaman.az