Şərabçılıq tariximizdə ilk professor – həmyerlimiz Hasil Fətəliyev

1
35
Hasil Fətəliyev
Professor Fətəliyev Hasil Kamaləddin oğlu

Fətəliyev Hasil Kamaləddin oğlu 1959-cu ildə Azərbaycan Respublikasının Zərdab rayonunda qulluqçu ailəsində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti – ADAU) «Meyvə-tərəvəzçilik və üzüm­çülük» fakültəsinin «üzümçülük və üzümün ilkin emalı» ixtisaslaşmasını fərqlənmə diplomu ilə (Lenin təqaüdü ilə) bitirmiş və SSRİ Kənd Təsərrüfatı Nazirliyinin göndərişinə əsasən həmin institutda assistent vəzifəsinə təyin edilmişdir. Moskva Yeyinti Sənayesinin Texnologiyası İnstitutunun «Şərabçılığın texnologiyası» kafedrasında birillik elmi stajkeçməyə göndərilmiş və sonra aspiranturada təhsil almışdır. 1987-ci ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1991-ci ildən dosentdir. 2005-cı ildə doktorluq dissertasiya işini müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi, sonra isə professor elmi adı almışdır.

Zerdab.com bildirir ki, professor H. K. Fətəliyev 192 elmi əsərin, o cümlədən, 15 müəlliflik şəhadətnaməsi və patentin, 5 dərslik, 5 dərs vəsaiti, 1 monoqrafiya, 3 tövsiyə və bir neçə elmi populyar vəsaitin, 150-dən çox elmi məqalə və metodik göstərişlərin müəllifidir. 30 elmi əsəri xarici ölkələrin sahəyə dair ən aparıcı jurnallarında nəşr olunmuş, elmi tədqiqat işlərinin nəticələrinə dair Türkiyə, Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Fransa, Almaniya və digər ölkələrdə keçirilən konfrans və simpoziumlarda məruzələr edilmişdir.

Professor H.K.Fətəliyevin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 5 nəfər texnika üzrə fəlsəfə doktoru və 1 nəfər elmlər doktoru hazırlanmışdır. Hazırda H.K.Fətəliyev 2 elmlər doktorluğu dissertasiyasına elmi məsləhətçi və 5 texnika üzrə fəlsəfə doktorluğu dissertasiyasına elmi rəhbərlik edir. Rəhbərliyi ilə işlənib hazırlanan 3 yarımsənaye qurğusu müvəffəqiyyətlə istehsalat sınağından keçmişdir.

H.K.Fətəliyev Beynəlxalq və Regional səviyyəli layihələrin iştirakçısıdır. Dünya Bankının  Azərbaycan Dövləti ilə birgə Gəncə Regional Məsləhət Mərkəzinin yaradılması üçün keçirdiyi tenderin qaliblərindən biri kimi orada çalışmış, fermerlərə məsləhət və informasiya xidməti göstərilməsinə rəhbərlik edən şəxslərdən biri olmuşdur. İşləyib hazırladığı tövsiyələr və metodologiya fermer təlimlərində istifadə olunmaqdadır.

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) “Azərbaycan şərablarının keyfiyyətinin yaxşılaşdırılması” layihəsində iştirak etmiş və həmin layihə çərçivəsində 2004-cü ildə Almaniyanın Ştutqart şəhərində keçirilən “intervits-interfrukta” sərgisinə dəvət alaraq orada iştirak etmişdir.

Son illərdə ölkəmizin Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatına üzv olması və Fransanın regionları ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində aparılan tədbirlər çərçivəsində prof. H.K.Fətəliyev öz əməkdaşları ilə birlikdə yaxından iştirak etmişdir. Fransadan ölkəmizə və Gəncə şəhərinə gələn yüksək nümayəndə heyəti dəfələrlə onun rəhbərlik etdiyi kafed­rada olmuşdur. Onun özü isə 2012-ci ildə Azərbaycandan Fransaya göndərilən nümayəndə heyətinin tərkibində Burqund və Konyak bölgələri ilə aparılan danışıqlarda və keçirilən tədbirlərdə iştirak etmişdir. 1-ci və 2-ci Beynəlxalq Gəncə Şərab Festivalının təşkilat komitəsinin üzvlərindən olmaqla ölkəmizin Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatına 45-ci üzv kimi qəbul olunmasında fəal iştirak etmişdir.

Professor H.K.Fətəliyevin yetirmələri arasında fəlsəfə və elmlər doktorları, tanınmış dövlət və hökumət nümayəndələri vardır.

Professor H.K.Fətəliyevin əməyi yüksək qiymətləndirilmiş, o, təhsildə əldə etdiyi uğurlara görə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 18 may tarixli sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif olunmuşdur.

Zerdab.com

1 comment

  1. Salam professor Hasil Fətəliyev sizin “İÇKİLƏRİN EKSPERTİZASI” adlı kitabınızı necə əldə edə bilərik?

Comments are closed.