“Rusiyada yeni inqilab, üsyan baş verə bilər”

0
22

Rusiya-miqrantVəfa Quluzadə: “Putin hakimiyyəti əhalinin narazılıqlarını özündən yayındırıb, miqrantlara qarşı yönəltməyə çalışır”

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Rusiyada baş verən son proseslərlə bağlı orada yaşayan azərbaycanlıların taleyindən narahatıq” deməklə bu narahatlığı növbəti dəfə gündəmə gətirib. Əli Həsənov vurğulayıb ki, “Rusiyada bəzi qeyri-rəsmi dairələr bu proseslərdən anti-Azərbaycan məqsədilə istifadə etməyə, Rusiya-Azərbaycan münasibətlərini pozmağa çalışır”. Bu baxımdan Rusiyada cərəyan edən proseslərin səbəbləri maraq doğurur.
Rusiyada miqrantlara qarşı kampaniyadan doğan gərginlik davam etməkdədir. Azərbaycan hakimiyyəti isə Rusiyada yaşayan soydaşlarımızın taleyindən narahat olduğunu gizlətmir.
Politoloq Vəfa Quluzadə isə vurğulayıb ki, bütün bu baş verənlərin əsas səbəbləri Rusiyanın dərin böhran içərisində olması ilə birbaşa bağlıdır: “Rusiya hazırda ağır böhran dövrünü yaşayır. Düzdür, prezident Vladimir Putinin ilk hakimiyyət dönəmində Rusiyada müəyyən irəliləyişlər, iqtisadi inkişaf olmuşdu, çeçen müharibəsi dayandırılmışdı. Ancaq indi hiss olunur ki, Putin artıq Rusiyanı normal şəkildə idarə edə, ölkədə gedən prosesləri nəzarətdə saxlayıb istiqamətləndirə bilmir. Ona görə də Rusiyada belə təhlükəli proseslər cərəyan edir”.
Politoloq hesab edir ki, Rusiya cəmiyyətinin Putin hakimiyyətindən narazılığının artması siyasi-ictimai prosesləri təhlükəli istiqamətlərə doğru sürükləyir: “Rusiyada bütün sahələr üzrə ciddi problemlər mövcuddur. Hər sahədə böhran dərinləşməkdə davam edir. Birincisi, milli ideologiya yoxdur. Bu da siyasi-ictimai proseslərin idarə edilməsini çətinləşdirir. Digər tərəfdən, Rusiya dərin rüşvət və korrupsiya bataqlığına yuvarlanıb. Qanunlar icra edilmir. Putin hakimiyyəti dönəmində varlılar daha da varlanıb, kasıblar isə daha da kasıblayıb. Ona görə də Rusiya cəmiyyəti narazıdır. Ölkəyə hər tərəfdən miqrantlar doluşub.
 Miqrantlar isə ”işgüzardırlar”, bir problemlə üzləşən kimi onu məmurlara rüşvət verməklə həll edirlər. Bunu görən ruslar da miqrantlara qarşı qıcıqlanırlar. Ümumiyyətlə, biz şərqlilər özümüzə kənardan baxmağı bacarmalıyıq. Əgər belə olarsa, rusların miqrantlara olan nifrətinin, qəzəbinin səbəblərini daha asan müəyyənləşdirmək olar. Miqrantlar Rusiyada bu dövlətin qanunlarına, qaydalarına uyğun yaşamalıdırlar”.
V.Quluzadənin fikrincə, rusların son illərdə ifrat millətçiliyə meyllənmələrinin əsas səbəbləri də məhz miqrantların Rusiya cəmiyyətinin qaydalarına saymazyana yanaşmaları ilə bağlıdır: “Fikir versəniz, görərsiniz ki, son illərdə Rusiyada millətçilik meylləri ən təhlükəli səviyyədə genişlənib. Hətta Stalin kimi bir cəllad belə rus millətçiləri tərəfindən qayda-qanunun yaradıcısı obrazında təbliğ olunur. Rus millətçiləri milyonlarla günahsız insanın həyatına son qoymuş Hitlerə rəğbətlərini də gizlətmirlər. İndi Rusiyada bəzi yürüşlərdə faşist bayraqlarının qaldırılması, gənclərin SS paltarları geyinməsi adi haldır. Rus millətçiləri hesab edirlər ki, Hitler də Almaniyadakı qeyri-almanlara divan tutmaqla qayda-qanun yaratmışdı. Bütün bunların bir səbəbi də Rusiyada məmurların talançılığından olan narazılıqla bağlıdır. Və Putin hakimiyyəti də Rusiyada artmaqda olan bu narazılığın qarşısında dayanmaqda çətinlik çəkir. Ona görə də Putin hakimiyyəti bu narazılığı özündən uzaqlaşdırmaq üçün miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı yönəldir”.
Ancaq Vəfa Quluzadənin fikrincə, Putin hakimiyyətinin Rusiyanın köklü problemlərini həll etmək əvəzinə narazılığı miqrantlara qarşı yönəltməsi vəziyyətdən çıxış yolu deyil: “Çünki Rusiya iqtisadiyyatı miqrantlar olmadan yaşaya bilməz. Miqrantlar olmadan Rusiya iqtisadiyyatı çökə bilər. Ümumiyyətlə, Putin hakimiyyətindən olan narazılıq, ölkənin köklü problemləri aradan qaldırılmazsa, Rusiyada gözləniləməz hadisələr baş verə bilər. Hətta indiki proseslərin dərinləşərək, Rusiyada oktyabr inqilabı dövründə baş vermiş hadisələrin təkrarlanmasına yol aça biləcəyi istisna deyil. Yəni Rusiya hazırda belə bir ciddi təhlükəli hadisələrin başvermə ərəfəsindədir. Bütün bunlar Rusiyanı yeni inqilaba, üsyana doğru sürükləyə bilər”.
RASİM